Qızın oğlana etirafı: İsgəndərin altındaydım…

Qızın oğlana etirafı: İsgəndərin altındaydım…
29 may 2014
# 14:30

Arzu Murad

“Qapılar bağlanır, növbəti stansiya Sahil!”

Gözəl hava, gözəl mühit, gözəl insanlar və Dənizkənarı Bulvar. Tarixə düşən günlər yaşayırdıq, keçən il bu ərəfələrdə Azərbaycan Almaniyada “Avroviziya- 2011” musiqi yarışmasında birincilik qazanıb ev sahibi olmaq şansını əldə etdi və budur, “Avroviziya- 2012” yarışması bu il Azərbaycanda keçiriləcəkdi. Ölkəmizdə əsaslı təmir və yenidənqurma işləri gedirdi. Görüş təyin olunan məkanlarda ayaqüstə gözləməyəsən deyə skamyalarda oturmağa qorxurdun, qorxurdun ki, bir də ordan qalxa bilməyəsən. Səhər evdən çıxırdın, axşam evə gələndə yolu tanımırdın. Yeri gəlmişkən, dünən belə bir halla qarşılaşdım, bibimgilə getməkçün marşrutlardan birinə əyləşdim, bibimgil Bayılda yaşayırlar. Sahilin Bayıla qalxan yolunda bir də onu gördük ki, kimsə səsini qəfil içindən çıxarıb fəryad edir:

- Ay şofer, ay şofer, saxla, evimiz keçdi, saxla düşək, başıma xeyir. Ədə. saxla da, onsuz da ötürmüşəm, sən də get, dünyanın o başında saxla.

Sürücü çaşqın halda cəld maşını saxlayıb güzgüdən həmin qadına baxır:

- Başa düşmürəm, sən evini tanımırsan? Mən bayaq orda saxlamışdım, niyə düşmürdün?

- Aaaaa, nolubeee, ay şofer qardaş, vallah məndə bir qəbahət yoxdur, mən evdən çıxanda bura başqa cür idi, indi bir başqa cürdür.

Qadın 20 qəpik gediş haqqını verib düşdü, bütün avtobus əhli o qadının arxasınca baxa-baxa qaldı. Bu qadına halal olsun, ona görə ki, öz hərəkətiylə bütün sərnişinlərin canına vəlvələ salmağı bacardı, artıq hər kəsin gözü yola dikilmişdi ki, birdən onların da evləri keçər.

Nə isə, bu gün isə Bulvara çıxmaq keçdi könlümdən, bir kitab da aldım əlimə, düzəldim yola, hardasa yorulub büdrəyəndə heç olmasa kitabdan bir neçə sətir oxuyum, hə, bir neçə sətir. Bu kitab mənim əlimdə iki aydır vardı, amma bəxti qara idi, iyirminci səhifədən o tərəfə keçmək bilmirdi, mən dirəşmişdim, kitab məndən betər dirəşmişdi.

Həmişəki kimi Bulvarda cütlüklər göz deşir, yaraşıqları başlarına dəysin, müəmmalı görkəmləri adamın içini didirdi. Fikirləşirdim ki, görəsən bu gədə bu qızı alacaq, ya yox, düzdür, üzlərinin ifadələrindən o qədər xoşbəxtlik yağırdı ki, adamda gülməli bir fikir yaradırdı: görəsən bu qız bu gədəyə nə verib ki, bu gədə belə xoşbəxtdir, sanki dünyanın ən gözəl qızı bunun yanındadır.

Əşi, yozmayın, pis mənada demirəm, yəni ki, xoşbəxtlik bəxş edəsi nə edib deyə soruşuram. Bir cütlük də var idi, gələndən gözümü onlardan ayıra bilmirdim, oğlan sözün əsl mənasında “bala düşmüşdü”. Elə yolu da onlarla birgə gəlmişdim, qız necə ki, yol boyu kulinariyadan başqa, heç nədən söhbət etmədi, elə bulvarda da nə gəzmədilər, nə iki sevgili kimi gələcək planlarından danışmadılar, nə də “beyləqan vəziyyət”ə keçmədilər. Qızın “beyləqan vəziyyət”i təkcə ayranla dönəri yeyəndən sonra desertə şokolad içkisiylə şokolad piroqu gətirdib, bolluca yeyib içəndən etibarən başladı.

O qədər yemişdi ki, nəfəs ala bilmirdi, hava almaq üçün gəzəndə bulvarda bir dənə də olsun boş ayaqyolu buraxmadı. Qız tualetdən çıxana qədər yazıq oğlan siqareti siqaretə calayırdı, adama elə gəlir ki, arvadı doğuş masasında əziyyət çəkən qayğıkeş ər narahatçılığıdır bu, daha demirlər ki, bədbəxt öz taleyiyçün narahatdır. Qız hər necə olur olsun, tualetdən sağ çıxacaq, bəs bu qaragün nə olacaq? Qız əlini uzadıb karuseli göstərəndə oğlan sevindi, yəqin ona görə sevindi ki, sevgilisinin yeməkdən başqa da maraq dünyası var, amma indiki halda gərək bu maraq dünyası karusel olmayaydı.

Mən eşitmişdim, amma görməmişdim, yazıq o karuselə minən camaat. Düşük getdi oturdu Vikinq attraksionunun ən başında. Atraksion hərəkətə gələr-gəlməz sanki “Titanik” gəmisindəymiş kimi qollarını açdı, havanı ağuşuna almağa çalışdı. Yedikləri mədədən bağırsağa keçməyə macal tapmamış qız hamısını havaya verdi. Karuselin qız əyləşən tərəfi yüksəyə qalxanda qız, vallah-billah, sözün əsl mənasında camaatın başına qusdu. Bu söhbəti elə burdaca bitirmək istəyirəm, çünki həmin yeri tərk etdim, ürəyim rahatlıq tapdı, bütün nigarançılıqlarıma son qoyuldu, qız da rahatladı, çünki mədəsi boşaldı, əgər qızın mədəsi boşaldısa, yenidən dolmasıyçun gərəkdir ki, oğlanın cibləri yenidən boşalsın...

Nə başınızı ağrıdım, bir az irəliyə getdim, kölgəlikdə boş skamya tapdım, oturdum. Bu gün görəsən hansı əlamətdar gündür ki, şəhər insan axınından, necə deyərlər qaynaşır? Əliuşaqlılar, uşaqsızlar, qolusevgilililər, sevgilisizlər, əsalı, əsasız, ağıllı, ağılsız, bir sözlə hər kəs şəhərdə idi. Özü də gündüzün günorta çağı... Başımı götürüb sakitliyə, dənizin qırağına yaxınlaşdım, bura həqiqətən də sakitlik idi, çünki hər kəsin başı öpüşməyə qarışmışdı, ciddi işlə məşğul idilər, stressə düşməsinlər deyə cavanları tək qoydum. Mən yazığın həmişəki kimi heç yerdə yerim yoxdur.

Məşhur bir misra yadıma düşdü: məndə sığar iki cahan, mən bu cahana sığmazam. Həqiqətən də mən bu boyda Bulvara sığmırdım, başıma haranın daşını töküm?! Yenidən bayaqkı skamyaya geri döndüm, əyləşdim və kitabı qaldığım yerdən oxumağa davam elədim. İmkan versəydilər, həmin cümləni, heç olmasa həmin cümləni bitirərdim, amma vermədilər. Bir qız, təxminən 24-25 yaşlarında olardı, gəlib düz yanımda, mən oturduğum skamyada oturdu, kiməsə zəng etdi:

- Alo! Sən hardasan, ürəyim? Aha, yaxşı gəl, gözləyirəm, həmişəki yerdəyəm. Hə, bayaq İsgəndərin altındaydım, set tutmurdu...

Bir anlıq çaşıb qaldım, kimin altında?! Eeee, yenə sualı səhv qoydum, nəyin altında? Deyəsən qarşı tərəfdən də həmin sual gəldi: -”Kimin altında?”.

- Canım, İsgəndər, yəni İsgəndərin dönər butikinin altındakı restoranda idim, nahar edirdim, gəl, danışarıq...

Özümü çox narahat hiss elədim, vicdan əzabı çəkdim, mən elə bilirdim skamyada əyləşməklə qız məni narahat edib, sən demə bu skamya onun çoxdankı görüş yeridir, yaxşısı budur mən burdan əkilim. İrəliyə doğru addımladıqca çox maraqlı vəziyyət də mənə yaxınlaşırdı. Bir qız əlində telefonla dayanıb düz yolun ortasında, halından bəllidir ki, kimisə gözləyir.

Qızdan bir az aralıdan da bir yaşlı kişi harasa möhkəmcə tələsir. Bu dəfə də zənnimdə yanılmadım, hə, elədir ki, var, o yaşlı kişi mərkəzdə dayanan bu xanımın görüşünə tələsirdi. Bax buna baxmağına dəyər. Kişi qızı tanımaqçun onun telefonuna zəng etdi və qarşısındakı xanımdan reaksiya alanda əmin oldu ki, hə görüşünə tələsdiyi xanım budur. Necə məntiqsiz insanlardılar, madam ki, görüşə gəliblər, elə isə şəkillərini niyə bir-birinə göstərməyiblər?

Qız kişini görən kimi az qala huşunu itirəcəkdi, özünü zorla ələ aldı. Dəhşət olan bilirsiz nədir, görüşə tələsən insanların nəyisə unudub evdə qoymaqları normal haldır, amma bu kişinin protezini unudub taxmamağı müsibət bir şey idi. Dodaqları bir-biriylə mehriban olub dişlərinə qovuşmuşdu. Qızın huşunu itirməsinin səbəbi də elə bu idi, mən başa düşdüyümə görə bəy əfəndi, xanıma yaşının maksimum iyirmi səkkiz olduğunu deyib, amma dişləri olmadığını deməyib. Tanrı onu bu günahına görə özü hifz etsin.

Nə başınızı ağrıdım, təbiət qoynunda adam balası kimi kitab oxumaq yox imiş mənim taleyimdə...

# 3821 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #