Aytacın qatilləri bizik

Aytacın qatilləri bizik
2 may 2015
# 12:48

Rahim Şaliyev

Bir-neçə gündür gündəmdən düşməyən gənc qız Aytac Babayevin dəhşətli şəkildə qətli üstündən keçiləsi mövzu deyil.

Cəmiyyət arasında böyük səs-küy qoparan bu qətl hadisəsini təkcə qatili pisləyərək keçmək, cəmiyyət olaraq öz səhvlərimizi isə görməzdən gəlmək yanlış olardı. Əgər kiminsə kiçik səhvi varsa bu onun öz günahıdır, əgər kimsə böyük bir səhv edirsə bu artıq cəmiyətin günahıdır ki, qatili belə bir acı sonluğa qədər gətirib. Baş verən qətl ümumilikdə bütün cəmiyyətin günahı idi.

Bir dostum var, zarafatla hər belə hadisədən sonra deyir ki, 93-lərdən sonra gələn nəsil çox müəmmalıdır. Əvvəlkilərə sözün pis mənasında bənzəmirlər. Köhnə yaxşı dəyərləri unudublar, pis dəyərləri saxlayıblar, yeni xoş dəyərləri isə yoxlarıdır, yarada bilmirlər. Niyə məhz 93-cü ildən sonrakı nəsil? Çünki, bu nəsil müstəqillik illərimizin başladığı ilk illərdən indiyənə qədər nə yaxşı təhsil görüb, nə düz-əməlli kitab oxuyub, nə də ki, hansısa xoş dəyərlərə yönəlib.

Gənclərimizin illərdir beynini yeyən kirminal, bayağı, toysayağı, son zamanlar isə “ŞOK” başlıqlı yasxanaya dönən verilişlər, ən zövqsüz musiqilər, çayxanalarda saatlarla oturub dünya haqqında məlumatsızlıqdan ancaq “razborka” tipli söhbətlər etmək bundan artıq effektə malik ola bilməzdi. Sevgilisi ilə küçədə öpüşməyin yaxşı bir şey olmadığını öyrənən insan öz hislərini döymək, zorakılıq, ən pik nöqtədə isə öldürməklə göstərəcəkdir ki, bu da oldu. O qatilə bizim verdiyimiz tərbiyə bu idi və minlərlə gəncimiz hələ də bu tərbiyənin təsiri altında böyüyür. Keçmiş dəyərləri itirmiş və yeni dəyərləri olmayan gəncliyin dəhşətli, ağılasığmayan hərəkətləri hələ qabaqdadır.

Məsələnin digər tərəfi isə dünyadan bizə yanlış gələn dəyərləri də süzgəcdən keçirməyib qəbul etməyimizdədir. İlk növbədə “Qadınlara qarşı zorakılığa yox!” tipli təbliğat formasının yanlışlığı, xüsusiylə də Azərbaycandakı dəyərsizliyi yönünə diqqət çəkmək istərdim. Sadə bir deyim var ki, “İnsana bir şeyin nə qədər pis, qadağan olunmuş olduğunu göstərməyə çalışsan da, o, bunu daha çox edəcək”. Bu uşaq vaxtlarımızda daha qabarıq görünən, böyüdükcə maskalanmış formada özünü gizlədən bir amildir. Kişiləri qadınlara qarşı zorakılıqdan çəkindirməyə yönəlmiş tədbirlər, sosial çarxlar onları bunu daha da zövq və inadla etməyə çağırır. Sanki, kimsə səni buna məcbur edir. Həmçinin ən sadə mənəvi dəyərlərin kobudcasına pozulduğu ölkəmizdə hansısa belə bir göstəri çox bayağı və gülməli görünür. Guya bizdə kişilərin hüququ qorunurmu ki, qadınlara qarşı zorakılığa son qoymağı da təbliğ edək? Bəs bu təbliğatı hansı yöndə dəyişdirməliyik? Bu təbliğatı “İnsanlara qarşı zorakılığa yox!” başlığı altında aparsaq daha düzgün olmazmı? Əgər, gender bərabərliyindən danışırıqsa nəyə görə qadını kişidən ayırmalıyıq? Biz təbliğatda da bərabərliyi qorumalıyıq. İnsan etdiyi pis bir hərəkətin onun da başına gələ biləcəyini qavrayanda o hərəkəti etməkdən çəkinir. Hansısa sosial çarxda eyni zamanda həm qadınların, həm də kişilərin hansısa şəkildə zorakılığa məruz qala biləcəyini təsvir etsək, onda bu həm kişilərə, həm də qadınlara təsirli olar, ümumən cəmiyyəti zorakılıqdan çəkindirər və bayağı təpki də qazanmaz.

Amma, yenə də qeyd etməliyəm ki, bizim cəmiyyət hələ də bu tip təbliğata hazır deyil. Əgər, insani dəyərləri yüksək tutmaq istəyiriksə ilk növbədə təhsilimizi gücləndirməli və kitab, musiqi, rəssamlıq kimi insana xoş duyğular verən incəsənət nümunələrini təbliğ etməliyik. Əks halda biz hələ də minlərlə Aytacların qatili olaraq qalacağıq.

# 1580 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #