Yalan dərsi

Yalan dərsi
7 yanvar 2016
# 16:34

Bu pillələri necə düşəcəm? Əlimdə içində kefir və xama olan, altı yerə dəyən ağır torba var. Torbanı sürüyə-sürüyə birtəhər dükandan çölə çıxara bilirəm. Pilləkənləri saymağa başlayıram. İki dəfə sayandan sonra inanıram ki, on iki pillə düşməli olacam. Üzü aşağı baxdıqca gözüm qorxur. İxtiyarsız torbanı yerə qoyaraq ayağımı birinci pilləkəndən aşağı atıram. Və budur sürüşərək dörd pilləkəni birdən aşıram. Deyəsən torba pilləkəndə nəyəsə ilişdi. Amma bu düşüncəni davam etdirə bilmirəm. Kefir bankası sınıb, xama dağılıb. Əsas odur ki, qonşunun kefirini və xamasını qaytarmalıyam. Necə? Geriyə dükana girirəm. Satıcıdan yenə bir xama və bir kefir istəyirəm. Təbəssümlə get evə deyir. Xama və kefir almalıyam deyirəm. Yenə təbəssümlə pulsuz verə bilmərəm deyir.

Bəs pulu hardan alım? Evdən almalıyam. Demək evə getməliyəm. Amma elə gedim ki, qonşu məni görməsin. Soruşsa nə deyərəm? Məni hələ tanış olmadığım bir hiss bürüyür. Üzümə istilik gəlir. Məhəllənin kənarı ilə gəlib, bloka çatıram. Dizlərimdə, sifətimə möhkəm istilik var. Buna rəğmən dəmir məhəccərdən tuta-tuta iki mərtəbə qalxa bilirəm. Evin qapısı açıqdır. Anam dəhlizdədir. Elə bil məni gözləyirmiş. Nə baş verdiyini soruşur. Üzüaşağı nəzər salıb qanayan dizimi görürəm. Deyəsən üzümün də bir tərəfi sıyrılıb.

Yıxılmışam. Mənə xama və kefir almaq üçün pul lazımdır deyirəm.

- Kimə alırsan?-soruşur.

- Qonşu üçün.

- Hansı qonşu.

Çiynimi çəkib, “Adını bilmirəm” deyirəm.

Əlimdən tutub mənimlə həyətə düşür.

Göstər görüm harada yaşayır. Anamın qəzəbli görünüşündən qorxuram. Şəhadət barmağımla balkondan baxan qonşunu göstərib deyirəm. Bax o, bığlı xala.

Qonşunun balkonun altına yaxınlaşırıq. Anam, mən hələ uşağımı dükana göndərməmişəm. Onun cəmi dörd yaşı var, çox balacadır. “Niyə ona buyurmusan?” deyir.

Qonşu heç nə olmamış kimi çiyinlərini çəkərək, mən onu heç hara buyurmamışam. Yəqin qorxub sizdən, yalan danışır, deyir.

Xatırlayıram, bu blok, bu eyvan, bu xala idi. Köynəyinin qatlanmış qolu, çirkli qalın barmaqları… Məni çağırıb pulu tulladı. Gözləyirəm tez get-gəl dedi. Bəs niyə anama sizdən qorxub yalan danışır dedi? Axı anamdan qorxmuram.

# 2057 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #