20 qəpiklik şairlər

20 qəpiklik şairlər
10 iyun 2014
# 07:30

Arzu Murad

5 İyun- Şairlər günü! Tədbirdən çıxıb şəhərdə gəzmək keçdi könlümdən, şəhər axşamlar çox gözəl və sakit olduğundan ruhum dinlənir, açığı etiraf edim ki, bu bayramdan mənə də pay düşməsini istəmirəm, sanki şair olub cəmiyyətə nə xeyrim dəyəcək ki?!

Yazıram özümçün, oxuyurlar mənimçün... Yox, birdən desəz ki, cəmiyyətə ədəbiyyatla zövq veririk, mənəvi rahatlıq tapırlar, filan, boş şeydir vallah, gedin o tərəfdə oynayın. İnsanlar indi başqa şeylərdən zövq alırlar, kitabdan yox, düzünü bilmək istəyirsizsə, kitab oxuyana kənardan dəli kimi baxırlar, ya da bilirsiz nə deyirlər, “risovka”lanır, özünü ağıllı göstərir, yəni ki ay camaat, mən kitab oxuyuram. Nəisə...

Bir-birinin dalınca ard-arda düzülmüş dondurma soyuducularını görəndə, nə gizlədim, könlümdən dəli bir dondurma istəyi keçdi, amma əlimi cibimə salanda soyuducuların yanından bəyənmədim kimi qürurlanıb düz keçdim, üzümün ifadəsi dondurma almaq istəyənləri də fikrindən daşındırdı, pişiyin ağzı ətə çatmayanda misali... Amma çox pis oldum, şairlər günüdüree, a kişi, başa düşürsən, bu gün mənim bayramımdır, amma cibimdə yalnız küçədə gecələməyib evimə qayıtmaqçun nə az, nə azacıq, cəmi-cümlətanı 20 qəpik pul qalıb.

Allah eləməmiş, yolda birinin qatığını vurub dağıtsam, həmin qatığı başıma yaxarlar. Pulsuz bulvarda gəzməyin insana üz qaralığından başqa gətirdiyi bir şey yoxdur. Keçidlə birbaşa “Sahil” metrosuna çıxdım. Beynimdən yüz fikir keçirdi, dərd odur ki, heç birinin də reallaşmağa gümanı yoxdur. Platformaya çatdım. Qatar gəldi, hər addımımı sanki başqa yolum varmış kimi düşünüb atmağıma baxmayaraq, vaqona addımımı düşünmədən atdım, elə bil arxadan kimsə məni itələdi.

Oturacaqda əyləşdim, üzbəüz oturacaqda əyləşən qadın məni başdan ayağa süzdü, bilmədim niyə, yəqin şairlər günü idi, ona görə. Qadının çox böyük cazibə qüvvəsi vardı, ağ qısa ətəkdə, koftasının yaxası sinəsinə qədər üç qarış açıq idi, saçlarının dağınıqlığı isə onunçun xüsusi ehtiras simvolu idi.

Unutmamış qeyd edim ki, yaşı qırx beşi adlamışdı, tanıyanlar bilir ki, yaş məsələsində mahirəm, məni aldatmaq mümkün deyil. Baxışımı xanımdan qaçıra bilmirdim, çünki dayanmadan məni gözləriylə hipnoz edirdi, sürətli birinin dayanmadan mənə baxmasına əsəbiləşirəm, amma bu qadının baxışı marağımı cəlb edirdi. Heç yadımda deyil hansı stansiyadaydım, bir də gördüm vaqona vay-şivənlə qaraçılar doluşdu. Onlardan ikisi ortayaşlı qadın, ikisi 12-13 yaşlı, biri isə heç 3 yaşına çatmamış olmaqla səsləriylə vaqonu zəbt etdilər.

Qadınlardan biri körpə uşağa şilləni necə vurdusa, uşaq yerində fırlandı, dəmir qabı da əlinə verib iş başına yolladı. Çox gözəl uşaq idi o qızcığaz, yanaqlarında günlərin kiri var idi, qəsdən təmizlənmirdi, onun simasını yazıqlıq qatırdı bu element. İlk iş günü olduğu məlum idi, çünki hələ saflıq vardı üzündə, sırtıqlıq qatları əmələ gəlməmişdi.

O uşağın adını artıq Sənubər qoymuşdum ürəyimdə, bilirsiz niyə? Çünki uşağın dilənçilik etdiyi vaxt ərzində qulağımda qulaqlıq vardı, Sənubər İsgəndərli ''Məhəbbət olmayanda'' oxuyurdu. Görən bu uşaq damı məhəbbətin məhsulu idi, yoxsa sadəcə gəlir mənbəyi, böyük ticarətin hələlik ki kiçik filialı idi? Qızcığaz bayaq vurulan şillədən ayılmamışdı, pərtliyini, nifrətini, körpə canındakı acılarını qabla birgə köksünə sıxıb ağlayırdı, boş qalan ovcuna isə göz yaşlarını yığırdı, əminəm, əminəm ki, nə zamansa Sənubər ovcuna yığdığı göz yaşlarını qəpiklərlə birgə kiminsə üzünə çırpacaq, əgər bunu etməyəcəksə, demək o da bu fəaliyyətini genişləndirib. İndi isə balaca Sənubər yaşadığı bu həyata göz yaşlarıyla tüpürürdü...

Başımı qaldırdıqda bayaqkı xanımın nəzərlərinin hələ də məndə olduğunu gördüm, deyəsən ürəyimdən keçirdiklərimi açıqca hiss etmişdi, hə, bir də gözlərimin dolduğunu görmüşdü. O qadın hiss edirdi ki, mən də bu cəmiyyətdə yaşamağa nifrət edirəm, hiss edirdi ki, ürəyimdən o uşağa sahib çıxmaq keçir, amma necə?

Həyatın sərt zərbəsi qarşısında kim duruş gətirə bilər, kim deyə bilər ki, o uşaq sabah öz kökünə bağlı olmayacaq? Mən cibi boş şair olmaq istəmirəm, insanlara əl tutmağı bacaracaq gücüm olmasını istəyirəm. Mənə güc ver, tanrım, vermirsənsə, heç deyilsə, bu səhnələri mənə gücüm olanda göstər.

# 2966 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #