Məşhur yazıçının nifrət etdiyi abidə

Məşhur yazıçının nifrət etdiyi abidə
1 iyul 2014
# 13:33

Leyla Sarabi

Deyim var ki, dünyanın ürəyi Parisdə, Parisin ürəyi Eyfel qülləsində döyünür. Bu fikrin nə dərəcədə doğru olduğunu bilmirəm, tək onu bilirəm ki, hazırda Eyfel turistlərin ən çox səfər etdiyi tikili hesab olunur. Hər il dünyanın dörd bir yanından Parisə bu möhtəşəm qülləni görmək, onun ətrafında, içərisində şəkil çəkdirmək üçün milyonlarla insan axışır.

Fransızlar Eyfeli «dəmir xanım» adlandırırlar. Hər bir gözəl qadın kimi onun da çox qəribə və maraqlı ömür yolu var. Bu yola qısa səyahət edək.

Deməli belə 1884-cü ildə fransız höküməti Fransa inqilabının 100 illiyi şərəfinə paytaxtın mərkəzi küçələrinin birində abidə ucaltmaq qərarına gəlir. Paris şəhər rəhbərliyi ölkənin ən istedadlı mühəndisi Qustav Eyfelə də bu haqda xəbər yollayır. Mühəndis illərdir toz içində yatan layihələrin arasından hündürlüyü 300 metr olan dəmir qüllənin çertyojunu tapır və onun üzərində yaxşıca işləyir. Beləcə 1 may 1886-cı il ümumrespublika müsabiqəsində 107 layihədən məhz bu Fransa inqilabının rəmzi şərəfinə layiq görülür.

Eyfel iki il, iki ay, beş gün ərzində ərsəyə gəlir. Mühəndislə bağlanmış müqavilənin şərtlərinə əsasən qüllə 20 ildən sonra sökülməli idi . Eyfelin üst hissəsində quraşdırılmış radioantenlər və ölkənin turizm sahəsinə verdiyi əvəzsiz gəlir, tikilini məhvdən xilas edir.

Tarix boyu Eyfelə qarşı münasibət birmənalı olmayıb. İnsanlar onu ya çox sevib, ya da nifrət ediblər. Xüsusən də Fransanın ziyalı təbəqəsi Eyfelə olan qəzəbini heç vaxt gizlətməyib. Tanınmış yazıçı Gi de Mopassan hər gün Eyfelin birinci mərtəbəsində yerləşən restoranda nahar edərmiş. Ətrafdakıların “Siz Eyfeli sevmirsiz, bəs niyə hər gün bura gəlirsiz?” sualına yazıçı “Bura Parisin yeganə nöqtəsidir ki, Eyfel görünmür” deyir.

Mənbələrə görə Eyfelin ən uca nöqtəsindən Parisi seyr etmək Adolf Hitlerin arzusu olub. 1940-cı ildə alman ordusunun işğalı zamanı Hitler Parisə gəlir. Elə bu ərəfədə Eyfelin liftində problem yaranır. Beləcə Hitler qüllənin 3-cü mərtəbəsinə qalxa bilmir. Tarixdə bu faktla bağlı belə bir deyim də var: “Hitler Parisi işğal etdi, amma Eyfelə gücü yetmədi” .

Eyfel dəfələrlə dələduzların gəlir mənbəyinə çevrilib. 1925-ci ildə Viktor Lustiq adlı birisi qülləni iki dəfə saxta sənədlərlə satmağa nail olub. 1960-cı ildə isə Devid Sems adlı ingilis Eyfeli bir holland şirkətinə dəmir ehtiyatı kimi satıb.

“Dəmir xanım” bütün qadınlar kimi zamana qalib gəlib həmişə cavan qalmaq istəyir, lakin bu ona heç də ucuz başa gəlmir, belə ki, hər 7 ildən bir Eyfeli ilkin görünüşünə qaytarmaq üçün 57 ton boya istifadə edilir.

Eyfeli sevənlər siyahısında mən də varam. Hər dəfə onun yanından keçəndə ürəyimə qəribə sevinc dolur. Xüsusən də bu “əyriayaq xanım”ın gecə görüntüsünə heyranam.

Diqqətimi çəkən maraqlı bir fakt da var. Fransaya səyahət edən bəzi insanlar “Nədir axi Eyfel?! Adi dəmir parçası” deyə-deyə Eyfelin fonunda şəkillər çəkdirib həmən sosial şəbəkələrdə paylaşmaqla qalmır, səhərdən axşamadək izdihamın içərisində növbə gözləyib qüllənin içərisini görməyə can atırlar.

# 3093 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #