Uşağın adını Dəniz qoydular, dənizə qismət oldu

Uşağın adını Dəniz qoydular, dənizə qismət oldu
18 oktyabr 2013
# 16:23

Dəniz qumu

Günel Treu

Hava soyuq idi. Səhərin nəm havası üzünə dəydikcə ayılırdı sanki. Hələ yarıyuxulu olduğu üçün dənizə hansı yoldan tez çatacağını bilmirdi. Sanki iki il idi gedib gəldiyi yol deyildi. Əslində yaddaşını itirirdi yavaş-yavaş, özü də hiss edirdi. Sentyabrın sonları olduğu üçün havalar soyumağa başlamışdı, payız özünü göstərirdi artıq. Əyni nazik olsa da üşümürdü, daha doğrusu üşüdüyünü hiss etmirdi, ürəyində elə bir od vardı ki...

Səhər tezdən evdən çıxanda hiss etdi ki, əri oyaqdı, amma özünü yuxuluğa vurdu, səsini çıxarmadı nədənsə. O da artıq yorulmuşdu danışmaqdan, son zamanlar susurdu ancaq, bilirdi ki, danışmağın mənası yoxdu artıq. Ərinin oyaq olduğunu hiss etsə də, yenə qapını astaca örtdü. Sanki onun oyaq olduğunu üzünə vurmaq istəmədi.

Yazığı gəlirdi ərinə, acıyırdı ona, bu iki ildə qocalmışdı sanki, dağ boyda insan, saçlarının ağları artmışdı. Üz-gözündən məzlumluq, yorğunluq yağırdı. Baxa bilmirdi ərinin üzünə, utanırdı. Sanki olanlarda ərinin də günahı varmış kimi bu iki ildə bir dəfə də olsun onunla danışmağa cəhd etmədi. Buna gücü də yox idi!

Dəniz kənarına çatanda soyuq daha da özünü büruzə verdi, əynində hələ yay geyimi olduğu üçün soyuqdan titrəməyə başladı. Üşüsə də sanki soyuğun acığına ayağındakı yüngül səndəlləri çıxarıb, ayaqyalın suyun lap kənarına gəldi. Günəş sanki dənizdən doğurdu, şüaları dənizin üstünə düşdükcə dənizin üzəri par-par yanırdı.

Xeyli bu mənzərəyə tamaşa etdi. Ayağının altındakı qum dənələri yuyulduğu üçün dayandığı yerdə balaca çala yaranmışdı, qum onu çəkirdi. Aşağı əyilib, nifrətlə hər dəfə dalğa gəldikcə dənizə tərəf sürüşən qum dənələrinə baxdı.

Ürəyindən yenə qışqırmaq-bağırmaq, bu qum dənələrini qucaqlayıb, dənizə atmaq keçirdi. Bu iki ildə onun səssizliyinə, səbrinə hər kəs heyrət etmişdi, hətta onu soyuqqanlı bilənlər də var. Nə bilmək olar, bəlkə daşqəlbli də demişdilər. Bircə əri bilirdi nə çəkdiyini, danışmırdı, elə hey susurdu...

Adi vaxtda dənizdən xoşagəlməz qoxu gəlsə də payızın gəlişi qəribə bir hava və gözəllik gətirmişdi dənizə. Üfüqü seçmək olmurdu, sanki göylə dəniz birləşmişdi. Bu görünüş onu məqsədinə daha da çox sürükləyirdi. Dənizdən birbaşa göylərə getmək, yaşadığı ağrını, acını yerdə buraxıb getmək istəyirdi. Amma ürəyi başqa, ağlı başqa söz deyirdi. Onu bu qədər çox istəyən, səbri və dözümü ilə onu da ayaqda saxlayan insanı - ərini tərk etməyi ürəyi qəbul etmirdi.

Lakin hiss edirdi ki, daha bundan sonrakı həyat dənizdən kənarda olmayacaq, dəniz onu çəkirdi. Ayağının altındakı qum yuyulduqca sanki görünməz bir əl onu dənizə itələyirdi. Bütün bədəni buz kimi və nəm idi. Üşümürdü. Yadından çıxmışdı üşümək hissi! Tərəddüdlü idi. Bir-iki addım geri çəkilib, yerə oturdu. Yanındakı balaca çubuqlardan birin götürüb, qumun üzərində yazı yazmağa başladı. Düşüncəsi bunu istəmirdi, amma əli sözünə baxmırdı sanki. Ürəyində qumun üzərinə yazdığı üç sözü təkrarlamağa başladı: Dəniz, İsmayıl, Nigar...

Dəniz evliliklərindən düz doqquz il sonra doğulmuşdu. Həmin gün İsmayıl sevincindən yatmamış, səhəri xəstəxananın həyətində açmışdı. Bu illər ərzində onları ayırmağa çalışan, xanımdan olan bu problemi dəfələrlə üzünə vurub, qəlbini qıranlar nəhayət ki, sakitləşmişdilər. Əslində sevərək evlənməmişdilər, böyüklərin məsləhəti ilə, onları “uyğun” gördükləri üçün ailə qurmuşdular.

Amma zaman keçdikcə öyrəşmişdilər, alışmışdılar bir-birlərinə. Sevgidən daha çox hörmət bağlamışdı onları. Əslində bir-birlərindən elə böyük bir istəkləri də yox idi. Övladdan başqa! Nigar hərdən bu doqquz ili soyuq, mənasız ailə həyatına necə davam etdiyini, necə tab gətirdiyini təsəvvür etmirdi. Xatırlamaq ağır gəlirdi ona. Ailə nə qədər həvəssiz, sevgisiz qurulsa da övlad yaşam üçün rəngdi, təzə nəfəsdi. Nigar bu yeni varlığa baxmaqdan, ona qulluq etməkdən doymurdu.

İsmayıl da evə daha çox bağlanmışdı. Onsuz da elə çox gəzib-dolaşmağı sevən biri deyildi. Onun üçün iş, ev və televizor anlayışı vardı. Adi bir gəzinti planını bir həftə öncədən görürdü, o da çox vaxt alınmazdı. Amma Dənizin dünyaya gəlişi onu da canlandırmış, üzünə təravət gətirmişdi. Hər gün evə əlində yeni oyuncaqla, ya da Nigara kiçik bir hədiyyə ilə gəlirdi. Ona elə gəlirdi ki, Nigar əvvəlkindən də gözəl olub.

Sanki daha da cavanlaşmış, ətə - cana gəlmiş arvadının xöşbəxtliyinə sevinirdi. Nigar bu illərdə çox əziyyət çəkmişdi. Arvadı dəfələrlə ayrılmaq istəsə də, İsmayıl buna razı olmamışdı. Əlbəttə bu Nigarı ürəkdən sevdiyi üçün deyildi, sadəcə bir qadını yarı yolda buraxmaq, onu isti evindən-eşiyindən ayrı salmağa ürəyi razı olmamışdı.

İnsafla desək, Nigar da pis qadın deyildi. Bəlkə də çox kişinin arzuladığı qadınlardan idi.

Nəhayət gözlədikləri möcüzə baş verdi, artıq valideyn idi hər ikisi. Sevincləri yerə-göyə sığmırdı. Dəniz qoydular körpənin adını, Nigarın illərdi ürəyində saxladığı ad idi Dəniz. İsmayıl da bir söz demədi, özünün də xoşuna gəlmişdi Dəniz adı.

Günlər keçirdi. Və günlər keçdikcə də Dəniz böyüdü, dil açdı, yeriməyə başladı. Hər hərəkəti, hər sözü ailədə böyük sevincə səbəb olurdu. Ata-ana pərvanəyə dönmüşdülər, bütün gün Dənizin başına dolanırdılar. Bütün diqqət , bütün maraq Dənizin üzərində birləşmişdi. Artıq Dənizsiz heç nəyi təsəvvür etmirdilər...

Beş il geridə qalmışdı, yavaş-yavaş Dənizin məktəb həyatını təsəvvür edirdilər, bu bir-iki ilin də tez keçməsini istəyirdilər.

Lakin...

Dənizə yüngül bir xəstəlik səbəbilə dəniz qumu məsləhət olunmuşdu. Həftədə bir-iki dəfə dənizə gəlib, Dənizin ayaqlarını quma basdırırdılar. Dəniz, qumu və dənizi çox sevirdi. Hətta sahildən ayrılıb, evə gedənə qədər ağlayırdı, sakitləşdirmək olmurdu onu. Uşaq sanki nəyisə itirmişdi dənizdə...

Və bir gün... O müdhiş günün hər saniyəsi, hər dəqiqəsi yadındaydı Nigarın. Və elə indi də o günü bir daha xatırlayıb, aşağı çökdü. Hönkürdü... Son dəfə ürəkdən, dəli kimi ağladı. Ürəyinin acısı dinmək, dayanmaq bilmirdi onsuz da, nə qədər ağlasa da tükənmirdi bu dərd. Barmaqlarını yaş quma batırıb, palçığı ovcuna yığdı. Özündən xəbərsiz, əllərini sinəsinə doğru gətirib, ovcundakı yaş qumu sinəsinə sıxdı, dodaqları “verin mənim Dənizimi” dedi... Dənizsə susurdu!

Get-gedə dənizə daha da vurulan, ondan ayrılmaq istəməyən Dənizi adi, sakit günlərin birində elə bu dənizdə itirdilər. Yoxa çıxdı Dəniz! Ata-ananın gözündən bir anlıq yayınan Dənizi bir daha görmədilər. Bütün sahil Nigarın səsinə toplaşsa da kimsə Dənizi tapa bilmədi. Dəniz sanki udmuşdu Dənizi! O axşama qədər axtarışlar, hay-küy, göz yaşları...

Hamısı indi də Nigarın gözü önündən keçirdi. Hər gün o günü yaşayırdı, həyatı o gündə dayanmışdı sanki, davam etmirdi! Yaşamağı bacarmırdı!... Bu iki ildə İsmayıl onu yaşatmaq üçün nələr etməmişdi ki? Dəridən-qabıqdan çıxmışdı, amma Nigarı dənizdən ayıra bilməmişdi. Nigarı dənizdən toplamaq olmurdu, qadın sahilə səpələnmişdi sanki, gecə də, gündüz də yolun dənizdən salmalıydı mütləq. Nigarın bir ayağı dənizdəydi. Hər dəfə də evdən çıxanda “Dənizi gətirməyə gedirəm” deyirdi. O, gedəndən sonra hər dəfə hönkürürdü İsmayıl!...

Çökdüyü yerdən ayağa qalxdı, soyuqdan keyimişdi vücudu, yeriməyə taqəti yox idi. Ayaqlarını sürüyə-sürüyə dənizə doğru getdi. Nədənsə səndəllərini çıxardı. Su ayaqlarından yuxarı qalxdıqca, donurdu sanki, özündən asılı olmayaraq dərin-dərin nəfəs alırdı. Son nəfəs kimi... Su boğazına çatanda, ayağı boşluğa düşdü, büdrədi. Sanki ayıldı bir anlıq, şüuru, düşüncəsi tam qüvvəsi ilə yardıma gəlsə də gec idi artıq. Və gec olduğunu özü də anladı. Boğulurdu!...Son dəfə yalnız bunu düşünə bildi: Bağışla İsmayıl...

# 1849 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #