Səidə Haqverdiyeva: "Ömür" pyesi

Səidə Haqverdiyeva: "Ömür" pyesi
1 aprel 2013
# 14:03

Novruz bayramına bir neçə gün qalırdı. Baxmayaraq ki, şura hökuməti Novruzun bayram kimi qeyd olunmasına qadağa qoymuşdu, amma qarabağlıların əksəriyyəti bu bayramı layiqincə keçirirdi. Gülçöhrə arvad da məxsusi olaraq oğlu Cavidanla bayram bazarlığı etmək üçün Şuşadan Ağdama gəlmişdi. Bazarın çıxış qapısında Gülçöhrə arvad oğluna diqqətlə baxıb:

-Cavidan, bala, yadına sal görüm, başqa nə almalıyıq? – deyə soruşdu.

-Ay ana, vallah, hər şey almışıq - bola-bol. Daha nə alacayıq ki, hələ bayrama gör neçə gün var...

-Əziz bayramdı, qoy evimdə əskik heç nə olmasın, ay bala... Deyirlər, Novruz bayramını necə keçirərsənsə, yeddi il də eləcə keçer...

-Eh, sözdü də, ana, elə-belə deyiblər.

-Anan qurban boyuna, atalar nə deyibsə, düz deyib. Gedək Əskərin dükanından bir-iki arşın gəlinlərimə də parça alım...

-Ana, sən ölənlərinin goru, gəl gedək, sonra alarsan.

-Uzun danışma, sən içəri girməzsən.

Əskərin dükanın qarşısında böyük növbə vardı. Cavidan deyinməyə başladı:

-Gördün, ana, nə qədər adam var...

Gülçöhrə arvadın yanında duran oğlan gülümsünərək:

-Ay xala, nə almaq istəyirsən?

-Güllü-güllü parça var e, bala, ondan.

-Gözlə, gedim alım gəlim. Buralarda bir yerdə oturun.

-Sağ ol, oğlum. Görürsən, ay Cavidan, bu Ağdam camaatı ki var ha, bunlar lap körpəlikdən alverə başlayırlar, cin kimi olurlar…

Çox keçmədi oğlan əlində parçayla gəldi.

-Bu parçanız, bu da pulunuzun qalığı, buyur xala.

-Ay sənin Allah köməyin olsun, bala, bazarda alver eliyirsən, yoxsa?..

Oğlan gülümsədi.

-Xala mən alverçi deyiləm, sadəcə, satıcı tanışımdı...

-Allah yenə də köməyin olsun. Biz Şuşadan gəlmişik, nə vaxt istəsən, qapımız üzünə açıqdır. İmkanın olsa, bu axırıncı çərşənbə gözləyirəm səni... Adım Gülçöhrədi. Kimə desən, göstərər bizim evi.

-Gələrəm xala. Elə mən də əslən oralıyam.

-Doqrudan, kimlərdənsən?

-Tanımazsız.

-Adını da bilmədim bala.

-Adım Əlidi.

-Qəşəng adın var. Bax, Əli, oğlum, gözləyəcəm ha, iki gündən sonra bizdəsən, unutma. Bıy, lap yadımdan çıxdı, tanış ol, bu da mənim oqlum Cavidandı.

-Şad oldum, mütləq gələrəm, xala.

Gülçöhrə arvad zənbilləri yerdən götürdü, birdən Əlininn üzünə diqqətlə baxdı və yaxınlaşıb üzündən öpdü.

-Elə bil səni çoxdan, lap çoxdan tanıyıram...

Əslində, Əli də belə bir hiss yaşayırdı… Üzünü dostuna tutub:

-Getdik, ömrüm, bu gün mənim işim başımdan aşır, – dedi və qaçaraq uzaqlaşdılar.

Zənbillər Gülçöhrə arvadın əlindən düşdü. Dizləri taqətsiz halda büküldü. Elə bil zənbillər yox, sanki ürəyi düşdü. Əllərini daşa dayayıb, birtəhər yanını yerə qoydu.

-Ömrüm…

***

Payızın sisli-dumanlı günlərindən biriydi. Göyün üzü qapqara qaralmışdı. Az keçmişdi ki, bir yağış yağdı, bir yağış yağdı ki, ucundan tut, göyə qalx. Hava da yaman soyumuşdu, soyuq bıcaq kimi adamı kəsirdi... Şuşa camaatı belə havalara öyrəşsə də, builki soyuqlar əvvəlki illərə nisbətən tez gəlmişdi.

Gülçöhrə arvad sobaya bir-iki odun da ataraq uşaqların üstünü bərk-bərk örtüb yerinə girdi. Amma elə bil gözlərinə qor dolmuşdu - nə qədər edirdisə, yuxuya gedə bilmirdi. Əlacı kəsilib ayağa durdu. Artırmaya çıxdı. Düşündü ki, xəmir yoğursun. Çuvaldan bir az un götürüb yoğurdu. Xəmirin özünə gəlməsi üçün üstünə döşəkcə qoyub təndiri qalamağa aşağı düşdü. Bu vaxt həyətin taxta qapısı zərblə açıldı - iki nəfər hündürboylu, gövdəli əsgər içəri girdi.

-Ay ev yiyəsi! - deyə qışqırdılar.

Gülçöhrə arvad:

-Eşidirəm, kimsiniz, ay bala?

Əsgərlərdən biri qadını görəndə təəccübləndi, gecənin bu çağında qadın xeylağının qorxmadan, çəkinmədən iki əsgərin önünə çıxması onu çaşdırdı.

-Evin kişisi yoxdur?

-Başıma xeyir, olsaydı mən çıxmazdım ki qabağınıza, bu evin kişisi iki ildi rəhmətə gedib. Nə lazımdı sizə?

-Bizə xəbər çatıb ki, siz evdə bir adam gizlədirsiz?

Gülçöhrə arvad acı-acı gülərək:

-Niyə belə az deyiblər? Mənim evimdə 8 adam var, - deyə qamətini düzəltdi.

-Ay arvad, biz öz başımıza gəlməmişik ki… Əmr quluyuq - göndəriblər, axtarmalıyıq!

-Göndəriblər, onda axtarın…

Əsgərlər içəri girdi və hər yeri ələk-vələk etsələr də heç nə tapa bilməyərək arvadı hədələyib getdilər.

Gülçöhrə arvad yağışı vecinə almadan qapının aqzında bir az oturub ikiəlli başını sıxaraq:

-Ay allah, mən neyləyəcəm?! – deyib ayağa durdu. - Allah kərimdi, gün doğmadan nələr doğar, deyiblər, ya qismət.

Səhər o başdan yağış kəsdi, amma hava hələ də tutqun idi... Gülçöhrə arvad bacısı Xatun gözünü açar-açmaz başının üstünü kəsdirdi. Xatun oğrun-oğrun evin qapısından içəri girən bacısını görəndə dik atılıdı.

-Bismillah, ay Gülçöhrə, bu nədir, lap oğru kimi girirsən, nolub?

-Heç nə... Əli hanı?

-Yatır yazıq uşaq...

-Tez geyindir onu, aparmalıyam...

-Nolub axı?

-Dedim heç nə... Bir yorğança ver bürüyüm, yolda soyuq olmasın...

-Ay bacı, axı bu boyda uşağı sən necə aparacaqsan?

-Şələlə belimə, apararam canım çıxmaz.

-Qəbiristanlıqla gedəcəksən?

-Hə, çıx gör küçədə-bayırda kimsə var…

Xatun küçədə sağa-sola boylanıb tələsik evə qayıtdı.

-Heç kəs yoxdur. Vallah bu uşaq sənin başına bəla olacaq…

-Kəs səsini, bəla-zad olmaz... Mənim yetimlərim bu uşağın atasına görə sağdır. Soruşan olsa, məni görməmisən... Yolda onu heç kim görməməliydi, ona görə də qəbiristanlığın içiylə gedəsi oldu...

Gülçöhrə arvad iri addımlarla qəbiristanlığa tərəf getdi, birdən molla Kazımla qarşılaşdı... Molla Kazım Şuşada ən hörmətli adamlardan biriydi. Hər kəs ona etibar edirdi... sözübütöv adam idi. O da hökumət tərəfindən təqib olunurdu.

-Gülçöhrə arvad?! Alaqaranlıqda burda neynirsən?

-Soruşma, Kazım qardaş, belimə şələlədiyim bu uşaq…

-Nolub bu uşağa, xəstələnib?

-Nəriman bəyin uşağıdı...

-Nə danışırsan? Onun bütün ailəsini qırmadılar?!

-Bircə bu qalıb, bir gecənin içində bütöv nəsili yox elədilər... Bu uşağa mən baxırdım axı, süd anasıydım. O boyda nəsildən bircə bu körpənin canını qurtardım... Gecə evimə iki əsgər gəlmişdi, deyəsən, duyuq düşüblər... Bilirəm yenə gələcəklər, əl çəkən deyillər.

-Nə pis oldu... məni də dinc oturmağa qoymurlar, yoxsa evimə aparardım... Amma sən heç narahat olma, bir çarə taparam. Get evə, uşaqlarının paltarlarından buna geyindir, özünü şübhəli aparma, axşamçağı xəbər göndərərəm, uşağı hardasa gizlədərik...

-Allah səndən razı osun!

Gülçöhrə arvad evə çatar-çatmaz molla Kazım özü uşağın dalınca gəldi... Əlini götürüb apardı... Gedərkən Gülçöhrə arvadı arxayınlaşdırıb dedi ki, uşaq sarıdan narahat olmasın. Gülçöhrə arvad Əlinin üz-gözündən doyunca öpüb ağladı, pıçıltı ilə dedi:

-Ömrüm-günüm, bir allah bilir ki, səni həmişəlik itirmək qorxusu olmasaydı, heç kəsə verməzdim. Kazım, elə bil öz balandı, ondan göz bəbəyin kimi muğayat ol!..

-Narahat olma, Gülçöhrə arvad, uzağa aparmıram, bir az ara sakitləşsin, səni də apararam, görüşərsən.

-Yaxşı, yolunuz açıq olsun, gedin!

Molla Kazım Əlini atın tərkinə alıb yola düşdü…

Elə həmin andan da Gülçöhrə arvad Əlini itirdi. Molla Kazım Əlini gizlədib geri qayıdanda yolda onu həbs edib sürgünə göndərdilər... Yazıq arvad nə qədər axtardısa, Əlini gördüm deyən olmadı. Həmişə deyərdi: “Uşaqlarımdan birini itirsəydim, məni elə də yandırmazdı. Axı, Əli Nəriman bəyin yeganə yadigarıydı…”

Əli anadan olanda rəhmətə gedən anası Gülçöhrə arvada demişdi: “Əli mənim ömrümdü, ömrümü sənə əmanət edirəm!..” Nəriman bəysə edam olunarkən Gülçöhrə arvada bir ismarıc göndərmişdi: “Bir ömrümü Tanrı aldı, o biri ömrümü də itirsəm, ruhum yetim qalar… Əlidən muğayat ol!”

Gülçöhrə arvad Əliyə düz altı il analıq etmiş, beşiyinin başında aylarla yuxusuz gecələr keçirmiş, onu doğma balalarından ayırmamış, anasının dili ilə “Ömrüm” deyərək əzizləmişdi…

***

Sübh tezdən Gülçöhrə arvad qızlarını, gəlinlərini oyadıb biş-düşlə, təmizlik işi ilə məşğul olmağa başladılar. Həyətdə ocaq qalayıb aş dəmlədilər. Oğlu Cahangir toğlu kəsdi, soydu, şaqqaladı, kabablığı ayrı, soyutmalığı ayrı doğradı. Gülçöhrə arvad gah uşaqları tələsdirir, gah da qazanları açıb tez-tez xörəklərin dadına baxırdı. Axır ki, Cavidan dözməyərək:

-Ay ana, axşama hələ nə qədər var, hara tələsirsən axı, bayram axşam gəlmir?

-Ay oğul, bəlkə qəfil bir qonaq gəldi, deyəcəyik ki, a qonaq, gözlə, qoy axşam olsun, hələ yeməyimiz hazır deyil?

Əslində Gülçöhrə arvad, doğurdan da qonaq gözləyirdi. Ürəyinə dammışdı ki, o, hökmən gələcək! Bu günkü bayram yeməkləri onun gəlişi şərəfinə idi.

Qaş qaralmağa başladı, hamı acmışdı. Uşaqlar hərəsi bir tərəfdə yavan çörək yeməyə başladılar.

Cavidan yenə dözmədi:

-Ay ana, bayaqdan bizi tələsdirirdin, acından öldük ki…

-Yaxşı, süfrəni bəzəyin… - deyə Gülçöhrə arvad əlacsız şəkildə dilləndi.

Hamı təzə paltarını geyinib süfrə başına keçdi, bircə Gülçöhrə arvaddan başqa. O, qapıyla ev arasında qalmışdı. Artıq şər qovuşurdu, amma… Cavidan qalın bir şal götürüb həyətə düşdü, anasının kürəyinə artdı.

-Ana, keçək evə, hamı səni gözləyir, - dedi.

-Siz gedin yeməyinizi yeyin, mən birazdan gəlirəm.

-Hava da sərinlədi…

Bütün ümidi puç olmuşdu Gülçöhrə arvadın. “Mən yanılmışam, bu o deyilmiş… O olsaydı, gələrdi… Mən əmanətə xəyanət elədim, onu qoruya bilmədim!”

Birdən çəpərin o tərəfindən “Ay Cavidan!” deyə harayladılar.

Gülçöhrə arvad az qala deyəcəkdi: “Gəldim, ömrüm, gəldim!”

-Kimdi, ay bala?

-Qonaq istəmirsiz?

-Qonaq Allah qonağıdır. Qonağına da qurban, Allahına da. Niyə istəmirik.

Gülçöhrə arvad doqqaza çıxıb Əlini görəndə sevincindən nitqi qurudu...

-Ay uşaqlar Əli gəlir...

Onun səsi yəqin ki, kəndin lap ayağında da eşidildi. Analarının səsinə uşaqlar hamısı həyətə tökülüşdü.

-Ana, nolub, ana?!

-Gəl başına dönüm, ömrüm-günüm, səhər açılandan yolunu gözləyirəm!.. Ümidimi üzmüşdüm. Dedim, ta gəlməzsən.

Cavidan tez irəli yeridi:

-Xoş gəlibsən, ay Əli.

O birilər: “Əli kimdi, Əli kimdi?” deyə döyükdülər.

Əli həyətə girəndə bir anlığa başı gicəlləndi, ayaqları tutuldu, həyətin düz ortasındakı tut ağacına yaxınlaşıb onu sığalladı, dərindən bir ah çəkdi. Sanki bu həyətdə əvvəllər olmuşdu, bu evdə yaşamışdı.

Gülçöhrə arvad:

-Yaxşı bar gətirir, tutu da bal kimi olur. Bu ağacı rəhmətlik kişi, bir bəy vardı, onun bağından gətirib əkmişdi. Yayda gələrsən, barından yeyərsən. Gəl, ömrüm, gəl, keç evə...

“Ömrüm! Bu söz mənə necə də əzizdir, necə də doğmadır! Bu söz elə bil ana laylası ilə damarlarıma keçib, bu söz məni necə də uşaqlaşdırır, ürəyimi, beynimi isidir, ruhumu pərvazlandırır.”

Hamısı içəri keçdi, süfrə arxasında əyləşdilər.

Gülçöhrə arvad üzünü Əliyə tutub:

-Al bala, bu mütəkkəni arxana qoy, rahat əyləş, öz evin kimi... – dedi. - Hə oğlum, danış görüm kimlərdənsən?

-Kimlərdənəm? Heç bilirəm ki…

Bərkdən şaqqanaq çəkib hamı gülüşdü. Gülçöhrə arvadın tutulduğunu görüb, Əli ciddiləşdi və sözünə davam elədi:

-Mən Şuşada yetimxanada böyümüşəm. Sonra Ağdama köçmüşəm.

-Atan, anan rəhmətə gedib?

-Yəqin... Mən balaca olanda bir nəfər gətirib məni yetimxanaya verib - bildiyim tək budu.

Gülçöhrə arvad tez söhbəti dəyişmək istədi

-Əli, oğlum, bilirsən səni kimə oxşadıram, bir bəy vardı, əsl bəylərdən idi, Nəriman bəy, bax ona.

Əli gülümsədi:

-Bunu mənə çox adam deyib. Hətta yetimxanada olanda zarafatla deyərdilər ki, öyrən gör, bəlkə qohumu-zadısan. Hə, bir də deyilənə görə mənim də atamın adı Nəriman olub axı...

-Kim deyir bunu bala?

-Orda müdirə deyirdi, elə sənəddə də belə yazılıb.

-Bacı-qardaşın var?

-Heç kimim yoxdu.

-Bəs, demədi səni kim verdi yetimxanaya?

-Molla Kazım adlı bir nəfər.

Gülçöhrə arvad ayağa durub Əliyə yaxınlaşdı, alnından öpüb, boynunu qucaqladı, göz yaşları içərisində boğula-boğula:

-Oğlum, Əlim, ömrüm, əmanətim, balam, ömrüm-günüm!..

Əli tərəddüd içərisində bir uşaqlara, bir Gülçöhrə arvada baxıb:

-Bu söz mənim heç vaxt yadımdan çıxmayıb – “Ömrüm!”. Ən çətin anlarımda belə qulaqlarımda səslənən bu söz mənə güc verib, təskinlik verib. Mən bilirdim ki, anam sağdır, sən sağsan, ana! – O, sel kimi axan göz yaşlarını əlinin arxası ilə silib, Gülçöhrə arvadı bərk-bərk bağrına basdı.

-Yox, oğlum, yox, sən yanılırsan, mən sənin anan deyiləm…

Sevinclə kədərin qarışdığı təbəssüm Əlinin çöhrəsində dondu:

-Necə yəni?! Axı, bu söz…

-Sən atanın, ananın ömür əmanətisən!..

-Deməli, mənim anam…

-Mən sənin süd ananam, ömrüm, anan səni mənə əmanət qoydu.

Əli yenidən Gülçöhrə arvadın qoynuna qısıldı, bu dəfə yanaqlarını sevinc yox, acı göz yaşları yandırdı.

Qadın yaylığının ucuyla Əlinin gözlərini silib, başına sığal çəkdi. Üzünü, bayaqdan çaş-baş qalmış uşaqlarına tutub dedi:

-Gözünüz aydın, balalarım, qardaşınızın biri də tapıldı. Yaxın oturun, çörəyinizi yeyin, buza döndü.

Sonra durub o biri otağa keçdi, döşəməyə salınmış xalçanı qaldırıb, qapağı açdı, əyilib aşağıdan nəyisə götürdü və dərhal da geri qayıtdı.

-İyirmi ildir ki, bu əmanəti sənin üçün saxlamışam, atan vermişdi…

Əli kisənin ağzını açıb içindəki qızılları görcək:

-Bu nədi, - deyə təəccüblə dilləndi, - kimindi bunlar?

-Sənindi, ömrüm, sənindi, halal malındı.

-Yox, ana, əgər biz qardaşıqsa, bu hamımızındı, bütün qardaşlar arasında bərabər bölünməlidi!

-Onlar azdan-çoxdan həyatlarını qura biliblər, sənin atan-anan yox, arxan-dayağın yox, zəmanə səni bir udum hava kimi udar. Sən həyatını qurmalısan, oğlum, düzdür, pul hər şey demək deyil, ancaq pulun olması çox problem hell edir…

-Hər halda halallıq deyilən bir şey də var axı…

Əli kisənin içərisindən füruzə qaşlı iri bir üzük çıxarıb Gülçöhrə arvadın barmağına taxdı.

-Ay oğlum, bu ananın idi axı…

-Sən də oldun mənim anam!

-Toyunda gəlinin barmağına taxaram, inşaallah!..

# 2996 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #