Kulis.az Banu Muharremin şeirlərini təqim edir.
Mənə bir nağıl uydur 
Ucu yonuq qələmdən. 
Bir sığal çələngi qur
Sözlü kələklərindən 
Sevgi boya gözümə
Rəngi dodaq balından
Düşün ki, ibarətik
Bir Adəm adasından. 
Tırtılını soyundur.
Məxmər kəpənəyindən
Təsəllinə  sığınım.
Tanrı bələklərindən 
Bu qaranlıq gecədə 
Hayqırışlar boşuna
Sevgi niyə getmir ki
Allahının xoşuna?!
Sağ üzümdə xala bax, 
Soldan  utanmışlığa. 
Biz nə vaxtdan tanışıq?! 
Təninə acmışlığa. 
  
Bu darıxmaq  sözünün 
ocağını sən qala. 
Süfrə ola, sübh ola. 
Eşqi süzək bardağa.  
Cığallıq oynamayaq 
Dürüstlüyün eşqinə
Sinəndən ulduz uçsun. 
Dil -dilə ilişəndə. 
Nəisə, oyan artıq 
Sünbüllər də oyanıb. 
Nə şıltaq yuxu idi)) 
Axmaq bizə  aldanıb. 
***
Daim yerə düşməz ki, 
             hər beş hərfli  İ N S A N
O gün bu yerlərdən 
             düşmüşdüm göy üzünə.
Yerdən uzaqlaşınca
             -qırılmışdı qanadım.
Yerə öyrəşmişəmmiş,
              Bunu göydə anladım. 
Vurulmuşdum ruhumdan,
                      qopurdum qanadımdan...
Qan da qara axırdı 
                          çiynimin məzarından..
Mən hələ anlamırdım-qanad məndən qopurdu?! 
                          Yoxsa mən qanadımdan?!..
Ürəyim ağlayırdı torpağın üzərinə. 
Günəşin şəfəqiylə yerə enən təşvişə. 
Bax onda anladım ki, 
         hər insan göyə düşməz, 
Qan da qırmızı axmaz... 
Bütün göyə düşənlər
        qanadlarından uçmaz.
Üfüqləri qucanlar
           Qanadından tutunmaz...
 
Çarəsizliyin şeiri 
Mən ki çaydanlıqdan süzülməmişəm. 
Balın pətəyində boğulmamışam..
Mən hələ günəşlə isinməmişəm.
Mən yaş caharıma iz axtarıram. 
İnam istəyirəm əvəzsiz, sonsuz
Yaradan yaradan günah qulundan. 
Yağış sularından sonrakı, şehli 
Torpaq qoxusundan, gül qurusundan
Mən hüzur adında kənd axtarıram.
Gecəsi gündüzə nəğmələr qoşan.  
Telimə toxunan barmaq ucundan
Ana istəyirəm nağıl danışan. 
Mənə gülüş verin, nolar yanaqdan 
Qəmzəsi daxmamın qapısı olsun.
Açıb illər sonra getdiyim evdə 
Anamın telindən tel qalmış olsun.
Bir  ağrı dadında dağ istəyirəm. 
Adım  Ağrıdağlı olsun ,eybi yox 
Balamın ağrısı  canıma hopsun
Canımın canı  da çıxsın , eybi yox..
Sevgi istəmirəm,  tək dayanacaq
Qəbirə gedəcək yol axtarıram. 
Bütün bu dünyanın  yükü belimdə
Ölməyə bir quru can axtarıram.
Vicdanım Haqqı
Uzun  sözün  iç çəkən qısa misrası tək 
Zəmhəri ayının işığı altda   
Məhşər qapısında, qürub ahında 
Sənə bir tikəlik qucaq payım var. 
Fəqət  gələn zaman səbir atınla gəl .
Gizlə ovuclardan həyəcanını 
Mən qaçan səmaya ağ gömləkdə gəl.  
Birdə sıxma girdab dodaqlarını. 
Elə ki  üzləşdik, əlini uzat
Amma toxundurma barmaqlarını . 
Sən Allah əlinin qabarlarını 
Birdə məndən məsum baxışlarını
Başqa gözəllərlə xəyallarını 
Bölüşmə mənimlə, çəmənlər haqqı...
    
Qoy  qalsın kam anda o arzular da
Dalğalarla süzən qağayılar da...
Qısqansın paklığı  Göydə  Allah da. 
Lap and içər olsun: 
– sevginiz haqqı...
  
Bu cür hekayələr çox oxumuşam. 
Ya heç yatmamışam, betər olmuşam
Sənin zümzüməndən  ayılmamışam.
 
Nə bilim ee?! 
Küslüyünü ver küləyə
Məni çılğın sevdanla vur. 
Xəbər bildir, giley elə.
Nə bilim e, şuluqluq et, 
İncikliyə bir limon sıx. 
Şərbət töküb, şirin elə.
Gəl barışaq. Söz! danışaq...
Qürurdan yerə düşməyək
İki inadkar tərsliyə. 
Sözgəlişi bir jestinə
Nə bilim e, nəvazişə.. 
Barışarıq, bir öpüşə. 
Xıncını al, hirsi soyut 
Adımı dilindən soyut
Alınmır bizdə bu-  "unut" 
Nə bilim e, balacalaş
O dördcə addım yaxınlaş
Saçlarımdan yelləncək qur . 
Gəl gizlənmə... gilizlənmə. 
Bu da bir cür qocalıqdır
– "Ayrılığa həvəslənmə". 
Söz qısası-dön yerinə
Nə bilim e, qollarından uçurtma qur
Məni uçur, yaylaqlara-sizin kəndə.
Canımçün
Axşam çağı  yolum döndü  sahilə 
Gördüm düşüb söyüd  qolu  vah ilə.
Əvvəl sandım-acığ verir "pah" ilə.
Demə, eşqdən yelkən açıb palıdçün 
İnan mənə, bax deyirəm, canımçün. 
Baxma,  çayda  su üstündə yarpağa.
Etibarsız dünyadı da qalmağa.
Bir şəhzadə olacaqdı qurbağa
Demə o da  bir nağılmış uşaqçün.
Bu dünyada xəyal qurma, canımçün. 
Ay yorular, gedər girər yorğana
Günəşdir bu, hər an girər min dona. 
Mən inandım insafsıza, sözxoşa.
O da məntək şair imiş – yalançün. 
Aldanma da  hər şeirə, canımçün. 
Bir vərəqə bir darıxmaq yaz ordan.
Qulağıma pıçıltılar as  ordan. 
Pak, məsum qal, uşaq kimi bax ordan.
İçimizdə var bir körpə-azarçün
Sən nə gözəl danlanırsan, canımçün.
   
İncinmək zamanlıq barış işidir.
Daha az sevinmək  kasıb işidir.
Çox demək,az yemək qadın işidir. 
Deyinərəm, incidərəm halımçün
Yenə səni çox sevərəm, canımçün
 
 
                 
             
                                                     
                                                     
                             
                             
                            