Təqaüdə çıxan ilham pərisi

Təqaüdə çıxan ilham pərisi
9 iyun 2014
# 12:00

Rahim Vali

Nə oldusa birdən – birə parkda nəğmə oxuyan quşların civiltisi kəsildi. Oturacaqda əyləşən cavan oğlan gitarını qabından çıxarıb köklədi. İfa etmək istəyəndə mizrab üçüncü simi qırdı. Kor – peşman yenidən gitarı qabına qaytarıb yanına qoydu. Gözəl havadan həzz almağa çalışdı.

Sərin meh soyuğa çevrildi. Qara buludlar peyda olanda göy qurşağı da insanlar kimi gizlənməyə yer axtarırdı. Bəlkə də hansısa göydələnin ardına keçdi, bilmədim.

Yağış yağmağa başlayanda restoranlarda əlavə masalar quruldu. Amma aşpaz nə isə kefsiz idi. Bişirdiyi yeməklərdə qeyri – adilik hiss etməyən müştərilər də narazı qalmışdı.

Gözlənilməz yağışlı havaya görə açıq havada olacaq konserti təxirə salınan pop – qrupunun təşkilatçısı səsgücləndiriciləri futbol topu ilə səf salmışdı. Qrupun solisti isə səsi tutulduğuna görə bu gün baş verənlərdən tam razı görünürdü.

Futbol demişkən, yağan yağış futbolçuların kefinə soğan doğruya bilməzdi. Palçıqlı ot örtüyündə mübarizə daha da canlandı. Ancaq ötürmələr, qayda pozuntuları və nəğmə deməyi kəsmiş azarkeşlərin mübarizə qızışan zaman kütləvi söyüş səsləri... Maraqlı ola biləcək qeri – adi, usta hərəkətlər yox idi.

Bir küçə aralıda stadiondan gələn səsləri eşitmək istəməyən yazıçı qapı – pəncərəni sıx bağlayıb qulaqlıqda Yirumaya qulaq asaraq romanının son epizodunu tamamlamağa çalışırdı.

Qəzetlərdə senzura quran redaktorlar üçün də qara gün idi. Yazarlardan əsər gəlmədiyini görəndə əvvəllər göndərilən söyüşlü məqalələrin yan-yörəsini düzəldib çapa göndərdilər.

Reportyorların bütün planları suya düşdü. Moda podyumlarında nümayiş olunmalı paltarların saxlanıldığı anbarı su basdı, fərqli mənzərə çəkmək üçün dəniz kənarına sığınan rəssamın rəsmini su yuyub torpağa öz zövqündə əks etdirdi, şeir yazmaq istəyən şair o qədər içdi ki, qələmi əlindən saldı, sevgililər sevgi dolu sözləri təxirə salıb birbaşa yatağa keçdi, musiqilər bəstələnmədi, uşaqlar oynamaqdan cana doydu, yeni mahnılar olmadı, zarafatlar kəsildi və daha nələr – nələr.

Və gecəyarı hər gün qaynayıb – qarışan şəhərin sönük abu – havasını görən İlham Pərisi fikirləşdi ki, görən o, bu şəhərdən bir günlük yox, həmişəlik ayrılıb təqaüdə çıxarsa nələr olacaq ?

# 1645 dəfə oxunub

Müəllifin son yazıları

# # #