Yemiş satan erməni qızının öpüşü

Yemiş satan erməni qızının öpüşü
24 dekabr 2013
# 17:13

İlhamiz Quliyev

Düşünmək gözəldir!!

Müharibələrdə həlak olmuş uşaqların xatirəsinə…

1987-ci ilin yay tətili idi. Həmin vaxt 5 yaşım vardı. 3-cü sinfi yenicə bitirmiş qardaşım və 5-ci sinfi bitirmiş bacım 1 aylıq Şuşaya – Zarıslıdakı lagerə getməyə hazırlaşırdılar.

Atam axşam evə gələndə, istəsəm məni də onlarla lagerə göndərə biləcəyini dedi. Qardaşımgilin sevinə-sevinə hazırlaşması, lagerdə heç vaxt olmamağım məni həvəsləndirdi ki, atamın təklifi ilə razılaşım. Özüm boyda olan çamadanımı sürüyə –sürüyə otağın ortasına gətirib paltarlarımı yığdım. Daha doğrusu, özüm yığmadım, kənarda dayanıb «o köynəyi, şortiki qoy; o şalvar köhnədi, onu istəmirəm; təzə ayaqqabımı da qoy» - kimi göstərişlərimi verirdim, anam da icra edirdi. Nə də olmasa, evin kiçiyiyəm, küsməməyim üçün istəklərim yerinə yetirilməlidir.

Yükümün ağır, yoxsa yüngül olması da məni narahat etmirdi. Onsuz da çamadanımı qardaşım daşıyacaqdı. Hazırlıq işlərini qurtardıqdan sonra yerimə girib yatdım. Səhər yuxudan durub yeməyimizi yeyib bizi lagerə aparacaq avtobusa minmək üçün kəndin mərkəzinə getdik. Evdən çıxanda anama sonuncu göstərişimi verdim: «Kravatın altındakı yekə qarpıza əl dəyməyin, qayıdanda özüm kəsəcəm!». Doğurdan da qarpız yekə idi, təxminən 15 kilo olardı.

Şuşaya çatıb lagerdə yerləşdik. Lagerə gələnlərin ən kiçiyinin 10 yaşı vardı. Yeganə istisna mən idim. Təxminən 200 məktəblinin arasında ən kiçik olmağın bir başqa üstünlüyü var – hamı səninlə oynayır, deyib-gülür, özlərini isə böyük adam hesab edirlər. Dağın ətəyi, çayın kənarı, meşəlik və hamının sevimlisi olmaq belə məni ata-anamdan cəmi 12-15 gün ayrı qalmağa məcbur edə bildi.

«Evimizi istəyirəm» deyib ağlayırdım. Məcbur qalıb evimizə zəng elədilər. Atamla anam lagerə gəldilər. Atam məni nə qədər dilə tutdusa belə, lagerdə qalmağa razı sala bilmədi. Hətta yanıma gələndə ən çox xoşladığım «şüşə konfet» də alıb gətirmişdi. Amma yenə də alınmadı. Geri – evə qayıtmalı olduq. Atamın mənim üçün aldığı, amma lagerdəki uşaqlara payladığı konfetdən özümə cəmi 1 dənəsi qaldığından evə qayıtmağın sevincini unudub ağlamağa başladım.

Yolboyu ağlayırdım. Yolüstü atam maşını saxladı ki, məni sakitləşdirmək üçün nəsə alsın. Maşını saxladığı yerin yaxınlığında yemiş satırdılar. Mızıldana – mızıldana dedim ki, iki dənə qəşəng yemiş istəyirəm. Mən də atamla bərabər maşından düşdüm, maşının arxa qapısına söykənib gözlədim ki, atam yemiş alsın. Yemiş satan qadın məni görən kimi gülümsündü, nə qəşəng uşaqdı bu, yaxına gəl səni öpüm – dedi. Məndən təxminən 6-7 yaş böyük olan qızı da yanında idi. Həmin qız yaxınlaşıb başımı sığalladı, yanaqlarımdan öpdü, adımı soruşdu. Atam da 2 yemiş alıb arxa oturacağın üstünə qoydu.

Maşına minib yemişlərdən birini qucağıma götürdüm, xoş ətri vardı. Atam sükan arxasına keçdikdən sonra yolumuza davam etdik. Güzgüdən baxıb qucağımdakı yemişi bərk-bərk tutub iylədiyimi görüb dedi ki, dadlı yemiş olacaq, erməni qadın ən yaxşılarını seçib verdi. «O qadın erməniydi?» deyə maraqla soruşdum. Atam da «hə bala, ləhcəsindən o dəqiqə bilmək olur» dedi. Birinci dəfə idi erməni görürdüm. Həmin vaxta qədər elə bilirdim ki, digər millətlərdən olanlar nəsə başqa cür olur. Amma bu «nəsə»nin nə olduğunu bilmirdim. Həmin qadını artıq unutmuşam, bir tək bunu xatırlayıram ki, dolu bədənli idi, qızı da arıq, hündür boylu.

O vaxtlar şirin, yaraşıqlı uşaq idim. Evin sonbeşiyi olmağımdan irəli gələn dəcəlliyim də məni bir başqa sevdirirdi qohumlara, tanışlara... Amma bir erməni qadının mənə nəvaziş göstərəcəyini, erməni qızının başımdan sığallayıb üzümdən öpəcəyini təsəvvür etməzdim. Elə buna görə də atam həmin qadının erməni olduğunu deyəndə təəccüblənmişdim.

Əslində məhz həmin günlə bağlı xatirələrim çoxdu. Şüşə konfetimi uşaqlara paylamışdılar deyə axşama qədər heç nə yeməməyim; maşında yemişin birini qucaqlayıb, o birindən isə yastıq əvəzi istifadə edərək yatmağım, yuxuda da «şüşə konfet» deyib sayıqlamağım; ən pisi isə – evə çatanda yekə qarpızı yerində görməməyim idi!! Sonralar atamgil bu hadisələri danışıb gülürdülər, özümə də gülməli gəlirdi. İndi danışdığım isə yaddaşımın bir küncündə qalmışdı, adi vaxtlarda istəsəydim belə yadıma sala bilməzdim.

Təxminən 26 il sonra, 2013-cü ilin noyabr ayında yadıma düşməyinin səbəbi isə həmin hadisəni bir az fərqli formada, təkrar yaşamağım oldu. Bu dəfə hadisə real deyildi, virtual idi, yemiş satan qadının yerində isə mən özüm!! İmagine Konfliktologiya Mərkəzinin «Fall schooll» treyninqində virtual olaraq tanış olduğum bir erməninin FB profilində gördüyüm foto məni əzdi-keçdi, o günlərə qaytardı.

Balaca, şirin, gözəl bir qızcığazın fotosu idi o!!! Fotonu görən kimi «Aman Allah nə gözəl qızdı, necə də sevimlidi bu!» dedim, gözlərim güldü. Təxminən 1 dəqiqə gözlərimi fotodan çəkmədim. Yadıma düşəndə ki, bu, bir erməni qızının fotosudu, heç də narahat olmadım, sevgim azalmadı. Amma, bu həqiqəti bilmək, xatırlamaq məni məcbur etdi ki, düşünüm.

Düşündüm, düşündüm…

Həmin qızın fotosunu, yaxud özünü görən istənilən azərbaycanlının da ona məhəbbətlə baxacağını, xoş sözlər deyəcəyini, ona nəvaziş göstərəcəyini düşündüm.

Milli mənsubiyyətin imtiyaz olmadığını, insanlıq məfhumunun millət anlayışından daha yüksəkdə durduğunu düşündüm.

Düşündüm və yemiş satan qadının bir azərbaycanlı uşağa niyə nəvaziş göstərdiyini, qızının isə niyə başından sığallayıb yanaqlarından öpdüyünü anladım.

Düşündüm, yenə də düşündüm.

Hətta özümü fotodakı qızın yerinə də qoyub düşündüm və təəccübləndim: «Bir azərbaycanlı niyə mənə belə xoş sözlər desin ki?!»

# 3931 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #