Dənizdə boğulan dostunun sevgilisini zorlayan azərbaycanlı

Dənizdə boğulan dostunun sevgilisini zorlayan azərbaycanlı
7 oktyabr 2017
# 09:10

Kulis.az “Naməlum kino” layihəsində Eldar Quliyevin 1986-cı ildə çəkdiyi “Burulğan” filmini təqdim edir.

Süjet: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) adlı bir neçə gənc istirahət günlərini kimsəsiz adalardan birində keçirməyi planlaşdırır. Onların dəstəsinə gözlənilmədən çoxdankı dostları Adil (Vidadi Həsənov) də qoşulur. Ancaq Adilin qəfil gəlişi onların ovqatını təlx eləyir. Adilin əsas məqsədi istirahət yox, yüksək vəzifədə işləyən Muraddan problemlərinin həlli üçün kömək istəməsidir.

Çadır qurub, yerbəyer olmamış Murad dənizdə batır. Onu xilas etmək üçün Ruslan dərhal özünü dənizə atır. Çox çalışsa da dostunu xilas edə bilmir. Hadisədən sarsılan dostlar Ruslana bir az şübhəylə baxırlar. Onlara elə gəlir ki, o, Muradı hər halda xilas edə bilərdi. Amma Ruslan and-aman edir ki, Murad onu boğmaq istəyirdi və o, özünü boğulmaqdan güclə qurtardı. Muradın sevgilisi Nata emosional şok keçirir. Adil qadını ovutmağa çalışır, sonra onu zorlamağa cəhd edir və qadın sonda özü ona təslim olur. Səhər onların eyni çadırdan çıxdığını görən Ruslan Adili döyür. Sonra tədricən film boyu qaranlıq məqamlar açılmağa başlayır...

“Burulğan” həm aktyor oyununa, həm ssenarisinə, həm rejissor, həm də operator işinə görə milli kinomuzun ən yaxşı filmlərindən biri sayıla bilər.

Film 1986-cı ildə yenidənqurma illərində lentə alınıb. Əhvalat keçmiş Lenin, indiki Azadlıq meydanında rəsmi dövlət tədbiri üçün kütləvi tamaşanın hazırlıq prosesini əks elətdirən kadrlarla başlayır. İnsanların qayğısız, dövlətin idillik obrazını yaradan bu plakatvarı götüntülər filmdə təsadüfi yer almayıb. Personajların - sovet vətəndaşlarının, xüsusən də yüksək vəzifə tutan məmurların, elitanın davranışının təsviri, gerçək niyyətlərinin açılması ilə bu plakatlıq ziddiyyət təşkil edir, sistemin saxtakarlığını göstərir.

Yüksək vəzifə tutan Murad marağını güdən birisidir, o, insanlara məqsədlərindən istifadə etmək üçün bir alət kimi baxır, onları aşağılayır, iradəsinə tabe etdirir. Onun üçün müqəddəs dəyərlər mövcud deyil. O, növbəti dəfə öz oyunu ilə onları ələ salır. Özünü dənizdə boğulan kimi göstərir, sonra isə kənardan bir neçə gün onların davranışını, ona bəslədikləri həqiqi münasibəti seyr edir.

Ada təbii ki, yalnız coğrafi məkan mənasını daşımır. Eyni zamanda özlərinin qaranlıq tərəfləri ilə baş-başa qalan, film boyu o məqamları üzə çıxaran qəhrəmanların mənəvi dünyasının modelidir. Bu ada kimi onlar da qapalıdır, çıxılmazlıqda ilişiblər. Və hər şeydən əvvəl özləriylə çətin münasibətdədirlər, özləriylə səmimi deyillər.

İlk kadrlada Muradla mehriban sevgili kimi gorünən Nata əslində ona nifrət edirmiş. Muradın ondan qadın kimi istifadə elədiyi üçün. Hətta Adillə intim münasibətiylə özlüyündə ondan qisas alır. Ruslan isə Tamara ilə görüşsə də, onu aldadırmış, çünki o, bir neçə gün əvvəl varlı bir ailənin qızı ilə nişanlanıbmış. Adil institutdan bəri həmişə Muradın qara işlərini görüb, hətta Natanı vaxtilə onunla tanış edib. Əla üzməyi bacarsa da, Murad boğulanda bilərəkdən onu xilas eləmir. O da beləcə qisasını alır. Bu dəstədə mənən çirklənməyən, səmimi olan yeganə adam Tamaradır. Təsadüfi deyil ki, Murad qayıdıb gələndə, yenə hamı onunla dinməz hesablaşanda, ona üsyan edən də Tamara olur.

Filmin sonunda Murad doğrudan da boğulur. Bununla belə final açıq qalır. Adil, Ruslan, Nata boğulan, imdad diləyən Murada baxır, onun yenidən oyun qurub-qurmadığına əmin olmaq istəyir, ona görə də tərəddüd içində qalırlar.

Operator işi özəlliklə diqqəti çəkir. Adanın bozluğu, hadisənin qurumuş ağaclar, çılpaq təbiət fonundakı cərəyanı, boşluqda olan qəhrəmanların mənəvi durumuyla ahəngləşir, dramın emosionallığını gücləndirir. Seçilmiş çəkiliş nöqtələri qəhrəmanların ruhi vəziyyətini, əhvalatın atmosferini dəqiq anladır.

Filmin ssenari müəllifləri Eldar Quliyev, Ramiz Fətəliyev, operatoru Rafiq Qəmbərov, bəstəkarı Müslüm Maqomayevdir.

# 3118 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #