Mənə toxunandan sonra...

Mənə toxunandan sonra...
15 noyabr 2013
# 12:13

Kulis.az gənc şairə Nuranə Nurun şeirlərini təqdim edir.

Getmək

Getmək…

Arxanca baxacaq bir cüt

sevdiyin gözün olduğunu bilə-bilə

rəsmlərinlə,

sözlərinlə,

gözlərinlə,

xatırlanacağını bilə-bilə

getmək…

Ayrı-ayrı ürəklərdə eyni kədəri bölmək,

Ayrı-ayrı kəlmələrlə eyni sözü eşitmək

və getmək…

kəpənək ömrü ilə kifayətlənmək

yaşanacaq çox şeyin olduğunu bilə-bilə

tərk etmək və getmək…

hələ doğulmayanlarla,

hələ ölməyənlərin

heç birinin həyatda olmadıqlarını

dərk etmək

və getmək…

Həyat

Yordum səni, HƏYAT

Üz çevirsən də məndən ,

düz gözlərinin içinə baxıram...

Gözlərinin dilini yaxşı bilirəm.

Rahat olsun başqasına verəcəyin könlün,

Bir öpüş də almağa qıymadım,

Başqasını sevərsən deyə...

Sonralar

Yaşanmış bir ömür,

işlənmiş bir əşyanın qutusu kimi.

Gedilmiş yol,

izləri süpürülmüş küçələr .

Adiləşir, bütün qəribələr ...

İlk dəfə məni görəndə,

roman oxuyarkən, qəflətən,

diqqətini aparan xəyal kimi ,

maraqlandırmışdım səni.

İtirmişdin özünü,

Belə deyirdin, sonralar...

Bir elan da vermişdin -

“Məni tapana mükafatım var”.

Nə? ...bilmirdim.

Bilə bilməzdim,

mən ola bilməzdim ,

tutduğu balığı

dənizə bağışlayacaq ...

Nuhun gəmisində də yer qalmamışdı bizə.

Sonralar...

heç bir romanda ,

rast gəlmədim özümüzə.

Unutduğum qədər xatırladım səni sonralar...

Gedənləri yox...

Bir boşluqdan içəri keçib,

Tanımadığım bir hissin içində azmışam.

Ya özümdən gedirəm, ya özümə gəlirəm.

Daha qaranlıqdan qorxmuramsa,

demək pislikləri görə bilirəm.

Nəfəsini geri çəkib,

bütün fikirlərimi ayaqlayıb,

ürəyimdə tutub saxlamağa çalışdığım dilək

addım-addım yoxa çıxır.

Mən gedənləri yox,

Gedişləri unuda bilmirəm.

Fon

Mənə toxunandan sonra,

ürəyimə yatan cümlələrə dönüşən

nəfəsin üçün darıxanda, düşünürəm ki,

hər tapdığın şey sənindi - demək deyil.

Mən sənin həyatının arxa fonuyam,

həyatını daha gözəl göstərmək üçün.

# 3097 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #