Azadlıq

Azadlıq
23 may 2017
# 10:30

Firudin Həmidli

Azadlıq. Görəsən, nə olan işdir bu azadlıq? Hamı ondan danışır, hamı onu istəyir. Bəs, görəsən, kimlərdir onu həqiqətən arzulayan? Maraqlıdır...

Yeyiləndirmi azadlıq, ya geyinilən? Bəlkə, sadəcə, sevilən? Bilmirəm...

Kimin üçünsə bu azadlıq deyilən şey yeyilən olur. Gözüac köpək kimi cumurlar üstünə, yeyirlər və üstündən içirlər göz yaşı və qan...

Bir başqaları üçün geyinilən olur azadlıq. Hə, geyinilən! Bir uşağın valideynin göstərişi və məcburiyyəti ilə geyindiyi paltar kimi. Fəqət o paltar ancaq üstü örtər, uşağın canını heç isitməz, üşüdər. Nədən əcəba?

Bir də ki, azadlığı sadəcə sevənlər var, dediyim kimi. Onlar azadlığa toxunmadan, hiss etmədən, bəlkə, nə olduğu da bilmədən, şüursuzcasına onu sevirlər. Hətta bu sevginin nə olduğunu da tam olaraq anlamırlar. Axtarsan, o sevdikləri azadlıq heç yoxdur, yonuq ruhları ilə sevirlər fəqət. Lap belə deyim: kor-koranə! Bəli, məndən inciməsin, qoy, onlar!... Lakin budur həqiqət.

Azadlıq... Ah, azadlıq!... Sən nəsən, kimsən? Çıx da ortaya, görsünlər! Bax, min illərdir insanlar sənin üçün savaşıb qan töküblər. Hələ də bu davam edir... İş o həddə çatmış ki, artıq gülünc görünür... Bilmirəm...

Axı kimdir sənə həqiqətən layiq olanlar?... Maraqlıdır...

Azadlıq yaşanıldığı zaman həqiqətən var olmuş olar! Ey insan, onu bütün qəlbinlə yaşamağı bacarmalısan, fəqət şüurla, inamla! Çoxları zənn edir ki, azadlıq - hüdudsuzluqdur. Yox, deyildir, əzizim! Azadlıq - hüdudların anlağında olmaq, onları keçmək qüvvətində olub da, keçməməkdir... Bəlkə də... Bilmirəm... Maraqlıdır... Eh... Çox düşündürücü məsələdir bu, əzizim...

Bəs biz? Biz azadlıqla necə rəftar edirik? Ah, baxın, necə qəribədir: biz onu sevə-sevə geyinirik!... Üstü bəzəkli olsa da bu qiyafənin, yırtıqdır tamamən. Donuruq biz, üstümüzdə oyuncaq bir "günəş" şəfəq saçsa da...

Dostlar, mən bilən, uşaqlıq çoxdan keçibdir? Deyilmi? Elə isə, oyuncaq nəyimizə gərəkdir?... Hə...

# 2206 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #