Şagirdinə sataşan hörmətli müəllim

Şagirdinə sataşan hörmətli müəllim
7 may 2019
# 18:50

Sara İbrahim

Məndə olan bütün yaxşı cəhətlər üçün əldə etdiyim uğurlar üçün oxuduğum kitablara, müəllimlərimə borcluyam...

Həmişə müəllimlərimə qeyri-adi adamlar kimi baxmışam. Uşaq vaxtı elə bilirdim ki, müəllimlər bizim kimi deyillər, onlar yemək yemirlər, başqa insanlar kimi adi ev işləriylə məşğul olmurlar. Dərsdən sonra evdə də elə məktəbdəki kimi kostyumda, qalstukda olurlar. Yəqin uşaq olanda çoxları mənim kimi düşünüb. Orta məktəbdə də, universitetdə də həmişə xətrini istədiyim, məni də çox istəyən müəllimlərim olub. Onları bu gün də hörmətlə, xoş xatirələrlə xatırlayıram. Mənə görə ən şərəfli, ən gözəl peşə müəllimlikdir. Əgər mənim əlimdə olsaydı, ən yüksək məvacibi onlara verərdim. Amma hər yerdə, hər peşədə olduğu kimi burda da istisnalar olur.

Bu hekayəni uzun illər bundan əvvəl bir rəfiqəmin dəfələrlə ürək ağrısıyla danışdıqları əsasında yazdım.

Sonuncu dərs

Mən rayon mərkəzindən aralı, çox uzaqlarda görünən sıra dağların ətəyində yerləşən ucqar bir kənddə doğulub böyümüşəm. Məktəbimiz rayon mərkəzindən uzaq olsa da, çox savadlı, peşəsini sevən müəllimlərimiz var idi. Hər il ən azı yeddi,səkki uşaq ali məktəblərə yüksək nəticələrlə daxil olurdular.

Orta məktəbin son sinfində oxuyurdum. Pis oxumurdum, sinfimizdə yaxşı oxuyan yeddi, səkkiz uşaqdan biri də mən idim. Yaşıdlarım kimi mən də imtahan verib seçdiyim ixtisasa daxil olmaq istəyirdim. Səylə çalışır, gecəmi gündüzümə qatırdım ki, yayda verəcəyim imtahanlardan üzüağ çıxım. Seçdiyim ixtisas elə idi ki, fizika və riyaziyyatdan imtahan verməli idim. Əslində mən aşağı siniflərdə oxuyanda ədəbiyyat, tarix fənnlərini daha çox oxuyar, gələcəkdə bu sahəni seçməyi planlaşdırardım.

Doqquzuncu sinifdə oxuyanda riyaziyyat müəllimimizi dəyişdilər.Əvvəlki müəllimimiz təyinatla başqa rayondan gəldiyinə görə təyinat müddəti bitdiyindən, öz yaşadığı rayona getməli oldu. İndi bizə dərs deyəcək müəllim elə öz kəndimizdən idi. Arıq, hündür, seyrək saçlı, üzündə həmişə qayğılı ifadə olan, otuz, otuz beş yaşlarında biriydi. O, çox ciddi, tələbkar, zarafatı, deyib-gülməyi xoşlamayan qaraqabaq adam idi. Çox savadlıydı, rayonda onun kimi savadlı müəllimlər barmaqla sayılacaq qədər az idi.

Bizə həmin fənnləri o tədris etməyə başlayandan sonra ədəbiyyata, tarixə olan sevgimin riyaziyyat sevgisinə necə,nə zaman çevrildiyini özüm də bilmədim.

O, maraqlı adamdı, dərsdə elə ab-hava yaradardı ki, bütün diqqətimiz onda olardı. Çətin misal, məsələləri elə izah edər, başa salardı ki, tez qavrayardıq. Hiss edəndə ki yorulmuşuq onda ədəbiyyatdan ,tarixi hadisələrdən elə maraqlı danışardı ki, yorğunluğumuzu unudar, ona qulaq asmaqdan usanmazdıq. Müəllim təkcə riyaziyyatı əla bilmirdi, tarixi tarix müəllimindən, ədəbiyyatı ədəbiyyatçılardan yaxşı bilirdi.

Müəllimə təkcə məktəbdə hörmət edib sevmirdilər, kənddə də hamı ona hörmət edirdi. Cavan olmasına baxmayaraq, kəndin yaşda ondan böyük olan ağsaqqalları, böyükləri onunla hesablaşar, bir çox işlərdə məsləhətləşərdilər. Elçiliyə gedəndə, kimlərisə barışdırmaq istəyəndə onu aparardılar, onunla məsləhətləşərdilər. O da insafən elə bəlağətlə danışar, məsləhətlər verərdi ki hamının işi düzələrdi.

Mən onu o qədər çox istəyirdim ki, yaraşıqlı olmamasına rəğmən gözümdə ən gözəl, əvəzolunmaz insan idi.

O, evli idi. Mən məktəbi bitirən il bir qızı doğulmuşdu. Sevdiyi qızla ailə qurmuşdu, ailəcanlı, övladına bağlı biriydi.

May ayının sonlarında dərslər qurtardı. İki aydan sonra Bakıya qəbul imtahanlarını verməyə gedəcəkdim. Mənim kimi imtahan verəcək uşaqlar dərslər qurtarıb məktəb bağlanandan sonra hər gün müəllimin yanına hazırlıq məşğələlərinə gedirdik. Onu da deyim ki müəllim bizdən buna görə pul almırdı, yayın istisində gündə iki saat bizimlə təmənnasız məşğul olurdu.

Bir dəfə həmişəki kimi yeməyimi yedim, müəllimin dünən verdiyi tapşırıqlara bir də göz gəzdirib dəftər, kitabımı qoltuğuma vuraraq məktəbə yollandım. İyun ayının ortaları, günəşin yandırıb yaxan saatlarıydı. Məktəblə evimizin arası on beş dəqiqəlik yol idi. Yolun kənarındakı ağacların kölgəsində günəşdən gizlənə-gizlənə məktəbə çatdım.

Dərslər qurtardığına görə məktəbin həyətində ağaclara qulluq edən bağbandan və xadimələrdən başqa heç kim yox idi. Məktəbin həyətindəki bağçada əkilmiş, hamısı sanki bir gündə açılmış qızılgüllərin ətri məndə xoş əhval-ruhiyyə yaradırdı.

Məktəbin binası kürsülü, birmərtəbəli köhnə tikiliydi. Kəndimiz balaca olduğundan əhalisi də az idi. Ona görə də bu yeddi, səkkiz otaqdan ibarət olan məktəbdə dərslər həmişə birnövbəli olurdu. Bizim hazırlıq dərsi keçdiyimiz sinif otağı yan-yana tikilmış otaqlardan ən axırıncısıydı.

Hazırlıq dərsinə gələn beş-altı uşaqdan hələ məndən başqa heç biri gəlməmişdi. Fikirləşdim ki, yəqin gecikirlər, bir azdan gələrlər. Bizim sinifi təmizləyən xadimə məni görüb döşəməni sildiyi əskini sıxa-sıxa:

- Təmizləyib qurtarmışam, keçə bilərsən... - dedi.

İçəri keçib cərgəylə düzülmüş iki nəfərlik skamyaların birində oturdum. Dəftər, kitabımı qabağıma töküb evdə hazırladığım tapşırıqları gözdən keçirməyə başladım. Hələ ki yoldaşlarımdan gələn yox idi. İndiyə qədər heç olmamışdı ki, tək mən olum, həmişə ən azı iki, üç nəfər olurduq. Bilmirəm, havanın çox isti olmasından, ya da təsadüfdən həmin gün hazırlıq dərsinə məndən başqa gələn olmadı.

Dodağımın altında hansısa mahnını astadan zümzümə edə-edə başımı dəftərimin üzərinə əyərək nə isə yazıb-pozurdum. Bir azdan müəllimim alnından üzünə axan təri əlindəki dəsmalıyla silə-silə içəri girdi. Məni tək görüb” Boyy, elə bircə sən gəlmisən, bəs o biri uşaqlar gəlməyiblər” dedi. Sonra mənim cavabımı gözləmədən:

- Elə yaxşı ki gəlməyiblər, səninlə daha çox məşğul olaram, başa düşmədiyin bir-iki məsələ var... - dedi.

Uşaqlar hamısı olanda müəllim yazı lövhəsinin sağ tərəfində küncdə qoyulmuş mizin arxasında oturar, bizə verdiyi tapşırıqları yoxlamaq üçün hər birimizə ayrılıqda yaxınlaşardı. Tapşırıqları bəzən oturduğumuz yerdə dəftərimizə yazar, bəzən də çıxıb lövhədə yazardıq. O, mən oturduğum skamyada, yanımdakı boş yerdə oturdu, dünənki ev tapşırıqlarını yoxlayıb məni təriflədi: “Afərin, hamısını düz eləmisən”.

Müəllimim hər dəfə məni tərifləyəndə özümü göyün yeddinci qatında hiss edər, özümə inamım artardı. O, mənə yeni bir tapşırıq verdi, necə həll edəcəyimi başa salıb otaqdan çıxdı....

Qələmim sürətlə sətirlərdən sətrə keçirdi, maraqlı məsələydi, başım yaman qarışmışdı yazmağa.

Saçlarımı heç vaxt yığmazdım, sol tərəfə ayrılan tellərimin həmişə bir tutamı gözlərimin üstünə tökülərdi. İndi də başımı aşağı salıb yazdığımdan saçlarım üzümün bir tərəfini örtmüşdü. Müəllimim nə zaman gəlib yanında oturduğunu hiss eləmədim. O, yazdıqlarımı alıb yoxladı, məni yenə tərifləyib başqa bir tapşırıq verdi. Mən onun üzünə baxmırdım, qələm tutan əlinin vərəqlərin üstündəki ahəngdar hərəkətini izləyirdim. Sinif otağının qapısı açıq idi, xadimələr işlərini qurtarıb getmişdilər. Həyətdə şövqlə oxuyan bülbüllərin səsindən başqa səs-səmir yox idi. Əynimdə qısaqol köynək, dizimdən bir qədər aşağıyadək olan ətək vardı. Ayağıma yüngül yay ayaqqabısı geyinmişdim.

Müəllimin ayaqlarını ayaqqabıdan çıxararaq onun üstünə qoyduğunu hiss etdim. Bir əlimi üzümə dayaq verərək, o biri əlimlə yazırdım. Ayaqlarıma nəsə toxundu, yazmağı saxlayaraq bir an duruxdum. Onun ayağı düz mənim ayağımın yanındaydı. Topuğuma nəyinsə dəydiyini hiss elədim. O mənə tərəf olan ayağının üstünü ayaqlarıma sürtürdü. Əvvəlcə ağlımdan sadəlövh bir fikir keçdi: “Yəqin öz ayağını qaşımaq istəyib, mənim ayağımla səhv salıb ayağını”. Amma müəllimin sonrakı hərəkətləri bu fikrimin nə qədər gülünc olduğunu sübut etdi.

Bu o vaxt baş verirdi ki, mən yazdıqlarımı ona danışır, nəyisə izah edirdim. Səsim titrəyib qırılır, qulaqlarım uğuldayırdı. Boğazımda nə isə düyünlənib yandırırdı, ürəyimin döyüntüsü qulaqlarımı deşirdi. Mənə elə gəlirdi ki, vaxt, zaman dayanmışdı, heç kim, heç nə hərəkət eləmirdi, sanki zaman donmuşdu, hərəkət edən yalnız müəllimin ayaqlarıydı.

Bütün vücudum titrəyir, necə hərəkət edəcəyimi bilmirdim. Boğulurdum, sanki kimsə çiyinlərimdən aşağı basır, məni yerimdən qalxmağa qoymurdu. O, əlini əlimin üstünə qoyanda bilmirəm necə oldu, başımı qaldırıb üzünə baxdım. Mənim tanıdığım, sevdiyim, hamının mələk bildiyi insanın həmişə nurlu, yaraşıqlı gördüyüm üzü vəhşi yırtıcıya dönmüşdü. O qədər çirkin, rəzil görünürdü ki... Üzü pörtmüşdü, gözlərində iyrənc bir parıltı, təbəssüm vardı...

Kitab-dəftərimi götürüb qapıdan özümü çölə necə atdığımı, məktəbdən evə qədər olan yolu necə getdiyimi heç vaxt xatırlaya bilmədim. Mənə elə gəlir ki, o anların baş verdiyi hadisənin həmin yeri hafizəmdən həmişəlik silinib atılıb.

Mənə görə qiyamət qopmuşdu, dünyanın sonu gəlmiş, Yer yerindən oynamışdı. Hər kəsdən təmiz, uca bildiyim bir insan bir neçə dəqiqənin içində qorxunc kabusa çevrilmişdi.

Həyət qapısından içəri girib həyətdə tut çırpıb yığan ev adamlarının yanından güllə kimi ötüb özümü çarpayıya atdım. Başımı yastığın altına soxub bayaqdan sinəmi yandıran, boğazımda ilişib qalan, göynəyən qəhəri boşaltmaq istədim. Amma ağlaya bilmirdim, gözümün yaşı göyə çəkilmişdi. İçimdə bir boşluq, dibi görünməyən quyu əmələ gəlmişdi. Özümü bu qaranlıq quyunun içində hiss edirdim. Heç nə düşünə bilmirdim. “Niyə belə etdin?” Bu sualı ürəyimdə ona min dəfə, milyon dəfə ünvanlayırdım. İndi o mənə görə ən qorxulu qatil, cəllad kimiydi. Bu qatil mənim insanlara olan inamımı öldürmüşdü.

O gündən özümə qapandım. Daha imtahanlara da hazırlaşa bilmirdim. Mənə elə gəlirdi ki, bu illər ərzində oxuyub öyrəndiklərimi, bildiklərimi qəfil bir külək başımdan silib-süpürüb atmışdı. Heç nəyə həvəsim qalmamışdı, bütün günü arxasıüstə uzanıb gözlərimi bir nöqtəyə zilləyirdim. Mənə nə olduğunu heç kimə demirdim. Soruşanda deyirdim ki başımda güclü ağrılar var, gözlərimi aça bilmirəm.

İmtahanlar lap burnumun ucundaydı. O gündən keçən bu vaxt ərzində bir dəfə də olsun evdən bayıra çıxmamış, əlimə kitab-dəftər almamışdım. Mənə edilən öyüd-nəsihətlər, məsləhətlər heç bir fayda vermirdi.

Bir gün həmişəki kimi uzanıb öz aləmimə qapılmışdım, mənasız, məntiqsiz fikirlər başımı yorurdu. Normal düşünmək qabiliyyətimi itirmişdim. Mən fikirlərimlə aranı dağa, dağı arana daşıyan vaxt Əsmər müəlliməm içəri girdi. Məni görəndə üzünün ifadəsindən heç də yaxşı görünmədiyimi başa düşdüm. Əsmər müəllimə mənim ədəbiyyat müəlliməm idi. Məni çox istəyirdi, bizə uzaqdan qohumluğu da çatırdı. Yəqin anamgildən mənim vəziyyətimi eşidib mənə baş çəkməyə gəlmişdi. Onu görəndə heç yerimdən qımıldanmadım da başqa vaxt olsaydı üzümdə güllər açardı. Əsmər müəllimə özünü o yerə qoymayıb məni qucaqlayıb öpdü:

- Mənim gözəl qızıma nə olub, kim dəyib xətrinə.

Əsmər müəllimənin sakit səsi, sözləri qırışığımı açır, ürəyimdə kök salmış yaralarıma məlhəm olurdu. Məni uzandığım yerdən qaldırıb oturtdu, sonra güclə ayağa qaldırıb bağımızın nar ağaclarıyla kölgələnmiş yerinə apardı.

- Sənə nə olub bilmirəm, istəyirsən danış, istəmirsənsə danışma. Amma səni bu hala salan nədirsə, onu çıxart tulla başından. Bax, yoldaşların imtahan verib ali məktəblərə daxil olacaqlar, gələcəklərini quracaqlar. Sən də kiməsə, nəyəsə görə qalacaqsan kənddə bizim kimi qoca-qoltuqların yanında - deyə arada zarafat da edirdi.

Onunla danışdıqca yüngülləşdiyimi, üstümdən ağır bir yükün götürüldüyünü hiss edirdim. Əsmər müəlliməyə qulaq asdıqca başımdakı duman, ürəyimdəki qüssə çəkilib gedirdi.

Əsmər müəllimə gedəndən sonra çox düşünüb daşındım. O, haqlıydı, mən qəbul imtahanlarını verib universitetə qəbul olmalıydım. O zaman mənə bu qədər xəyal qırıqlığı yaşatmış, bir də heç vaxt görmək istəmədiyim o insanı görməyəcəkdim. Bir kənddə yaşayırdıq, nə qədər qaçsam da, bir gün qarşıma çıxacaqdı...

Mən həmin il universitetə qəbul oldum, tətillərdə getdiyim iki-üç günü nəzərə almasaq, neçə illər kənddən necə deyərlər, qaçaq düşdüm. Ali məktəbi bitirəndən sonra da kəndə qayıtmadım, şəhərdə qalıb işləməli oldum.

Onunla o hadisədən sonra yalnız bir dəfə qarşılaşdıq. Atam möhkəm xəstələnmişdi, təcili kəndə gedəsi oldum. Kəndə gəlmişkən bibimlə də bir görüşüm dedim. Bizim evdən bir küçə sonra bibimgilin evi idi. Küçənin sonunda bibimgilə gedən yola burulmaq istəyirdim ki, gözlənilmədən qarşıma çıxdı. Saçları bəyazlanmış, gözləri çuxura düşmüşdü. Qəddi əyilmişdi müəllimin.

Ötüb keçmək istəyəndə astadan, boğuq səslə adımı çağırdığını eşitdim. Başımı geri çevirib üzünə baxmağa çalışdım. O qədər miskin, yazıq görünürdü ki...

- Məni bağışla, sənə qarşı günah işlədim.

Ona nə deyəcəyimi bilmirdim, nəsə demək istəyirdim, amma yaddaşımdan o anda bütün sözlər yoxa çıxmışdı.

Mən ona heç nə deyə bilmədim, amma deyiləcək çox sözüm vardı. O vaxtdan ürəyimi, beynimi zəbt eləmiş “niyə”ni ondan soruşmaq istərdim. Amma heç nə soruşmadım, mənası da yox idi soruşmağın, nəsə deməyin. Çevrilib getdim. Ürəyimdən uşaq vaxtı əzbər bildiyim məşhur bir şeirin misraları keçdi: “Ey, hörmətli müəllim”...

# 8961 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #