Ölüm gələnəcəndir dostların küskünlüyü - Günün şeiri

Ölüm gələnəcəndir dostların küskünlüyü - Günün şeiri
9 iyun 2024
# 10:20

Bu gün mərhum yazıçı Günel Eminlinin həm doğum günü, həm anım günüdür. Kulis.az Könül Arifin ona ithaf etdiyi şeiri təqdim edir.

KÜLƏK ƏSƏNƏCƏN

Günel Eminliyə

Külək əsənəcəndir

Ağacların küskünlüyü:

Dinlə -

Az öncə fikrə gedən küknarlar

İndi başlarını bir-birinin çiyninə qoyub

Xısın-xısın pıçıldaşar...

Külək əsənəcəndir

Ağacların tənhalığı:

Avtobus pəncərəsindən içəri keçən

Qara tutun mehriban budaqları

Uşaqlığımıdakı insanları xatırladır mənə –

Qayğıkeş,

Əlidolu,

İstiqanlı...

Külək əsənəcəndir

Yarpaqların durğunluğu:

Bax -

Mehin müjdəsi gəldimi,

Həvəslə alqışlayar yarpaqlar

Göy üzünü!

Külək əsənəcəndir...

Külək əsənəcəndir ağacların küskünlüyü...

Ölüm...

Bilirdinmi -

Ölüm gələnəcəndir

Dostların küskünlüyü...

16.06.2023

# 1412 dəfə oxunub

Müəllifin son yazıları

# # #