“İstəyirəm qardaşımla teatrım olsun”

“İstəyirəm qardaşımla teatrım olsun”
14 iyun 2013
# 12:00

Teatr sintetik sənətdir. Zaman-zaman onun əsas fenomeni dəyişib, teatr alqışlar qabağına gah dramaturqu, aktyoru, rejissoru çıxarıb...

Halbuki, bəzən bir tamaşaya rəssamın qurduğu dekordan baxdığımız olur, o tamaşanın ideya xəttini səhnə tərtibatında görürük. İllər əvvəl Sumqayıt teatrının “Şah” tamaşasındakı dekor tamaşanınaz qala yarıdan çoxunu həll etmişdi; dar ağaclarını xatırladan düzbucaqlı çərçıvələr bir xacə hökmdarı tənhalığını, biçilmiş taleyinin çıxılmazlığını, qorxularını necə göstərə bilirdi?

Səhnəyə çıxan şahı həmən o qorxu və tənhalıq bürüyürdü. O tamaşanın rəssamı Mustafa Mustafayev idi. Mustafa “Aktrisa”, “Günaydın mələyim”, ”Çalış nəfəs alma” kimi filmlərdə rəssam işləyib, on ildən artıqdır ki teatr tamaşalarına səhnə tərtibatı verir. Paralel olaraq interyer dizayn işi ilə də məşğul olur.

-Mustafa, “teatr dekor sənəti”ni bitirmisiniz?

-Mən Rəssamliq Akademiyasının qrafika fakültəsini bitirmişəm. Kompozisiyadan çox yaxşı müəllimlərim olub və bu günkü işimə görə onlara çox minnətdaram. Həm də mənə teatr dekor rəssamlığını öyrənmək lazım olmayıb. Teatrda böyümüşəm. Anam aktrisadır. Atam geyim üzrə rəssam olub. Rusiyada təhsil alıb. Orda qalıb işləməyi təklif ediblər, amma bura qayıdıb. Təəssüf ki, onun işlədiyi zamanlar teatr üçün yaxşı deyildi. 90-cı illərdə teatr kimə lazım idi ki...

-Rəssam az qala rejissor qədər tamaşanın həmmüəllifidir. Bizdə bu nə qədər ağlabatandır? Mənim gördüyüm məşqlərdə rəssam əsərdən, rejissor ideyasindan təxəyyülündə yaratdığını yox, rejissorun arzuladığı fonu, auranı yaradır. Halbuki onun da ideyaya bir o qədər haqqı var.

-Balaca bir nümunə danışım. Mikayılla “Şah və Şair”i hazırlayanda üç ay yayda yanaşı olan bağ evlərində bu barədə danışıb mübahisələr etdik. O qədər söhbətin nəticəsində ümumi sistem barədə bir fikrə gəldik. Hər bir iş bu prosesi keçməlidir. Dialoqlardan, fikirlərdən, mübahisələrdən keçməlidi, rəssama maraqlı olmalıdır. Yaxşı rejissorla beləıdir. Amma çox vaxt praktikada belə olmur. Tamaşa qurmaq fabrikdə işləmək deyil ki hərə bir işi görsün və sonda birləşdirsinlər. Elə rejissor var ki ona rəssam yox, mühəndis lazımdı. Bir formanı götürsün və işləsin.

-Sizcə bu münasibətin kökündə nə durur? Axı hər yaradıcı adam formanın necə vacib olduğunu bilir. Forma daha çox şey deməlidisə...

-Mən belə hesab eləmirəm. Forma çox güclü olsa, dekorlar çox söz desə, aktyoru sıxışdırar.

-Hər halda rəssam işinə də lazımi əhəmiyyət verilmir...

-O düzdür ki rəssamı ikinci planda görənlər var. Mənim də elə bir dövrüm olub ki onların istədiyi standart dekorasiyalar işləmişəm. Amma mən Vaqif İbrahimoğludan çox şey öyrəndim. Artıq mənə standart iş işləmək maraqlı olmadı. Mən Mikayıl, İradə Sayya kimi gənc rejissorlara minnətdaram. Onlarla işləmək maraqlıdı. Düşünmək maraqlıdır. İradə çox maraqlı, qeyri adi rejissordur. Bizim aləmdə o Lady Gaga kimidi. Gülür.

-Bizim teatrda rəssam nə qədər müəllif ola bilir?

-Dediyim kimi, rejissordan asılıdır. Hərçənd mən məni əzən, maraqlı olmayan rejissorlarla işləmirəm. əvvəllər güzəştə getdiyim olub. O tamaşalar da cansız olub. Yaxşı olmayıb. Amma indi yox.

-Son işiniz olan “Şah və şair” tamaşası haqqında deyilən fikirlər içində dekorla bağlı təkrarlanan bir fikir oldu. Səhv eləmirəmsə dramaturq da bu fikri demişdi: Sanki teatrın texniki imkanlarından acgözlüklə istifadə olunub, ifrata varıblar...

-Əvvəla nə istifadə etmişik ki? Sonra da niyə görə etməməliyik? Axı bu fikir gülməlidir. Bunu teatr dekor işini bilməyən adam deyə bilər. ən pisi odur ki bu barədə teatrşünaslar, sənətşünaslar, mütəxəssislər danışmır. Mən onlardan rəy eşitmədim.

Sizə bir şey danışım. Bir dəfə Loğman Kərimovun “Səhvlər komediyası”nı hazırlamışdıq. Bu, onun ən yaxşı tamaşalarından biridir. Premyerada baxanda tərtibatda ciddi bir səhv gordüm. Təsəvvür edin ki, bunu bütün iş prosesində görə bilməmişəm. Səhnə fırlananda iki eyni formalı dekorun yerində olmadığını gördüm. Və bunu eyni şeyi mənə az sonra Aydın Talıbzadə premyerada dedi. Ona təşəkkür etdim. Bilirsiniz, mütəxəssis fikri çox vacibdir.

-Bir teatr adamının qarşısına çıxan ən böyük problem nədir?

-Bilirsiniz ki, burdan çox qazanmırıq. Rəssam yaxşı iş görməyə məcburdu. Onun başqa seçimi yoxdur.

-Xaricdən teatrlarımıza rəssamlar dəvət olunur və onlar yüksək məbləğdə qonararla gəlirlər. Siz bir teatr rəssamı kimi onların işini necə qiymətləndirirsiniz?

-Teatrşünas deyiləm. Mənim onların işi haqda nəsə deməyim qeyri-etik olar. Mən bəzilərinin eskizlərini görmüşdüm. İdeya baxımından çox gözəl idi. Onu texniki cəhətdən necə reallaşdırırlar, bu başqa məsələdir..

-Məgər bizim teatrlar texniki baxımdan standartlara uyğun təchiz olunmayib?

-Əlbəttə ki, təchiz olunub. Standartlara da uyğundur. Sadəcə olaraq texniki işçi, kadr problemi var. rəssamın işinin yarısı bu yerdə itirilməsin. Bu sahədə on nəfər işi bilən ola ya olmaya. Mənim ən yaxşı təcrübəm Akademik Mili Dram teatrında oldu. Quruluş hissə müdiri İlham Əsgərov çox bacarıqlı adamdır.

Bilirsiniz, hər şey nəticədən asılıdır. Sən eskizdə çox şey edə bilərsən, amma nəticədə, texniki reallaşdırmada on beş faizi qalır bəzən. Işıq üzrə rəssam. Bu elə peşələrdir ki illərlə oxumaq lazımdır.

-Rəssamsız keçinən rejissorlar var?

-Var. məsələn Vaqif Əsədovun çox gözəl duyumu var. ona rəssam lazım deyil. Belə rejissorlar olur. Amma məncə yenə də rəssamla məsləhətləşmək lazımdır.

-Televiziyadan bəzən zəngin və məşhur adamların evlərinin interyerini göstərirlər. Bu qədər para xərclənsə də ev zövqsüz və qaba görünür...

-Çünki peşəkarlar azdır. Peşəkar onun zövqünü nəzərə alaraq çox yaxşı interyer yarada bilər. Bir də belə bir şey var- əgər xoşuna gəldisə qəbul olunur, gəlmədisə qəbul olunmur. Yaxşı işdən yaxşı müştəri çıxır.

-Adamlar evində nə istəyir?

-Evdə ilk növbədə rahatlıq istəyirlər. Amma hər şey orada yaşayan adamlardan asılıdır. O evi onlar canlandırır, divarlara əşyalarda öz enerjilərini qoyurlar. Auranı insanlar yaradır. Biz dekorlar qururuq. Amma onu əslində insanlar doldurur. Bilirsiniz... əsas insanın daxili dünyasıdır. Məni ən çox qorxudan evlərdəki yox, insanların gözlərindəki boşluqdur. Uşaqların mənalı dolu gözlərinə baxıram, təsəvvür edəndə ki, onların da nə zamansa gözləri belə boş ola bilər, məni dəhşət bürüyür...

-Yaşadığımız zamanın kapitalist dünyagörüşü, istehsalın və istehlakın reklam, marketinq və s kimi törəmələri hər şeydən istifadə etməyi öyrəndi. Zamanında ehtiyac çəkən rəssamlar və ya onların əsərləri indi hansısa element şəklində brendləşir, və ya istehsala qoşulur. Buna Rəssamlıqdan törəyən dizaynerlik kimi sənətlər yardımçı olur. Dərin daxili dünyası olan bir sənət əsəri yalnız zahiri görüntüyə hesablanmış qlamura xidmət edir. Ümumiyyətlə, öz işinizdə bu ziddiyyəti hiss edirsinizmi?

-Qlamur anlayışı həmişə mövcud olub, interyer dizaynerlər də həmişə olub, barokko, ampir, klassizm, intibah kimi üslublar yaradıblar. Yəni memarlar həmişə məkan yaradıb, rəssamlarsa onu doldurub. Brend anlayışı isə rəssamın qəbul olunması, şöhrət tapması ilə bağlıdır. Ölümündən əvvəl, və ya sonra. Bu həmişə belə olub və olacaq, mən burada bir ziddiyyət görmürəm. Burada bəxti gətirmək məsələsi var, səni ya sağlığında ya da öləndən sonra qəbul edirlər. Bax belə... Bir də, siz teatr rəssamı deyirsiniz. Amma bütün dünyada buna dekor üzrə dizayner deyilir. Bir də geyim üzrə dizayner var. Teatr rəssamı deyən yoxdur. Teatr bir konstruksiyadır və model demək olar ki interyer dizaynla eynidir. Orada da burada da konsepsiyanı canlandırırsan.

-Rəngkarlıqla məşğul olursunuz? Emalatxananız var?

-Hə. Atamdan qalan emalatxanada işləyirəm.

-Bir rəssam kimi nə arzunuz var?

-Turalla (qardaşı rejissor Tural Mustafayevi nəzərdə tutur) mənim bir teatrım olsun. Orda işləyim...

# 2952 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #