Bizim kişilər kurorta niyə gedirlər?

Bizim kişilər kurorta niyə gedirlər?
24 aprel 2013
# 07:00

Mənzərə Sadıqova

(Hekayə)

Qafqazlılar kurortda

O, xoşbəxt idi. Xoşbəxtlik kişinin çöhrəsini elə işıqlandırmışdı ki, üz-gözü bərq vururdu. Üç sarışının əhatəsində oturan qafqazlı balası astadan zümzümə edir, içindən gələn musiqinin ahənginə uyğun başını ahəstə yırğalayırdı. Rahat-rahat oturmuşdu. Halından məmnun idi.

Gündəlik həyatında adətən iş dalınca tələsər, ciddi və sakit görkəmiylə diqqət çəkməzdi. İndi bambaşqaydı. Sanki içindən yeni bir adam çıxıb əvvəlkini kənara itələmişdi. Gözəllərin cilvəsi Samirə həyatının ən ləzzətli anlarını yaşadırdı.

– Mən bu yağmurun altında oynamaq istəyirəm, - deyə Birinci Sarışın şıltaqlığa davam edirdi. – Qalxın, nə oturmusuz? Getdik...

Çağırış hamısının ürəyindən oldu. Dərhal açıq hava altındakı restoranın yağış tutmayan rəqs meydançasına atıldılar. Şənlik, gülüş, qəhqəhə səsi leysanın şırıltısına qarışdı. İri yağış damcıları meşədəki qocaman ağacların yarpaqlarına dəydikcə “tap-tap-tap” səsləri çıxarır, elə bil rəqsə ritm tuturdu. Üzlər gülür, gözlər süzülürdü. Arada şimşək çaxdıqca rəqs edənlərə elə gəlirdi ki, göy qübbəsi də şaqqanaq çəkib gülür. Göylər də gözəllərə gülümsəyir və sevincindən tez-tez dodağı qaçır. Meşəni çimizdirən leysan da göyün sevinc göz yaşlarıdır.

Dildən pərgar olan Əsas Sarışın özündən çox razıydı. Gözəlliyə qalsa o, Birinci Sarışının əlinə su tökməyə yaramazdı. Amma bu dəstgah onun şərəfinə qurulmuşdu. Kişi də onun erkəyi idi. Ona görə Əsas Sarışın özünü külli-ixtiyar sahibi kimi aparırdı. Tez-tez ofisiantı çağırıb yeni sifarişlər verirdi. Ətrafdakılara qaş-göz edir, yan masalardakı kişilərə müştəri gözüylə baxmağı da unutmurdu. Hərdən diqqət çəkmək üçün qəribə jestlər edir, qısa replikalar verirdi. Deyəsən, o lap Allahın bəlasıydı.

Bütün bunları dinməzcə seyr edən Üçüncü Sarışın yaşca onlardan böyük görünürdü. Əyləncənin yaşa dəxli yoxdu. İş burasındadı ki, onun hərəkətləri də ölçü-biçili idi. Deyəsən, fələyin qismətindən nəsibinə düşən zövqü almaqla kifayətlənirdi. Cavan sarışınlar nədənsə bu qadına xüsusi hörmətlə yanaşırdılar. Aralarında rəqabət hissi olmadığı aydın görünürdü.

Qafqazlı balası sonalar gölünə düşmüşdü. İllərlə qəlbində gizlədiyi istəkləri, içinə yığdığı arzuları reallaşırdı. Həmişə dostları kurort macəralarından danışanda onun da ürəyindən keçmişdi bu səadəti dadmaq. Qismət bu günə imiş. Axır ki, iş-güc, arvad-uşaq, qohum-əqrəba qayğısından göz açıb özünə vaxt ayırmışdı. Samir kama çatmışdı.

Badələrin çaqqıltısı onları elə şirnikdirirdi ki, içkidən doymaq bilmirdilər. Yoldan ötən həmyerliləri Samiri görüb ayaq saxladılar.

– Əəə, bir buna baax! Nə özünü vurub gözəllərin arasına...

– Sözündə ehtiyatlı ol, Mikayıl, o yaşlı xanım bacısıdı. Onu o sıraya qatma.

– Bacısıdısa, üçdən biri əskik olsun daa, noolajax? Sən bunun canına-cürəpəsinə bax, yanında hərlədiyi canlara bax. Canandılar ey... - Pəhləvan cüssəli Mikayıl bir anlıq boy-buxunundan utandı. Özünü əfəl sandı. - Əəə, məni bölsən iki Samir çıxar. Di gəl ki, yanımda canan nə gəzir...

– Ayə, əlindən almıyıflar ha... Sən də bir-ikisini yanla. Yoxsa buranın nəyi oldu kurort? Elə bil azad xəstəsən, axşamatan o həkim sənin, bu həkim mənim... Doxdur qapılarında gəzirsən. - Asəf əl-qolunu hərləyib mətləb üstə gəldi: - Prosedurlara nobat gözləməkdən canımız çıxdı. Əsas müalicəni almasaq, qalan hamısı havayı şeydi! Elə Bakıda da doxdura gedə bilərdik.

Dostlar əllərini əllərinə çırpıb xeyli gülüşdülər. Onların nəşəli gülüşü meşənin sükutunu diksindirdi. Onsuz da kurort yeri çox gözəldi, füsunkar təbiəti vardı. Allah-Taala yaradanda bu yerlərdən səxavətini əsirgəməmişdi. İndi də yağışda yuyunmuş meşə adama lap gəl-gəl deyirdi. Daş döşənmiş cığırlarla tənbəl-tənbəl irəliləyən qafqazlı dostlar sağa-sola baxınıb “quş” axtarmağa başladılar. Gəzə-gəzə gəlib ikinci restorana çatdılar. Bura da dolub-daşırdı. Elə bil hər yeri qafqazlılar zəbt eləmişdilər. Asəf əlini yellədə-yellədə coşdu:

– Ayə, Azərbaycan bura köçüb, xavarımız yoxdu. Vallah bizim millət yaxşı yaşayır. Ziyalısı, vəzifəlisi, qarpız satanı, kartof becərəni,.. hamısı burdadı. Kənddə kimi dindirsən sızıldayır ki, sabaha çörək pulum yoxdu. Bəs, bu pulları hardan tapıb xərcləyirlər?

– Ağ eləmə. Sən, mən nətəhəri gəlmişiksə, onlar da elə. Arvad-uşağın boğazından, əynindən kəsif yığdıxları pulnan... Üstünü də borcnan düzəldif gəliflər ki, şəfa tapsınlar,- deyə Mikayıl dostunu məzəmmət etdi. – Varlılar indi Karlovı Varıya, Bali adalarına, ekzotik diyarlara gedir dincəlməyə. Kasıb-kusub da buralara gəlir. Onu da çox görürsən millətə?

– Yaxşı-yaxşı. Bir söz demədik. Səndən yaxşı advokat olardı. Bax gör, harda yer tapırıx...

Dostlar küncdə boşalan masaya əyləşdilər. On dörd-on beş yaşlarında bir qız yaxınlaşıb sifarişi aldı.

– Görürsən, bunların da çörək dərdi var. Yoxsa bu yaşda, bu gözəllikdə qızını kim göndərər ofisiant işləməyə? - Mikayılın kefi pozulmuşdu. Asəf dostunu başa düşürdü. Onun da evdə bu boyda qızı olduğundan bərk təsirlənmişdi.

– Canını çox sıxma, ayə. Kurort yerlərində qayda belədi. Mövsüm başlayan kimi uşaqdan-böyüyə hamı işləyir. Turistlər bunların əsas gəlir mənbəyidi. Yay tətilində müəllimlər də ekskursiyalarda bələdçilik edir.

Dostuna buraların qayda-qanunundan danışan Asəf pivəsini içə-içə siqaretini tüstülədirdi ki, birdən gözü tələbəlik dostu Nadirə sataşdı. Neçə illərdi bir-birindən xəbər-ətər tuta bilmirdilər. Çox mehriban görüşdülər. Nadirgilin masası qələbəlik idi, Asəflə Mikayıl qoşulduqdan sonra lap səs-küylü oldu. Ağız deyəni qulaq eşitmirdi. Nədənsə, bu masada tək bircə qadın vardı. Onun da kimliyi kimsəyə bəlli deyildi. Sevgiyə susamış kişilər əlaqə yaratmaqçün çırpınırdılar. Musiqi səslənincə, rəqs vaxtı danışıb-anlaşmaq niyyətilə hərəsi bir yandan dəvət edirdi qadını. Təzə qonaqlarının şərəfinə badə qaldıran Nadir həmin xanımı da təqdim edincə məclisə su ələndi.

– Yanımda əyləşən bu gözəl xanım da mənim ikinci arvadımdı. Evdəki də bilir. Uşaqlarım da. Mən öz səadətimi bu xanımda tapmışam. Bir ömür bərabər yol gedəcəyik.

Bayaqdan büzüşüb oturan, qafqazlıların acgöz baxışlarına yem olan, pərtliyini büruzə verməməyə çalışan gənc qadın sanki bu sözlərdən sonra böyüdü, qanadlandı, məclisə sığmaz oldu. Ondakı dəyişikliyi Nadir də sezdi, bir söz demədi. Qadın yerində dirçəlib ayağını ayağının üstünə aşırdı. Başını dik tutaraq masadakı erkəklərə oturuşu-duruşuyla meydan oxumağa başladı: “Gördünüz, mən kiməm?! Siz məni nə yerinə qoymuşdunuz? Hansı ampluada qəbul etmişdiniz? İkinci də olsam, mən bu kişinin arvadıyam! Siz düşündüyünüzdən deyiləm.” Masadakı erkəklərin hamısı sustalmışdı. Qızaran kim, utanan kim... Qadına girişmək fikrinə düşən Asəfi də tər basdı:

“Nə yaxşı, tələsmədim. Biabır olacaqdım Nadirin yanında. Bu heç kişilikdən deyildi. Kişi kişinin qadınına göz dikməz!” Məclis bitməmiş Asəfgil sabahkı müalicələrə hazırlığı bəhanə edib masadan qalxdılar. Əhvalları korlanmışdı.

– Adamda bəxt yaxşı şeydi, Mikayıl. Bizimki yatıb hələ. Az qalmışdı xəta törədəm. Yaxşı ki, Nadir vaxtında dilləndi.

– Gördüün, yan tərəfdəkilər də bizimkilərdi. Arvadından qorxan köpəkoğlu ailəsiynən oturduğunu bildirməkçün dəqiqə başı “elə deyilmi, arvadcan?”- bağırırdı. Guya kimin nəyinə lazımdı sənin burda kimlə oturduğun?.. Fasonbaz oğlu, fasonbaz. Əzrayılın yanında olmayaydı, görəydim sənin ailənə sədaqətini...

– Qorxmursan, arvadlara “əzrayıl” deyirsən? Birdən evdəkinin qulağına çatar haa...- Asəf dostunu cırnatmağa çalışdı. Sonra ciddi görkəm alıb - hamını bir tutma, ayə,- dedi. Elə bizimlə oturan Natiqə fikir verdiin? Bir dəfə durub oynamadı. Nə qədər dürtmələdilər, tərpənmədi ki, “mən namuslu ailə başçısıyam”. Əvvəl elə bildim zarafat eləyir, sonra gördüm yoox, ciddidi. Özü də yaraşıqlı, cavan oğlandı. Hansı “quş” ona “yox” deyər?

Dostlar söhbətdən, zarafatdan yola körpü sala-sala diskotekaya üz tutdular. Yenə ümidləri ora idi. Al-əlvan işıqların cütlüklərə göz vurduğu diskotekada musiqinin gurultusundan qulaq tutulurdu. Ritmik havalara atılıb-düşənlərin ayaq tappıltısı səsin şiddətini lap artırırdı. Salonun ortasındakı dairəvi çökəkdə əsl kalorivermə yarışı gedirdi.

– Mikayıl, əsl sənin yerindi. Gedincə hər axşam gəlib burda oynasan, xeyli arıqlayarsan. Bədənin açılar. Əməlli-başlı idmandı.

Salonda ətir qoxusu tər iyinə qarışmışdı. Ortada gözəl rəqsilə baxanları valeh edən də vardı, elə-belə bədənini yırğalayan da. Tərləyənlər arada kənara çəkilib sərinləyir, yenidən meydançaya qayıdırdılar. Tərəfdaşı olmayanlar qıraqda durub qismətini gözləyirdi. O anda gördülər ki, Yasər dörd qadını qamarlayıb qapıya doğru aparır. Mikayıl dözmədi:

– Əəə, bu görməmiş oğlu görməmiş dördünü birdən hara götürür?

– Sən bilməzsən. Dördünü aparmağına baxma. Bir azdan əliboş qalacaq. Onun dədəsindən qalma bir şakəri var.

- Nə şakərdi elə?

- At alanda dişinə baxarlar haa...

- Hə.

– Bu da arvad tapanda yaşına baxır. Aparıb o tərəfdə min bəhanəylə yaşlarını öyrənəcək. Otuzdan aşağı olmayanları başından edəcək.

– Bu dəlidi-nədi? Xalxın arvadının yaşını neynir? Evlənmir haa. Bir-iki dəfəlik yaxınlığa yaş nə lazımdı?

– Həə. O da belə xəstədi...

O arada bir dəstə qız dingildəyə-dingildəyə diskotekaya girdi. Təzə gələn “quşları bişirməyə” qurşanan dostlar Yasəri unutdular. Rəqs ehtirasıyla yanan gənclər bu dəvəti gözləyirmişlər kimi ortaya atıldılar. Asəflə Mikayıl asanlıqla murada yetdilər. Damarlarında qanı qaynayan qızlar dağ vüqarlı qafqazlıların qolları arasında şam kimi əriyərək onları təbdən çıxarırdılar...

Samirgilin qonaqlığı bitmək bilmirdi. Yaman uzun sürdü. Əyləncə hamısının ürəyindəndi. Amma ətrafdan əl-ayaq çəkilirdi. Masadan durmağın vaxtıydı. Qarnı tutduqca yeyib-içməyə çalışan Əsas Sarışının acgözlüyünü Samir də sezmişdi. Ancaq vecinə almırdı. Bu axşam xərc-xəracat gözünə görünmürdü. Ürəyində deyirdi ki, bu gün yaman yorulacaq, istədiyi qədər yeyib-içsin, gecə yarısı “acam” deyib zəhləmi tökməsin. Səxavət kisəsini açan Samir ömründə ilk dəfəydi ki, özünü əzizləmək fikrinə düşmüşdü. Bu kurort mövsümündə tam proqramı yerinə yetirəcəkdi. Özü öz qarşısında öhdəlik qoymuşdu elə bil.

– Burdan qalxan kimi diskotekaya gedək. Mən bu əhval-ruhiyyə ilə dörd divar arasına girib nəşəmi pozmaq istəmirəm, - deyə Birinci Sarışın yenə şıltaqlığını nümayiş etdirdi.

– Lap yaxşı olar. Diskoteka bağlanana qədər rəqs edərik. -Masanın erkəyi şıltağa dəstək verdi. Bu da səbəbkarı açmadı. O, kişini Birinci Sarışına qısqanırdı.

– Mən üşüyürəm. Oynadıq daa. Evə gedək,- deyib qəmzə atan Əsas Sarışın dərhal kişini qucaqlayıb ona sığınmaqla həlledici qərarı vermiş oldu.

– Elə isə meşənin içilə gedək. Daha romantik olsun. - Samir zövqdən-əyləncədən doymaq bilmirdi. Əlinə fürsət düşmüşkən, dadını çıxarmaq istəyirdi.

- Ooo! Cavan oğlan, siz həm də romantika istəyirsiz?!

Şıltağın eyhamı hamıya çatdı. Ancaq Üçüncü Sarışın “gözəllik hamıya ləzzət edir” atmacasıyla eyhamın hədəfini dəyişdi. Görünür, açıq-saçıq söhbətlərdən abır-həya edirdi. Dərhal da sağollaşdı: “Otaq yoldaşımı tək qoymaq istəmirəm. Mən gedim, siz gəzişin.”

Samir qızlarla meşə yoluna yenicə qədəm qoymuşdu ki, həmyerlilərinə rast gəldi. Çal saçlı, bəstəboy kişilər yeznə-qayın idilər. Vəzifəcə Bakıda mühüm postları tuturdular. Mədət müəllimin arvadı çoxdan rəhmətə getmişdi. Eldən-gündən abır-həya edib evlənməmişdi. Ailə içinə təzə arvad gətirmək onların kitabında yox idi.

Qənbər müəlliminsə arvadı illər xəstəsiydi. Oğul evləndirib, qız köçürəndən sonra arvad boşamağı özünə sığışdırmamışdı. Neçə illərdi ki, bu iki qohum ümidini kurorta bağlamışdı. İl uzunu kurort həsrətilə alışıb-yanardılar. Yayın cırcıraması başlayan kimi yola düşərdilər. İstirahət də ki, nə istirahət!.. Hər il eyni mövsümdə gəldiklərindən burda daimi tanışları, rəfiqələri vardı.

Amma yenə də “təzə quş” görən kimi nəfslərini saxlaya bilmirdilər. İndi də elə oldu. Samirgillə hal-əhval tutub, yerli-yataqlı tanış oldular cavan sarışınlarla. Eləmədilər tənbəllik, hətta birlikdə oturub məclis qurmağı da təklif etdilər.

– Samir, qadan alım, bu nə vaxtın “otboy”udu? İndidən evə girib neyləyəcəksiz? Gedək bir çay içək, sonrasına baxarıq. Xanımlar istəsə, yemək də yeyərik.

– Sağ olun, ay Mədət müəllim. Bu dəqiqə elə yeyib-içməkdən gəlirik. Qızlar yorulub. Əyinləri də nazikdi.

– Noolacax, gedək siz tərəfə, isti jaketdən-koftadan bir şey götürsünlər, gələk oturaq.

– Başqa vaxt oturarıq, Mədət müəllim. Hələ buralardayıq,- deyib onlardan sovuşan Samir başının dəstəsilə beş addım aralanmamışdı ki, mağaza sahibi olan cavan həmyerlilərinə rast gəldi.

Belə gözəl axşamın sonunda onlara ürcah olması Samirçün taleyin ironiyasıydı. Çünki Nazimlə Qərib sözün əsl mənasında yonulmamış kötük idilər. Hardansa əllərinə pul keçirib dükan açmışdılar. Amma nə ünsiyyət qabiliyyətləri vardı, nə də davranış. Hələ həyata yaxşı bələd olmadıqlarından sanırdılar ki, pulları varsa, hər şeyə icazəlidirlər.

Kurorta kef eləmək iştahasıyla gəlmişdilər. Amma umduqlarından yeyəmmirdilər. Dilini bilmədiyi qürbət ölkədə sualını, istəyini üzünə geyinib müraciət edən turistlərdəndi ikisi də. Mimikadan, him-cimdən, əl-qol hərəkətlərindən bir şey çıxmadığını görüncə, yapışmışdılar Samirin yaxasından: - “Sən dil bilirsən. Bizə də “quş” tap. Onları başa sal ki, nə qədər istəsələr pulumuz var.” İndi də yanındakı qızları görüncə, sorğu-suala çəkirdilər ki, bəs bizə verdiyin söz nə oldu...

– Kurorta təzə gələndə mən də elə bilirdim ki, bu millətin bütün qadınları gəzəyəndi. Ancaq tanış olduqca baxdım ki, yoox, ərli qadınlar qətiyyən yaxın buraxmır adamı. Camaat bura dincəlməyə, müalicə olunmağa, ilin yorğunluğunu atmağa gəlir. Hamı “siz deyən”dən deyil. Gəzmək, əylənmək istəyən özü işarət verir. Bir az dözün. Yaxşı olacaq.

Samir ha çalışdı, Nazimlə Qəribi yola gətirəmmədi. Köntöy cavanlar az qalırdı desinlər “sən çəkil kənara, biz davam edərik”. Mübahisə etməyin mənası yoxuydu. Onsuz da başa düşməyəcəkdilər. Samir müdrikliyini işə salıb - “iki-üç günə mən gedirəm, onda tapşıracam qızlara siznən görüşsünlər”- deyib onları sakitləşdirdi. Söz oğlanların ağlına batdı. Axır ki, əl çəkdilər.

Leysan ara vermişdi. Havada oksigen bolluğu yaranmışdı. İl uzunu təmiz hava həsrətində qalanlar kurort boyunca gəzişib bu nemətdən bəhrələnirdilər. Meşənin qaranlığında dolaşanları seçmək olmurdu. Amma asfalt yollarda, daş döşənmiş cığırlarda yanan rəngli işıqlar mehriban cütlükləri ifşa edirdi. Onların arasında qızı yerində gənclərə sarmaşanlar da vardı, tay-tuşu ilə şirin söhbət edənlər də. Qafqazlılarla oturub-duranlar yaxşı bilirdilər ki, onların kurort macəraları bir-birinə bənzəyir. Çünki hər il eyni ssenarilər təkrarlanırdı.

avqust-sentyabr 2012

# 2369 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #