Mən ev qızıyam

Mən ev qızıyam
20 iyun 2018
# 16:59

Zərif Bəkirova

Mən ağıram.

Başıaşağıyam.

Tərbiyəli, ev qızıyam.

Hisslərimi göstərmərəm,

heç nə büruzə vermərəm.

Küçədə ciddi baxaram,

Zəhrimarı yağdırdaram.

Bu belədir, öyrədiblər

Uşaqlıqdan deyiblər.

Özümü qorunma mexanizmi kimi inkişaf etdiriblər.

Çiyinlərimdə var mənim

Ailə yükü, ev yükü,

namus yükü, bilmirəm da nə yükü.

Öyrənmişəm, öyrədiblər.

Belə tərbiyə ediblər.

Mən anayam, xanımam

Müəlliməyəm, xadiməyəm

Daha nəyəm, nəyəm, nəyəm.

Kişinin gözünə baxmaram,

rastlaşanda gözümü aşağı salaram.

Çox gülüb də əylənmərəm,

həmişə yerimi bilərəm.

Ağırlığı daşıyıram,

bax beləcə yaşayaram.

Gülmək olar, amma bir az.

Əylənmək olar, o da bir az.

Özümə sərhəd qoymalıyam.

Üzümü bağlamasam da

üzümü ağ tutmalıyam.

Mən bir ailə təmsilçisiyəm,

Bunu həmişə yadımda saxlamalıyam.

# 2398 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #