Sinif otağı

Sinif otağı
6 dekabr 2016
# 16:00

Hüseyn Bağırov

Zəng vurulmuşdu. Murad ilə arxa partada əyləşib yağışı seyr edirdik. Yağış dayanmadan yağırdı. Sanki yerlə göy birləşmişdi. Üzü qışa doğru gedirdi. Payız can verirdi, son nəfəsi idi payızın...

Müəllim içəri daxil oldu. Müəllim deyirəm ha sizə! Zəhmli, acıdil... Özü də müharibə iştirakçısı olub, işə bax sən! Eyvaz müəllim içəri daxil olduqca ayaq səsləri bütün sinfi bürüyürdü. Amma adamın üstündə Allah var, yaman zarafatcıl kişi idi. Müəllim içəri girər-girməz tanışlıq verib dərsə başladı. Mən isə avara, dəcəl, ərköyün şagird idim. Dərs heç vecimə də deyildi. Partada belə rahat əyləşmirdim. Ayağımı yellədə-yellədə gah yağışa baxır, gah Muradla söhbət edir, gah da oğrun-oğrun telefonla oynayırdım. Eyvaz müəllim isə gah dərs danışır, gah müharibə xatirələrini xatırlayır, gah da zarafat edirdi...

Söhbətləri o qədər şirin idi ki, otur ağzının dibində, səhərə qədər qulaq as, yenə də doymarsan ki, doymarsan. Birdən dirsəyim ilə Murada vurub dilləndim:

- Murad, ay Murad!

- Nə var, adə?!

- Yağışa bax, evə necə gedəcəyik?!

- Əşşi, kiri! Sən allah qoy oturaq!

Zəngin çölə vurulmağını səbirsizliklə gözləyirdim. Dərs zamanı ürəyim elə sıxılırdı ki, elə bil məni illərdi əsir tutublar. Elə ki, zəng çölə vuruldu, hamı evə dağılışdı. Yağış isə dayanmaq bilmirdi. Elə şiddətli yağırdı ki, elə bil səma Yer kürəsinə üsyan edir. Murada səsləndim:

- Ayə, qağa! Gözlə, yağış kəssin, sonra evə gedək.

Murad razılaşdı, hətta digər sinif yoldaşımız Ağaisa da bizə qoşuldu. Sinif otağında dörd nəfər qalmışdıq. Murad, Ağaisa, Eyvaz müəllim və mən... Sakit və səssiz şəkildə dayanıb bir-birimizin üzünə baxırdıq. Ani dillənməyim sükutu pozdu:

- Müəllim!

- Eşidirəm...

- Müəllim, yağış kəssin, elə gedəcəyik evə, işiniz yoxdursa, müharibədən danışın...

Eyvaz müəllim müharibə xatirələrini bizlə bölüşdükcə hiss edirdim ki, birini doğru söyləyəndə beşini yalan danışır. Lal-dinməz dinləyirdik. Duzlu və şirin söhbətini dinləməmək mümkün deyildi. Artıq yağış kəsirdi. Müəllimlə sağollaşıb evə doğru yol aldıq. Eyvaz müəllim ürəyimdə böyük sevgi qazanmışdı. Elədiyi söhbətlər isə bütün gecə beynimdə fırfıra kimi fırlanırdı.

Üstündən xeyli müddət keçdikdən sonra bir axşam Murad zəng edirdi. Təlaşla danışaraq Eyvaz müəllimin dünyasını dəyişdiyini söylədi. Yazıq kişi, sən demə xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O cür dağ boyda kişi deyirəm sizə! Müharibəyə sinə gələn kişi xərçəng xəstəliyinə məğlub oldu. İki azyaşlı övladı isə atasız qaldı.

Ağır mənzərə idi. Həyat bəzən adama elə ağrılı gəlir ki, ağrıdan qıvrılıb heç yerindən qalxa bilmirsən. Hiylə ilə müharibə qazanmış ölkəyə bənzəyir lap-ədalətsiz dünya!

Ağlımda indiyə kimi bir sual fırlanır:

Görəsən Eyvaz müəllimin ayaq səsləri hələ də o sinif otağında qalır?!

# 2926 dəfə oxunub

Müəllifin son yazıları

# # #