Qarla sevişmə

Qarla sevişmə
4 fevral 2014
# 11:07

Ayşən Əhməd

Qar kimi yağdın ömrümə. Təmiz, pak, sevindirici. Hərdən qartopu kimi çırpıldın üzümə. Hərdən də kürəkdən vurdu kimsə səni. Mən qaçdıqca sən də yumurlanıb qaçdın dalımca. Üzümü güldürmək üçün geri çevrilib baxanda qar adamı da oldun mənə görə. Dayanıb baxıb sənə güldüm-güldüm... Burnundakı kökü, başındakı dəmir qabı ələ saldım...Sonra acığımı çıxmaq üçün vurdum, yıxdım, dağıtdım səni... Sonra çıxıb getdim sənin yanından. Amma hara? Hər tərəf ağappaq qar olduğu halda hara gedəcəkdim ki?!

Ayaqlarımı yerə basdıqca addımlarımın altından sənin xırçıltılı səsin gəlirdi. Əllərimə yığıb səni göyə atıb dənəciklərinin altında qışqırıb oynadım. Qaçdım ki, səni mənə atanda dəyməyəsən mənə. Hündürlüyündən ayaqlarım bir-birinə dolaşıb yıxıldım üstünə. Ayağa qalxanda üstüm-başım, üzüm-gözüm büsbütün sən oldun-ağappaq. Yenə durub qaçdım. Qəhqəhəm hər yerə səs saldı. Geri-sənə baxa-baxa qaçdım. Hələ acıq da verdim sənə. Mənə çata bilmədiyin üçün.

Qəfildən ayağımın altındakı xırçıltı başqa səslərlə əvəz olundu. Baxanda yerdə sənin ağ üzünün yerinə qara palçıqlı, su gölməçələri gördüm. Ayaqlarım topuğa qədər suyun, palçığın içinə batmışdı. Geri addımlamağa başladım. Bulanmış ayaqlarımı sənin üstünə sürtüb təmizləmək istədim. Səni də kirlətdim. Birdən diqqət edəndə gördüm ki, palçığın sənə birləşdiyi yerdən əriməyə başlayırsan. Ayağımla səni itələyib geri çəkməyə başladım. Xeyri olmadı. Təlaş içində əllərimlə toplamağa başladım səni. Üst-üstə yığırdım səni. Sanki hər dənəciyini qənimət bilirdim. Beləcə qalıqlarını toplayıb bir dağ yaratdım.

Artıq gecə düşürdü. Gec idi. Amma mən səni toplayırdım. Qollarımda taqət kəsilmişdi. Çox hündür olmuşdun. Artıq əlim çatmırdı. Yorğunluğumu almaq üçün yanında oturub kürəyimi sənə söykədim. Gözüm yuxuya getdi...

Günəşin gözümə düşən şüaları məni yuxudan oyatdı. Başımı yerdən qaldırdım. Ayağa qalxdım. Baxdım. Gözlərimi ovuşdurub bir də-diqqətlə baxdım. Hər yer sənə görə mübarizə apardığım qara palçıqlı su idi. Hətta mənim üstüm-başım da. Yox idin! Günəş ilıq şüaları ilə üstümü qurutmağa çalışırdı. Amma əynim qalın idi. Su da paltarlarımı islatmışdı. Çətin ki, bu yalançı Günəş məni qurudub isidər. Yenə sən olsaydın quruluğundan islanmazdım. Amma sənin əriyəndən sonra islanıb canıma keçəcəyini bilirdim.

Bilə-bilə də dağ eləmişdim səni...

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #