[b]Tanınmış operator: “Kadrda alt paltarı görünən qadının əri...” - MÜSAHİBƏ[/b]

[b]<span style="color:red;">Tanınmış operator:  “Kadrda alt paltarı görünən qadının əri...” - <span style="color:red;">MÜSAHİBƏ [/b]
16 mart 2018
# 13:29

Müsahibim “Sahilsiz gecə”, “Qəzəlxan”, “Güllələnmə təxirə salınır” filmlərinin quruluşçu operatoru Rafiq Əliyevdir.

- Rafiq müəllim, ilk ali təhsilinzi Bədən Tərbiyəsi İnstitutunda alımısız. Sonradan kinonu niyə seçdiniz?

- Doğrusu, Bədən Tərbiyəsi İnstitutunda oxuyanda özümün də ağlıma gəlməzdi ki, foto və ya operator sənəti ilə məşğul olacam. İnstitutda Faiq Rəcəbli (tanınmış idman fotoqrafı olub - S.S.) vardı, foto sənətindən dərs deyirdi. Mənim də yaxşı fotoapratım vardı, atam jurnalist idi, xaricdən gətirmişdi. Faiq müəllim dedi ki, gətir fotoaparatı, sənə öyrədim. Nəsə öyrəndim. Sonra institutun fotoqrafı oldum, müntəzəm “Baku”, “Bakı”, “İdman” qəzetlərinə idman oyunlarndan fotolar verirdim. İnstitutu bitirəndən sonra Faiq Rəcəbliyə dedim ki, fotomüxbir işləyəcəm. Ancaq o, məsləhət gördü ki, kinostudiyada işləyim, sonra Moskvada operator təhsili alım. Gəldim kinostudiyaya, 70-ci illərin ortalarıydı. Onda operator Kənan Məmmədov Moskvada oxuyub təzə gəlmişdi. Onunla dostlaşdım, vaxtımızı bir yerdə keçirirdik. Kənanın sayəsində operatorluğa həvəs yarandı. Öncə Moskvada operatorluq kurslarına getdim, bir neçə filmdə işlədim. Sonra Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil oldum, Qalperinin emalatxanasında təhsil aldım.

- Aleksandr Qalperin XX əsrin böyük rejissorlarından biri Murnaunun “Sonuncu adam” filminin çəkilişlərinə iştirak edib. Onunla ünsiyyət, Sizin üçün mühüm təcrübə olmalıdır...

- Qalperinin Azərbaycandan ən ox sevdiyi Kənan Məmmədov idi. Kənan savadlı adamdır, Qalperinin dilində danışa bilirdi. Onun bir məşhur sözü vardı, deyirdi, gördünüz ki, ssenari yaxşı deyil, bir qürubu çəkin, bir də günəşin doğmasını. Çünki bu səhnələr həmişə gözəl alınır. Moskvadan sonra Bakıya gəlmək istəmirdim. Qalıb orada işləmək planım vardı. Qalperin bir dəfə dedi ki, eşitmişəm sən “Mosfilm”də işləmək istəyirsən, dedim, bəli. Dedi, burda ruslar illərlə quruluş ala bilmir, əyalətə gedib orada çəkirlər, ortaya bir iş qoyandan sonra paytaxta qayıdırlar, sən necə iş alacaqsan? Əvvəlcə öz vətəninə get, quruluşçu operator kimi bir filmdə işlə, ondan sonra bura gəl. “Mosfilim”in ştatında onda 105 operator vardı. Gərək seçiləydin, fövqəladə istedadın olaydı ki, səni dəvət edəydilər. Yoxsa kimin nəyinə lazımsan? Bir də operatoru rejissor seçir. O, hardan istəyirsə onu dəvət edir.

- Təcrübənizdə olub ki, rejissor işinizə sərt müdaxilələr etsin?

- Adını çəkmək istəmədiyim film var, orda rejissorla mübahisəm oldu, filmi yarımçıq qoydum. Çünki filmə dəxli olmayan təsvirlər istəyirdi. 2002-ci ildə Ələkbər Muradovun “Güllələnmə təxirə salınır” filmində operator idim. Mübahisəmiz çox olurdu, Ələkbər özü də operator idi axı. Məsələn, deyirdi, aktyoru elə çək ki, çilçıraq da düşsün. Deyirdim, orda tavanı göstərməyə ehtiyac yoxdu. Bir günlük küsüb getmisdim, bəzi epizodları özü çəkmişdi.

Ümumiyyətlə, təsvirə diqqət yetirən rejissor operatora da şərait yaradır işləməyə. Amma təsvirə diqqət verməyən o qədər rejissor olub ki, nə gəldi çəkdirir, operator məcbur olub çəkir. Operator rejissordan asılı sənətdir. Rejissor səni bəyənməyib çıxara bilər. Amma operator rejissoru bəyənməsə də işləyir məcburən. Operator işləyəndən düşünürəm, bu necə sənətdir ki, kimdənsə asılıdır.

- Ancaq bəzən rejissorun yükünü daşıyan operatorlar da olur...

- Tək-tük hallarda. Bir də ad qazanan operatorlar bunu edir. Dünya kinosunda uğurlu operator-rejissor tandemi var. Ən yaxşı operator-rejissor tandemi gözəl nəticələr verib. Məsələn, Mixalkov-Lebeşevlə işləyib çox vaxt.

- Bizdə belə tandem var?

- Xatırlaya bilmirəm. Amma Rasim İsmayılovla, Rasim Ocaqovla işləmək istəyən rejissorlar çox idi. Mənim sevdiyim operator Xan Babayevdir. Onu hamı sevir, gözəl, səhvsiz çəkirdi. Filmlər var ki, rejissor yox operator işi görünür.

- Aydın Dadaşovun “Dəvətnamə” filmində işləmisiz. Aydın müəllimlə işləmək maraqlı olmalıdır...

- Aydın özü sentimentallığı bəyənmirdi, amma o filmi sentimental çəkmişdi. Kasıb bir ailənin oğlu evlənmək istəyir, maddi imkanı yoxdu, mürəbbə ilə toyu yola verir. Bilmirəm, doğrudan belə şeylər olur, ya yox.

- Şahmar Ələkbərovla birgə işlədiyiniz “Sahilsiz gecə” qalmaqal doğurmuşdu. Çəkiliş prosesini necə xatırlayrsız?

- Hesab edirəm ki, kinoda əsl işim o filmdir. Ciddi yanaşmışıq o filmə. Şahmarın gözəl hissiyyatı, ürəyi vardı, təsvirə münasibəti həssas idi. Məsələn olurdu ki, eyni təsvirin yaxşı alınması üçün dəfələrlə çəkirdik. Məkan seçimlərinə diqqətli idi, belə olanda operator da həvəslə işləyir. Bəzi rejissorlar deyir ki, küçədə çəkək. Deyirəm, uyğun küçə seçək. Deyir, nə fərqi var, əsas küçə olsun. Şahmarın isə duyumu güclüydü, özü də təklif edirdi nələrsə.

Filmin çəkilişlərinə başlamadan öncə Şahmar müəllim Mehriban Xanlarova ilə tanış elədi ki, bir-birimizə öyrəşək, alışaq, isinişək. Onu sevə-sevə, zövqlə çəkmişəm, portretini dəqiq verməyə çalışırdım, ovqatını, daxili aləmini...

- Yəqin filmdə açıq səhnələr olduğundan rejissor istəyib, aktrisayla kontaktınız alınsın, rahat, komplekssiz çəkilsin.

- Düz deyirsiz, qəhrəmanın portretini dəqiq yaratmaq üçün bu vacib idi. Mehriban xanımın oyunu da maraqlı, istedadlıydı və bu stimul verirdi ki, uyğun rakurslar seçim. Yəni o tandem alınırdı. Eyni zamanda, Nuriyyə Əhmədovanın, Kəmalə Müzəffərlinin obrazını sevərək çəkmişəm.

Əslində, Nuriyyə Əhmədovanın rolunu İlhamə Quliyeva oynamalıydı. Şahmar onu çəkməyi çox istəyirdi. Fakturasını bu rola uyğun görürdü. İlhamə xanım ssenaridə bir vəziyyətlə razılaşmadı. İçərişəhərdə səhnə var, Nuriyyənin üzünə dondurma atırlar. İlhamə xanım dedi ki, onu eləməsələr, çəkilərəm. Amma yaxşı ki, Nuriyyə xanım oynadı, peşəkar aktrisa idi. Onun ən yaxşı rollarından biridir.

Orda bir səhnə vardı, qadınlar yerdə süpürləşir. Təklif etdim ki, təbii olması üçün bədənlərinin müəyyən hissələri də görünsün. Həmin səhnəni dinamik, hərəkətli çəkdik. Epizodun axırına yaxın birinin donu tamamilə açılır, alt paltarı görünür. Epizod bitdi, hamı aktrisalara əl çaldı. Çıxdıq siqaret çəkməyə. Assistentimiz vardı, aktrisalardan birinin yoldaşı idi, məni “razborkaya” çağırdı. Şahmar aranı sakitləşdirdi. Əslində, o səhnədə elə bir açıqlıq yox idi.

- Qalmaqallı oldu film?

- Əvvəla deyim ki, film çəkiləndən sonra Tofiq Tağızadə dedi ki, o ssenarini mənə də təklif eləmişdilər, qorxdum, çəkmədim. Əbdül Mahmudov da ssenaridən imtina eləmişdi.

Premyera mitinq keçirilən günlərə təsadüf edirdi. O vaxt filmlər ilk dəfə mərkəzi televiziyada göstərilirdi. Kinostudiyanın direktoru Ramiz Fətəliyev zəng vurdu Moskvaya, dedi, filmi verməyin, burada hadisələr baş verir, uyğun zaman deyil. Filmi düzgün qarşılamaya bilərlər. Buna baxmayaraq, acığa saldılar proqrama. Həmin dövrdə hamı meydanda idi. Bir dəstə adam hücum çəkdi kinostudiyaya Şahmarın üstünə. Nuriyyə Əhmədovanın obrazı erməni idi, qızları fahişəliyə təhrik edirdi. Dedilər, siz ermənini təbliğ edirsiz. Əslində, filmdə motiv Stalin qurbanlarını göstərmək idi. Qəhrəmanın ata-anasını sürgün edirlər, təcavüz edirlər, amma heç kəs onunla maraqlanmır, qayğısını çəkmir. Burada qadının tənhalığını, cəmiyyətdən təcrid olunmasını, rədd edilməsini qabartmaq istəmişik. O, hər yerdə tənhadır, bazar sənələrində - qələbəliyin içində belə... Müzakirə olunmalı məsələlər bunlar idi.

- O dövrdə bu təbiidir. İnsanların əsəbi, qıcıq olan vaxtıydı.

- Razıyam. Mən özüm də meydanda çəkənlərdən biri idim. Onda adamlar istəyirdi ki, olmayan şeyi də gözəl çəkib milli ruhda göstərək.

- Şahmar Ələkbərov sonra sizi “Qəzəlxan” filminə dəvət elədi.

- O başıbəlalı film idi. Çox çətinliklər gördüm. Kinolentlər keyfiyyətli deyildi, kamera tez-tez xarab olurdu. Texniki problemlər çox idi. Axırda Alim Qasımov Şahmara dedi ki, qardaş, bu aparatın biri neçəyədi, alaq, canımız qurtarsın. Böyük kamera ilə işləyirdik. Pis vaxtlar idi. Çox sıxıntılar vardı. Lent ya tapılırdı, ya tapılmırdı. Bir dəfə Şahmar gecə zəng elədi ki, lent tapmışam, gəl çəkilişə. Amma lentin parametrlərini də yoxlamaq lazımıydı. Heç yoxlamayıb elə çəkdik. Filmdə yer var, Vahid damda qəzəl deyir. Onu gecə lent tapıb çəkmişik. Bir dəfə də Şamaxıda çəkiliş elədik, yoxlayanda gördük ki, zay çıxıb. Texniki səhvlər çox olurdu. Amma yaxşı epizodlar da var.

Ümumiyyətlə, bu filmdə Şahmarın istədiyi təsviri vermək çətin gəlirdi, texniki problemlərlə, şəraitsizliklə bağlıydı. Ola bilsin, təcrübəm də yetərincə deyildi. Narazyıam o filmdən. Ancaq zövqünə inandığım adamlar deyir ki, filmdə ovqat var.

- Sponsor maliyyəsi ilə çəkilmişdi?

- Şamaxıdan yeni yaranmış bankın rəhbəri əvvəldən bir az pul buraxdı, sonra dedi, pulum yoxdu.

Sponsorun ilk sözü bu oldu ki, Həmidə Ömərova çəkilsin. Onun fanatı idi. Biz də dedik, onun libaslarını tikdirmək lazımdır. Dedi, mən tikdirərəm. Sonra imkanı olmadı. Şahmar başladı başqa maliyyə mənbələri axtarmağa. Kömək edənlər oldu...

Amma yaradıcılığımın ən yaxşı dövrü keçid dövrünə düşdü. Bəxtim gətirmədi.

- Yaradıcı hansı şəraitdə olur-olsun özünü realizə etməyə çalışır. O dövrdə sənədli film üçün zəngin material vardı çəkməyə.

- Çətin idi. İmkan olsaydı edərdim, hesab elədim ki, imkan yoxdur. Moskvada, Almaniyada fərqli işlərlə məşğul oldum.

- ANS də, deyəsən baş operator işləmisiz?

- Məndən əvvəl Kənan Məmmədov idi baş operator, o, sonra kinostudiyaya getdi. Onu mən əvəz elədim. Amma kino üçün darıxırdım, hər dəfə çıxmaq istəyəndə Seyfulla Mustafayev maaşımı qaldırırdı. Bu minvalla dörd il işlədim. Sonra Elxan Qasımov dəvət elədi “Biz qayıdacağıq” filminə. Bu filmi çəkəndə də kamera elə pis idi, fokusu görmürdük. Dörd nəfər baxırdıq, fokusu güclə görürdük.

İndi ARB TV-nin "Aranfilm" yaradıcılıq mərkəzində işləyirəm.

Bir gün Babək Abbaszadə adlı cavan oğlan zəng elədi, dedi, “Sahilsiz gecə” filmi haqda sənədli film çəkmək istəyirəm. Səksəndim ki, mən də yada düşərəmmiş. Çünki unudulmuş adamam. Görüşdük, gördüm lap cavandır . Dedi, “Aranfilm”ə işə girmək üçün bu filmi çəkməliyəm, mühümdür. Kövrəldim. Çəkdi, işə qəbul olundu. Ondan da əvvəl “Aranfilm”in rəhbəri Tahir Tahiroviçlə tanışlığım vardı. Demişdim, iş olsa deyərsən. Burda operatora ehtiyac olanda Babək yadlarına salmışdı. Bura gələnədək 7-8 il idi çəkmirdim. Yeni texnikaya alışmaq əvvəl bir az çətin oldu. İndi alışmışam. Zövq alıram, məsləhətlər verirəm. Gənclərin də fikrinə hörmət edirəm.

# 2673 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #