Azərbaycan teatrını Devid Linçə nə bağlayır? - Festival

Azərbaycan teatrını Devid Linçə nə bağlayır? - <span style="color:red;">Festival
5 mart 2019
# 17:40

Kulis.az teatrşünas Fəridə Cəlilovanın “Mulholland Drive və Xaqani küçəsi” adlı yazısını təqdim edir.

Bir nəfər kafedə oturub tanışına yuxusunu danışır: təkrar-təkrar gördüyü yuxuda daim qorxunc bədheybətlə qarşılaşan qəhrəman yoldaşı ilə birgə həmin yerə gedib kiminləsə rastlaşıb-rastlaşmayacağını yoxlamaq istəyir. Budur, onlar kafedən çıxır, arxa həyətə keçir, pilləkənlərlə aşağı enirlər və qəribə yuxu görən qəhrəman qəfil divarın arxasından peyda olan bədheybətlə üzləşərək huşunu itirir…

Siyahılar hər yerdə, siyahılar ətrafımızı bürüyüb. Amma onların tənqidini saxlayaq başqa vaxta. BBC-nin 2016-cı ildə apardığı sorğuya əsasən, Devid Linçin “Malholland drayv” filmi XXI əsrin ən yaxşı filmləri siyahısına başçılıq edir. Nədir yaradıcı adamları bu filmi belə dəyərləndirməyə məcbur edən? Axı ABŞ (ya sadəcə Hollywood) kino sənayesinin sualtı cərəyanlarından bəhs edən filmin bizə nə aidiyyəti ola bilər? Ancaq heç nə bizə öz daxili “bədheybətləri” ilə üz-üzə qalan insan obrazını incəsənətdən fərqli digər sahələrə köçürməyə mane olmur. O başqa söhbət ki, məhz sənət adamlarının bu cür məsələlərdə qurdalanmağa vaxtı, imkanı var və hətta buna görə onlar pul alır. “Malholland drayv” biz tamaşaçılara insanların arzularının gerçəkləşməsi üçün nəyə hazır olduğundan danışır, sonda isə qəhrəmanı bu hadisələrin iştirakçılığından çıxarıb baş verənlərə kənar müşahidəçi gözü ilə baxmağa vadar edir. Özünün bədheybətliyini anlayanların başlarına güllə çaxmaqdan başqa çıxış yolu qalmır.

İndisə yollanaq Bakı şəhərinə, Xaqani küçəsinə. Mövzu teatrdır. Haqqında danışacağım tamaşalardan birinə “Yuğ” Teatrının səhnəsində baxmışam. Kukla Teatrının binası da Xaqani küçəsində yerləşmir. Amma Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” II Eksperimental Tamaşalar Festivalının təşkilatçılarından biri olan Teatr Xadimləri İttifaqı, digər yaradıcılıq istiqamətli ittifaqlarla birgə, məhz bu ünvanda qərarlaşıb.

Festivalın ilk dörd günü geridədir və mən baxdığım tamaşaların bağışladığı ümumi təəssüratla bölüşmək istəyirəm. “YUĞ” Teatrının təqdim etdiyi “Medeya. Sekvensiya – 01” və “HUMAN” Teatrının hazırladığı “Qara adam” tamaşaları yaradıcı insan portretləri (ya siluetləri?) yaratmaq cəhdləri ilə seçildi.

“Yuğ” Teatrının tamaşası Klimin (Vladimir Klimenkonun) “Medeya teatrı” pyesi əsasında Mikayıl Mikayılov tərəfindən hazırlanmışdır. Tamaşada teatrın aparıcı aktrisaları – Sonaxanım Mikayılova və Gülzar Qurbanova tamaşaçıları öz etiraflarına qərq edirlər. İki aktrisanı canlandıran ifaçılar Medeya obrazı ətrafında mükamiləyə başlayırlar. Aktrisalar Medeyanı “əvvəlki” və “sonrakı” olmaqla iki fərqli obrazda təqdim etməyi nəzərdə tuturlar. Bəs bu dəfə insan haqqında bilmədiyimiz daha nələri söyləmək üçün barbar cadugər bəhanə kimi çıxış edəcək? Dramaturq Vladimir Klimenkonun “Medeya teatrı” pyesində Hayner Müllerin təsiri aşkar duyulur. Alman dramaturqun məşhur triptixinin “Medeya: material” fraqmentində səslənən: “Qocalmaq ölümdən betərdir” – cümləsi sanki Klimin pyesinin leytmotivinə çevrilir. Bu dəfə Medeya haqqında mif barbarlarla sivilizasiyanın toqquşmasından deyil, qadının zamanla barışmaq cəhdlərindən bəhs edir. Ah, mən sadəcə qadın dedim? Söhbət axı elə-belə qadından deyil, AKTRİSAdan gedir. Xüsusulə də, Yuğun tamaşasında. Əgər Klimin pyesində biz Yasonun sevgisinin bitdiyini anladıqdan sonra qanadlı faytona minib digərlərinin hələ öyrənməli olacağı biliklə silahlanan Medeya ilə sevgidən gözükor Medeyanı da əsərin eynihüquqlu personajı kimi qəbul ediriksə, “Medeya. Sekvensiya – 01”də hər iki aktrisa obrazlarının tərəddüdləri qabardılaraq tamaşanın başlıca mövzusuna çevrilir. “Sekvensiya”, çünki “hər şeyin təkrarlandığı dünyada heç nəyi təkrarlamaq olmur”. “Medeya. Sekvensiya – 01” sanki eyni insanın həyatının müxtəlif dövrlərinin fərqli personajlar vasitəsilə canlandırılmasıdır. Bu ideyanın açılmasında məhz aktyor ifası məxsusi vurğulanmalıdır. Sonaxanım Mikayılovanın qəhrəmanı gənc Medeyanı oynayacaq aktrisaya az qala həqarətlə yanaşır, ancaq sonda görürük ki, Gülzar Qurbanovanın qəhrəmanı bütün əsər boyu mübahisə etdiyi həmkarının dediklərinə gəlməyə hazırdır – yoxsa bu görüşün mənası olmazdı.

Festivalın haqqında danışmaq istədiyimiz növbəti tamaşası “Qara adam”dır. Monotamaşasının rejissoru Şamil İbrahimov həm də yeganə rolun ifaçısı idi. AzTXİ-nin böyük səhnəsində göstərilən tamaşada “alter ego”yla görüş Sergey Yesenin poeziyası sayəsində gerçəkləşdi. Şairin yardıcı böhranını göstərən yazılıb tullanmış kağız topaları bütün səhnəyə səpələnib. Mərkəzdə qara adamın qonaq gələrkən oturmağı xoşladığlı kürsü yerləşir. Budur, qarşımızda şair obrazı canlanır. Səs tembri ilə işıqlı nələrisə vəd edən şair yorğun, əzgin, üzgün görünür. Fonda Ancelo Badalamentinin “Tvin Piks” (yenə də Linç – bu mövzunu kinoda ondan çox işləyən olmayıb) üçün yazdığı musiqi ovqatında motiv səslənir, dərhal məşhur serial qəhrəmanlarının ikiləşməsi xatırlanır. Ancaq bizim halda şairin ikiləşməsi qəhrəmanın iradəsindən kənar mövcud olan xeyir və şər başlanğıclarının mübarizəsindən ibarət deyil. Qara adam şairin törəməsidir. Hər şey əvvəlcədən həll olunub, çıxış yolu yoxdur. Sonda Rekviyem səslənməlidir.

Məni bir gün fərqlə oynanılan bu iki tamaşanın tematik səsləşməsi sevindirdi: sanki festival tamaşalarının ardıcıllığı qəsdən müəyyən ovqat yaratmaq üçün düşünülüb. Əlbəttə, bunun belə olmadığını da təxmin edirəm, sadəcə teatrşünaslar təlqinsiz keçinə bilmir…

# 2459 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #