Albalı ağacı - Hekayə

Albalı ağacı - Hekayə
20 fevral 2020
# 17:04

Kulis.az Günel Natiqin “Albalı ağacı” hekayəsini təqdim edir.

Biz tərəfdə ilin 9 ayı qış keçir. Bir də baxırdın aprel ayının ortasında qar yağdı. Ona görə də ömür-billah zəhləm gedib soyuqdan. İl ərzində təbiətin ağ vaxtını yaşıl vaxtından çox görürdüm. Qışın sonunda günləri dənə-dənə sayıb yazı gətirərdim. May ayının sonuna qədər küçələrin kənarında qar topalarının əriməyib qaldığı olurdu. Pəncərədən görünən dağın ətəyindəki qarları gözlərimlə əridirdim. Hər səhər durub, bu gün nə qədər əridi - deyə baxırdım. Elə bilirdim qar təmiz əriyib qurtarmasa yaz gəlmiş hesab olunmur. “Aha, sabah da belə günəş olsa daha yerdə qar qalmayacaq” - deyə düşünəndə bir də görürdün ki, səhər qar yağdı, hər tərəf yenidən ağappaq oldu.

Həyətimizdə bir albalı ağacı varıydı. Yaz gəlib ilk çiçəyi açanda hamıdan birinci sevinirdim. Çox da hündür olmayan, hələ də gözümün qabağında olan əyri bir budağı vardı, onun üstündə özümə yer eləmişdim, sonradan elə vərdiş qalmışdı ki, lap böyük qız olanda da kitabı götürüb gedib üstündə oturardım. Bilmirəm, hündürdə olmaqdanmı xoşum gəlirdi, ya ağacda olmaqdan, qarışqalar hər yerimi basana qədər düşmürdüm üstündən. Ağacın tumurcuqları da mənlə birlikdə böyüyürdü, çiçəkləri gözümün qabağında açırdı. Nə vaxt ki, anam ağaca baxıb deyirdi, “yaxşı çiçək açıb, dolu tökməsə”, onda ürəyimə vəsvəsə düşürdü. Elə bil, bu cümlənin ağızdan çıxdısa gerçəkləşmək kimi bir qüvvəsi var idi, hər nə qədər özümə etiraf etməsəm də, hər günü dolu yağacağı qorxusu ilə yaşayırdım, hər dolu yağmadığı gün, bu gün də yağmadı - deyib sevinirdim, amma gec-tez onsuz da, yağardı dolu. Həm də elə yağırdı ki, pəncərədən vişnənin çiçəklərini necə tökməyinə baxanda, o doluları özümə dəymiş kimi hiss edirdim. Onda bilsəm də ki, bu artıq sondur, bu yayda da vişnə gətirməyəcək, yenə də içimdən kor ümidi silə bilmirdim. Hansı ki, məni dolu kəsən kimi vişnənin yanına qaçırdıb, “tez kəsdi əşi, o qədər də tökülməyib” dedirdirdi.

Anam deyirdi ki, axırıncı dəfə bacım doğulduğu il gətiribmiş. Vişnə desən, turş bir şey idi, bəlkə də yetişsə heç 3-5 dənədən çox yeməzdim. Amma ki, elə həvəslə gözləyirdim ki, elə bil istədiyim təkcə onu üstü dolu meyvə ilə görmək idi.

Yayın ortası gələndə vişnənin üstündə gözlə sayılacaq qədər zaval dəymiş, vişnədən başqa hər şeyə oxşayan meyvə olardı. Oları da ki, quşlar didikləyib aparardılar...

Sora böyüdükcə daha nə o albalıdan vişnə gözlədim, nə də yazları dolu yağma qorxusuyla keçirdim. Onsuz da, belə iqlimi olan yerdə vişnə yetişməyini gözləməyin mənasız olduğunu da anladım. Amma nə qədər vaxt keçsə də, nə qədər də böyüyüb böyük qız olsam da, nə isə bir şeyi həvəslə gözləyəndə, ürəkdən istəyəndə nə içimdən “dolu yağacaq” qorxusunu silə bildim, nə də “vişnə gətirəcək” kor ümidini. Mən albalı ağacını unutmuşdum, çoxdan unutmuşdum, amma sanki onun ümidsiz hekayəsi, hər dolu yağanda keçirdiyim məyusluq hissi bir parçama çevrilib, xarakterimin dərinlərinə həkk olunub mənimlə qalmışdı. Hansı ki, nə isə bir şeyə əl uzatmaq istəyəndə onun məşum sonuna işarə edib əllərimi geri çəkdirirdi. Sanki mən o vişnə ağacının tumurcuqlarına, çiçəklərinə sevgi bəsləmək üçün var idim, vişnələrini görə bilmək üçün yox.

Deyəsən, o vişnə ağacı sonradan qurudu, qolunu-budaqlarını kəsdik, amma ruhuma elə bir şey ötürdü ki, onu ordan silib təmizləmək sonradan bəlkə illərimi alan mübarizəyə səbəb olacaqdı...

Görüntünün olası içeriği: Günel Natiq, gülümsüyor, şapka ve yakın çekim

# 6313 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #