İnci Okumuşun şeirlərilə

İnci Okumuşun şeirlərilə
28 dekabr 2015
# 15:45

“Ey şiir, yokum yolu senden keçmeyen seadetin içinde” misraları müasir türk ədəbiyyatının aparıcı simalarından olan İnci Okumuşa məxsusdur. Onun “Aşkın elif hali” adlı kitabında poeziya barədə düşüncələri “Şiir ki, şair gönlümün nazı, Şiir ki, devasız derdine gönüllü düştüğüm sızı” – sətirləriylə izah olunub. “İncedir şairler, incelir yaşarken Bir de ağlar kalemi yüreğindekileri yazarken”- misralarında isə yaradıcı insanlar barədə düşüncələri ümumiləşib. Bu xanımın həssas qəlbinin döyüntüləri qələmə aldığı hər bir misrada eşidilir. Özü etiraf edir ki, “gözyaşlarımı içmek istediyimde şiirler okurum kırdığım kalbime”.

İ.Okumuşun həmin kitabdakı şeirlərinin əksəriyyəti məhəbbətin ülviliyinə hesablanıb. Eşq onun üçün yuxularını büküm-büküm edəndir. “Bana gelirken topla kırık kalemleri” deyən şair yalnız qalmış şeirləri şair ola biləcək insana əmanət edir. Bu şeirin mükəmməl bir misrasına nəzər salaq; “bana gelirken o sahra sesinden yakılmış türkülerle gel”. Fikir verək: səhranın səsi və yaxılmış türkü. Əslində səhranın yandırıb-yaxmağı, türkünün isə ifa olunanda səsi olar. Eşq bu varlıqları o qədər tamlaşdırıb ki, onlar özlərinə məxsus əlamətləri bir-biriylə əvəzləyiblər.

O, misralarında etiraf edir ki, vəhdətdəki eşq ən dərin acıdan yaradılmışdır. Onun sevdiyinə müraciəti də orijinaldır; “ey ebedi aşka hükümlü mahpus”, “ey gölgesiz serinlik, kabuk-kabuk sevda”. Bu xitablardakı özünəməxsusluğu diqqətdən kənarda qoymaq olmaz. Çünki bu elə bir məhbusdur ki, onun hökmü eşqlə çıxarılıb. O zavallının azadlığa çıxma şansı sevgisizliyə səbəb olar. Sevilməməkdənsə, sevimli məhbus həyatı yaşamaq daha xoşdur. Kölgəsiz sərinlik təzadının özündə bir harmoniya var. Kölgə düşən yer sərinlik olar əslində. Amma bu sərinlik eşqin gücündən kölgənin köməyi olmadan da sərinləşdirici qüdrətini nümayiş etdirə bilir. Bunun üçün də o qədər dəridən-qabıqdan çıxır ki, ortada qabıq-qabıq sevda qalır.

Yine de tahtında sultandır kalbim

Cilvesinde kilitlense de dillerim

Sevgili şikayetsiz durur yanımda

Bense yüreğimden bir nida beklerim.

Bəndin ilk misrasındakı “taxtında” sözü həm onun taxtında, həm də öz taxtında sultandır kimi anlaşıla bilər. Eləcə də, dilləri kilidləyən cilvənin kimə aid olduğu naməlum qalır. Bu da yenə bütövlüyün parçalanmasına işarədir. O taxtın, o cilvənin = kimə məxsus olmasının önəmi yox, əsas odur ki, o bizi bütövləşdirir.

Ağacın kuru dalıyım

Öz neme gerek.

Suya düşmüş arıyım

Köz neme gerek.

Misralarında da eşqin hiddət məqamını görürük. Əgər ağacın budağı quruyubdursa, onun içindəki özək nəyə gərəkdir ki. O özəyin ki, o budağı həyata qaytarmaq imkanı yoxdur, deməli, onun özünün də o budağın içindəcə ölümə təslim olmaqdan başqa yolu yoxdur. Eləcə də, çiçəkdən-çiçəyə qonmaq üçün uçan arının suya düşməsi onun məhvini qaçılmaz edir. Çünki o, üzməyi yox, yalnız uçmağı bacarır. Uçmaq nə qədər gözəl vərdiş olsa da, suya qərq olmaq təhlükəsində heç bir işə yaramır, üzməyi əvəz edə bilmir. Belə bir məqamda yandırıcı köz də lazımsız olur. Çünki atəşlə su bir arada ola bilməz. Közün o suyu öz atəşiylə qurudub, arını xilas etmək gücü yoxdur. Əksinə, nə qədər yandırıcı olsa da, təbiətin öz qanunauyğunluğu var, odu suyla söndürürlər. Od həmişə suya məğlubdur. Bu da o arı timsalı aşiqi boğulmaqdan xilsa edə bilmir. “Gül vaktine ne kaldı gülüm? bir gülsen, şu toprak gülistan olur” – misralarıyla başlayan şeir “aşık, gönülden düşdüğünde yok olur” qənaətiylə möhtəşəm sonluğa ünvanlanır.

“Kaybolmuş takvimde günlerin sırası söyle gün verilirmi aşka?”- sətirlərindəki bədii sualın, bəlkə də, cavabı var. Amma bu cavab yalnız “YOX!” ola bilər. Çünki eşqə düşəcək gün təqvimdən qeyb olmuşdur. Bəs elə bir gün varsa, o təqvimdə də olmayıb, harada olasıdır?! “Unuturun yokluğunu her gamzeye yüzünü bırak”- kəlimələrində necə də özünəxas bir ifadə üsulundan istifadə olunmuşdur. Harda ki, bir qəmzə, bir naz var orda üzün görünür. Səni baxdığım hər üzdə görə bilirəm, bu da yoxluğunu mənə unutdurur.

“Dökülür Füzuli kasidesinden su, içimde elifçe akan ateş”- bu misralar böyük Füzulinin “Su” qəsidəsinə işarədir. Amma şair çox maraqlı uyarlıq yaratmışdır. İçində baş verən yanğını söndürmək üçün sadəcə suyun adını çəkmir, böyük şairin eyni adlı qəsidəsinin adını çəkməklə heyranedici poetik manevr edir.

İnci xanımın şeirlərinin özəlliklərindən biri də təbiətlə insanı izah olunmaz bir təmasda verə bilməsidir. “Buğulanırmış her kesin gözleri kendi derdinden, böyle ağlamayı bilmese yağmurlar, çiçekler açmazdı kederinden”. Zəncirvarı metaforalar sistemi mükəmməl işlənmişdir. Buğlanmaq fiziki hadisə olsa da, onu insan gözlərində poetikləşdirmişdir. Buğ yalnız yüksək temperaturda qaynama zamanı əmələ gəlir. Bu gözlər necə bir atəşin ağlamağının mübaliğəsidir. Sonra isə insana məxsus olan ağlamaq hərəkəti buludların üzərinə köçürülmüşdür. Buludlardan tökülən göz yaşları çiçəkləri açdırır. Bu çiçəklər dərdlərindən açsalar da, ürəkləri açılır. Açılmasalar əsil çiçək ömrü yaşaya bilməzlər. Beləcə, insandan buluda, buluddan çiçəyə, çiçəkdən insana ötürülən bağlantılar yaşam fəlsəfəsini şərtləndirir. Canlı və cansız varlıqların bir-biri ilə necə üzvi surətdə bağlı olduqlarını üzə çıxarır.

Anasına ithafla yazdığı şeirin mübaliğəli şişirtməsiz iki misrasına nəzər salaq: “Bin bir irmak olurum damarlarımda aksan. seni görürüm hangi coğrafiyaya baksam”. Ana sevgisiylə damarlardan axan qan dünyanın ən bolsulu çaylarından da güclü gurlayar. O çaylar təbii coğrafiyanın hər yerində görünər.

“Sevdalı bir nehir bekler avuçlarında” şeirinin suya xitabən deyilmiş bəndinə baxaq:

Ey İsmail’in gözlerinde biriken

Hüzün yumağına kard(eş) su

Yüzün kibi

Secdeden kaldırmadan yüzümü

Acizliğini lütfet bize.

İkinci misradakı “kard(eş) su” ifadəsində maraqlı bir formayla suya iki cür müraciət görürük. Biri qardaş su, digəri isə eş-yoldaş su. Sonrakı misralardakı təşbeh isə xüsusilə orijinaldır. Suyun öz yatağı ilə axıb getməsini üzünü səcdədən qaldırmaması kimi mənalandırır. Belə çıxır ki, suyun öz yolu ilə axıb getməsi elə onun tanrısına ibadətidir.

Maraqlı xitablardan biri də kitaba edilən müraciətdir; “Yalnız sana emanet etmeliyim yalnızlığımı. Seni dinlerken tutmalıyım nabız vuruşlarımı”. Kitabı həmişə bilik mənbəyi, düzgün yol göstərən kimi təqdim etmişlər. Lakin İnci Okumuşun kitaba tam yeni bir baxışının görüntüsü bizə görünür. O, kitabı yalnızlığını əmanət edə biləcəyi yeganə varlıq kimi görür. Misranın özəl cəhətlərindən biri də onun “yalnız” anaforası ilə başlayıb, “yalnız”lığını təkriri yaratmasıdır.

İstanbula o qədər şeir yazılıb ki, bu şəhər sanki lirik qəhrəman olmaq üçün yaradılıb. Lakin İnci xanımın həmin şəhərə həsr etdiyi şeirdə “güzelliyindir bil ki, hüznümün kefeni”- misraları İstanbuldan başqa heç bir şəhərə ünvanlana bilməz. Hüzn o zaman kəfənlik olar ki, o yox olsun. Bu yoxluğa səbəb isə İstanbulun gözəl varlığıdır. Yazarın bu tipli qeyri-adi misraları çoxdur. Səbəbi isə odur ki, onun şeiriyyətlə öz sövdələşməsi var: “Ey şiir, ya sen hayatım ol, ya da al senin olsun hayatım”.

Gülnar Səma

# 1586 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #