Ancaq axmaqlar sevir

Ancaq axmaqlar sevir
28 dekabr 2013
# 16:12

Fatimə İbrahimova

Sevgi iki cür olur. Ya sən sevirsən, sənlə məzələnirlər, ya da səni sevirlər, sən məzələnirsən. Haqqında danışılan qarşılıqlı sevgi isə ən məntiqsiz söz birləşməsidir. Burada ürəklərin vəhdətindən söz gedə də bilməz.

Heç vaxt münasibətlər qarşılıqlı olmur. Hər zaman biri sevir, digəri isə sadəcə xoşlanır. Bunun da adını gətirib qarşılıqlı sevgi qoyurlar.

Sevgi əldə etdikdən sonra maraqsızlaşan varlıqdır

Hər bir insanın çatmaq istədiyi müəyyən hədəflər var. Əksəriyyət onu qət etdikdə, hədəfə çatdıqda maraqlarının azalmasını etiraf edir. Bu azalmanın müşahidə olunması isə xəyanətin başlaması deməkdir.

Xəyanət iki cür olur

Biri hər kəsin bildiyi, digəri isə ruhi. Bəzən insanlar qeyri-ixtiyarı olaraq, kiməsə nəzər yetirib, ondan rahatlıqla xoşlanırlar. Yanlarında biri varkən qəlblərində başqasına qarşı gizli eşq yaradıb, onu saxlayırlar. Bu növ xəyanəti “ruhi xəyanət” də adlandırmaq olar. Hər şey onun baxışlarının başqasına zilləndiyini görənədək davam edir. Buna “sevginin bitdiyi” an da demək olar.

İnsan sevginin varlığına inanır, ta ki, ilk sevgisi daşa dəyənədək

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, ilk sevgisi puç olan insanlar daha sonra qarşılarına çıxan insanlarla oynayırlar. Onlar ilk sevdiklərinin onlara çəkdirdiyi acını, zülmü eynən digərlərinin üzərində təkrarlamaqla sanki bir növ rahatlıq tapırlar. Əslində isə bu zəifliyin ən gözəl nişanəsidir. Çünki sən artıq sən deyilsən. Sən ilk sevdiyin insanı sevərkən onun özünə çevrilmisən.

Öz sevdiklərinə deyil, onun sevdiklərinə maraq göstərməklə özün özünün içində itirsən

Bəzən sevdiyini sanan insanlar öz sevdikləri mahnıları, filmləri, tamaşaları unudur. Buna səbəb isə onun sevdiklərinə maraq göstərməkdir. Heç vaxt izləmədiyiniz, dinləyərkən zövq almadığınız mahnıları sevməyə başlayırsız. Münasibət uzun davam etdikdə isə sən onun sevdikləri və nifrət etdikləri haqqında kifayət qədər məlumatlı olursan. Buna ruhun transplantasiyası deyərdim, və ya onun ruhunu içinə köçürüb, ona çevrilmək. Sən artıq özün olmaqdan çıxırsan. Hətta onun tərzində geyinməyə də başlayırsan və bununla da kənardakılara olduqca axmaq təsiri bağışlayırsan.

Hər yerdə onun haqqında danışmaq istəyirsən

Hər iki “aşiq” hər yerdə bunun haqqında danışmaq istəyir. Yeganə fərq ondadır ki, sevən bunu sevgi ilə, oynayan tərəf isə iyrənc təsəvvürləri ilə izah edir. Biri bunu romantik, digəri isə erotik qiymətləndirir. Birinin gözündə sevgi hind filmlərini əhatə etsə də, digərinin gözündə bu açıq-saçıq Braziliya filmlərindən kənara çıxa bilmir. Bununla da hər şey məhv olur.

Siz başqa insanlarsınız

Bir zamanlar “biz eyni insanıq” deyən cütlük, indi “biz ayrı-ayrı insanlarıq” deyib, ayrılmalı olur. Əslində, biri bu sözləri dediyi üçün çox təəssüflənir. Bəlkə də içində param-parça olmuş ürəyinin bədənin dörd bir tərəfinə dağıldığını da hiss edir. Amma qarşı tərəfin məyus simasında gülən gözləri görməmək mümkünsüzdür. Hətta onun içində dediyi sözləri belə eşidir əsl sevən insan. O içində belə deyir: “Yaxşı ki, özü dedi, onsuz da deməsə, özüm deyəcəkdim”. Rahatlıqla ayrılıq baş tutur. Ən sonda isə qarşı tərəf dünyanın ən axmaq cümləsindən istifadə edir: “Eyb yox, sənlə sevgili olmasaq da, dünyanın ən yaxın dostları ola bilərik” və son.

Onsuz keçən üç aylıq məhəbbət

İstənilən münasibətlər bitdikdən sonra üç ay yaşayır. Bu ən az olan göstəricidir. Üç ayın birinci ayında sən onla keçən ən gözəl anlarını xatırlayırsan. İkinci ayında ondan xatirə qalan əşyalar mahnılar, gəzdiyiniz parklar ilə yalnızlığını gizlədirsən. Hələ də dostlarına ayrıldığınız haqqında heç nə demirsən. Çünki bunu deməklə onların sənə güləcəyindən qorxursan, bəlkə də başqa bahanələrin var.

Ayrılığınızın üçüncü ayına keçdikdə artıq içində bir şeylərin azaldığını hiss edirsən. Zaman-zaman ətrafındakı insanların sayını çoxaldırsan, təbii ki, onun yoxluğunu hiss etməmək üçün. “Zaman ən böyük dərmandır” deyir hər kəs. Amma ən doğru düstur insanların özüdür. Çoxlu dost onsuz keçən zamanın heç də hiss olunmamasına səbəb olur. Hər səhər oyanarkən “onu” düşünən insan bir səhər oyandıqda dostları ilə gedəcəyi yerə nə geyinəcəyi haqqında düşünür. Bəli, artıq hər şey bitib. Sən daha aşiq falan deyilsən. Bu kabusdan oyana bilməyi bacarmısan. Elə həmin an öz-özünə dediyin ilk məntiqli cümlə bu olur: “Ancaq axmaqlar sevir”.

# 3336 dəfə oxunub

Müəllifin son yazıları

# # #