Qan ağlayan divarlar...

Qan ağlayan divarlar...
7 dekabr 2012
# 17:02

Salam mənim adım Aynurdur. Artıq dörd ildir ki, mən burada-azadlıqdan uzaq, dörd divar arasında qalmışam. Xeyr, mən heç də yalnız deyiləm.

Mənim kimi burada Ayşən, Həqiqət xala, Meyrənsə, Anna, Tamara, Elmira və daha saya biləcəyim qədər qadın var.

Biz həyatın, yaşamağın nə qədər çətin olduğunu məhz şah balaları kimi çətinə düşəndə deyil, anadan olduğumuz gündən bəri bilirik. Mənim bura düşməyim də elə çətinliyin nə olduğunu bilməyənlərin ucbatından baş verdi.

Həyatım bir qış günü başlayır. Mən həyatda baş verən hər şeyin yaşamımıza təsiri olduğuna inanan bir insanam. Mənim ömrüm də elə qış kimi soyuq, ana-ata məhəbbətindən, istiliyindən uzaq oldu.

Atam mənim anadan olmağımı görməmiş Rusiyaya gedibmiş. Anamdan isə heç xəbərim yox idi. Ata nənəmin yanında böyümüşəm. Məktəbə gedəndə hər kəs yaxşı geyinərdi, bircə mən sökük çanta götürüb, cırıq önlük geyərdim.

Ata nənəm məni sevmirdi. Hətta mənə nifrət edirdi. Bir dəfə nənəmdən anamın harda olduğunu soruşdum.

- Nənə, bu gün valideyn iclasında hamının anası gəlmişdi. Müəllim məni danladı ki, bəs anan hanı?

- Kəs səsini , küçük. O qaramatın adını çəkmə evimdə. Bir dəfə evimə gəldi oğlum evdən didərgin düşdü, sən də mənim başıma qaldın.

Bu sözlər məni incitmirdi çünki hər gün eşitdiklərimdən bir fərqi yox idi.

Artıq 16 yaşım var idi. Sinif yoldaşım və rəfiqəm olan Sevil yanıma gələrək.

- Ay qız, Aynur, necəsən? Sənə yaxşı xəbərlərim var.

- Yenə nə olub de görüm?

-Keçən ay 11 A sinfinə yaraşıqlı oğlan gəlmişdi ha.

- Hansı ispanlara oxşayanı demirsən? Adı da Kamran.

- Hə, bax ,o. Mənə dedi ki, get Aynura de ki, ondan xoşum gəlir...

Bu sözlərdən sonra sanki başımdan qaynar sular töküldü. Tez evə getdim və ağlamağa başladım amma nə üçün ağlamağımı özüm də bilmirdim.

Bu hadisənin üstündən bir ay keçəndən sonra elə yenə də Sevil ilə Kamrana mənim də onu sevdiyim xəbərini yolladım.

Artıq hər gün evə birlikdə gəlirdik. Bir gün məhəllənin öz sözləriylə desək “palajeniya”sına baxan oğlanları Kamranı kənara çəkib onu ustaddangəlmə döydülər. Özüm də buna çox pis oldum.

- Nə edirsiz? Deyəsən, başınız xarab olub .

- Nə deyirsən, ay qız. Rədd ol get evinə. Sən də ananın yolunu gedirsən, deyəsən.

- Nə deyirsən? Kəs səsini, sən mənim anamın adını ağzına almağa da layiq deyilsən.

- Buna bax a. Mənə xoxlanır. Anası gəzən ağacı balası budaq-budaq gəzərmiş.

Bu sözlər mənə ox kimi sancıldı. Amma anamın keçmişi haqqında maraqlanaraq əsəblərimi bir az da pozmaq istəmədim.

Bu hadisədən sonra bir daha Kamranın üzünə baxa bilməzdim ona görə də bir bəhanə tapıb ayrıldım.

Nənəmin evdə mənə etdiyi işgəncələrdən bezmişdim. Həm də artıq böyük qız idim. Bir gecə evi tərk edib Bakıya getməyi qərarlaşdırdım və elə də etdim.

Hava soyuq idi, amma artıq heç nə edə bilməzdim evdən tam üç gün idi ki, ayrılmışdım. Yaxşı ki, bir az pulum var idi. Beləcə Bakıda bir oteldə 10 gün qaldıqdan sonra pulum qurtardı. Bakıya bir köməkçi kimi baxırdım, amma heç də elə deyilmiş.

Çox zalım, qəddar bir şəhərmiş. Oteldən atılmamaq üçün çox yalvardım amma nə fayda. Otelin yiyəsi çox tərbiyəsiz adam idi. Onun mənə baxışlarından burda qalmağın fayda verməyəcəyini anlayıb oteldən ayrıldım.

Öncə bir restoranda qabyuyan kimi işə başladım. Günüm əla keçirdi, bir tikə də yeməyimi yeyib elə restoranda da yatırdım.

Amma hər şey bu qədər yaxşı getmədi. Mənə göz qoyanlar çox idi. Elə buraya-həbsə düşməyimin də səbəbi bu oldu.

Bir gün administratorumuz Elşən mən qab yuyarkən gəlib əllərimdən tutdu.

- Aynur, başa düş məni səni sevirəm.

- Elşən bəy, xahiş edirəm əllərinizi çəkin.

- Nə bəy-bəy tutmusan e ,ay qız, başa düşmürsən məni səni sevirəm.

Artıq onun əlindən qurtulmağa bir çarə qalmışdı. Əlimdəki çörək bıçağını onun kürəyindən sancdım. Elə vurduğum andaca soyuq gözləri gözlərimin içinə zilləndi və eləcə donub qaldı. Qorxumdan tez qaçmaq istədim, amma Elşən yerə yıxılanda gələn səsə hər kəs toplaşmışdı.

Hər kəs mənə bir namussuz gözüylə baxmağa başlamışdı, amma anlamırdılar ki, mən namusumun ucbatından bu işə əl atdım.

Hakim mənə 10 il iş verdi. Gəncliyim həbsə məhkum oldu. Lakin bir heç də etdiyim şeyə görə peşman deyildim. Mən də anamın yolunu gedib öz tutduğum əmələ görə balalarımın üzünə qara yaxmaq istəmədim.

Artıq burada 4 ildir ki, həbs həyatı yaşayıram. Həbsdəki qadınların demək olar ki, hamısı mənimlə eyni taleyi paylaşır. Amma bu ədalət deyil. Hansısa bir qeyrətsizə görə gələcəyin təmiz və pak qurucuları, anaları həbs həyatı yaşayır.

Ancaq həbsdə olduğuma peşman deyiləm. Küçədə gəzərkən özümdən aşağı səviyyəlilərin söz atmağını eşitməkdənsə, bu çirkin, əxlaqsız dünyada azad yaşamaqdansa həbsdə olmağı bir hədiyyə bilirəm.

Amma mənim gəncliyim bu divarlar arasında qan ağlayır.

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
# # #