Çoxdan azalan...

Çoxdan azalan...
28 yanvar 2014
# 13:35

Ayşən Əhməd

Əvvəl göz gördü. Sonra yenə gördü. Xoşuna gəldi.

Yenə görmək istədi. Gördü. Gələn dəfə artıq görmək yox, görüşmək istədi.

Görüşdü, təkidlə olsa da. Əlindən tutmaq istədi. İcazəsiz olmazdı. Tuta bilmədi. Qəfil tutdu. Əl çəkildi əlindən. Növbətidə yavaş tutdu. Gözləri gözlərinə baxa-baxa tutdu.

Bir qədər keçəndə əlindən öpdü. Artıq razılıqla əlindən tutdu. Təkrar- təkrar görüşdü. Saçını sığalladı.

Bir gün utana-utana üzündən öpmək istədi. Üzünə şillə dəydi. Bir gün, iki gün, bir həftə görmədi. Darıxdı. Çox kədərləndi. Nəhayət bağışlanmağı üçün fürsət tapdı.

Bağışlandı.

Başını qucaqladı. Saçından öpdü. Bir gün təklikdə göz-gözə gəldi. Öpdü. Bu dəfə birbaşa dodağından. İcazəsiz, etirazsız.

Gələn dəfə həmişə öpüşərək görüşürmüş kimi görüşdü. Hər gün görüşdü. Zənglər, mesajlar getdikcə çoxaldı. Səhər tezdən, gün boyu, gecə yatana qədər...

Bir gün səhər zəng vurmadı. İşim var dedi, yığaram dedi. Günorta zəng vurdu. Üç mesajın yerinə ikisini yazdı. Axşam yatanda tez sağollaşıb yatdı.

Səhər yenə zəng vurmadı. Bu dəfə ona zəng gəldi "hardasan, necəsən? "deyə. Görüşlər seyrəldi...

Görüşəndə əlindən az tutdu. "Əlimə soyuqdur, gir qoluma" dedi. Beləcə, zənglər də azaldı. Hara gedib gəldiyi bilinmədi. Görüşməyə vaxt olmadı. Zənglərə cavab verə bilmədi. Özü də zəng vurmadı.

Bir gün bu soyuqluğun müharibəsi yaşandı. Məğlub yenə "o" oldu. Anlayışlı olmadığı üçün. Mübahisələr çox uzandı. Bir gün bitdi. Elə buna görə bitdi...

"Sən məni itirib axtarmırsan". "Sən məni əvvəlki kimi sevmirsən." ilə bitdi... Kənardan çox adi görünən bu söz oyunları əslində ən böyük faciədir. Çünki o onu görüb xoşuna gəlmişdi. Xoşuna gəlib görüşüb, danışmaq istəmişdi. Görüşəndə Əlindən tutmuşdu.

Öpmüşdü.

Şillə dəydiyi üçün küsmüşdü.

Küsdüyü üçün darıxmışdı.

Və bir gün bunlar hamısı bitəndə ...

Beləcə azdan çoxalan, çoxdan azalan, sonda da bitən sevgi...

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #