Səni unutmağı çoxdan unutdum

Səni unutmağı çoxdan unutdum
1 aprel 2015
# 15:55

Vətəndən, torpaqdan ilham alıram

Əlimə alanda qızıl qələmi,
Unudub bir anlıq kədəri, qəmi,
Vəsf edib bu yurdu, gözəl aləmi,
Vətəndən, torpaqdan ilham alıram.

Olmasın elimdə hava bürkülü,
Olmasın oğullar boynu bükülü.
Solmasın bu yurdun çiçəyi, gülü,
Vətəndən, torpaqdan ilham alıram.

Göyçayda nar gözəl, Bakıda şanı,
Şuşanı, Laçını, Ağdamı tanı.
Seyr edib bu doğma Azərbaycanı,
Vətəndən, torpaqdan ilham alıram.

Ana torpaq seyrə çağırır bizi,
Seyr edək dağları, Aranı, düzü.
Bakıma mayakdır Xəzər dənizi,
Vətəndən, torpaqdan ilham alıram.

Şöhrətin yayılıb neçə diyara,
Sən ana olmusan oğlun Anara.
Getsəm də hayana, getsəm də hara,
Vətəndən, torpaqdan ilham alıram.

Sən mənə yar olmadın

Sevgim ürəkdə qaldı,
Sən mənə yar olmadın.
Hicran qələbə çaldı,
Sən mənə yar olmadın.

Əyildi düz qamətim,
Heç oldu məhəbbətim,
Belə oldu qismətim,
Sən mənə yar olmadın.

Eşqi satdın varamı?
Təzələdin yaramı.
Bəxtim belə qaramı?
Sən mənə yar olmadın.

Gülməz üzü aşiqin,
Ağlar gözü aşiqin.
Səndin sözü aşiqin,
Sən mənə yar olmadın.

Gündüz günəş, gecə ayım,
Olmadın ömür payım.
A günəşli sabahım,
Sən mənə yar olmadın.

Unutmaram

Söylə, səni necə unudum axı,
Səni unutmağı çoxdan unutdum.
Hicranına göz yaşları axıdıb,
Vüsalınla göz yaşımı qurutdum.

Bir gün görməyəndə gülər üzünü,
Qəlbimə qəm, gözümə yağış dolur.
Tellərini oxşamasa əllərim,
Könlümə hicrindən qarlı qış dolur.

Daha unudulmaz səni sevməyim,
Ürəyim də saf eşqinin məskəni.
Bu dünyanın gülü tikan olsa da,
Unutmaram heç bir zaman mən səni.

Göz yaşıyla yoğrulan sevgilərin,
Məhəbbətin ömrü uzun olurmuş.
Eşq qoxusu dəyməyən könüllər də,
Bir gül kimi, çiçək kimi solurmuş.

Dərdimə əlacım

Qəlbimi köksündən qopar
Onu da özünlə apar.
Onsuz da hara getsən,
Yenə gəlib səni tapar.

Nə gecəm var, nə gündüzüm,
Ürək dərdli, gülməz üzüm.
Əlacını bilməz oldum,
De, hicrana necə dözüm?

Dərdindən hara qaçım,
Ay dərdimə əlacım.
Bu sevgidən, bu eşqdən,
Söylə, necə baş açım?

Birgə atdıq addımı,
Bu yollar da yaddımı?
Mən səni unutmaram,
Unutsan da adımı.

# 1432 dəfə oxunub

Müəllifin son yazıları

# # #