Sofiyanın taleyi

Sofiyanın taleyi
8 fevral 2018
# 11:54

Canan Can

(İnternat məktəbində yaşananlar...)

Çoxdan yazmışdım bunu. Necə və hansı şəraitdə yazdığımı xatırlamıram. Yəqin acı xatirələr qəlbimə əzab verəndə hirsimi kağız-qələmdən almışdım. Uzun müddətdən sonra dostumun təkidilə unutduğum və uzun müddətdir maraqlanmadığım dəftərimi tapdım. Yenidən üzüləcəyəmm deyə vərəqləmək istəmirdim, amma...

...Ara günlər “tot Qalya”nın “podyom” bağırtısından doyunca yata bilmirdik. Bu azmış kimi bir-bir otaqlara daxil olur, hələ oyanmayanları da oyatmaq üçün vəhşi kimi pəncərənin şüşələrini döyəcləməyə başlayırdı.

Bazar günlərini səbirsizliklə gözləyirdik ki, doyunca yataq. Həmin gün səhər yeməyinə yox, birbaşa nahara gedirdik. Bu mənim internata gedişimdən sonra uzun zaman belə davam etmişdi. Qızları da bu rejimə alışdırdım. Qızlar mənim təklif etdiyim fikirlərə heç qarşı çıxmazdılar. Fikirlərimi dərhal qəbul etdikləri üçün, hərdən özümü “avtoritet” kimi hiss edirdim. Hamı mənim cəsarətimə, düzgünlüyümə, ağzımdan çıxan hər kəlməyə inanırdı və mənə olan bu inam bir ömür davam edəcəkmiş sən demə...

Təşkilatçı idim, yaxşı oxuyurdum, məktəbimizdə keçirilən bütün tədbirlərdə ən qabaqcıl şagird idim. Şair və yazıçılarla keçiriləcək bütün görüşlərin ssenarisini yazır, aparıcılığını edirdim.

Yadımdadır bir dəfə Əlibala Hacızadəylə görüş keçirəcəkdik. Müəllimlər şagirdlərə yazıçıya veriləcək sualları hazırlamışdılar. Ssenarinin üzərində o qədər işləmişdim ki, “İtkin gəlin”i oxumağı çatdırmamışdım. Mənə verilən sualdan imtina edib, geri - müəlliməyə qaytardım. “Özüm sual hazırlayacağam” – dedim. Elə də etdim. Bir gecənin içində “İtkin gəlin”i oxudum və sualımı hazırladım.

– Kitabınızın 17-ci səhifəsində belə bir cümlə işlətmisiz: “Yetimlərin başının üzərində xoşbəxtlik günəşi doğur, tez də sönür”. Bu həqiqətənmi belədir, hətta belədirsə bunu yazmağa bir lüzum var idimi? Qorxmursunuzmu bunu hansısa bir yetim qız və ya oğlan oxuyar, həyatda olan ümidi sönər və məhv olar?

Yazıçı bir anlıq susdu, heç nə demədi, diqqətlə məni süzdü. “Bu yaxınlarda bu əsər yenidən çapa gedəcəkdir. Mütləq o hissəyə düzəliş edəcəm və kitabımı sənə göndərəcəm” – dedi. Bizdən ayrılanda Yazıçılar Birliyindəki otağının nömrəsini verdi və mütləq onunla əlaqə saxlamağımı tapşırdı. Heç Əlibala müəllim məktəbin darvazasından çıxmamış verdiyi kağızı itirdim. Yeri gəlmişkən deyim ki, əşyalarımı itirmək bir ömür mənə yoldaşlıq edəcəkmiş...

...Doğrudan da internatda özümü lider kimi hiss edirdim. Direktor şəxsən özü məni yanına çağırıb mövzular verir və mən o mövzularda geniş məqalələr yazırdım. Ümumiyyətlə fəal, sevilən şagird idim. Xüsusilə dürüstlüyümü, sözbütövlüyümü hamı yüksək qiymətləndirirdi...

...Hə, harda qaldım? Bazar günlər doyunca yatmaqdan danışırdım axı...

Bu bir müddətə qədər belə davam etdi, ta ki, şimal rayonların birindən sinfimizə sarışın, alagözlü Sofiya adlı qızın gəlişinə qədər.

Bilmirəm ya ev istidir, ya da Sofiyanın əzabları yadıma düşdükcə canıma istilik gəlir. İdman geyiminin altından geydiyim köynəyi soyundum, yox canımı yenə nə isə sıxır, deyəsən, bu dar bağlanmış busqalterimdir, yox onu soyunmuram...

...və tərbiyəçimizin ovcunda tutduğu Sofiyanın ağappaq döşləri, gözlərindən axan yaş, məni özümü bir daha söyməyə vadar edir. Nə deyirdim mən bayaqdan? Deyirdim cəsarətliyəm?! Heç zibil də deyildim. Niyə mən o qızın əzablarını yorğanın kiçik deşiyindən seyr etməklə kifayətlənirdim? Cəsarətli adam deşikdən baxmaqla kifayətlənərmi?! Tərbiyəçimiz ətrafı dəqiq nəzərdən keçirir, hamımızın yatdığından əmin olduqdan sonra dilini çıxarıb qızın döşlərini yalayır, sorur və sonra öz şalvarından cinsiyyət orqanını çıxarıb əl dəsmalı ilə silir, sonra paltarını sahmana salıb otağımızdan çıxırdı.

Sofiya son dərəcə kasıb bir ailənin uşağı idi. Onu bizim məktəbə necə götürmüşdülər heç indi də düşünəndə başa düşə bilmirəm. Məktəbimiz internat tipli olsa da rayonlardan ən yaxşı oxuyan uşaqları seçib gətirirdilər. Mən ədəbiyyat üzrə rayon olimpiadasında 1-ci yerə çıxdıqdan sonra bu məktəbdə oxumaq təklifi almışdım. Sofiya isə heç adını belə düz-əməlli yaza bilmirdi. Çox zəif oxuyurdu, amma tərbiyəçimiz rüblərdə xüsusi canfəşanlıq edib onu sinifdən sinfə keçirir, var qüvvəsi ilə dərslərinə köməklik edirdi.Və mən deyəsən tərbiyəçinin niyə belə canfəşanlıq etdiyini başa düşürdüm...

...Bir dəfə yenə bazar günü idi. Qapının arxasını mıxla bağladım. Tərbiyəçimiz gəldi, nə qədər əlləşdi, aça bilmədi qapını. Onun qapıyla əlləşməsinə hamımız yuxudan oyanmışdıq, lakin yorğanın altından sadəcə izləməklə kifayətləndik. Azacıq yorğanı qaldırıb Sofiyanın üzünə baxdım. Qız qorxudan titrəyir, sanki, gözləri ilə “aç” deyə yalvarırdı. Qızların heç biri niyə belə etdiyimi bilmirdilər. Yəqin onların tərbiyəçimizin şərəfsizliyindən, doğrudan da, xəbərləri yox idi. Artıq hamımız oyandıq və qapını açdıq. Bu dəfə heç nə etmədi qıza, hamımıza çox sərt baxıçlarla baxıb getdi. Artıq dözə bilmirdim. Yeməkxanaya gedəndə qarşısına keçdim və “mən hər şeyi bilirəm” dedim. O da dərhal söhbətin nədən getdiyini anlamışdı. Var qüvvəsi ilə qolumdan sıxdı və zorla çəkərək yeməkxananın arxasına heç kimin olmadığı yerə apardı. “Ağzını açarsan səni məktəbdən qovduraram. Özün bilirsən direktor dostumdur, sənə bir xasiyyətnamə yazaram, əxlaqsızlıq damğası vurub kəndə qovaram, onda susmağı bacararsan” – dedi və getdi. Bayaqdan qolumu sıxdığı yer göyərib hələ də ağrıyırdı. Onunla mübarizə aparmağa cəsarətim çatmadı. Kənddə biabır olmaq istəmirdim. Onun əlindən hər cür əclaflıq gələrdi. Gözümün önünə atam gəldi onun xəstə ürəyi, zəifləmiş gözləri... Həmin gün dünyanın əclaflığını qəbul edib, həyatıma davam etməyə qərar verdim.

Yox, mən bunu edə bilməzdim və birdəfəlik susdum. Bu ara tərbiyəçimiz də öz “yaradıcılığını” genişləndirib artıq Sofiyanın qurşaqdan aşağısına keçmişdi.

Döşlərini sümürür, sonra başını qızın ayaqları arasına aparır, orada nə isə edir, sonra isə həmişəki kimi özünü cib dəsmalı ilə silib gedirdi. Onun gəlişini daha izləmirdim. Əlimdən heç nə gəlmədiyi üçün daha Sofiyaya da yazığım gəlmirdi. Üsyan etsin, çığırsın, bağırsın, təpik vursun, niyə susurdu axı??? Öz susqunluğuma bəraət qazandırmaq üçün ürəyimdə Sofiyanı hər cür məzəmmət edirdim. Amma bir azdan vicdanım yenə sızlayır, təklənirdim.

...İyul ayında ən yaxın rəfiqəmdən o mübarək məktubu aldım. Tərbiyəçimiz Krasnodarda maşın qəzasında həlak olmuşdu.

...Sentyabrın 1-də xatirəsini bir dəqiqəlik sükutla yad edib dərslərə başladıq. O gündən Sofiyanı heç kəs görmədi. Sonradan eşitdik ki, anası gəlib sənədlərini internatdan götürüb.

Yəqin Sofiya tərbiyəçinin ölüm xəbərini eşitməmiş, onun verdiyi əzablara dözmədiyi üçün məktəbi tərk etməyi seçmişdi.

Mən isə hələ də həmin hadisəni unuda bilmirəm...

# 2863 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #