Lopa Qar

Lopa Qar
18 yanvar 2016
# 15:10

Uzun bir gecə artıq başlamışdı. Qurumuş taxta döşəmənin üstündəki kreslonun ahəngdar səsi qaranlığın sükutunu pozurdu. O, otağın küncündə az-maz odunla alovlanmış buxarı ilə üzbəüz, isti ədyala bürünərək oturmuşdu. Soyuq bir qış gecəsi idi.

Ayın ala-yarımçıq işığı təzə yağmış qarın üstünə düşürdü. Qış olsa da, bu balaca taxta evin havasında soyuqluq hiss olunmurdu. O, kreslosunda sakitcə yelləyə-yelləyə sol əlində tutduğu köhnə qırmızı kəmturş şərabını qurtumlayırdı. Siqareti yeni söndürmüşdü. Ayaqlarının altında başını əllərinin arasına alan, sarı tüklü it qulaqlarını ocağın çıtırtısına şəkləmişdi. İndi xatırladı ki, Dumanla çoxdandır ova getmirlər. Köpəyin burnu sanki ov iyinə həsrət qalmışdı. Bəlkə də öz sahibi kimi həvəsdən düşmüşdü. Heç sahibi ilə oynamırdı.

Uzanıb sona çatmayan darıxdırıcı gecəni günəş işığı əvəz elədi. Səhər vaxtı çöl-bayır çox gözəl görünürdü: təzə yağan qarda ayaq izləri görünmürdü. Adam mətbəxə keçmişdi. Mətbəx rəfinin qapılarını açıb-bağlayırdı. Azuqəsi tamam bitmişdi. Fağır Duman isə çölə çıxmaq üçün qapının həndəvərində tüyünürdü. Onlar artıq bir neçə gün idi ki, daxmadan çölə çıxmırdılar. Bu köhnə kiçik daxma qəsəbədən aralı idi. Ətrafı sıx meşə ilə qamarlanan daxma heç kimin yadına düşmürdü. Ayın-oyun, pay-püş almaq üçün qəsəbəyə düşmək vacib idi. Adam köhnədən qalan nimdaş paltosunu geyinib, vaxtilə ovda olduğu qulaqlı papağı başına keçirtdi. Küncdəki buxarının gecədən qalan közü hələ isti idi.

Meşəyə ağ örtük salan bəyaz qarda yeni izlər qoya-qoya qəsəbəyə enirdilər. Köhnə ovçu əvvəlki xasiyyətini tərgitmişdi: Dumanla kəlmə kəsmirdi. Köpək ağacların dibini iyləyə-iyləyə gedirdi. Qəsəbə yavaş-yavaş gözlərinin qabağında görünməyə başlayırdı. Artıq adamların hənirtisi gəlirdi. Bir az irəlidə uşaqların xizəklərdə sürüşməsi aydın görünür, küləyə qarışmış gülüş səsləri eşidilirdi. Qol-qola girmiş cütlüklərin qarı xışıldada-xışıldada keçib getməsi, üç-dörd adamın tələsə-tələsə yeriməsi, bir-birinə qarışan səslər hansısa filmin kadrlarına bənzəyirdi.

Köhnə ovçu dükana yaxınlaşdı. Qapının ağzı qardan təmizlənmişdi. Ovçunu qəsəbədə az adam tanıyırdı. Köpəyi çöldə, dükanın girişində qoyub ehmalca qapını araladı. Duman alışmadığı yerdə gözlərini döyə-döyə qaldı.

Bir azdan adam əlində iki dolu zənbillə dükandan çıxdı. Duman yerində yox idi. Onu görməyincə bir az təşvişə düşdü. Köpəyin adını çoxdan idiki dilinə belə gətirmirdi. Qəfil yadına düşdü və itə qoyduğu adı unutduğu üçün özünə acıqlandı:

- Duman! Duman! - onu axtarmağa başladı. Üz-gözündən peşmançılığa bənzər ifadə oxunurdu, baş verən hadisənin günahını özündə axtarırdı. Elə bil dərin bir boşluğa düşmüşdü.

Köpək yoxa çıxmışdı. Ovçu o qədər gəzmişdi ki, bu şaxtali havada tərləmişdi, yanaqları qızarmışdı.

Köhnə attraksionların olduğu parka gəldi. Park səliqəsiz olsa da qəsəbə sakinləri burda gəzişməklə özlərini çox xoşbəxt hiss edirdilər. Tünlüyün kölgəsi adamın ayaqları altına düşürdü.

Ova çıxmış biri kimi özünün “qurban”ı olan köpəyi axtarırdı. Axtarmaq çox çəkmədi, elə bil ürəyi dayandı, dizləri tutuldu, rəngi bu gün yağmış qar kimi ağappaq oldu.

Duman öz sevdiyi qancığını tapmışdı. Elə onunla atlanıb düşür, sarı tükləri par-par parıldayırdı. Onun gözlərində artıq ov nifrəti qalmamışdı. Xoşbəxtlik və şənlik ona ovçunu unutdurmuşdu. Bu səhnənin qarşısında ovçu öz hislərinin də üstünə qar yağdığını ağlından keçirtdi.

Ovçu ətrafa nəzər belə yetirməyərək iri addımlarla daxmasına tərəf irəliləyirdi. Hava artıq soyumağa başlamışdı. Lopa-lopa qar yağırdı. Elə yağırdı ki, göz-gözü görmürdü, yollar daha uzaq görünürdü.

Daxmasına gəlib çıxdı. Əlindəkiləri qapının ağzında unudub kresloya tərəf irəlilədi. Qədəhini şərabla doldurdu. Heç buxarını belə yandırmadı, isti ədyalına bürünmədi. Özünü nə qədər günahkar bilsə də içində hiss edirdi ki, öz istədiyinə çatmışdı. Soyuq qapının aralığından dürtülmək istəyirdi elə bil, pəncərədə gecə donmuşdu.

Adam qafasında öz keçmişini vərəqləyirdi. İllər qabaq itirdiyi xoşbəxtliyi. Artıq səhər açılmışdı. Üzü bəmbəyaz olmuşdu, eynən qar kimi. Duman qayıtmışdı və onun səsi eşidilirdi, ancaq qapını açan yox idi.

# 1495 dəfə oxunub

Müəllifin son yazıları

# # #