Yıxılmağı sevirdim

Yıxılmağı sevirdim
26 aprel 2019
# 18:13

Furqan

Yaşamaq yayda asan olur, qışda çətin.

Bağışlayın ki, "yaşamaq" deyirəm buna.

İyirmi il əvvəl heç kimin yuxusuna da girməzdi ki, mən bu vəziyyətə düşəcəm. Əslində quyumu özüm qazdım. Günahlarımın cəzasını çəkirəm indi. Deyəsən, ömrümün sonunacan da bu əzablarla yaşayacam, çünki heç bir ümidim yoxdu. Dedim axı, öz quyumu özüm qazmışam. Adamın özünə elədiyi pisliyi ən yağı düşmən də edə bilməz.

Mənə bir deyən lazım idi ki, ay bədbəxt, qumar nəyinə gərəkdi?! Heç kəs demədi. Dostlarım da.

Gül kimi ailən olsun, uşaqların olsun, işin, evin, maşının olsun, sonra qoşul gic dostlarına, qumar oyna ki, mən iş bilirəm...

Ala, bu da sənə iş. Başına dəysin dostların da, işin də.

Maşını uduz, evi uduz, kirayələrdə sürün, siqaretə başla, içkiyə qurşan.

Sonra işdən qovsunlar.

Sonra ailən dağılsın.

Kirayədən də qovsunlar.

Nə tez oldu bütün bunlar?! Axı bir dəqiqə əvvəl gül kimi ailəm vardı, uşaqlarım, evim, işim, maşınım vardı. Xoşbəxtliyim vardı. Nəyim çatışmırdı axı, nəyim çatışmırdı? Başımın qapazı çatışmırdı. Təpəmin külü çatışmırdı, həə. Külü qoydular təpəmə.

Bəlkə də indi baba olmuşam, bəlkə də indi nəvələrim bağçaya, məktəbə gedirlər. Görəsən nəvələrim kiməsə "baba" deyə bilirlər? Görəsən heç soruşurlarmı babam hanı? Əkiz oğlanlarım məni xatırlayırlarmı?

- Ata, ana, mənim babam hanı?

- Ölüb!

Doğrudan e, bəlkə ölmüşəm?!

Görəsən indi Gülnurun yadına düşürəmmi?!

- Nənə, ay nənə, bütün uşaqların babası var, bəs mənim babam niyə yoxdu?

- Ölüb, ay bala, ölüb sənin baban.

Kaş elə öləydim.

Quşbeyin olmaqdansa ölsəydim yaxşı olardı.

İllərlə "dost" deyib bağrıma basdıqlarım çəkdilər məni qumara, siqareti də onlar verdilər mənə, içkini də onlar içirdilər. Qumarda uduzduğum maşında az gəzməmişdilər halbuki, qumarda uduzduğum evdə az yeyib-içməmişdilər. Burunlarından gəlsin. Bəlkə də gəlib, nə bilim, çoxdandı görmürəm heç kəsi. O itən itdilər.

Necə idi o misra?

"Dost sözü hecaya bölünməz, qalar..."

Ömrümü böldülər mənim. Həyatım çilik-çilik oldu. Nə olsun ki, "dost" sözü hecaya bölünmür?!

Düşdüm didərgin. O küçə sənin, bu küçə mənim. O park sənin, bu park mənim. O skamya sənin, bu skamya mənim.

Bir də onda ayıldım ki, saqqalım möhkəm qaşınır. Öyrəşməmişdim saqqal saxlamağa, çox tez öyrəşdim. Məcburiyyət.

Öyrəndim ki, insanların nifrətini qazanmaq sevgisini qazanmaqdan qat-qat asandı. Çox tez öyrəndim.

Sonra hiss elədim ki, itirdiyim şeylərin içində ən qiymətlisi insan hənirtisidi, insan istiliyidi. Ev yox, maşın yox. İstilik, nəvaziş, səmimiyyət.

Uşaqların "ata" deməyi.

Gülnurun "çayın soyuyur" deməyi.

Qonşuların "Sabir müəllim, necəsiz?" deməyi.

Sabir müəllim e, a kişi, Sabir müəllim.

İndi kiməm?! Ölü!

"- Ata, ana, mənim babam hanı?

- Ölüb!"

Nə olaydı, çox istəmirəm, beşcə dəqiqə İlqarla Vüqar yanımda olaydılar, başlarını sığallayaydım, kürəyimə çıxaydılar, ya da əlimdən tutaydılar.

Çox şey istəmirəm ki...

Amma çox şey xatırlayıram. Xatirələr əzab verir. Əslində bu dəqiqə mənə hər şey əzab verir.

Ən çox əzab verən isə insan hənirtisinin olmamasıdı.

Keçən qışın qar yağan günlərinin birində bir şey kəşf etdim. Kəşflərim də başıma dəysin.

Metrodan çıxanda sürüşüb yıxıldım. Özü də pis yıxıldım, az qala başım pilləkənin tininə dəyəcəkdi. Kaş dəyəydi, ölüb gedəydim. Amma dəymədi.

Metroya düşən bir oğlanla bir qız - yəqin ki, sevgiliydilər - yıxılmağımı görüb "vay, vaaay" elədilər, əllərimdən tutub ayağa qaldırdılar.

- Dayday yaxşısız? - dedilər.

Yıxılmağın şokundan ayılmamış ikinci şok idi bu. Neçə ildi nəvaziş görmürdüm deyə qəribsədim.

Cavab verə bilmədim, ikinci dəfə soruşdu qız:

- Dayday, heç nə olmadı ki?

- Yox, yox, qızım, yaxşıyam.

- Dayday, əzilən, ağrıyan yeriniz yoxdu ki? - bu dəfə oğlan soruşdu.

- Yox, oğlum, çox sağ ol, yaxşıyam.

Oğlum?! Nə dedim mən?! Oğlum?! Bəlkə elə doğrudan mənim oğlum idi bu?!

Sağollaşıb getdilər. Gedəndə "ehtiyatlı olun" dedi oğlan. "Sağ olun, dayday" dedi qız.

Baxa-baxa qaldım. Kaş getməyəydilər. Bir az da sorğu-suala tutaydılar məni. Soruşaydılar ki, dayday, niyə üst-başınız bu gündədi? Dayday, harda qalırsız? Dayday, ailəniz varmı? Nə olardı ki, soruşsaydılar? Mən də bir az danışaydım, dərdləşəydim, iyirmi ildi düz-əməlli heç kəslə dərdləşməmişəm axı... Dərdləşmək necə olur, unutmuşam.

Amma sağollaşıb getdilər. Düşdülər metroya. Mən yağan qara baxa-baxa qaldım.

Qəribədi ki, o cür yıxılmağın qarşısında heç bir yerim ağrımırdı. Hətta yıxılmaqdan xoşum gəlmişdi. Çünki bir insan istiliyi hiss eləmişdim illər sonra.

Niyə bunu uzun illər ərzində düşünməmişəm?!

Yıxılmaq!

Həə, əlbəttə ki, yıxılmaq lazımdı, bol-bol yıxılmaq.

Sonra nə oldu bilirsiz?!

Şəhərin müxtəlif yerlərində yıxılmağa başladım. Metro çıxışlarında, avtobus dayanacaqlarında, bazarlarda, məhəllələrdə - kefim istəyən hər yerdə.

Çox əziyyət də çəkmirdim heç. Guya ayağım harasa ilişirdi və tirtap sərilirdim yerə. Elə gözəl alınırdı ki...

Tappp... Getdim ee...

"Ay Allah!" - deyib qışqırırdı kimsə.

Tappp! Bir də!

Tappp! Yenə!

"Kömək eləyin, kişi yıxıldı!"

Vərdiş olmuşdummu, yoxsa nə idisə, haramınsa əziləcəyindən qorxmurdum.

Onsuz da ömrümü sərmişəm ayaqlar altına, qolum-qıçım əzilsə nə olacaqdı guya?!

Xoşuma gəlirdi yıxılmaq, yıxılandan sonra tanımadığım adamların qollarımdan tutub məni ayağa qaldırmağı, sorğu-sual etmələri və bunun kimi şeylər...

Hər dəfə ayrı-ayrı insanlarla ünsiyyətdə olmaq və bu ünsiyyətin mənə verdiyi enerji o qədər doğma, o qədər həlim idi ki, yıxıldıqca yıxılmaq istəyirdim.

Tappp...

Yenə iki cavan oğlan qaça-qaça gəldilər, kömək elədilər, ayağa qalxdım. Deyəsən bir az da yazıqları gəldi mənə, şalvarımı, pencəyimi çırpdılar, kefimi soruşdular.

"Yaxşıyam, oğlum, yaxşıyam" dedim, "yəqin təzyiqim düşüb".

"Eviniz hardadı, əmi? Deyin, getməyə kömək edək."

"Yox, oğlum, çox sağ ol, özüm gedərəm"

"Oğlum" demək necə gözəl təsir edir mənə, İlahi!

Bir də axı, necə deyim ki, evim yoxdu, yurdsuz-yuvasızam?!

Hər gün ən azından iki-üç dəfə yıxılırdım və artıq şəhərin yerlərini "orda yıxıldıqda kimlərlə necə söhbət etmişəm" şəklində yadımda saxlayırdım. İlk dəfə gördüyüm adamlarla bir neçə cümlə söhbətləşmək mənə qəribə bir müsbət enerji verirdi və hər dəfə yıxılıb ayağa duranda sanki yenidən doğulurdum, yaxud yenidən iyirmi il əvvəldəki Sabir müəllim olurdum.

İyirmi il əvvəl yıxılmışdım. İndi də yıxıla-yıxıla xoşbəxtliyimi bərpa edirdim az olsa belə.

Bu gün də metro çıxışlarının birindən çıxanda guya ayağım ilişdi, sərildim yerə.

Kiminsə gəlməyini gözləyirdim ki, səs eşitdim:

- Dur, rədd ol ə, alkaşın biri alkaş, cəhənnəm ol burdan, xatanı bizdən uzaq elə!

Heç nə olmamış kimi ayağa durub uzaqlaşdım. Bir az gedib geri çöndüm, oğlanın üzünə baxdım.

Köşkdə işləyən oğlan idi. Məni tanımışdı. Yəqin ki, yıxılmağımı da bir neçə dəfə görmüşdü.

- Nə baxırsan ə, üzümə, qoyun aptekə baxan kimi?

Tez uzaqlaşdım ordan.

İndi oturmuşam soyuq skamyanın üstündə. Aprel ayıdı, soyuqdu, titrəyirəm.

Öləcəyimi hiss edirəm. Bunlar son xəyallarım ola bilər.

Torpaq isti olur yəqin.

Yaxşı e, bəs məni kim basdıracaq?!

# 4290 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #