Şəmiylə-Şöşünün ümidinə qalan tamaşaçımız – Sevda yazır...

Şəmiylə-Şöşünün ümidinə qalan tamaşaçımız – Sevda yazır...
11 iyun 2019
# 13:12

Bir müddət əvvəl Baku Research Institute-un təşəbbüsü ilə kinomuzun identifikasiya problemi mövzusunda müzakirə keçirilmişdi. Müzakirədə qonaqlardan biri elan etdi ki, çağdaş kinomuzun siması Şəmi və Şöşüdür. Arqumentlərdən biri bu idi ki, onlar xalqın maskasını taxaraq aktual problemlərdən danışır. Yəni Şəmi və Şöşü personajları xalqın simasıdır həm də.

Ara-sıra “Bozbash Pictures”in xalqın siması, mahiyyəti və xalqın məhz kitç komediyalara tələbatının olması kimi qəzəbli, rişxəndli iddialar eşidilir.

“Bozbash Pictures”i bizim üzümüz, özümüz hesab edənlər hansı arqumentlərə əsaslanırlar? Bunun üçün sorğu keçiriblərmi? Araşdırma aparıblarmı? Bu iddiada bulunan adamlar xalqı nə qədər tanıyır və tanıyırmı ümumiyyətlə? Bəlkə ölkəni qarış-qarış gəzib insanlarla söhbət ediblər, müşahidələr aparıblar, onların emosional-psixoloji dünyasını incələyiblər? Hə, deyə bilərsiz, onlar televiziya reytinqlərində birincidir, “youtube”-da çox izlənilir və s.

“Bozbash Pictures”ın məhsullarının televiziyada çox izlənməsi səbəb yox, nəticədir. Bu haşiyənin yeri var. Xulio Kortasarın “Cənub şossesi” əsəri əsasında italyan rejissoru Luici Komençininin 1979-cu ildə ekranlaşdırdığı “Tıxac – inanılmaz əhvalat” filmində saysız maşınlar bir neçə gün tıxacda qalır, su, ərzaq tükənir. Ac sərnişinlər uşaq qidası yüklənmiş maşına hücuma keçir. Təklif olunan situasiyada başqa yemək olmadığından, adamlar uşaq yeməyi ilə qidalanmalı olur. Bu mənada alternativlərə yer verməyən yerli telekanallarda “Bozbash Pictures”in aşağı keyfiyyətli məhsullarının birinciliyi təbiidir. Amma həm də araşdırılmalıdır ki, tamaşaçı orada özünü, problemlərini gördüyü üçün, yoxsa onların mahiyyətinə varmadan, sadəcə stress atmaqdan, gülməkdən ötrü baxır?

“Youtube”-da “Bozbash Pictures”in məhsullarının izlənmə sayı 1-2 milyon arasıdır. Amma bəyənmə sayının 20 minə çatdığına rastlamadım. Ayrıca İlkin Həsəni sosial şəbəkədə “Çernobıl” serialını tərifləməsi ilə bağlı statusuna vurulan laykların, onu zay məhsul təqdim etməkdə qınayan şərhə gələn laykların 9 mini ötməsi də onların sima olması haqda çürük, kompleksli fikirləri inkar edir.

Nə tamaşaçı, nə kinotənqidçi kimi belə layihələrin əleyhinəyəm. Bu, söz və ifadə azadlığına qarşı getmək olardı. Söhbət ondan gedir ki, seyrçinin seçim azadlığı olmayanda ön plana Şəmilər, Şöşülər, Fəlakətlər çıxır. Ona görə, fərqli estetikalarda, üslublarda layihələrə yer verilmədiyindən “biz Şəmiyik, Fəlakətik” demək obyektiv dəyərləndirmədən uzaqdır. Üstəlik, onların qadağalarla üzləşməsi səbəbindən, məhdud mövzu ərazisində gəzişmə məcburiyyəti xalqın ancaq “Bozbash Pictures”ə tələbatı fikrini də inkar edir.

İlkin Həsəninin kulis.azda Samirə Əşrəflə söhbətindən:

“...Televiziya üçün müəyyən qadağalar və olmazlar var. Bu olmazlar, qadağalar TV kanalların bugünkü vəziyyətə düşməsinə səbəb olub. Bizim işimiz sırf yumoristik layihələrlə bağlı olduğundan bəzən elə mövzular olur ki, toxunulması qadağan edilir. Bu da təbii ki, mövzu qıtlığına səbəb olur. Bizim müraciət edəcəyimiz mövzu ya hansısa müğənni haqqında danışmaq, onu parodiya etmək, ələ salmaq olur, ya da ki, gündəlik həyatda baş verən məişət əhvalatları. Vəssalam”.

Fəqət “Bozbash Pictures”in bədii-estetik keyfiyyətsizliyinə, özünütəkrarına səbəb yalnız mövzu qadağası deyil. Problemlər həm də bazanın - ümumən komediya mədəniyyətinin, problemi göstərməkdən ötrü ifadə, bədii həll, metodun, yaradıcı axtarışların yoxluğudur, bədii zövqün aşağı olmasıdır, milli mədəniyyətimizə, ədəbiyyatımıza bələdsizlikdir. “Bozbash Pictures” də daxil olmaqla, komediya çəkənlərin ən çox istifadə etdikləri fənd geqdir - yəni personajın hərəkətinin əsasında aşkar cəfəngliyin dayanması nəzərdə tutulur. Geq fəndi bizim komediyalarda klişelərə çevrilib, o, dramaturji materialdakı zəruri gedişatdan çox, “seyrçini güldürmək lazımdır” kimi göstərişli ədadan doğur.

Aliyə "Bozbaş niyə sevilir?" yazısında “Uzman Qılman həkimin yalnız savadsızlığı deyil, danışıq tərzi də tamaşaçıya həyatdan tanışdır” fikriylə müsbət dəyərləndirmə edir. “Planet Parni iz Baku”un istehsal etdiyi “Ölülər” komediyasında Cabir İmanovun həkim obrazı da, danışıq tərzi də uzman Qılmandan qətiyyən fərqlənmir. Yəni dediyim kimi başlıca nöqsan komediyalarda klişe obrazlar, klişe leksikon, klişe səhnələr, mövzuya klişe münasibət, əsaslandırılmayan fizioloji-seksual yumordur.

Bizdə “kütləvi komediya bayağı olmalıdır” kimi yanlış təsəvvür var. “Bəyin oğrulanması” dövrünün ən çox tamaşaçı toplayan filmlərdən biriydi, kütləyə hesablanmışdı, yüngül komediya idi. Amma yüksək peşəkarlıqla, koloritlə çəkildiyi üçün bu gün də baxılır.

O, ki qaldı simamıza, telekanallarda görünməyən, amma xalqın siması olacaq yetərincə şəxsiyyətlər, istedadlar var. O səbəbdən xalq məhz “Bozbash Pictures”dir deyib, özünüzü aşağılıq kompleksinə salmağa tələsməyin.

# 3891 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #