“Özümü aktyor hesab etmirəm, sadəcə aktyor olmaq istəyirəm” MÜSAHİBƏ

 “Özümü aktyor hesab etmirəm, sadəcə aktyor olmaq istəyirəm” MÜSAHİBƏ
25 yanvar 2013
# 11:38

“Yuğ” Teatrının aktyoru, bir çox filmlərində yaddaqalan rolların ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfanın (Məmmədsəfa Qasımov) APA-ya müsahibəsi

- Uzun illərdir Yuğ Teatrında çalışırsınız. Bu mədəniyyət ocağının yaradıcısı Vaqif İbrahimoğlunun vəfatından sonra teatrın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu gün bizim teatrda həm yaşlı, həm orta nəsil, həm də gənclər arasında çox istedadlı insanlar var. Bütün bunlara görə biz yenə də Vaqif müəllimə borcluyuq. Hər birimizin bir sənətçi kimi yetişməsində Ustadın rolu danılmazdır.

- Hər birimizin çox sevdiyi, sənətdə öz yolu olan Vaqif İbrahimoğlu Azərbaycan mədəniyyətinə bənzərsiz Yuğ Teatrını bəxş etdi. Bəs bizlər onun üçün nələr etdik? Sizcə yaratdığı bu teatrın Vaqif İbrahimoğlunun adını daşıması onun ruhunu sevindirməzdimi?

- Vaqif müəllim gəldi, üzərinə düşən missiyanı yerinə yetirdi və çıxıb getdi. İstər rəsmi şəkildə, istərsə də qeyri-rəsmi, onsuz da bu teatr Vaqif müəllimindir və həmişə onun adı ilə bağlı olacaq. Bu, kağız üzərində ola da bilər, olmaya da bilər. Əsas odur ki, bizim ürəyimizdə, qəlbimizdə elədir. Bu teatrı məhz bu kişi yaradıb, milli mədəniyyət prosesinin faktına çevirib.

- Yuğ Teatrı tamaşaçının ən çox ehtiyac duyduğu bir sənət məbədgahıdır desəm, yanılmış olmaram. Amma təəssüfləndirici hal odur ki, teatrın istər səhnəsi, istərsə tamaşaçı zalı çox kiçikdir. Çətin deyil? Böyük səhnələrdə çıxış etmək istəməzdiniz?

- Məkan balaca ola bilər, əsas odur ürəklərimiz böyükdür. Bura nə qədər kiçikdirsə, bir o qədər tamaşaçıya daha yaxındır. Yəni aktyor tamaşaçı ilə daha da sıx təmasda, canlı ünsiyyətdə olmağı bacarır. Məhz bu məqam aktyor üçün geniş bir məkan açır.

- Yəqin ki, vaxtaşırı Azərbaycanın digər teatrlarında hazırlanan tamaşalara gedirsiniz. Tək Yuğ Teatrının yox, bütün Azərbaycan teatrının hazırkı durumunu necə təhlil edərdiniz?

- Bir məqamı vurğulamaq istərdim ki, bu gün teatrlarımızda çox istedadlı aktyorlarımız var, bunun özü artıq çox şey deməkdir. Qaldı nəyinsə çatışmamağı, nəyinsə az olması, kimlərisə nəyinsə qane etməməyi, bu, istənilən dövrdə olub və bu gün də olacaq. Bilmirəm, siz məndən nəyi eşitmək istəyirdiniz, amma mən belə düşünürəm. Hesab edirəm ki Azərbaycan teatrı bu gün çox işlək bir vəziyyətdədir.

- Hər halda çiçəklənən dövrünü yaşamır...

- Əgər yaşamırsa, yəqin bunun da müəyyən səbəbləri var. Sadəcə biz - bunu tək öz adımdan yox, bütün yuğçular adından deyirəm – işimizlə məşğuluq və sadəcə işimizi görürük. Yəqin ki, digər teatrlar da bu işlə məşğuldurlar. Yaşayaq və görək teatr prosesi hara gedib çıxır. Amma bir şeyi dəqiq deyə bilərəm ki, teatra hər zaman ehtiyac olub və həmişə də olacaq. Tamaşaçı canlı aktyorla ünsiyyətdə olmaq istəyir və bunun yeganə yolu teatra gəlməkdir.

- Bəs tamaşaçı marağından kənar qalan, izləyici cəlb etməyən və bu səbəbdən də tamaşaçı zalı boş qalan teatr fəaliyyət göstərməlidirmi? Tamaşaçını teatra cəlb etməyin hansı yolları ola bilər?

- Düz deyirsiniz, tamaşaçının teatra cəlb edilməsi üçün ardıcıl tədbirlər görülməlidir. Tamaşaçını teatra öyrətmək lazımdır. Tamaşaçı teatr üçün hava, su kimi bir şeydir. Amma tamaşaçı bir neçə ildir sanki teatra getmək vərdişlərini yadırğayıb. Qəribə şeydir, biz tələbə olanda teatra çox güclü tamaşaçı axını var idi. Tamaşaçı bu gün də teatra gəlmək istəyir, amma məişət məsələləri onu çox məşğul edir. Bir tikə çörək qazanmaq, yaşamaqdan ötrü tamaşaçı teatrdan qaçır. Yəqin ki, bütün bunlardan dolayı teatra gəlməyə zamanı qalmır. Elə buradan tamaşaçılara bir ismarıc göndərək – əzizlərimiz, mümkündürsə teatra gəlin...

- Sizcə, tamaşaçı bu gün teatra gəlib nə tapacaq, nə qazanacaq, gənclik nə götürəcək? Ümumiyyətlə, nə isə tapacaqmı?

- Bu suala məhz tamaşaçı cavab verməlidir. Onun nəyə ehtiyacı varsa, onu tapsın. Qəlbində o boşluğu hiss edirsə, teatra gəlsin.

- Siz bu gün tamaşalara baxanda ruhunuzu qidalandıra bilirsinizmi?

- Dəfələrlə ruhumu qidalandırmışam. Tamaşaçının teatrdan narazı olması fikri ilə qəti şəkildə razı deyiləm. Tamaşaçı ola bilsin ki, teatrla sıx əlaqədə deyil və o səbəbdən də narazıdır. Bu gün Akademik Milli Dram Teatrında çox gözəl tamaşalar var. Teatrlarımızın əksəriyyətində elə aktyorlarımız var ki, heç də digər məmləkətin aktyorlarından geri qalmırlar. Bunun özü məgər göstərici deyil? Tamaşaçı nə istəyir? Gəlsin o aktyorlara tamaşa etsin. Hər bir teatrın öz tamaşaçı auditoriyası var.

- Hesab edirsiniz ki, teatrlar yetəri qədər mükəmməl iş ortaya qoyur, amma tamaşaçının məişət qayğılarından teatrlar boş qalır. Aktyor üçün tamaşaçı zalının boş olması nə deməkdir?

- Tamaşaçı zalının boş olması tamaşanın öz keyfiyyətini yarıbayarı itirməsi deməkdir. Yuğ Teatrının təxminən 50 nəfərlik tamaşaçı zalı var. Təsəvvür edin, çıxırsan və görürsən beş tamaşaçı oturub. O da mümkün deyil ki, bu hal tamaşanın gedişatına təsir göstərməsin. Təbii ki təsiri güclü olacaq, sözsüz ki, bu, arzu olunan bir hal deyil. Allaha şükür, Yuğ Teatrının bu sarıdan şikayəti yoxdur.

- Hazırda Yuğ Teatrının qrim otağındayıq. Qrim otağı çox kiçikdir, bir neçə aktyor bu balaca otağa necə sığışır?

- Əlbəttə, genişliyi kim istəmir ki... Bizim tamaşamız olanda bütün kişi aktyorlar gördüyünüz bu otaqda cəmləşirik və hamımız bir-birimizə söykənə-söykənə hazırlaşırıq. Bu mənada, müəyyən qədər darısqallıq var. Əsas odur, ürəklərimiz geniş olsun.

- Diqqətçəkən məqamlardan biri də odur ki, illərdir fəaliyyət göstərən Yuğ Teatrının adı nə hansısa münaqişələrdə hallanıb, nə də burada çalışan aktyorlar hansısa mövzu ilə bağlı şikayət ediblər.

- Bu teatrı yaradan kişinin öz şərtləri, qoyduğu qanunlar vardı. O qanunlar bu gün də var və hər birimiz bu qanunlara riayət edirik. Nə qədər ki, bu teatr olacaq, bu qanunlar da dəyişilməz qalacaq.

- Son illər kinoda oynadığınız müxtəlif rollar çoxsaylı tamaşaçı marağına səbəb olub. Hətta deyərdim ki, Məmməd Səfa adı müasir kinoda ən aktual olan aktyorlar sırasındadır. Bir çox aktyorların kameraya həsrət qaldığı bir vaxtda aktuallaşmağı necə bacardınız?

- Mən deməzdim bu belədir, çünki bizim kinoda işləyən çox gözəl aktyorlarımız var. İlk dəfə filmə 1994-cü ildə çəkilmişəm. Həmin il mərhum rejissor Tofiq Tağızadə “Köpək” filmini çəkdi və məni bu filmdə baş rola dəvət etdi. İlk dəfə həmin il kamera ilə üz-üzə gəldim. Daha sonra, Gülbəniz Əzimzadə bir film çəkdi. Sonra “Ovsunçu”, “Cavid ömrü”, “Hökmdarın taleyi”, “Tərsinə çevrilmiş dünya”, “Dolu” filmlərinə çəkildim. Həmişə ehtiyat edirdim ki, özümü doğrulda bilmərəm. Amma iş prosesində anladım ki, Azərbaycan aktyorları istənilən ölkənin aktyorları ilə üz-üzə gəlib öz sözlərini deməyə qadirdirlər. Allah elə imkan versin ki, bu aktyorlar öz potensiallarını sınamağa imkan tapsınlar. Sadəcə, mən müəyyən mənada, bu sınaqdan keçə bildim.

- Sizcə, rejissorların Sizə tez-tez müraciət etməsinin səbəbi nədir? “Cavid ömrü” filmindəki İblis obrazından sonra çoxları düşündü ki, elə həyatda da o keyfiyyətlərin daşıyıcısınız. Amma “Dolu”dakı komandir rolunuzla tamaşaçıya fərqli ab-hava yaşatmağı bacardınız.

- Mənə elə gəlir ki, bu həm də qismətdir. Bir aktyor kimi mənə bu cür yanaşdıqları üçün xoşbəxtəm. Başımızı aşağı salıb, işimizlə məşğuluq, bir yoldur gedirik. Sənət yolu.

- Necə bilirsiniz, Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə bağlı deyilənlər, yazılan tənqidlər həqiqətdirmi? Son illər bu sahədə keyfiyyətli işin ortaya qoyulmamağı fikri ilə razısınızmı?

- Mən bununla qətiyyən razı deyiləm. Doğrudur, yeni filmlərimizin sayı azdır. Çox istərdim ki, yeni filmlərin çəkilməsi daha da intensivləşsin. Amma sevindirici haldır ki, milli kino sənətimizin müsbət ənənələri davam etdirilir. Bu durumu qənaətbəxş hesab etmək olar. Məsələn, sonuncu filmlərdən biri Mirzə Fətəli Axundzadə haqqında “Sübhün səfiri” filminin kimə necə təsir bağışladığını deyə bilmərəm, amma şəxsən mənə çox gözəl təsir etdi. Bunu səmimi deyirəm.

- Amma bu filmlə bağlı xeyli tənqidi fikirlər səsləndi. Görünür, Siz ümumiyyətlə narazı olmağı və şikayət etməyi bacarmırsınız...

- Ağır, böyük, çətin film idi. Filmdə çox gözəl aktyor işi var idi. Bəli, texniki cəhətdən imkansızlıqlarımız var. Bir faktı qeyd etmək istərdim – “Dolu” filminin bütün avadanlığı Gürcüstandan gətirilmişdi. Ümid edirəm ki, bu problem də öz həllini tapacaq və texniki problemlər ortadan qalxacaq. Yaxşı film milyonlara pula başa gələn şeydir. Filmin büdcəsi nə qədər böyük olsa, filmin baxımı və səviyyəsi də bir o qədər ürəkaçan olar.

- Vaxtilə texniki təchizatın daha kasad olduğu zamanlarda Azərbaycan öz filmləri ilə bütün Sovet məkanında uğur qazanırdı. Amma bu gün, bütün dünyada kino sənətinin bu qədər inkişaf etdiyi bir dövrdə Azərbaycan kinosunda niyə bu hal baş verir? Kimdir müqəssir, nədir səbəb?

- Problem bu gün tək kinoda deyil, bütün sahələrdə problemin olduğunu görərik. Elə bir sahə varmı ki, orada problemimiz olmasın? Problemi əsas gətirib, işimizi görməsək, lap pis duruma düşərik. Həmin ağızdolusu danışdığımız Sovet dövründə problemlər yox idi? Bu bir faktdır ki, bu gün çəkilən filmləri tamaşaçılar görmür. Filmlərin nümayişi üçün kinoteatr şəbəkəsi yoxdur.

- Gəliriniz Yuğ Teatrından və filmlərdə oynadığınız rollara görə aldığınız qonorardan ibarətdir? Əldə etdiyiniz gəlirdən razısınızmı? Çətinliyiniz olur?

- Yuğ Teatrının aktyoruyam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentiyəm, eyni zamanda çəkildiyim filmlərdən qonorar alıram. Mən özümü aktyor hesab etmirəm, sadəcə aktyor olmaq istəyirəm. Bu çox böyük, dəyərli bir sənətdir. “Mən aktyoram” demək çox çətindir. Aktyorluğa bir insan ömrü bəs etmir. Ömür bəs etmir... Aktyorun silahı onun ruhu və qəlbidir.

- Fəxri ad necə, gözləntiləriniz var?

- Nə olacaqsa, olacaq...

- Bu gün Azərbaycanda iki Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərir. Siz bu iki ittifaqdan hansında özünüzü görürsünüz?

- Mən uzun illər Kinematoqrafçılar İttifaqının üzvü olmuşam və bu gün də oranın üzvüyəm. Məsələnin nə yerdə olduğunu bilmirəm. İttifaqa çoxdandır gedib-gəlmirəm. Buna vaxtım da olmur. Biz, sadəcə olaraq, işimizlə məşğuluq.

- Digər ölkələrdən təkliflər alırsınızmı? Hansı ölkənin aktyoru olmaq istərdiniz?

- Yox, heç bir ölkədən təklif almamışam. Amma elə Azərbaycanın aktyoru olmaq istərdim. Mən istəyərəm başqa ölkələrdə aktyorlarla görüşüm, başqa ölkələrin filmlərində çəkilə bilim. Bunu hansı aktyor istəməz ki? İstər Rusiyanın, istər İranın, Türkiyənin, Fransanın aktyor məktəbləri olsun. Görüşərdik, müzakirələr aparardıq, çəkilərdik. Bunu bütün aktyorlarımız istəyər, eləcə də mən. Bəlkə də bu hal milli aktyor məktəbinin inkişafına təkan verərdi. Heç bir rolda özümü sınamaq fikrində deyiləm. Sadəcə, qismətimə nə çıxıbsa, onu oynamışam. Elə rollar təklif olunub ki, mən yox demişəm. Söhbət qonorardan getmir, söhbət mənim o rolu necə oynamağımdan gedir. Elə rollar var ki, özümü o rolda, ümumiyyətlə, təsəvvür etmirəm.

- Bəs özünüzü sevgi qəhrəmanı kimi görürsünüzmü?

- Əslində, mənim görməyim azdır, filmi çəkənlərin görməsi daha məqsədəuyğundur. Amma mən özümü sınayardım. Mənim üçün mənfi, müsbət anlayışı yoxdur, insan anlayışı var. Müsbət, mənfi qəhrəman məfhumunu anlaya və qəbul edə bilmirəm. Sevgi yaşa baxmır, mən bu rolda özümü sınamaq istərdim.

# 3205 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #