Kimə inanasan?

Kimə inanasan?
8 dekabr 2014
# 15:10

Texnikanın, tərəqqinin həyat və məişətimizə gətirdiyi rahatlıq, təəssüf ki, çoxumuzu səmimiyyətdən, düzlükdən, xeyirxahlıqdan uzaq salıb. Qarşılıqlı inamsızlıq artıb. Kölgəmizdən belə hürkdüyümüz anlarda düşünürük ki, axı, kimə inanasan, kimə etibar edəsən. Bəzən mənə elə gəlir ki, insanların münasibətində saxtalıq çoxalıb. Onların gözlərindəki soyuqluq, qəlblərindəki qaranlıq məni üşüdür. Uca Tanrı hər kəsin qəlbinə işıq verib. Kimi bu işığı pis əməlləriylə söndürür, kimi də daha da gur edir. Sevən ürəklərdə, saf qəlblərdədir Allah. Nəfsin toxluğu isə, ən böyük sərvətdir. Düzdür, sadə insanların səmimiyyətindən sui-istifadə edənlər həmişə olub və olacaq da. Çalışaq ki, biz o sırada olmayaq. Deyirlər, ağacın çürüyü özündən, insanın çürüyü sözündən bəlli olur. Ruhu qara olanlar gözəlliyə, yaxşı bir işə biganə qalan, daxilən qaranlıqdan başqa heç nəyi görməyənlərdi. Mənim düşüncəmdə insanın mənliyi və qüruru hər şeydən önəmlidir. Nəfs, paxıllıq insanın içini qurd kimi yediyi halda, yaxşı əməllər də ruhu təmizlər, qəlbə rahatlıq gətirər. Allah insanın pis və yaxşı əməllərinin əvəzini gec-tez özünə qaytarandır.

Uşaqlıq illərimlə bağlı bir xatirəmi sizinlə bölüşmək istəyirəm. Onda 10-12 yaşım olardı. Bir gün həyətə ildırım sürətiylə bir xəbər yayıldı: Ağamehdi kişi işə gedəndə maşın onu vurub qaçıb. Böyükdən kiçiyə kimi bütün məhəllə o gün ayaq üstəydi. Hamı sarsılmışdı. Həmin gün bizim evdə gecəyarıyadək ancaq bu haqda danışıldı. Mən də kənardan deyilənləri çinədanıma yığırdım. Sonra öyrəndik ki, Ağamehdi kişi ömürlük yatağa məhkum olacaq, çünki maşın onu şikəst eləmişdi. O hadisədən sonra bu ailənin ağır günləri başladı. Ağamehdi kişinin həyat yoldaşı Gülnisə xala günorta əl-ayaq çəkilən vaxtı, qonşular görməsin deyə, xəlvətcə başqa həyət-bacalardan quru çörəkləri, boz bir parçaya büküb qoltuğunda evinə gətirərdi. Biz üzbəüz evdə yaşadığımızdan bunları öz gözlərimlə görürdüm. Və bir uşaq marağıyla izləyirdim. Bir gün gördüklərimi evdə danışanda bizimkilər az qaldı məni öldürsünlər. Onda atam mənə bərk-bərk tapışırdı: “Gördüyünü bir adama desən vay halına...

Orucluq ayı idi. Qızlarla blokda gəlincik-gəlincik oynayırdıq. Elə bu vaxt tanımadığımız bir kişi yanımızdan keçib Ağamehdi kişigilin qapısının zəngini basdı. Qapını açan yox idi. Bu yad kişi, mənim ona diqqətlə baxdığımı görüb:

- Bala, mən tələsirəm, bu bağlamanı verərsən bunlara.

“Narahat olmayın, yəqin Ağamehdi əminin ağrıları tutub, eşitmirlər. İndicə verərəm.” - Sözüm qurtarar-qurtarmaz o, sürətlə blokdan çıxdı. Bağlamanı qucağıma sıxdığımdan qapını ayağımla təpikləməyə başladım. Gülnisə xala uşaqlarıyla qapının ağzında peyda oldu. Bağlamanın bir kişinin gətirdiyini deyib, evimizə getdim.

Bir az keçmiş qonşu otaqdan atamın qəzəbli səsini eşitdim:

- “Bura gəl!”.

Atamla-anam ayaqqabılarını geyib kandarda dayanmışdılar. Anam əl atıb qolumdan yapışdı:

- “Keç görüm.” Məni az qala sürüyüb Gülnisə xalagilə gətirdilər. Hamı pərişan idi. Düzü, çox qorxmuşdum. Nə baş verdiyini anlaya bilmirdim. Sarıbənizli Ağamehdi əmi balışa söykənmişdi. O, iri, qabarlı əllərini mənə tərəf uzadıb ağlamsınan bir səslə dedi:

- Bala, de görüm bu “Quran”ı sənə kim verdi? O, başını aşağı əyib dönə-dönə kitabı öpüb, “Bisimillah” deyərək vərəqləyirdi. Sonra, əlindəki bükülünü yavaş -yavaş açmağa başladı. Həyəcanlı şəkildə pulu xışmalayıb əlini qabağa uzatdı:

“Bu pulları görürsüz ay qonşular? Axı, bunu mənə kim göndərib? Mən indi kimə “sağ ol” deyib, əllərindən öpüm? Balalarıma çörək, ocağıma Quran göndərənə necə təşəkkür edim, hə, balaca? Sən tanıyırsan, bilirsən kimdi o əmi?”

Mən qorxudan anamın böyrünə qısıldım. Hamının üzündə kədər və sevinc bir-birinə qarışmışdı. Ağamehdi kişinin gözlərində yaş gilələnmişdi. Mənsə, hönkürtüylə ağlayırdım…

Artıq o illər arxada qalıb. Ağamehdi kişi haqq dünyasına qovuşub. Uşaqları ev-eşik, ailə sahibidirlər. Lakin o, hadisə hələ də yadımdan çıxmır. O bağlamanı gətirən kişinin siması dumanlı olsa da, gözümün qabağındadır. Hərdən öz-özümə düşünürəm. Görəsən, indi də, kiminsə qapısını tələsik döyən belə xeyirxah, işıqlı insanlar varmı?

# 1241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #