Sizin hekayənin sonu nədir?

Sizin hekayənin sonu nədir?
29 yanvar 2018
# 17:39

Aysel Abbasova

Gəlməyi ilə getməyi bir oldu. Niyə? Çünki gecikmişdi...

Yazmaq asan deyil. Amma daha çətini niyə yazdığını bilməkdir. Qaçdığımız üçünmü, yoxsa tapmaq üçünmü yazırıq? Birincisi cəsarətsizlikdən, ikinci isə əksinə cəsarətdən yaranır. Ancaq maraqlısı budur ki, hər iki hal ortaq nöqtədə kəsişir və biz ikisi üçün də yazırıq.

Yəni, qısası, mən bu hekayəni yazıramsa, tək səbəbi yoxdur və buna hər hansı ad vermək yerinə ümid edirəm. Nəyə? Gözəl nəticəyə. Oxuyacaq hər insana bir parça da olsa aidlik hissi qoya biləcəyimə.

Hekayənin qəhrəmanı bizik. Hamımız. Heç kimi ayırmadan hər kəsin hekayəsidir bu. Gəlin başlayaq təxəyyülümüzdə hekayəmizi yaşamağa. Sorğulamağa...

Həyatın mənası çox şeydə gizlənən bilər. Dünvəyi duyğulardan kainatın hələ özünü bəlli etməyən gizli sirlərinə kimi.

Amma hər kəs yaşayır. Düşünən də, düşünməyən də. Yaxşı, bəs bu insanların hamısı tapıbmı ki, var olmaq səbəblərini? Nəyə əsaslanaraq yaşaya bilirlər axı? Özü də bu qədər fərqli düşüncə və fikirlərə rəğmən? Bizi çeşidli yollardan həyata bağlayan o ortaq nöqtə nədir?

Mən deyim. Ümid... Və onun insanlarda doğurduğu digər iki həyati qüvvə: İnam və sevgi.

Sizə indicə dedim axı, bu hekayəni yazaraq ümid edirəm. Çünki başqa seçimim yoxdur. Mənən məhv olmamaq üçün bunu etməliyəm. Etməliyik. Bu və ya digər şəkildə. Və edirik. Fərqli məqsəd və düşüncələrlə həyatda qalmaq üçün ümidimizlə birgə savaşırıq, o olmasa, sadəcə məhv olarıq. Sonumuz bu olar: Kainatın boşluğuna düşər, bədbəxtlik bataqlığına sürüklənərik.

Bu qaramsarlıqdan çıxış isə təbii, mümkündür. Necə? Çox sadə. Özünü aldatmaqla. İnsanların yaşamaq səbəbinin belə bu qədər müxtəlif olduğu bir dünyada nə mütləq dərəcədə doğru ola bilər ki? Ən yaxşısı, daha məntiqli və ürəyəyatan olanı seçib ona aldanmaqdır. Onu sevmək, ona inanmaqdır. Bayaq demişdik axı, ümid özüylə bu ikisini də gətirir. Ya da bəlkə, əksinədir. Onların varlığı insanda həyata qarşı ümid yaradır. Hər halda, hansının vacibliyini istəyirsiniz qəbul edin, amma məncə, istənilən surətdə, onların arasındakı səbəb-nəticə əlaqəsi danılmazdır.

Və beləcə, insan inanır, sevir. İnsanlar sevgiyə inanır. İnandıqlarını da sevir. Bu sadə mexanizm ilə də yaşayırlar. Həyat kənardan çox gözəl görünür. Təbii ki, sevgi və inamı düzgün balanslamağı bacaranlar üçün içəridən də həyat qənaətbəxşdir. Ancaq bunların birinin və ya hər ikisinin əskikliyini duyan insanlar həyatın cəhənnəm əzabını yaşamış olurlar. Mübarizə aparır, itirdikləri duyğuları geri qazanmaq üçün savaşırlar.

Bunu məhv olmamaq üçün edirlər. Və hətta bu səbəbdən bəzən tutarsız bəhanələr gətirirlər. Gec oldusa bir xeyri olduğunu düşünür, ancaq həmin hadisə və ya şəxsin gecikdiyini qəbul etmək istəmirlər. Çünki bu yalanla gerçək çox incə bir cizginin üstündə dayanır. Bəlkə də, həyat xəttimizi ayıran bir yoldur bu. Və nəticə... Fərqli olur təbii ki. İki müxtəlif yol. Və seçim insanın həyatını dəyişə bilir. Yaxşı, bəs hansını etməli? Hər şeyi riskə atmaqmı, yoxsa xoşbəxtlik üçün riskə atılmaqmı? Bitirməkmi? Mübarizə aparmaqmı? Hansı həyatımızın ən doğru qərarı olar? Bax bu çox çətin məsələdir. Elə buna görə də adı belədir də, həyatımızın qərarı.

Ən yaxşısı, yəqin ki, gözləmək olar. Zaman. O çox şeyi həll edir beynimizdə, həyatımızda. Ancaq hər zaman tam olaraq köməyimizə çatırmı? Yox. Həyata bir az adrenalin lazım. İmkanımız varsa, özümüzü müdafiə etmək şərtilə o riskə addım-addım yaxınlaşmalı, ancaq bu zaman onu istisnasız şəkildə düşmənimiz olaraq görməliyik. Sevdiyimiz insan olsa belə.

İşin ironiyası da elə burda deyilmi? Uğrunda və həttta ona qarşı, bizi məhv edə biləcək bir savaşa girdiyimiz o insandan uzaq qaçsaq daha yaxşı olmazmı? Onda neyləyək? Risklidir deyə xoşbəxt olmayaq? Ya bəlkə, heç xoşbəxtliyi səhv yerdə axtarırıq. O, doğru insan deyil? Hər şey ola bilər. Ancaq əsas məsələ burada insanın etdiyi axmaqlıqdır. Çünki xoşbəxtliyi məhz o insanda tapmaq istəyirik. Bu zaman yorulur, bezir, parçalanır, tükənir, ölürük. Bütün duyğu dəyişikliklərini yaşayırıq. Bir növ dəli oluruq. Bir insana bu şansı verir, onun bir sözü ilə xoşbəxtlikdən havalara uçduğumuz halda, digər sözü ilə də əzabın ən dərin qatlarında boğuluruq. Tək yaxşı xəbər isə odur ki, get-gedə o insana və əslində, hər kəsə qarşı duyğularımız əzabkeçirməz bir zireh geyir. Vaxt ötdükcə təsir yox dərəcəsində azalır, ancaq təbii ki, sarsıntı anı hər zaman sabit qalır, hər yeni sarsılmada insan az da olsa bunu hiss edir. Ancaq bu qətiyyən ilk zamankı qədər öldürücü olmur. Çünki insan ölməyi öyrəndikcə həm də ölür. Ruhu, duyğuları, cismi, hər şeyi. Öləcək yeri qalmır, qısası.

Bəs buna dəyərmi? Kainatın kiçicik bir zərrəsi olduğumuz, təsəvvür edə biləcəyimizdən də böyük bir sonsuzluğun içində hələki itib-batdığımız halda, düşünən və sorğulayan beyin olaraq, dünyəvi duyğuların bizi məhv etməsinə imkan vermək nə dərəcədə doğrudur?

Yox, deyəsən, tapdım. Düşüncələrimiz və duyğularımız. Bunlar fərqlidir. Asanlıqla da ayıra bilərik. Sonla sonsuzluq arasında seçim etməli deyilik. Təbii, burada söhbət həyatımızın sonundan getmir. Onsuz da öləcəyik. Hara gedəcəyimizi isə bilmirik. Ancaq buradakı məsələ bizim həyatımız deyil. Həyatımıza sığdıra biləcəklərimizdir. Niyə onun mənası bir olsun ki? Heç yazmaq səbəbimizin tək olmadığı dünyada nəyə görə tək bir məqsəd üçün yaşayaq? Yox, bunu etməyək. Nə var yaşayaq. Öyrənək. Hiss edək. Yaşamın mənası bu qədər sadə olmaz axı. Hamısını qataq bir-birinə, duyğuları, düşüncələri, xəyalları, gerçəkləri. Bunlar bizim həyatımzda sonlu görünür. Öləcəyik və hər şey bitəcək. Bəlkə də, ölümdən sonra bizə heç nə ifadə etməyəcəklər də. Axı yox olacağıq. Bəli, bu mümkündür. Ən azından bu dünyada, ya da indiki həyatımızda. Ona görə də cismimizdən keçək, ancaq onlardan yox...

Çünki bəlkə də, həyat pazl parçalarından ibarətdir və vəzifəmiz onları tamamlayıb hər birini doğru yerə yerləşdirməkdir. Bütöv şəkli görmək üçün. Həyatımızın mənasını. Dünyaya gəlmə səbəbimizi. Və elə sonsuzluq buradan yaranır. Biz yaradırıq. Özümüzdən geriyə qoyduqlarımızla. O şəkildə nə görürüksə, sonsuzluğumuzu da ondan qururuq. Və bunu yaşadıqca və öyrəndikcə edirik. Sonsuzluq qətiyyən cismani deyil. O, ruhumuzun məhsuludur. Düşüncə və duyğularımızın...

Yaxşı, bunlar dünyəvi hallardır. Amma əsl sirr və sonsuzluq kainatda gizlənib.Doğrudur, o bizim dostumuzdur. Hətta yuvamızdır. Ancaq o özünü bizdən gizlədir. İçərisində bizə ev verib və əslində isə özünə həbs edib. Heç nə görmürük. Qaranlığını ulduzlarla aydınlandırıb. Amma bu kifayət etmir. Kainatın bütöv şəklini görə bilmirik ki, onu tam olaraq anlaya bilək. Qırmızı papağı yeyən qurd kimi düşünün kainatı. Dünya qırmızı papaqdır və qurdun qarnında işıqlar varmı bilmirəm, amma hər halda, kainatımız o qədər də qəddar deyil. O, bizim ecazkar, sirrli qaranlığımızdır. Ən böyük qaranlığımız...

Qayıdaq dünyəvi duyğulara. Hekayənin adını xatırlayırsınız də? “Gəlməyi ilə getməyi bir oldu. Niyə? Çünki gecimişdi...”

Sevgi bağışlayırmı?

Sevməyi seçən bizik axı. Bağışlamağı da bilməli deyilik? Bax kainatı dərk eləyə bilmək qədər çətin məsələdir bu. İnanmadığımızı sevirik, daha doğrusu, sevərkən inancımız ölür, ancaq sevgidən qaça bilmirik. Bizi məhv edən budur. Doğru sevgi inanc gətirir yanında. Və ümid. Həyata ümid. Gözəl günlərə. Hüzur dolu anlara. Ancaq bunların hamısını darmadağın edən “sevgi” gerçək ola bilməz. Ən azından olmamalıdır. Qaçmalıyıq. Bəzən də elə yazmalıyıq. Yazmağın səbəbi iki idi axı. Və beləcə, itirdiyimiz cəsarətimizlə doğruları tapmağa çalışmalıyıq. Bir düşünün, sonsuzluğumuzu ondan qura bilərik. Varlığımızdan geridə qoya biləcəyimiz, özümüzdən bir parça, yaşamımızın izahı və xülasəsi... Necə də gözəl səslənir.

Yazmağı bacarmayan da, əlbəttə, bunu edə bilər. Öz dünyasına aid bir məşğuliyyətlə. İnsanın dünyası demişkən. Bənzərliklərlə dolu kainatda Yer kürəsində niyə öz ayrı dünyalarımız olmasın ki? Özümüzü ora aid hiss etdiyimiz, içində sevgi olan. Yalnız da olsaq, hüzurlu ola biləcəyimiz dünyamız.

Bir ev, bir otaq olmasa belə, beynində ruhuyla yaşaya bilənlər şanslıdır. Təbii, çox insan Kafkadan, onun ideyalarından qaçır. Həyata baxışının çox küskün olduğu qənaətinə gəlirlər. Ancaq əslində, onlar gerçəklərləri görməzdən gəlməyə çalışırlar. Hər şeyin çılpaq gözlə görünəcəyi bədbəxtlik bataqlığında batmaqdan qorxurlar. Aldanmağı sevib, seçmişdik axı. Amma Kafka bunların hamısı ilə üzləşmişdi. Aldatmırdı özünü. Ruhunu yaxşı tanıyırdı. Və Kafkanın yalnızlığı onu bizə qazandırdı. Bəs biz niyə eynisini etməyək?

Ruhumuz düşüncə və duyğulardan elə onlarla birgə qaçarkən nəyə sığınırsa, o bizim əsas parçamızdır. Bütöv şəklin əsas tamamlayıcısı. Ruhumuz ölərkən ona nəfəs verən. Qurduğumuz dünyamızın oksigeni. Bizi biz edən ünsür. Yaşamımızın izahı və xülasəsi...

Mücərrəd dünyamızda həyat. Dünyalar içində dünya. Kainat bizi sevir, bütün sirrlərinə rəğmən. Bəlkə də, gözəlliyi elə bundadır. Oxşarlıqlar və müəmmalarında...

Yaxşı, bəs sevgidən qaçırdıq? Gəlməyi ilə getməyi bir olacaq ya yox? Hə, yenə bu sual. Mənim cavabım, deyəsən, hekayənin adından bəllidir. Gecikən zaman, arzu, insan— hər biri keçmişdə qalır, ölür. Ruhumuzu öldürən nə varsa, özü də bir gün ölümə məhkum olur. Çünki hər şey bir gün bitir... Amma sevgi də gözəldir kainat kimi. Özü də sirr doludur. Anlaşılmır. Sadəcə möcüzəsi duyulur və yaşanır. Ancaq unutmayın, doğru yerdə, doğru zamanda və doğru insanlarla...

Hə, bu hamımızın hekayəsi idi axı. Axırıncı sualım: Sizin hekayənizin sonu nədir?

# 2747 dəfə oxunub

Müəllifin son yazıları

# # #