Pərdə - Hekayə

Pərdə - Hekayə
12 oktyabr 2019
# 16:00

Xanım Əliyeva

Jalüzlərdən ibarət pərdələr çox vaxt pəncərəni açıq qoyduqda, küləyin istiqamətindən titrəyirlər. Heç kimin də ağlına gəlmir ki, bəs axı bu pərdələrə soyuq ola bilər. Onlar da bəlkə küləyin möhkəm əsməyindən yox, soyuqdan titrəyirlər. Bir-birinə bağlanmış, ard-arda düzülü jalüzlər insanlara oxşayır.

Məcburiyyətdən işdə, ailədə, bir çox yerlərdə sırf bu səbəbdən bir yerdə olan insanlar kimi düzülüb pərdə. Bir gün bütünlüklə yerindən ya çıxardılacaq, ya da özü qırılıb düşəcək.

İnsanlar kimi, qocalıb ölən, ya intihar edənlər. Fərqli rənglərdə, görünüşdə, cürbəcür naxışlı pərdələr insan taleyinə təşbehlənmiş formadadır.

Nələr görüb bu pərdələr. O gün fikrə dalmış halda keçmiş günləri xatırlayırdı. Yadına düşdü ki bu evi alan gənc cütlük, onu təmir etdirəndən sonra ilk növbədə pəncərəyə pərdələr salmışdı. Bu otağı uşaq otağı kimi istifadə edəcəkdilər. Hətta otağı uşaqlara aid divar kağızlarıyla da bəzəmişdilər. Amma illər keçdi, bu cütlüyün uşağı olmadı. Hər gün qadın otağa gəlib, beşiyə, divar kağızlarına toxunar, onu körpə kimi oxşayardı. Pəncərəyə yaxınlaşıb, küçədən sürətlə şütüyən maşınlara baxar, fikrə dalar, ağlayar, sonra isə məni iplə pəncərəni tam örtməyim üçün çəkərdi. Bir dəfə cütlük öz arasında möhkəm mübahisə elədi. Deyəsən kişi qadına xəyanət edirdi. Dava başqa otaqda başlasa da, uşaq otağına da keçdi. Qadın əsəbindən əvvəlcə beşiyi sirkələyib, kişini xəyanətdə günahlandırdı, sonra onu ata edə bilmədiyinə görə özünü günahlandırdığını dedi.

Kişi susurdu. Bağışla deyirdi, amma qadın daha da əsəbiləşib, pəncərəyə yaxınlaşdı. Qəflətən əllərini pərdəyə atıb, yanımda duran jalüzlərdən birini qırdı. Əlinin altına keçən hər şeyi qırırdı. Az qala məni də asıldığım yerdən qırıb, yerə atacaq, sonra da tapdalayacaqdı.

Bəxtim gətirdi, o an üçün bəxtim gətirdi. Çünki sonra kişi qadını sakitləşdirə bilmədiyinə görə təcili yardım çağırtdırmışdı. O gündən qadın evə bir də qayıtmadı. Axırıncı dəfə kişinin kimləsə telefonla danışdığını eşitdim. Kişi dedi ki, çox heyf qadın intihar edib. İntiharın nə olduğunu anlamadım. Yanımdakı məndən bir az aralı duran, yarı yıxılı, yarı asılı jalüz dedi ki, bəs, biz necə məhv edilirik, yəni zibil yeşiyinə atılırıq, insanlar da bəzən ona bənzər bir şey edir. Onun da adı intihardır. Zibil yeşiyi demişkən, küçənin digər tərəfində zibil yeşikləri vardı. Elə həmin ağıllı jalüz demişdi bu zibil yeşiyi nə olan şeydi. İnsanlar lazımsız, ehtiyac duymadıqları əşyaları ora atırlar.

Bu söhbətin üstündən çox keçmədi. Evə yad adamlar gəldi. Otağı sökməyə başladılar. Bunun da adı təmir imiş, sən demə. Məni də, yanımda duran jalüzlər kimi karniz adlanan, bizim üçünsə dağımız, atamız hesab etdiyimiz pərdələrin asıldığı çıxıntıdan bir-bir qoparıb, yığdılar qutuya. Birdən ayıldım ki, mən zibil yeşiyindəyəm.

# 4893 dəfə oxunub

Müəllifin son yazıları

# # #