Payızda şeir oxumazlar

Payızda şeir oxumazlar
23 dekabr 2015
# 12:36

Bazar səhəri

Bir bazar səhəri yuxudan

Telefonumun səssizliyinə oyandım

Həftənin yorğunluğun atan insanlar kimi

istirahətə ehtiyacı olan

yaşlanmağa səbəbi

yaşamağa həvəsi olanlar kimi

Dost tanışı yığıb gəzmək istədim,

Nə təsadüf heç kəsim yoxdu.

Günəşə doğru çiyin-çiyinə yeriyib

gözlərimiz qızarana, ayağımız yorulana qədər dərdləşməyə

Mən də istəsə də məni ata bilməyənlərdən yapışdım

içi dolu söz olan cansız səhifələrdən

İçimdəkiləri götürüb bədənimə,

yaşı məndən çox olan 3-4 cansız yoldaşı da götürüb çantama yığdım,

ağızlarını bərk-bərk bağladım.

Bağladım ki, qaçmasınlar, bezsələr də getməsinlər...

Bu gün kitablar çiynimi

əzablar bədənimi ağrıtdı

çantamın yerini dəyişdim

əzabların yerin dəyişə bilmədim

yuvasında yem gözləyən quşlar kimi

yığıldılar sol küncümə

Sol tərəfim çökdü, yerlə süründü

bütün şəhər soluma baxdı, yazığı gəldi

Hətta insan yolunda kömək etmək istəyənlər də oldu, bacarmadı...

Çiynimdəki boşluğa kitablarım da ağladı

Elimdəki boşluqdan barmaqlarım bir ağızdan ağı dedi...

Darıxdılar, qışqırdılar, ağladılar

Sənsiz yaşaya bilmədilər

Axırda gözlərini bağlayıb dar ağacının yanında oturdular...

***

Qızılı yas mərasimi

Payızın ağırlığını ağacların intihar etmiş yarpaqlarından

Səmanın bozarmış buludlarından

Qocaların sümük ağrılarından

Çiçəklərin ölüm qorxusundan bilinir.

Bir yerdə oxumuşdum;

“Payızda şeir oxumazlar, payız özü şeirdir deyirdi”

Men bilmirdim payız Tanrının poeziyaya həvəs saldığı zamandı

Ölü yarpaqlara yazılmış sətirlər

Boz buludlara düzülmüş qafiyələr

Ayrılıqlardan seçilmiş sonluqlar.

İnsan qəlbinin də payızı havadan asılıdır

Ürəyindəki boşluqda qopan tufandan

Qurumuş xatirələrdən düşən hər ölü hiss yarpağından

Bozarmış beyindən

Gah dolan, gah boşalan gözlərdən

Payız ölən arzuların 3 aylıq yas mərasimidir

insan qədər kiçik üçün də, Allah qədər böyük üçün də....

Yalqızlıq

Günəşsiz günlərin toranlığından,

Şəhərin gözünə yağışlar düşüb.

Evlərdə künclərin qaranlığından,

Yalqız insanlara buludlar çöküb.

Onun ayaqların yeyir mamırlar

Lap bina daşları yaşaran kimi

Ürəkdə küləklər at oynadırlar

Kimsəsiz komada həşərat kimi

Yalqız insanların bədənləri də

Səhrada tək qalmış ağaca bənzər

İstilər qurudar, küləklər qırar,

Qaranlıq boyayar, qurdlar daraşar,

Nəmişlik təməldən çürüdər onu

İnsanı yalqızlıq çürüdən kimi

Səndən sonra...

“Səndən sonra” demək olmur,

Boşluqdakı səslərə də dinmək olmur.

Xatirələr danışanda,

Xəyallarım ulduz kimi sayrışanda

Günəş kimi həqiqətlə çıxmaq olmur.

Külək ətrini gətirəndə,

Bir kölgə sənə bənzəyəndə,

Uzaqlardan sənə oxşar saç görəndə, boy görəndə,

Ürəyinin dəyişilən ahənginə

Dayan! Bir dur dəmək olmur.

“Kaş ki”lərin “çünki”lərdən çox olanda,

Xatirələr dünyasını bir cüt gözdən axan yaşlar dolduranda

Yaratdığın bu dənizdə; göz yaşında boğulanda

Nəfəsinə “sən dayanma” heç olmasa demək olmur.

Əlin dəyən əşyalara toxunanda,

Eyni ağac kölgəsində indi təkcə oturanda,

Sən sevdiyin kitabları indi sənsiz oxuyanda...

Həyatımın pislikləri bu bədəni təkləyəndə,

Xatirənin divarları dörd tərəfdən tam üstümə yıxılanda

Səndən kömək ummaq üçün üzüm olmur.

Səndən sonra bu adama “yaşayırsan” demək olmur...

Bilirsən?

Şəkilləri xoşlamıram bilirsən.

Xatirələr yaddaşlarda olmalı

Gülən üzlər, saçlar, gözlər, ətirlər

Bir sevginin xatirində qalmalı.

İnsan kimi bir az nankor olmalı

Xatirə də, sevgilər də, şəkil də

Xatirə də vaxt keçdikcə ölməli

Hər gün bir saç teli qədər.

Sevgilər də ayrılıqda bitməli

Hər gecə göz yaşı qədər.

Şəkillər də gün keçdikcə solmalı

Heç vaxt sənə almadığım gül qədər.

Misal üçün gəlməməli ağlıma

Gün çıxdıqca gülüşün.

Misal üçün çıxmamalı qarşıma

Səni gündən qalan bir xoş baxışın.

Şəkilləri xoşlamıram bilirsən...

Hələ bir də mənli, sənli yaşayırıq

“Biz”dən bir şey qalmayanda.

Bu həyatı xoşlayırdım bir zamanlar bilirsən?

Şəkil kimi sevgimiz də solmayanda...

# 1370 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #