Nərmin Hüseynliyə ŞEİR

Nərmin Hüseynliyə ŞEİR
13 mart 2014
# 11:16

Jalə Səhrəd

Qırmızıya bürünmüşdü tabutun

Hamının ağ-qara olduğu,

Körpə bir fidanın solduğu yerdə.

Çiyinlərdə bir günəş uzaqlaşdı

O küçənin sonunda.

Neçə gənci batan gördüm

O Günəşin qürubunun fonunda.

Zəif bir işıq düşdü

Pəncərəmdən divardakı şəklinə.

Bir gün köynəklər bəzəyib

Divarıma qonan şəklin

Qərənfillər açdı o an.

Bu səhər günəşi utanan gördüm.

Mənə gülümsəmək öyrədən bacım,

Səhər gülümsədim mən də günəşə.

Susdum, səs salmadım.

Üzünə vurmadım gecikdiyini.

Anlaya bilməzdi gecikən günəş

Fidanını torpağa verənlərin

Günəşdən niyə incidiyini...

Torpaq tökdük ümidlərin üstünə.

Yarımçıq mahnılar, şeirlər qaldı.

Səni sinəsində yatıran torpaq

Bir gəlin, bir ana, bir yar apardı.

# 1823 dəfə oxunub

Müəllifin son yazıları

# # #