Mirzə Fətəli az qala kəlmeyi-şəhadət oxuyacaqdı RESENZİYA

Mirzə Fətəli az qala kəlmeyi-şəhadət oxuyacaqdı RESENZİYA
29 noyabr 2012
# 15:03

“Nizami” kino mərkəzinin qarşısında qələbəlik görəndə mərkəzin əvvəlki kinoteatr funksiyasını yerinə yetirdiyinə adamın sevinməyi gəlir. Xüsusən də əgər kino premyerasıdırsa. Düzdür, bu qələbəliyin tərkib hissəsi yalnız kino adamlarından ibarət idi, amma bu da təbiidir, çünki premyera kütləvi tamaşaçı üçün deyil, məhz kinoya aid olanlar üçün idi. Kütləvi tamaşaçı sözügedən filmi hələ yaxın zamanlarda görməyəcək. Film hələ premyera həyatını Türkiyədə də yaşayacaq. Ona qədər mən gördüklərimi oxucularımla bölüşə bilərəm, sadə, kinosevən tamaşaçı kimi.

Söhbət “Ac həriflər ”, “Ordan-burdan” və bu kimi çox maraqlı teletamaşaları, “Ailə”, “Cavid ömrü” adlı bədii filmlərin rejissoru kimi millətin çoxdan tanıdığı Ramiz Həsənoğlunun növbəti bədii “Sübhün səfiri” filmindən gedir. Filmin əli qələmlə işləyən hər kəsin ustadı, dramaturgiyamızın banisi M.F. Axundovun 200 illik yubileyi çərçivəsində, xalq yazıçısı Anarın ssenarisi ilə çəkildiyi artıq çoxdan bəllidir. O da bəllidir ki, kino Türkiyə, Gürcüstan və Azərbaycanda çəkilib. Oxucunun bilmədiyi bir odur ki, film bütün kinolar kimi çox böyük əziyyətlər bahasına başa gəlir, bir də onu bilmir ki, film necə alınıb.

Premyera əvvəlcə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevin çıxış və təbriki ilə başlasa da yaradıcı qrupun, xüsusən də baş rolun ifaçısı Rasim Balayevin eyhamları ilə maraq doğurdu. Ssenari müəllifi, xalq yazıçısı, yaxasında iki orden Anar bayram qiyafəsində səhnəyə dəvət olundu, həmçinin rejissor Ramiz Həsənoğlu, operator Kənan Məmmədov ki, əziyyəti rejissorunku ilə tən bərabərdir. Ardıcıllıqla bütün qeyri əziyyət çəkənlər, ikinci rejissor Akif Rüstəmov, baş rəssam Rafiz İsmayılov, icraçı prodüsser Adil Qulamov və aktyorlar səhnəyə qalxdılar. Mədəniyyət və Turizm Nazirliyininmi, kinoteatrınmı təmsilçisi qızlar da sağ olsunlar, hərəyə bir gözəl buket təqdim etdilər. Bunları ona görə qeyd etdim ki, kinonun qara, ağır işlərini görənlər də əməklərinin göründüyünü bilsinlər.

Kinoda ağlayan Balayev zalda tamaşaçıları güldürdü

Keçək Rasim Balayevin eyhamlı çıxışına, çünki qalanları ümumi sözlər dedilər. Rasim Balayev dedi ki, filmdə bəzi yerlərdə Axundovun yaşadıqlarından özümün gözlərim dolurdu, bunu Axundovun ağlamsınması kimi yaşamaq istəyirdim, rejissor imkan vermirdi ki, olmaz Axundov ağlamaz: “Bir gün yuxuda Mirzə Fətəlini gördüm, soruşdu məndən ki, kimsən sən? Dedim ustad, sizdən sonra bizdə kino sənəti meydana gəlib, mən də kinoaktyoram və indi sizin obrazınızı oynayıram. Soruşdu ki, başqa nə var, nə yox? Mən də ucundan-qulağından yaşantımız haqda məlumat verdim, bir az da bizi ittifaqlara parçalanmağımızdan danışdım. Bir də gördüm ki, Mirzə ağlayır. Qayıdıb mənə dedi ki, sən ağla, çünki ağlamalı gündə sizsiniz, bizim vaxtımıza şükür ”.

Balayevin bu fikirləri zal əhli tərəfdən gülüşlərlə və alqışlarla qarşılandı.

Sonra filmin nümayişi başlandı, daha doğrusu tamaşaçı elə bildi başlayıb, amma əvvəldən deyildi. Bir kadrdan sonra işıqları yandırıb nümayişi saxladılar və yenidən, başdan başladılar. Kimsə yerindən dedi ki, neynəsinlər yadırğayıblar kino nümayiş etdirməyi. Rasim Balayev isə - yox, təxribatdır - deyə daha bir zarafatla tamaşaçıları güldürdü. Bir azdan ağladacaq.

Niyə ağladacaq? Çünki əslində film elə ağlamaqla başladı. 1821-ci il Cənub Azərbaycandakı Xəmnə kəndində Mirzə Fətəlinin atası anasını boşayıb öz vətəninə - Şimal Azərbaycanındakı Şəkiyə göndərir. Fətəli bu ayrılıqda anası ilə getmək üçün göz yaşları tökür. Sonra məlum olur ki, Mirzə Fətəli ölüm yatağındadır və bu, həmçinin filmdə bundan sonra vaqe olanlar onun ölümlə qarşı-qarşıya olduğu günlərdə xatırladığı yaşantılarıdır.

Həm ömrünün son günlərinə qədər yaşadıqları, həm də yaratdığı əsərlər və onların personajları Axundovun kadr-kadr gözləri önündən gəlib keçir. Hərdən qarabasmalar kimi həyatından keçən insanlar da onun gözünə görünür, bəzən səslənib yuxudan ayılır. Həmin yuxudan oyanma məqamlarında evdə, ətrafında xanımı Tubu, qızı Nisə, bir də Xan adlı köməkçisi görünür. Oğlu Rəşidin isə yol üstündə olduğu məlum olur ki, atasının xəstəliyi barədə öyrəndikdən sonra Brüsseldən yola düşüb.

Həsənzadəni sevən Şıltaq Nargilə həm də Axundovun dərdli Tubusu

Tubu obrazını Türkiyədə yaşayan və işləyən aktrisa Məlahət Abbasova oynayır. Bu yerdə bir məqamı deməyə bilmirəm. İllər görün necə öz sözünü deyir-bir vaxtlar səhnəyə ilk addımlarını atan Məlahət Abbasova səhnədə Rasim Balayevlə ilk dəfə tərəf müqabili olmuşdu. Gənc, şıltaq Nargilə və orta yaşlı, Həsənzadə obrazlarında. Bu İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən ” pyesinin televiziya tamaşasında idi.

İllər sonra bu iki aktyor yenə bir səhnədədir, bu dəfə biri ölüm ayağında olan insanı, o biri isə onun yaşlı xanımını oynayır. Çox fərqlidir. Məlahət Abbasova yenə gözəl yaradıb boynuna düşən xanım obrazını. Bəlkə də bu uğurun bir payı da onun obrazını səsləndirən aktrisa Xalidə Quliyevanın payına düşüb, çünki çox uğurlu səsləndirmədir.

Axundovun qızı Nisəni oynayan gənc aktrisa Günəş Mehdiyevaya bəzi cüzi qüsurları bağışlamaq olar, çünki teleserialdan bədii filmə gəlib.

Mirzə Şəfi Vazehi Ayşad Məmmədov, Fətəlinin əmisini Bəxtiyar Xanızadə, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov çox xırda epizodlarda oynayırdılar. Bakıxanov onlardan daha çox gözə çarpan idi ki, Fəxrəddin Manafovun ifasında idi. Bakıxanov obrazı ümumilikdə açılmasa da iki xırda detalla qabardılıb ssenaridə. Biri odur ki, çar zabiti ilə və Mirzə Fətəli ilə söhbətdə uzaqdan eşidilən azan səsi Bakıxanovun fikrini özünə çəkir. Onu bir növ silkələyir. Həmin bu silkələnməni Fəxrəddin Manafov zabitin söhbətinin guya həmin yerini eşitməməsi və sonradan diksinərək diqqət kəsilməsi kimi vermək istəyib. İstəyib, çünki bayaqdan kinoda olduğumu yalnız bu məqamda hiss etdim.

Ssenaridə Axundov kölgədə qalıb

Film ümumilikdə çox estetikdir, nəfəsini içinə çəkib birnəfəsə baxırsan, yalnız titrlər yazılanda saata baxdım. Rejissor işi yüksək səviyyədədir, əvvəlki iki filmindən daha mükəmməl. Ən çox bəyəndiyim filmin musiqisi oldu. Cavanşir Quliyevin gözəl bəstəsi film boyu fondadır və nəinki çox yerindədir, hətta filmin uğurunun əsas hissəsidir. Filmdə Axundovun bu günündən keçmişinə, xatirələrinə keçidi rəsm cizgilərindən keçir, maraqlı keçiddir.

Filmin daha bir uğuru Rasim Balayevlə bağlıdır. Premyeraya gedənə qədər də bu fikri çox eşitdim ki, nooldu daha Hüseyn Cavidi də Rasim Balayev, Axundovu da, başqa aktyor yoxdur? Təkrar olacaq”.

Film boyu bu fikirləri təsdiqləyəcək nəsnə ilə qarşılaşmadım. Həmin fikirləri yalnız bu gün, yazını yazanda xatırladım və düşündüm ki, Rasim Balayevin Axundovu Hüseyn Cavidi ilə bənzər olmadı. Rasim Balayev ustalıqla Mirzə Fətəli olub, onun yaşantılarını, əzablı həyatını film boyu yaşayıb. Son, Axundovun ölüm səhnəsi ilə tam peşəkar sənətkarın, ustad sənətkarın yarada bildiyi kimi yaşandı. Filmdən sonra düşündüm ki, Balayev həm Axundovun dövrünə, həm də bu günümüzün naqisliklərinə obrazının ölüm səhnəsində ürəyini boşaldıb, təbii, həqiqi ağlayıb.

Filmdə hər şey gözəl idi. Çox güclü ssenarini zəif rejissor xarab eliyib gözdən sala bilər, sən demə zəif ssenaridən ortaya kino çıxartmaq da rejissorun gücü daxilində imiş.

Ssenarinin məqsədi deyəsən Mirzə Fətəli Axundovun həyatı və yaradıcılığından daha çox uzaqlara gedib. Məsələn, Rusiya imperiyasının Qafqaz və Azərbaycan üzərindəki hökmranlıq iddiası, hökmranlığı, erməni fitnəsi, hətta muğamımızın təbliğatı bir az da artıq yer alıb, bunlar çox yaxşı. Amma tamaşaçıda belə bir təsəvvür yaranır ki, Axundov bu məqsədlərin kölgəsində qalıb. Şəxsiyyət filmin əvvəlindən axırına qədər can üstdə olur.

Deyəsən sevimli yazıçımız ona qarşı olan təzyiqlərin aqressiyasını bu ssenari ilə canından çıxartmaq istəyib. Həsən bəy Zərdabi ilə dialoqda Həsən bəy Axundova deyir: “Darıxma Fətəli, arzuladıqların gələcəkdə həyata keçəcək. Axundov isə cavab verir: Mən gələcəyə də nikbin baxmıram, çünki onlar bu zırramaların övladları olacaqlar ”. Bu əslində Axundovun yox, Anarın demək istədiyidir.

Filmi maarifçi adlandırıb əsaslandırmaq olar ki, nə verilibsə maarifləndirmək üçün verilib, əgər elədirsə gərək Axundovu tanımadan onun haqqında müfəssəl öyrənmək istəyən tamaşaçı bu filmdən özü üçün çox sayda suallarla çıxmasın, amma elə olacaq. Ssenaridə dolğunluq yoxdur, yalnız ayrı-ayrı detallar və ölüm qabağında olan insan var.

Daha bir məqam, bəlkə bunu Mirzə Fətəli Axundovu araşdıran, onun yaradıcılığından elmi işlər yazan, müdafiə edən alimlər daha yaxşı bilər, amma məncə Axundov mövhumatın, xürafatın, mollaların əleyhinə olub və buna görə ölümqabağı peşmanlıq keçirtməsi hər hansı mənbədə yoxdur. Ssenariyə görə Bakıxanovun ruhu gəlib ona məsləhət görür ki, mən edən səhvləri eləmə, o, da yanına gələn Şeyxə az qala üzrxahlıq edib günahlarının bağışlanıb bağışlanmayacağını soruşur. Bircə Mirzə Fətəlinin kəlmeyi-şəhadət oxuması qalır.

Adamın ağlına gəlir ki, bu ssenari hökmən ədəbiyyatçı, nə bilim Axundovşünas bir alimin məsləhəti ilə yazılmalı idi. Daha hazır ssenarini alim qarşısına qoyub – təsdiqlə!-deməklə yox. Bax, bu nüanslar həll olunacağı halda Azərbaycan kinosu Gürcü kinosu kimi dünyaya çıxıb uğur qazana biləcək, İnşallah.

# 5179 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #