Sən yoxsan...

Sən yoxsan...
29 iyun 2017
# 12:50

Nuray Nur

Sən yoxsan

Sən yoxsan... ürəyim viranə qalmış,

Dünyası dağılmış xarabalıqdır.

İçində nə arzu, nə istək, nə kam,

Nə də açılacaq sabahı qalmış.

Sən yoxsan... uçurur küncü, bucağı,

Acı bir tüğyanla həsrət yelləri.

Gəlib qulağıma uğultusuyla,

Söyləyir sevgimdən hicran nəğməsi.

Sən yoxsan... gözlərim səbr edə bilmir,

Tökür damla-damla yağmur selini.

Qürurum həsrətə hökm eylədikcə,

Varlığım daha da əyir qəddini.

Sən yoxsan... ayağım sən gedən yolu,

Hər gün addımlayır belədən-belə.

Halbuki öncələr o yol, o izlər,

Dönmüşdü mənimçün sanki müşkülə.

Sən yoxsan... amma mən sənləyəm indi,

Hələ getməmisən ömrümdən mənim.

Yoxluqda elə bil varmışsan kimi,

Hər anım, dəqiqəm sənlədir, gülüm.!

Sən yoxsan...kaş ki, bu olaydı yuxu,

Oyana biləydim intizarından.

Duraydın önümdə varlığın ilə,

Bitəydi içində itdiyim yuxu.

Sən yoxsan...əslində “Varsan” deməkdir.

Çünki varlığına bağlıyam sənin.

O gün ölümümü anlaram, inan,

Əgər yoxluğunu anlamış olsam.

***

Çox şey var bildiyim susuram amma,

Dillənsəm utanar çoxları məndən.

Dilim çox yalvarır susmağa qoyma,

Ürək əl çəkməyir səbrlərindən.

İllərdir beləcə səbr etməkdəyəm,

Əgər səbrim bitsə mən ölməkdəyəm.

Çıx otaqdan

Ürəyindən mənlə bağlı sil hər şeyi,

Nə geri dön, nə də boylan

səssiz-səssiz, danışmadan,

Barmağının lap ucunda, aram-aram,

birdəfəlik çıx otaqdan.

Ümid etmə baxışlarım gəzər səni,

arzularım dilər səni oyananda.

Elə get ki, bunnan belə,

xoşbəxtliyi duya bilim yoxluğunda.

Sənə aid uşaqlıqdan bu günədək,

nə var isə hər şeyi al!

Elə al ki, nə tıqqıltı, nə də səs sal!

Barmağının lap ucunda, aram-aram,

birdəfəlik çıx otaqdan.

Səhər səni görməyəndə

qoy sevinim uşaq kimi,

ürəyimdə şah eləyim cəsarəti, mərdliyimi.

Qürurum var deyə-deyə susmayım mən innən belə,

Lazım gəlsə hayqırışla səs də salım Yerə, göyə.

Təki sən get!

Barmağının lap ucunda, aram-aram,

birdəfəlik çıx otaqdan.

Bilirəm ki, gedişinlə oyanacam,

bitəcək bu kabus yuxu,

çünki ancaq səndən gəlir başa gələn qəmin çoxu.

Varlığımda olmayacaq yerin daha,

dilimə də gəlməyəcək adın, qorxu!

Təki sən get, get, ay qorxu!

Barmağının lap ucunda, aram-aram,

birdəfəlik çix otaqdan!

Bu qış qar olacam...

Bu qış qar olacam, yağacam yerə,

Hər yerin kirini gizlədim deyə.

Günə yalvaracam çıxmasın hələ,

Çirkab çürüyərək hopmamış yerə.

Bu qış qar olacam, yağacam yerə,

Oynasın uşaqlar qoy sevinc ilə.

Onlar ki, az dadır indi sevinci,

Bir az şənlənsinlər mənimlə birgə.

Bu qış qar olacam, yağacam yerə,

Torpağı doydurum susuz qalmasın.

Yatmış toxumlara, köklərə belə,

Verəcəm nurumu səxavət ilə.

Bu qış qar olacam, yağacam yerə,

Tənha, unudulmuş məzar üstünə,

Yaş tək süzülərək onun bağrına,

Elə o məzarda yatanla birgə,

Onu ağlayacam övlad yerinə.

# 2225 dəfə oxunub

Müəllifin son yazıları

# # #