Ürəkləri dolu personajlar

Ürəkləri dolu personajlar
18 mart 2014
# 16:33

Afət Hacıyeva

Yeni bir yaradıcılıq məhsulu araya-ərsəyə gətirmək üçün var-gəl edirdim. Düşüncələrimin təsiri altında vaxtın necə gəlib-keçdiyini hiss etmədim. Nəhayət, havanın qaraldığını görüb və bu gərgin ab-havadan ayrılmaq məqsədilə həyətə düşdüm. Səmaya yüksəlmiş alovlanan tonqalı gördükdə bu gün ilaxır çərşənbə olduğunu xatırladım. Mənim qələmə alacağım qəhrəmanların burada çoxluq təşkil etdiyini düşünərək, birbaşa tonqal ətrafına toplaşanlara yaxınlaşdım. Cəlbedici geyimləri ilə diqqət mərkəzində olan Kosa və Keçəl uşaqları əyləndirirdilər. İlk sözüm hər kəsə “Novruz bayramınız mübarək” - oldu. Ardınca Keçəl nə vaxt evlənirsən? - dedim. –Eh belə getsə heç vaxt deyə təəssüfləndi. Niyə deyə mənsə təəccübləndim. Cavabında: İndi Azərbaycanda aparılan statistika nəticəsində bəlli olub ki, ötən illərə baxanda bu illərdə boşanmalar say etibariylə daha da artıb. Mən də bu saya əlavə edilib, daha artıq zərbə vurmaq istəmirəm. Yaxşı dedim. Bəs Kosa, vaxt vardı illərdən bəri “Kosam bir oyun eylər, Keçini qoyun eylər, Yığar bayram xonçasın, Keçəlin toyun eylər - deyirdin. Artıq bu fikirdən daşınıbsan? Kosa xeyli ağır və təmkinlə dilləndi:

- Əvvəl söylədiyim iki misra öz qüvvəsində qalır. Bir oyun eylərəm indiki şou-biznesdə şou çıxaranlardan əskik olmayacağına əminəm. Keçini qoyun eylər bu lap asan. Maşallah indiki zəmanəmizdə keçini-qoyun, qulağı-burun, gözü-qaş, dodağı-baş etmək mümkündür. Amma qaldı son iki misrada dediklərimə ona yaxın durmuram. Əvvəlki illərdə olsaydı öhdəsindən gələrdim. Heç indi də bayram xonçasıyla toy etmək olar? İstəyirsən mən digərlərindən bəhsdə geri qalıb pərt olum?!

Növbəti sualımı Keçələ ünvanladım:

- Bəs Keçəl, nə əcəb tük əkdirmə üsulundan yararlanmırsan? Sən ki, zəmanə ilə ayaqlaşansan. Bəzi müğənnilər göz önündə olduqları üçün tük əkdirməyə üstünlük verirlər. Sən də göz önündə tanınmış simasan. Keçəl dedi:

- Elə məni tanınmış, yaddaşlarda möhkəmləndirmiş səbəb keçəlliyim olub. Odur ki, eybimdən bəhrələnirəm. Nəhayət hər ikisinə verəcəyim sual bu oldu ki, yeni ildə adət etmişik, Şaxta baba və Qar qız bayramı şənləndirir. Bəs sizin Bahar qızınız haradadır? İkisi də bir ağızdan dilləndi ki,” Yox bu bizə aid deyil! Əslində Bahar qızı olsa yaxşı olardı amma daş-qalaqdan, boş şayiələrdən ehtiyat edirik. Yeni il rus mənşəli bayramdı amma bir Kosa, Keçəl və Bahar qızı olsa, yox burada mentalitet söhbəti var”.

Bu maraqlı cavablardan sonra daha dərin düşünməyə çox böyük ehtiyac yarandığını duydum və bu müsahibəmin davamı hər il bu vaxta təsadüf edəcək deyə yeni suallar düşünməyə qərar verdim!

# 2319 dəfə oxunub

Müəllifin son yazıları

# # #