Arteta qəsəbəsi

Arteta qəsəbəsi
14 yanvar 2014
# 16:09

Kənanın bütün xahişlərinə baxmayaraq, həmin gün onlarda qala bilməyəcəyimi dəfələrlə söylədim. Buna görə bir az məndən incidiyini açıqca hiss elədim. Ancaq onlarda qalmam düzgün olmazdı da. Evləri çox kiçik idi. Özləri güc-bəla ilə yerləşirdilər. Qalıb narahatçılıq vermək yaxşı alınmazdı. Evin sakinləri ilə tək-tək sağollaşdım. Dostum Kənana da keçirdiyi əməliyyata görə bir daha keçmiş olsun dedim. Eləcə də zəhmət çəkib məni ötürməməsini rica etdim. Evdən çıxar-çıxmaz sanki üzərimdən böyük bir yük azaldı. Qulaqlığı taxıb həzin bir musiqi sədası altında dayanacağa doğru irəliləyirdim. Buludlu səmada arada şimşəklər parlayırdı, yağış yağdı-yağacaq vəziyyətdə idi. Belə bir havada gəzmək, üstəlik Enyanın “Only Time” mahnısını dinləmək gerçəkdən əvəzolunmaz duyğudur.

Dayanacağa çatar-çatmaz mikroavtobus gəldi. Elə bil məni gözləyirmiş. Mənimlə birlikdə iki qadın da mindi mikroavtobusa. Onsuz da cəmi üç boş yer qalmışdı. Bəxtimdən oturduğum yer pəncərə kənarı idi. Yolumuz uzun sayılırdı. Ona görə də pəncərədən yol kənarını seyr edərək getmək daha rahat olacaqdı mənim üçün. Mikroavtobus təzəcə tərpənmişdi ki, 40-50 metr getməmiş dayandı. Elə həmin anda da güclü leysan yağışı başladı. Hamı sürücünün üzünə baxdı. Sürücü də bir-bir sərnişinləri nəzərdən keçirdi . Nəhayət, ən irəlidə oturan orta yaşlı kişi səssizliyi pozdu:

- Üzümə baxdığına düş maşına bax daa, qardaş! Bizmi baxasıyıq sənin yerinə?

Sürücü ürəksiz-ürəksiz maşından endi. Kapotu açıb baxdı, bir neçə dəqiqə qurdalanıb geri maşına mindi. Nə qədər çalışsa da, mühərrik işə düşmədi. Yenidən kapotu açıb baxdı və örtdü. Deyəsən bildiyi tək şey elə kapotu açıb-örtmək idi. Ancaq bu dəfə hər nə oldusa mühərrik səslənərək ölüvay da olsa işə düşdü. Lakin maşının vəziyyəti heç də yaxşı görünmürdü. Sürücü etinasız şəkildə sərnişinlərə səsləndi:

- Marşrutda müəyyən nasasızlıqlar var. Təmir olunasıdır. Bu saatlarda və bu cür yağışda rayonda təmirçi tapmaq mümkün olan iş deyil. Ona görə də sizi mənzil başına problemsiz şəkildə çatdıracağıma söz verə bilmirəm. Ancaq mən hər bir halda gedəcəm, marşrutu səhər tezdən xəttə təhvil verməliyəm. Bu şəraitdə yola davam etmək istəyən varsa, qalsın. Digərləri enə bilər.

Bu sözdən sonra sərnişinlər iki hissəyə bölündü. Qalanlar və enənlər. Enənlərin hamısı bir nəfər kimi öz etirazını bildirib elə enirdi. Hətta bir cavan oğlan kirimişcə sürücünün var-yoxuna söyməyi də yaddan çıxartmadı. Enənlərin bir qismi dağıldı. Digər qismi isə başqa mikroavtobus gözləmək üçün geri dayanacağa qayıtdı. Sürücü dayanacağa gedənlərin arxasınca enib xəbərdarlıq elədi ki, bu sonuncu marşrut idi, indən sonra başqası olan deyil, yəni boşuna gözləməsinlər.

İçimdən bir səs mikroavtobusdan enib bu gecəni Kənangildə qalmağı pıçıldasa da, qayıdıb onları yenidən narahat etməməməyə qərar verdim. Olduqca tədirgin idim, ancaq sürücünün üz ifadəsini gördükdən sonra yola davam etməyə qərar verdim. Yazıq-yazıq baxmasından hiss olunurdu ki, qalmağımızı istəyir.

Mikroavtobusda mənimlə birlikdə iki gənç qız, bir orta yaşlı qadın, yanında 7-8 yaşlarında oğlan uşağı, daha bir yaşlı qadın və irəlidə sürücünün yanında oturan kişi qalmışdı. Axır ki, birtəhər yolçuluğumuz başladı. Sürücü qorxudanmı, həyəcandanmı, bilmirəm, amma sükandan bərk-bərk yapışmışdı. Hərdənbir dönüb arxaya baxırdı. Sifətində qəribə bir qürur ifadəsi var idi. Elə baxırdı ki, sanki hazırda dünyanı xilas edirdi.

Mən isə halımdan məmnun idim. Yanımda və qarşımda bir-birindən gözəl iki qız əyləşmişdi. Yanımdakı qız öz aləmində idi. Başını aşağı salıb telefonu ilə oynayırdı. Qarşımdakı qız isə tez-tez mənə baxıb gülümsəyirdi. Yəqin məndən xoşu gəlmişdi. Bəlkə də belə deyildi, sadəcə mən belə güman edirdim. Ancaq sürücü salonun işığını yandıranda vəziyyətin başqa cür olduğunu anladım. Biz bir-birimizi çoxdan tanıyırdıq. Bu, Kənanın sinif yoldaşı Anna idi. Kənan ümumi məktəbin rus sektorunda oxumuşdu. Bu qızla da arası yaxşı idi. Məni də elə o tanış eləmişdi. İllər sonra mikroavtobusda, üstəlik bu vəziyyətdə rastlaşacağımız heç ağlıma da gəlməzdi. Salamlaşmaq istədim, ancaq ilk başdan tanıya bilmədiyimə görə bir az pərt oldum. Qərar verdim ki, elə tanımamazlığa davam edim - birdən nə olar, nə olmaz, xarizmam zədələnməsin. Zatən bu xarızma və qürur məsələsinə görə həyatda get-gedə tənhalaşırdım.

Artıq yarım saat olardı ki, yola çıxmışdıq. Hələ ki heç bir problem yox idi. Açığı belə rahat gedəcəyimizi heç güman etmirdim. Ancaq nə oldusa, sanki birdən göz dəydi, öncə mikroavtobusun işıqları söndü, sonra da mühərriki. Qaldıq yolun ortasında. Sürücü hər zaman olduğu kimi üzümüzə baxdı. Bir neçə saniyəlik çaşqınlıqdan sonra qapını açıb düşdü. Bu sırada özünü siğortalamağı da unutmadı: “Sizə demişdim axı, maşında nasazlıq var.”
Elə bu andaca yaşlı qadın başladı anadil quşu kimi ötməyə:

- Mənim oğlanlarım kimi oğulları, Allah heç düşmənimə də verməsin! Mənə nə düşüb bax, bu yaşda yollarda ölürəm. Bir ay rayonda, bir ay şəhərdə qalıram. Nədi-nədi, gəlinlərimin rahatlığı pozulmasın. Bəs mənim rahatlığım? Mən yazıq bu yollara dözə bilmirəm axı...

Nənə sözün əsl mənasında sazı əlinə almışdı. Elə coşmuşdu ki, irəlidə oturan kişiyə əmr eləməyə də girişdi:

- Ədə, düş bax, gör o qanı ağaran nə eşələnir orda.

Kişidən cavab gözləmədən bu dəfə tam mənə baxıb nəsə göstəriş vermək istəyirdi ki, qarşısında oturan qadın səssizliyini pozdu:

- A xala, bir az alçaqdan danışa bilərsinizmi?

- Hansı alçaqdan, a bala?

- Onu demirəm. Yəni bir az səssiz olun mümkünsə, uşaq yatır.
Bu sözdən sonra yaşlı qadın sakitləşən kimi oldu. Yanımdakı qız isə hələ də telefonla oynayırdı. Elə bil yolda qalmağımızın buna heç bir dəxli yox idi. Fürsətdən istifadə edib mən də hərdən Annaya baxırdım. Off-puff eyləyərək sıxıldığını göstərirdi tez-tez. Hiss olunurdu ki, yola davam elədiyinə peşman olub. Sürücü də deyəsən maşından ümidini kəsmişdi, çünki kapota dirsəklənib siqaret yandırdı. Bu tərəfdə yağışın şiddəti hiss olunmurdu, sadəcə az-az səpələyirdi. Yolun hər iki tərəfində ağaclıqlar var idi. Yaşayış məntəqələrindən aralıda olduğumuz üçün yol qıraqlarında işıq görmək mümkün deyildi. Avtomobillər də elə bil and içmişdilər - ara-sıra yanımızdan ötsələr də, deyəsən heç biri saxlamaq niyyətində deyildi. Axşam vaxtı bu rütubətli havada niyə başlarını ağrıtmalıydılar axı?

Bu səssizlikdən, bu qaranlıqdan, bu çarəsizlikdən sonunda mən də bezdim. Qulaqlığı taxıb musiqi dinləməyə qərar verdim. Zatən belə vəziyyətdə ən yaxşı şey elə musiqi dinləmək idi. Təzəcə xəyallara dalırdım ki, yaşlı qadının gözlərini gözlərimə zilləyib nəsə dediyini gördüm. Tez qulaqlığı çıxartdım. Eşitdiklərimə isə heç də təəccüblənmədim.

- A bala, çıxart o merəti qulağından! Mahnı hayıdımı, düş gör nə oldu, nə baş verir? Mən xəstə arvadam. Dərman içəsiyəm. Şoferə denən düzəldirsə düzəltsin. Düzəlmirsə oğluma zəng eliyim gəlsin aparsın məni burdan.

Yaşlı qadının bu sözünə öndə əyləşən qadın da dəstək verdi. Mənə də onlara tabe olmaqdan başqa çarə qalmadı. Mikroavtobusdan endim. Bayırda sadəcə bizimlə gələn kişi dururdu. Yumruqlarını sıxmasından hiss etdim ki, möhkəm əsəbləşib. Sürücü isə görünmürdü. Yaxınlaşıb soruşdum:

- Bağışlayın, sürücü hardadı?

- Cəhənnəmdə! - deyə, qısa konkret cavab verdi kişi.
Çox keçmədən sürücü kəmərini bağlaya-bağlaya ağaclıqların arasından çıxdı. Yanımıza çatmamış cəsarətlə soruşdu da:

- Nə oldu? Heç bir maşını saxlada bilmədiniz?

Bu söz onsuz da əsəbləri korlanmış kişini lap hövsələdən çıxartdı. Sabahdan bəri sıxdığı yumruğunu sürücüyə yapışdırmağa gedirdi ki, bu anda “Kamaz” markalı bir yük avtomobili öncə siqnal verdi, sonra isə yolun kənarında dayandı. Görünür dünyanın hələ tam zibili çıxmayıb. Yardımsevər insanlar hələ də qalmaqdadır. “Kamaz”ın sürücüsü özü ilə birlikdə yeni ümid də gətirdi bizlərə. Nə baş verdiyini və niyə yolda qaldığımızı soruşdu ilk öncə. Sonra klassik sürücü söhbətləri başladı. Gah dedilər yağı qurtarıb, gah dedilər mühərrikdə problem var, gah akkumulyatoru günahlandırdılar və daha bir çox anlamadığım avtomobil hissələrinin adlarını sadaladılar. Sonra “Kamaz”ın sürücüsü içində təmir alətləri olan bir çanta gətirdi. Kapotu açıb qurdalanmağa başladılar. Təmir işlərindən anlamadığım üçün belə şeylər mənə maraqsız və sıxıcı gəlirdi. Ən yaxşısı geri mikroavtobusa minmək idi. Çünki hava da əməllicə soyumuşdu. Bu arada gözüm bizimlə gələn kişiyə sataşdı. Hələ də əsəbləri sakitləşməmişdi. Aralıqsız siqaret çəkirdi. Mikroavtobusa mindikdə özümü lap məhşur insanlar kimi hiss elədim. Hamının gözü məndə idi, xüsusilə də yaşlı qadının. Ardı-arası kəsilmədən suallar verməyə başladı. “Nə oldu? Düzələcəkmi? Bəs getmirikmi?...” Mənimlə sanki bu iş üzrə xüsusi təyinatlı işçiləriyəmmiş kimi rəftar edirdilər. Birazdan düzələcək dedim. Bəlkə də düzəlməyəcəkdi, amma bu anda onların ümidini qırmaq yaxşı olmazdı. Onsuz da hamısı sıxılmış vəziyyətdə idi. Elə bu sırada yanımda əyləşən qıza zəng gəldi və axır ki, onun da səsini eşitdik. Deyəsən evdən zəng etmişdilər. Danışığından elə hiss olunurdu. Çox incə və mədəni danışmağa cəhd edirdi. Həm də elə rəsmi danışırdı ki, sanki prezident aparatında əyləşmişdi.

Anidən diqqətimi uşaq çəkdi. Çox səssiz dururdu. Bu yaşlarda onun kimi sakit bir uşağı nadir hallarda görmək olar. Üzündə qəribə bir məsumluq vardı. Bilmirəm niyə, amma həmin an içimdən uşağı qucaqlamaq keçdi. Yanına yaxınlaşdım. Başını sığalladım. İpək kimi yumşaq saçları vardı. Mənə baxıb gülümsədi. Adını soruşdum. Cavab vermədi. “Adın nədi?” - yenə soruşdum. Bu dəfə də susdu. Üçüncü dəfə soruşduqda yanındakı qadın gözləri dolmuş halda dilləndi:

- Oğlum danışa bilmir.

Bu cavabdan olduqca təsirləndim. Özümü günahkar kimi hiss elədim. Nəsə etməliydim bu uşaq üçün. O anda yadıma telefonum düşdü. Çıxardıb “Super Mario” oyununu qurdum və telefonu uşağın ixtiyarına verdim. Onun gözlərindəki sevinc hər şeyə dəyərdi.

Bir az keçdikdən sonra sürücümüz, “Kamaz”ın sürücüsünə nələrsə söyləyib yola saldı. Yanında oturan kişi ilə birlikdə mikroavtobusa mindi. Sizə həm yaxşı, həm də pis xəbərim var deyərək birnəfəsə davam etdi:

- Yaxşısı odur ki, deyəsən, marşrut düzəldi. Pisi də odur ki, marşrut hələ də nasazdır. Uzun yol gedə biləcəyinə inanmıram.
Yaşlı qadın “bəs indi nə olacaq?” - deyə soruşdu. Sürücü deyəcəyi sözləri öncədən əzbərləyibmiş kimi çox ətraflı bir cavab verdi:

- Deməli belə, əgər ana yolda davam etsək şəhərə iki saata çatacağıq. Mən dəqiq bilirəm ki, bu marşrut iki saata tab gətirə bilməyəcək. Geriyə bircə variant qalır ki, kəsə yoldan gedək. Əgər kəsədən getsək uzağı bir saata şəhərə çatacağıq.
Sürücünün bu sözlərinə yaşlı qadından şərh gecikmədi. Amma bu dəfə üzgün və acınacaqlı danışdı:

- Bala, tez necə çata biləriksə o cür elə. Artıq nəfəsim çatmır. Dərmanlarımın vaxtı keçib. Başına dönüm, tələs bir az.
Bu fikrə heç kim qarşı çıxmadı. Sürücü də maşını işə salıb qarşıdakı yol ayrıcından sağa, kəsdirmə yola döndü. Yanımda oturan gənç qız az sonra yuxuya getdi. Anna isə başını pəncərəyə söykəyib xəyala dalmışdı. O, artıq mənə heç baxmırdı. Düzdü, mən də onunla çox göz-gözə gəlmək istəmirdim, amma yenə də ürəyimdə keşkə baxsa deyə arzulayırdım. Gərək başdan tanışlıq verəydim. İndi bu qaranlıq, sıxıcı yolda ən azından danışacağım biri olardı. Amma bu barədə düşünmək artıq gec idi.

Getdiyimiz bu yol mənə çox tanış gəlirdi. Elə bil nə vaxtsa buraları görmüşdüm. Ana yoldan fərqli olaraq, bu yoldan heç tək-tük də maşın keçmirdi. Yol tamamilə bizim ixtiyarımızdaydı. Bilmirəm təkcə mənəmi elə gəlirdi, amma get-gedə hava daha kəskin soyuyurdu. Yağış yenidən başlamışdı. Əslində elə güclü yağmırdı, ancaq bu dəfə öz bərabərində külək də gətirmişdi. Külək getdikcə o qədər güclənməyə başladı ki, az qala ağaclar yerindən qopacaqdı. Artıq qaranlıq yollar və sərt hava məni narahat eləməyə başlayırdı. Bir soruşan da yox idi ki, biz belə hara gedirik? Bu yolun sonu heç yaxşı görünmürdü. Mən bunu hiss edirdim. Digər yol yoldaşlarım sanki qəflət yuxusuna getmişdilər. Yaşlı qadın belə danışmırdı. Yol boyunca səbrli olmağa çalışan mən, nəhayət səssizliyi pozdum:

- Biz hara gedirik?

Sürücü gülərək:

- Evə.

Bu şit sürücü yol boyunca belə yersiz zarafatları artıq bir neçə dəfə idi ki, edirdi. Amma hövsələm daralmaq üzrə idi. Çox keçmədən qarşıda bir neçə bina görünməyə başladı. Yan tərəfdə isə “Giriş qadağandır!” işarəsi var idi. Bu dəfə bir az aqressiv soruşdum:

- Biz hara gedirik?! Bura haradır?!

Elə dediyim andaca mikroavtobus yenidən “stop” etdi. Yolun sağ tərəfinə baxdığımda az qala şok hissi keçirdim. Lövhədə “Artetaya xoş gəldiniz!” yazısı var idi. Sürücü bu dəfə ironiya ilə dedi:

- Həə, qaldıq yenə yolda...

Bir anda mikroavtobusda aləm bir-birinə qarışdı. Ağız deyəni qulaq eşitmirdi. Hər kəs sürücünü günahlandırırdı. Ancaq bir nəfər var idi ki, onun günahlandırma metodu xeyli fərqli oldu. Mikroavtobusdakı kişi onsuz da sürücünün hərəkətlərindən yanıqlı idi. Qəflətən yaxasından tutub sürücünü maşından endirdi. Bir neçə yumruq zərbəsindən sonra onu yerə yıxıb təpikləməyə başladı. Yaşlı qadın yenə mənə göstəriş verdi:

- Düş aşağı! Nəyə baxırsan, öldürəcəklər bir-birini!

Aşağı düşdüm. Ancaq onları ayırmaq üçün yox. İrəli doğru getməyə başladım. Mən başqa bir şeyi dəqiqləşdirməli idim. Bu binalar, bu yerlər mənə çox tanış gəlirdi. Əgər bu yer düşündüyüm yer idisə, onda bizi uzun və müəmmalı bir gecə gözləyirdi. Hər tərəfə qısa bir göz gəzdirdikdən sonra, buranın tərk edilmiş Arteta qəsəbəsi olduğuna əmin oldum. Universitetdə pedaqoqumuz bizdən tərk edilmiş ərazilər haqqında araşdırma aparmağımızı istəmişdi. Mən məhz bu yer haqqında, yəni Arteta qəsəbəsi barədə geniş bir yazı hazırlamışdım. Arteta qəsəbəsi ispanyalı milyarder iş adamı David Arteta tərəfindən ticari bir məqsədlə yaradılmışdı. Lakin qəsəbə tam hazır olmadan ölkədə muharibə başlamış, elə buna görə də bir qism qaçqın və məcburi köçkün buraya yerləşmişdi. Daha sonra David Arteta, buradakı insanların vəziyyətinə acıyaraq heç bir haqq tələb etmədən qəsəbəni qaçqın və məcburi köçkünlərə hədiyyə etmişdi. Qəsəbə sakinləri də David Artetanın bu cömərdliyinə qarşılıq, ona jest edərək qəsəbəyə Arteta adını vermişdilər. O gündən sonra qəsəbə Arteta qəsəbəsi olaraq bilinirdi.

Lakin Artetada xoşbəxtlik uzun sürmür. Bir neçə il sonra səbəbi indiyə kimi qaranlıq qalan bir fəlakət nəticəsində Arteta qəsəbəsindəki insanların çoxu ölür. Qalanların isə aqibəti naməlum olaraq qalır. Beləcə Arteta qəsəbəsinin adı tərk edilmiş ərazilər siyahısına yazılır. Qəribəsi isə odur ki, bu hadisə çox tez bir zamanda unudulur... Ətrafı seyr edərək Arteta haqqında məlumatları beynimdə yeniləmiş oldum. Artıq geri qayıtmaq vaxtı idi. Bu barədə hələ heç kimə heç nə deməyəcəkdim.

Mikroavtobusa döndüyümdə sürücü gözümə dəymədi. Digər hər kəs içəridə oturmuşdu. Zatən belə havada bayırda durmaq üçün gərək qütb ayısı olasan. Mikroavtobus elə bil matəm yerinə dönmüşdü. “Sürücü hanı?” - deyə soruşsam da heç kim cavab vermədi.

Anna ağlayırdı. Gözlərinin yaşını silərkən mənimlə göz-gözə gəldi. Artıq obraza girəcək halım yox idi. O qədər dolmuşduq ki, birimiz yaxınlaşsaq, digərimiz qucaqlayacaq vəziyyətdə idik. Çox keçmədən yanında əyləşib dedim:

- Bağışla, Anna. Səni tanıya bilmədim. Necəsən?

Ancaq bu sözləri o qədər ürəksiz söylədim ki, yalan danışdığım açıqca bəlli oldu. Onsuz da məqsədim onu inandırmaq deyil, onunla münasibət qurmaq idi.

Anna məni anlayışla qarşıladı. Bir xeyli dərdləşdik. Nə edirik, harada oxuyuruq. Anna o qədər gözəl idi ki, onunla səhərə qədər yorulmadan, bezmədən söhbət edərdim. Ancaq hər şeydən önəmlisi tez bir zamanda qərar verib buradan getmək idi.

İrəlidə oturan kişi əmr edərcəsinə bizlərə səsləndi:

- Hamı telefonuna baxsın!

Bunun nə üçün önəmli olduğunu soruşduqda isə qışqırmağa başladı:

- Sizə dedim, hamı telefonuna baxsın!

Hamı bir nəfər kimi telefonuna baxdı.

- İndi deyin görüm telefonunuzda xətt varmı? Yoxsa təkcə mənim telefonumun zibili çıxıb?! Kişinin təlaşı haqlı imiş: heç birimizin telefonunda xətt, yəni əlaqə yox idi. Bu xeyirli əlamət deyildi. Artıq bu qəsəbədə yalnız qalmışdıq. Heç kimin də burada olduğumuzdan xəbəri yox idi. Qarşımızda bir neçə variant var idi. Ya ana yola qədər piyada gedib yardım gətirməli idik, ki, bu yel-boranda kilometrələrcə yolu piyada getmək heç də məntiqli deyildi. Ya da bütün gecəni burada keçirib səhərin açılmasını gözləməli idik. Bu əslində qismən məntiqli idi. Ən azından havanın düzəlməsini gözləyə bilərdik. Ancaq dərman boğçasını evdə unudan yaşlı qadının vəziyyətinin get-gedə pisləşməsi, bizi bu variantı da ikinci plana atmağa məcbur edirdi. Çünki özünün dediyinə görə əgər dərmanlarını qəbul eləməsə, nəfəs darlığından ölə bilərdi. Gözümüzün önündə bir insanın çarəsizcə ölməsini izləmək çox əzabverici olardı. Sonuncu variantımız isə sürücünü tapıb avtomobili birtəhər təmir eləmək idi. Bu da çox məntiqli görünmürdü. Çünki avtomobilin onsuz da hay-hayı gedib vay-vayı qalmışdı. Bu saatdan sonra təmir olunmağı imkansız kimi görünürdü. Biz bütün bunları qara-qara düşünərkən birdən sürücü ortalıqda peyda oldu. Ağzı ayırıq şəkildə mikroavtobusun qarşısında durub bizi izləməyə başladı. Elə bil yolda qalmağımızdan ləzzət alırdı. Əyilib yerdən iri daş parçası götürdü. Nə etmək istədiyini kəsdirməyimizə belə macal vermədən daşı düz mikroavtobusun ön şüşəsinə çırpdı. Şüşədə çatlar əmələ gəldi. Aşağı düşüb nələr baş verdiyini, niyə belə etdiyini soruşmaq istəyirdik ki, ikinci bir daş götürüb yenə şüşəyə vurdu. Ön şüşə ortadan qırıldı.

- Sən nə eləyirsən, itin oğlu it! - deyə, kişi bağıraraq sürücünün üstünə atıldı. Ancaq bu dəfə sürücü də ona müqavimət göstərdi. Yaşlı qadından başqa hamı maşından endi. Birtəhər araya girdik ki, bir-birini öldürməsinlər. Az sonra eşitdiklərimiz isə bizi sözün əsl mənasında şoka saldı. Sürücü bizə rişxəndlə gülərək acıq verərcəsinə “hamınız öləcəksiniz” dedi. Biz artıq sürücünün dəli olduğuna şübhə etmirdik. Ancaq belə olmadığı tezliklə anlaşıldı. O, yavaş-yavaş hər şeyi anlatmağa başladı. Öncə buranın hara olduğunu açıqladı. Sonra isə daha qəribə şeylər danışdı. Sən demə, o, buranın sakini olubmuş. Hətta bizim “Arteta fəlakəti” olaraq bildiyimiz fəlakətdə sağ qalan nadir insanlardan biri imiş. O, danışdıqları ilə sanki bizə, hətta bütün bəşəriyyətə kin qusurdu:

- Mən, səbəbi olmadığım, istəmədiyim bir muharibədə ailəmi itirdim. Evimi, yurdumu, yuvamı itirdim. Hər şeyimi itirdim. Sonra nə oldu? Dövlətin bizə sahib çıxacağı yerdə gəlib bir ispan bizə sahib çıxdı. Bizə bu qəsəbəni verdi. Daha sonra o da məlum oldu ki, xeyirli yer olsa buranı bizə verməzdilər. Bu torpaqlar lənətlidir. Arteta qəsəbəsi qədim bir qəbiristanlığın üzərində qurulub. Elə buna görə də bir müddət sonra burada qeyri-adi şeylər baş verdi. Hər tərəfdən qəribə səslər duyurduq. Kürəyimizdə başqa insanların nəfəsini hiss edirdik. Evimizdə rahat yata bilmirdik. Çünki illərdir burada yatan başqalarının rahatlığını pozmuşduq. Nəhayət bir gün qəsəbədəki bütün insanlar öldü. Başa düşürsünüz? Bir gün gəlib görürsünüz ki, hamı ölüb. Bu nə deməkdir bilirsiniz?

- Bəs necə oldu ki, sən ölmədin? – bizlər yarı təlaş, yarı maraqla soruşduq.

- Çünki mən fəlakət gecəsi qəsəbədə deyildim. Həmin günü qəsəbədə olmayan bir neçə nəfər yenə var idi. Onlar da ölmədi. Ancaq məni əsas yaralayan insanlarıımızın ölümündən daha çox, dövlətin bu hadisəni ört-bas etməsi oldu. Guya ki, bu ərazidə radioaktiv şüalanma var imiş. Ona görə ölüblərmiş. Amma bu yalana heç özləri də inanmırdılar. Hamını susdurdular. Bir Allahın bəndəsi bu işin üstünə getmədi. Ölən yüzlərlə insanı bir anda unutdu bütün ölkə. Niyə? Çünki biz adi, yazıq qaçqınlar idik. Bizi saxlamaq dövlətin büdcəsinə zərər verirdi. Bəlkə də onlar bilərək buranı bizə vermişdi. Görək indi sizin kimi dəyərli vətəndaşları da burada öldükdə yenə səssiz qalacaqlarmı!?

- Sən bizi bilərəkmi bura gətirdin, şərəfsiz!? – kişi yenidən coşdu.

Ardından yenə əlbəyaxa oldular.

Bir yandan sərt hava, bir yandan dava-dalaş, digər yandan da ortasında qaldığımız bir cəhənnəm. Bu ya bir kabus idi, bir azdan oyanacaqdım. Ya da bir daha heç oyanmayacaqdım. Hər şey bir-birinə qarışmışdı. Çox keçmədən Artetanın ilk fəlakəti gerçəkləşdi. Qızlar yaşlı qadının nəfəs almadığını söylədi. Biz yolun ortasında hay-haraydaykən yaşlı qadın həyata gözlərini yummuşdu. Ölümünə xəstəliyimi, yoxsa buranın lənətimi səbəb oldu, bilmirik. Ancaq sürücü bu dəfə də susmadı. Korlanmış əsəblərimizi lap oynadırdı:

- Hələ bu harasıdı, hamınız it kimi can verəcəksiniz burda!

Bu dəfə ona cavabı mən verdim:

- Sən necə adamsan? Bir insan öldü və buna sən səbəb oldun.

Utanmadan hələ bizim də ölməyimizi istəyirsən?! Burada ölənlərin səbəbkarı biz deyildik. Amma biz ölsək, bunun səbəbkarı sən olacaqsan! Bütün ömrün boyu vicdan əzabı ilə yaşayacaqsan!

Bu sırada yanımdakı kişi sözümü kəsdi və dedi:

- Təbii ki, yaşasa!

Sözünü bitirər-bitirməz kişi sürücüyə kəllə vurub onu yolun kənarındakı gölməçəyə atdı.

Artıq bir qərar verib buradan çıxış yolu tapmaq lazım idi. Bu uğursuz maşını və ölümə susamış sürücünü bir daha görmək istəmirdik. Yaşlı qadının cəsədi mikroavtobusda qaldı. Biz isə qəsəbənin mərkəzinə doğru irəllədik. Bir yer tapıb hava düzələnə qədər gözləməyə qərar vermişdik. Nəhayət kiçik bir kafe tapdıq. Öncə nə var, nə yox deyə bir az ətrafı nəzərdən keçirdik. Sonra içəri girdik. Ən çox yanımızdakı uşağa yazığım gəlirdi. Qorxudan üzü bəmbəyaz olmuşdu. “Iııı, aaaa” deyə bir şeylər inildəyirdi. Qızlar isə uşaqdan da betər vəziyyətdə idilər. Telefonla oynayan qız cürbəcür yollar axtarır, ən azından internet vasitəsilə tanıdıqlarına bir xəbər yollamaq istəyirdi. Ancaq bütün səyləri nəticəsi qalırdı. Bizə tək güvən verən yanımızdakı kişi idi. Doğrudan da o olmasa çobansız sürü kimi başsız qalardıq.
Kafenin pəncərəsindən Arteta qəsəbəsini izləməyə başladım. Göy üzü aydınlıq idi. Sanki gecə deyildi. Buludlar sürətlə uçuşurdu. Bu kafedən başqa bütün binaların pəncərəsi qırılmışdı. Adı üstündə, yaşanılmayan, ölümün ağuşuna tərk edilmiş bir yer.

Oturduğumuz, toxunduğumuz, baxdığımız hər yerdə indi həyatda olmayan insanların qorxulu nəfəsi hiss olunurdu. Qəsəbəyə daxil olduğumuzdan bəri, sanki üzərimdə dözülməz bir ağırlıq vardı. Bunu sadəcə mən yox, digərləri də hiss edirdi. Kafenin də qəribə aurası vardı. Belə yerlərə xüsusi marağım olduğu üçün hər yeri incələyib şəkillər çəkirdim. Kafenin mətbəxinə daxil oldum, bu sırada heç gözləmədiyim bir şey yaşadım. Həyəcandan rəngim ağardı. Mətbəxin küncündə bir kişi cəsədi var idi. Qəribəsi o idi ki, cəsəd hələ də ətli-qanlı idi. Bu o demək idi ki, bu yaxınlarda bura bizdən başqa da kimsə gəlibmiş. Cəsəd barədə sadəcə kişiyə məlumat verdim. Panika yaşamasınlar deyə digərlərinə heç nə bildirmədik. Bu arada fürsət tapıb kişi ilə də yaxından tanış oldum. Onun adı Teymur idi. Dediyinə görə həbsxanadan təzə çıxıbmış. Qorxusuz biri idi. Ondan buranın lənətli olduğuna inanıb-inanmadığını soruşdum. İronik bir cavab verdi:

- Bu həyatda daha böyük lənətlər görmüşəm.

Söhbətimizi bitirdikdən sonra kafenin salonuna keçdik. Hamı susqun və çarəsiz şəkildə gözləyirdi. Annanın yanında əyləşib əlimi əlinin üstünə qoydum. Hər şey yaxşı olacaq deyə təsəlli verdim ona. O da başını çiynimə qoydu və yaxşı ki, yanımdasan dedi.
Bir anlıq səssizlik çökdü. 10-15 dəqiqə heç kim bir kəlmə söz etmədi. Səssizlik kafenin qapısının öz-özünə sərt şəkildə açılması ilə yerini qorxuya verdi. Teymur yenə soyuqqanlı idi. Bizə narahat olmamağımızı, qapını küləyin açdığını söylədi. Doğrudan da külək öz şiddətini artırmışdı. Soyuqdan burnumuz və qulaqlarımız qıpqırmızı olmuşdu. Belə getsə bütün gecəni kafedə keçirməli idik. Bu havada bir yana çıxmaq dəlilik olardı. Ancaq aramızda belə bir dəli mövcud idi. Teymur gecə boyunca oturub beləcə gözlərsək soyuqdan öləcəyimizi söylədi. Onun fikrincə sağ qalmaq üçün ocaq qalayıb qızınmağımız şərt idi. Buna görə o küçəyə çıxıb bir az çör-çöp toplayacağını dedi. Mən də onunla gələcəyimi söylədim, amma o, buna razı olmadı. “Mənim sənə ehtiyacım yoxdu, ancaq burdakıların yanında bir kişiyə ehtiyac var. Ona görə sən burda qalmalısan” dedi. Açığı, Teymurun getməsi ən çox məni qorxudurdu. Çünki o getsə bütün yük və bu qədər insanın məsuliyyəti mənim üzərimdə olacaqdı. Mən isə liderlik qabiliyyəti olmayan biri sayılırdım. Ancaq məsuliyyət bəzən insana müsbət yöndə də təsir göstərir. Teymur getdikdən sonra nə olar, nə olmaz deyə, bir an da olsa gözümü qırpmadım. Anna başda olmaqla, hamı ilə ünsiyyətdə olurdum. Yerli-yersiz, gic-gic suallar verirdim. Məqsədim onlarla söhbət etmək deyildi. Sadəcə onları ayaqda tutmaq istəyirdim. Küləyin vıyıltısı artdıqca bizim də ürək döyüntümüzün şiddəti artırdı. Onlara nə qədər qorxmayın desəm də, onlardan çox özüm qorxurdum. Hər qorxduqca da ağlıma Teymurun “mənim sənə ehtiyacım yoxdu, ancaq burdakıların yanında bir kişiyə ehtiyac var” sözlərini xatırlayırdım.

Artıq yarım saata yaxın idi ki, Teymur getmişdi. Onun indiyədək qayıtmaması bizi narahat edirdi. Bu müəmmalı qəsəbədə onun başına hər şey gələ bilərdi. Mənim isə bütün gecə tək başıma nöbət tutacaq nə halım, nə də cəsarətim vardı. Elə ona görə çıxıb Teymuru axtarmalı idim. İçəridəkilərə geri qayıdacağıma söz verib, tam qapıdan çıxırdım ki, kafe ilə üzbəüz olan binanın 3-cü mərtəbəsində bizə doğru baxan birini gördüm. Keçəl, 40-45 yaşlarında bir kişi idi. Gözlərini ağardıb bizə doğru baxaraq gülümsəyirdi. Dönüb içəridəkilərə “mənim gördüyümü siz də görürsünüzmü?” deyə soruşdum. Ancaq bir daha baxdığımda həmin yerdə heç kəs yox idi. Deyəsən artıq qorxudan xəyallar görürdüm.

Anna bir az daha gözləməyimi məsləhət gördü. Teymurdan hələ də səs-səda yox idi. Uşaqlı qadın birdən deyinməyə başladı:

- Mənim onsuz da o kişidən gözüm su içmirdi. Çox güman ki, bizi qoyub qaçdı.

Mən qadının bu ittihamına qəti inanmaq istəmirdim. Teymur dəliqanlı adam idi. Əgər çıxıb getmək istəsə, bunu bizə deyib elə gedərdi. Ancaq, insan çiy süd əmib demişlər - bəlkə doğrudan da qaçmışdı. 2-3 saatdır tanıdığım birinə nə qədər güvənə bilərdim axı. Elə buna görə də çıxıb bəzi şeyləri dəqiqləşdirməli idim. Artetanın gerçəkləri ilə üzləşmə zamanı gəlib çatmışdı. Anna mənimlə gələcəyini söylədi. Buna qarşı çıxmadım. Çünki həqiqətən yanımda birinin olmasına ehtiyacım vardı. Qıza və uşağın anasına biz gələnə qədər heç bir yana tərpənməmələrini söylədik. Bu arada uşaq anasının qucağında yuxuya getmişdi. Qapıdan çıxmaq istərkən qadın kədərli bir səslə məni dayandırdı:

- Oğlum, sizi gözləyəcəyik. Bizi buarada qoymayın.

O, bizim qaçacağımızı düşünürdü. Dönüb söz verdim ki, sizsiz heç bir yana getməyəcəyik.

Anna ilə birlikdə Artetanın küçələrini qarış-qarış dolaşırdıq. Atdığımız hər addımda Teymuru səsləyirdik. Amma səsimizə səs verən yox idi. Teymur ya qaçmışdı, ya da ölmüşdü. Qaçdığına, bizi belə çarəsiz qoyub getdiyinə inanmaq istəmədiyim üçün ölü də olsa onu tapmaq istəyirdim. Baxmadığımız sadəcə binaların içi qalmışdı. Gecə vaxtı oralara daxil olmaq üçün isə aslan ürəkli olmaq lazım idi. Artıq ümidimizi üzüb geri qayıtmalı idik. Yolda bir anlıq dayandım və ətrafı seyr etdim. Arteta doğrudan da möhtəşəm quruluşa sahib idi. Bu kiçik qəsəbədə insanlardan başqa hər şey vardı. Poker salonu, gecə klubu, kinoteatr, kafelər, idman salonları, gözəllik salonu, mədəniyyət sarayı və daha bir çox şey. Görünür, David Arteta buranı istirahət zonasına çevirmək istəyirmiş. Tam bunları düşünürdüm ki, Anna qolumdan çəkib “getməliyik” dedi. “Dur” dedim. Ona irəli baxmasını söylədim. Baxdı, ancaq heç nə anlamadığını söylədi. Annadan soruşdum:

- Orası bizim yolda qaldığımız yer deyilmi?

- Hə, deyəsən oradır, - dedi Anna.

- Bəs mikroavtobus hanı?

Anna heyrətlər içərisində qaldı. Təəccüb dolu baxışlarla “geri qayıdaq” dedi. Arxamızı döndüyümüzdə küçənin tinində sallanan bir əl gördük. Deyəsən kimsə bizi izləyirdi. Qaça-qaça həmin səmtə getdik. Ancaq biz çatdığımızda orada heç kəs yox idi.
Artetada hər yer bir-birinə bənzədiyi üçün kafeni tapmaq üçün qəsəbədə bir neçə dəfə fırlanası olduq. Nəhayət gəlib çata bildik. Təngnəfəs halda özümüzü kafeyə saldıq. Uşaq və anası sarmaş-dolaş oturmuşdu. Ancaq cavan qız gözümüzə dəymədi. Qızın harada olduğunu soruşduq. Qadın cavab verdi:

- Çıxıb getdi. Sizdən sonra ikidə bir deyirdi ki, gedəcəm. Burda gözləsək öləcəyik dedi və getdi. Nə qədər çalışsam da, fikrindən dönmədi.

O qızdan heç belə dəlilik gözləməzdim. Çox sakit və səbrli görünürdü. Yol boyunca ən az onun səsini eşitmişdik. Niyə getdi, həyatını niyə riskə atdı, anlamadım. Ancaq artıq bizim üçün də gediş zamanı idi. Ən azından bu qəsəbədən çıxmalı idik. Əks təqdirdə, qorxu və çarəsizlik bizə böyük xətalar törətdirəcəkdi. Kafedən çıxmamış son dəfə telefonumu yoxladım. Amma yox! Bu lənət olası yerdə heç bir xətt yox idi.

Hava daha da soyumuşdu. Əslində qış hələ tam gəlməmişdi, ancaq burda elə bir hava vardı ki, qışa rəhmət oxudurdu. Kəsici külək, tez-tez bu küləyin təsiri ilə sifətimizi deşən yağış bizi bir xeyli ləngidirdi. İndi evdə olsam saatlarca qaynar suyun altında duş qəbul edərdim. Artetanın tək müsbət yanı mənə sahib olduqlarıma şükür etməyi, qorxusuzca rahat aldığım hər nəfəs üçün Allaha təşəkkür etmək gərəkdiyini öyrətməsi oldu. Öz-özümə tam bunları beynimdən keçirirdim ki, Annanın qışqırığı ilə Artetada olduğumu xatırlarladım. Anlaşılan o ki, bizə burdan rahat çıxış yox idi. Yolun sol hissəsindəki binanın qarşısında bir cəsəd gördük. Qanlar içərisində yerdə uzanmışdı. Yanımdakılara “siz qalın, mən baxaram” dedim. Cəsədlə aramızda təxminən 15 metr məsafə var idi. Üzü üstə yerə sərilmişdi. Ətraf qan gölünə dönmüşdü. Cəsədə yaxınlaşdıqda bunun bizimlə gələn qız olduğunu anladım. Qızın üzünü çevirdikdə mədəm anidən bulandı. Yazığın sifəti param-parça olmuşdu. Deyəsən binanın təpəsindən yerə düşmüşdü. Ancaq qızın yuxarıda nə işi var idi? O, intiharmı etmişdi? Yoxsa bu bir qəzamı idi? Ya da, nə bilmək olar, bəlkə də Artetanın anlaşılmaz lənəti səbəb olmuşdu qızın ölümünə. Həmin gecə insan həyatının çox qəribə, amma həm də necə ucuz olduğunu anlamışdım. Bir neçə saat əvvəl yanımda oturan qız, yol boyunca zəhləmi aparan yaşlı qadın artıq həyatda deyildilər. Qızın ölümü bütün dirəncimi qırmışdı. Ölüm insana bu qədər yaxındırsa, 3-5 saniyə sonra mənim ölməyəcəyimə kim zəmanət verə bilərdi axı. Əgər öləcəkdimsə, niyə mübarizə aparmalı idim?
Bunları düşünüb də Artetaya boyun əymək üzrəydim. Ancaq qəfildən qarşıdan gələn göy-qırmızı rəngli işıqlar gözlərimi qamaşdırdı. Xəyalmı görürəm deyə başımı silkələdim. Ancaq yox, bu gerçək idi. Bizə doğru ikisi polis, biri təcili tibbi yardım olmaqla, üç maşın gəlirdi. Həyatımda ilk dəfə idi ki, polis gördüyümə bu qədər sevinmişdim. Polislər yanımıza gələr-gəlməz burada nələr gördüyümüzü və nələr baş vediyini soruşdular. Onlara vəziyyəti qısaca başa salmağa çalışdım. Daha sonra bizi maşına mindirib hadisə yerində incələmələr apardılar. Təcili tibbi yardımla gələnlər qızın cəsədini yerləşdirib, bizə də sakitləşdirici həblər verdilər.
Polislərə başqa bir cəsədin də olduğunu və bir dostumuzunsa burada olma ehtimalını bildirdim. Mənə sabah hadisə yerinə yenə gələcəklərini və bu dəfə ekspertlər gətirəcəklərini söylədilər. Daha sonra bizi polis məntəqəsinə apardılar. Hər birimizin ifadəsini alaraq, lazım olsa yenə çağıracaqlarını bildirdilər. Son olaraq mənim də onlara bir sualım var idi. Mən onlardan bizim Artetada olduğumuzu hardan öyrəndiklərini soruşdum.

- Məntəqəmizə bir kişi gəldi. Qucağında da yaşlı bir qadın cəsədi. Arteta qəsəbəsində insanlar var. “Əgər vaxtında getməsəniz öləcəklər” dedi. Sonra mikroavtobusa minib aradan çıxdı. O şəxsin sizi oraya aparan sürücü olma ehtimalı var. Hal-hazırda polislərimiz onu axtarır, - dedilər.

Görünür, sürücü öz günahının yarısından dönmüşdü. Ancaq onun bu ağır xətası iki insanın ölümünə, bir insanın itkin düşməsinə, qalanlarının isə heç vaxt unuda bilməyəcəkləri bir sarsıntı yaşamasına səbəb olmuşdu.

...Nəhayət heç bitməyəcəyini sandığım gecənin bir sabahı oldu. Və mən artıq evimdə idim. Evdə olduğum üçün heç bu qədər xoşbəxt olmamışdım. Artıq sadəcə yatmağa ehtiyacım var idi. Bu üzdən bir neçə günümü sadəcə yatmağa həsr elədim. Arada 5-10 dəqiqəliyinə qalxıb ayaqyoluna gedir, yuyunurdum. Bir stəkan su içib, bir parça çörək yedikdən sonra yenə yatırdım. Yatmağa məcbur idim. Çünki oyaq olduğum zamanlar düşünürdüm. Düşündükcə də olanlar gözümün önündən getmirdi. Sonunda qəflət yuxusundan oyandım. Həftə boyu çıxan bütün qəzetləri, televiziya arxivlərini, internet səhifələrini saatlarca araşdırdım. Qəribəsi odur ki, bizim haqqımızda, Artetada olanlar barədə bircə dənə də məlumat yox idi. Bu nə demək idi axı? Necə olur ki, hər adi şeyi günlərcə müzakirə edən media, mətbuat belə bir hadisəyə etimadsız yanaşırdı. Dərhal tanıdığım bir çox jurnalistlərlə görüş təyin elədim. Jurnalistika üzrə təhsil aldığım üçün bu sahədə tanışlarım az-çox mövcud idi. Onlara bütün hər şeyi nöqtə, vergülünə qədər anlatdım. Kafenin mətbəxində gördüyüm cəsədin və qəsəbədə çəkdiyim başqa şeylərin şəkillərini göstərdim. Hətta şahid olaraq Annanı da çağırdım. Jurnalistlər artıq bizə tamamən inanmışdılar. Tezliklə bu xəbəri öz aralarında yaymağa başladılar. Və bir gün oyandığımızda bütün ölkə, hətta xarici mətbuat Arteta xəbərləri ilə çalxalanırdı. Bütün qəzetlərdə, internet saytlarında bu xəbər manşetlərdə yer alırdı. “Artetada yeni bir faciə”, “Arteta can almağa davam edir”, “Yenə Arteta və dövlət yenə susur” manşetləri gündəmi zəbt etmişdi. Annanı və məni bir çox televiziya kanalları özəl olaraq verilişlərə dəvət edirdi. Artıq bizi bütün ölkə tanıyırdı. Yolda bəzən insanlar bizi saxlayıb Arteta qəsəbəsi haqqında suallar verirdilər. Get-gedə vicdanən rahatlığa qovuşurdum. Hər şeyin bu qədər tez unudulmasına izn verməmişdim. Başlatdığımız bu hərəkat nəticəsində Artetada keçmişdə yaşanan faciə haqqında da yeni araşdırmalar aparılırdı. Lakin, görünür, bu hay-küy böyük başları çox ciddi rahatsız edirdi. Bir axşam televiziyadan evə qayıdarkən qara rəngli bir cipdən üç adam enib məni zorla maşına mindirdi. Gözümü və əllərimi bağlayıb harasa apardılar. Daha sonra gözümü açdıqda bir tuneldə idim. Mənə arxasını dönən bir adam var idi. Orda olduğum müddətcə sadəcə o danışdı mənimlə. Ancaq üzünü heç cür göstərmədi.

- Ağıllı, mübariz bir gənçsən. Neçə gündür ölkəni bir-birinə qatmağı da bacarıbsan. Ancaq düşünürəm ki, hər şeyi dadında buraxmaq lazımdır. Bəzi şeylər var ki, bu dövlət sirridir. Buna adi insanların burnunu soxmağa ixtiyarı yoxdu, - deyə, sanki mənə xəbərdarlıq etdi.

- Əgər adi insanlar buna görə ölürsə hər şeyə qarışmaq ixtiyarımız var! – deyə cavab verdim.

- Kimin ölüb, kimin qalacağına Tanrı qərar verir! Buna görə bizi günahlandırmayın! Amma dövlətin gələcəyi ilə olan qərarları biz veririk! Və siz artıq dövlətin gələcəyini təhdid edirsiniz! – o, öküz kimi bağırdı.

Bundan sonra onlar mənə yazılı bir vərəq verdilər. Orada yazılanları olduğu kimi mediaya açıqlamağımı, əks təqdirdə normal həyat yaşamayacağımı söylədilər. Məndən istədikləri qısaca belə idi: Artetada yaşadıqlarımın bir şişirtmə olduğunu, hadisələrin əslində tamamən təsadüfi və təbii yaşandığını, bütün bunları gündəmə gəlmək, məhşur olmaq üçün etdiyimi və hazırda peşman olduğumu açıqlayıb hər kəsdən üzr istəməli idim. Əgər bunları açıqlasam, mənə hər cür şərait yaradıb, rahat yaşamağımı təmin edəcəkələrinə söz verdilər.

Bəs əgər bunları söyləməsəm nə olacaq deyə soruşduğumda, “o zaman bizdən incimə” dedilər. Daha sonra məni evimə buraxıb düşünməyim üçün 24 saat vaxt verdilər. Bu 24 saat ərzində bəlkə də 24 dəfə qərar dəyişdirdim. Ya çıxıb yalandan yalan danışdığımı söyləyəcəkdim ki, o zaman insanların gözündə dəyərim beş qəpiklik olacaqdı. Ya da nələr olacağını Allah bilirdi.

Sonunda qərarımı verdim. Mənim onsuz da itirəcək bir şeyim yox idi. Ölüm desəm, o da, bir neçə gün əvvəl uzağımda deyildi. Artıq ölsəm də təmiz bir məqsəd uğrunda öləcəkdim. Ona görə də, könlüm rahat idi.

Binanın qarşısında maşınla məni gözləyirdilər. Pencəyimi götürüb kədərli baxışlarla evdən çıxdım. Onlara “sizin kuklanız olmayacam” dedim. “Buna çox peşman olacaqsan” deyib, gözlərimi və əllərimi bağladılar. İçimdə adını tərif edə bilmədiyim bir hiss var idi. Bir az qorxu, bir az kədər, bir az qürur. O gündən sonra bir daha evimi, dostlarımı və Annanı görə bilmədim. Məni qaranlıq bir otağa saldılar. 2-3 həftə burada qaldım...

Beləcə Arteta qəsəbəsinin gerçəkləri hələ də müəmmalı olaraq qalır. Orada nə oyunlar döndüyünü, tam olaraq nə olduğunu bilmirəm. Bildiyim tək şey var ki, olan sadəcə orada ölənlərə və mənə oldu. Hal-hazırda 30 noyabrdı. Yenə payızla qışın müştərək yaratdığı bir soyuq var küçədə. Tam bir il əvvəl bu gün, bu saatlarda Arteta qəsəbəsində idim. İndi isə bütün yaşadıqlarımı gündəliyimə qeyd edirəm. Mən bunları yazarkən dəlilər bir an da olsa rahat durmurdular...

# 2322 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #