Şükufə Yusupova: "40 dərəcə temperaturda səhnəyə çıxmışam"

Şükufə Yusupova: "40 dərəcə temperaturda səhnəyə çıxmışam"
22 avqust 2011
# 13:51

Neçə ilin söhbətidir... Onu canlı səhnədə ilk dəfə görürdüm. Milli Dram Teatrının səhnəsində Elçinin “Qatil” əsərinin tamaşasında müəllimə obrazını oynayırdı. Yaşı keçmiş, ailə qura bilməmiş, bütün sevgisini sənətinə və dərs dediyi uşaqlara vermiş bir müəllimə.

Gecələr yoxlama dəftərləri üzərində işini qurtaran kimi tənhalıq ona hücuma keçir. Yerinə girib xısın-xısın ağlayır, boş qəlbi onun özünə qarşı üsyan edir. Bir gün keçmiş şagirdi çıxır onun qarşısına, illərdir qəlbində gəzdirdiyi, aça bilmədiyi sevgisini izhar edir müəlliməyə. Şagird dəridən-qabıqdan çıxıb müəllimənin qəlbindəki boş yeri tezliklə zəbt edir.

Müəllimənin qaranlıq dünyasına gur bir işıq seli düşür, kiməsə gərəkli olduğuna məmnun halda inanır, alışır. Sonda hadisələr elə cərəyan edir ki, məlum olur bu səfil keçmiş şagirdi müəllimənin pulu, qızıl üzüyü maraqlandırırmış. Yelbeyin qızcığaz kimi aldanmış, alçaldılmış müəllimə qatilə çevrilir. Bütün bunları, onu qatilə çevirən həyatı aktrisa elə canlı, inandırıcı ifa edirdi ki, onun tərəf müqabilini tamaşaçının özü öldürmək istəyirdi. Bu, aktrisa Şükufə Yusupovadır, xalq artisti.

O vaxtdan onun sənəti ilə bahəm iç dünyası da mənim maraq obyektimə çevrildi. Haqqında oxudum, 1954- cü ildə Bakıda doğulub. İndiki Mədəniyyət və İncəsənət Universitetində Mehdi Məmmədovun kursunu bitirib. Tələbə ikən Milli Dram Teatrında Mehdi Məmmədovun hazırladığı Səməd Vurğunun “İnsan” dramının tamaşasında Tatyana rolunu oynayıb, sonra Tofiq Kazımovun M.S. Ordubadinin “Qılınc və qələm” əsərinin tamaşasında Rəna rolu ilə ştata götürülüb. İlk çəkildiyi filmlər “Tütək səsi” və “Xoşbəxtliyin qiyməti”, “Asif, Vasif, Ağasif”, “Gümüş göl əfsanəsi” və sair olub.

Lap oynadığı bütün tamaşa və kinoları sadalasam belə, yenə nə özümü, nə də oxucunu qane etməyəcək. Görəsən, bu aktrisa həyat hadisələrinə hansı nəzərlərlə baxır? Oynadığı müxtəlif xarakterli obrazlar onun iç dünyasında öz inikasını tapıbmı, yoxsa oynayıb və tarixə çevrilib, vəssalam? Bu suallara cavab tapmaq istəyirdim. Mətbuata açıq olmadığını biləndə marağım birə beş artdı. Teatrda, tədbirlərdə müşahidə etdikcə, onun özünəməxsus aləmi olduğunu, hər kəsin o dünyanın sərhədlərinə düşə bilmədiyini hiss etdim.

Marağım, onunla da bağlı suallarım gün-gündən artdı. Şükufə xanımın timsalında çox fərqli və dərinliyinə getdikcə gedə biləcəyim bir müsahibi “itirməyi” özümə bağışlamazdım. Alışmadığım imtina cavabını da almaq istəmirəm. Axır ki, bir yol tapdım, onu deməyəcəm, amma artıq vədələşmişik.

İndi qalır söhbəti elə qurmaq ki, həm onu qane edə bilim, həm də istədiyim nəticə alınsın. Müsahibimin həm sənət, həm həyat yolu, həm də ümumiyyətlə portreti bu müsahibədə cızılsın. Hə... istədiyim bu imiş, amma nədənsə onun verdiyi sual mənə söhbətimizin qarşısına qoyulan şəffaf sədd təsiri bağışladı.


Elə bil, o sualla “həddini bil, məndən hər şeyi soruşa bilməzsən”- deyirdi. Mühafizəkar müsahibim ilk sualı beləcə özü verdi:
- Sizi konkret nə maraqlandırır?
- Bu sualı heç sevmirəm, Şükufə xanım.
- Yox, mən bilim də, nə istəyirsiniz? Axı, siz mənim tamaşalarımı görməmisiniz?
Məndən soruşmadan hardan bilir ki, mən onun tamaşalarını görməmişəm. Mən rayonda uşaq olan vaxtlarda canlı səhnədə oynadığı rolları görməyə bilərəm, amma bütün filmlərinə baxmışam. Sonrakı illərdə canlı səhnədə də görmüşəm, amma bunları demədim, söhbətin qarşılıqlı günahlandırma zəmininə keçməsini istəmirdim. İstədiyim başqa idi axı, buna nail olmasam məsuliyyətli, amma çox gənc jurnalistlər kimi “uğursuzluq” uzun müddət izləyəcəkdi məni. Dedim yaşımın imkan verdiyi qədər görmüşəm, görmədiklərim barədə sizin söhbətlərinizi məmnuniyyətlə dinləyərəm.

- Hələ məni danışdıra bilsən.

Deməli, müsahibimin məqsədli şəkildə mühafizəkar qiyafə “geyinməsini” düşünməkdə səhv etməmişəm. Bacarırsan “soyundur” onu. Daha bir sual gəldi?

- Hansı qəzetdə işləyirsiniz?

Qızcığaz kimi özümü sübut etməli olduğum mənə ar gəlsə də, əlac yox idi.

- Qəzetdə deyiləm, saytdayam, indi qəzet oxuyan yoxdu, mən də gərək yazdıqlarıma oxucu reaksiyası görüm, yoxsa yazmağa stimul olmur, həvəsdən düşürəm.

- Mənsə zalda bir tamaşaçı olsa belə, onun üçün oynayaram, bir də səhnəyə ki çıxdım, o barədə düşünmürəm, qapılıram işimə.

- Amma tamaşa qurtarandan sonra hər hansı reaksiyanı gözləyirsiniz də?

- Desəm ki, yox, səmimi olmaram, o təbiidir, amma onun üçün oynamıram.

- Ən əsası səhnədə özümü balıq suda olduğu kimi sərbəst hiss edirəm.
- Hərdən mənə elə gəlir ki, sizin heç yaxın dostunuz yoxdur, insanlarla aranızda müəyyən etdiyiniz sədd var...

- Yox, niyə ki, hamı ilə deyil. Mənim ailəm, övladım, nəvələrim, qardaşlarım, bacım var. Onlar üçün həmişə açığam, hər şeyi müzakirə edə bilərik, “xa-xa, hi-hi” edirik.

- Bəs, dostlar?

- O da var, hamı ilə yaxın olmaq olmur axı. Bilirsiniz, xoşum gəlməyən, məni maraqlandırmayan nə olayların içində, nə də insanların yanında olmaq istəmirəm


Görüş üçün vədələşdiyimiz kafenin qapısı hələ səhər olduğundan bağlı idi, ona görə gözləyə-gözləyə bayaqdan Filarmoniya bağını bir neçə dəfə dövrə vurmuşuq. Fotoqraf da bəzi məqamlarda şəkillər çəkə bilib. Mən də üzümə sillə kimi dəyən sözlərdən silkinib özümə gəlib yenidən suallara keçirəm. Özü də soruşmaq istədiklərimi yox, ilk ağlıma gələni soruşuram.

Söhbət necə cərəyan etdisə, “Qatil”in üstünə gəlib çıxdıq. Hə... axı, diktafonu da qoşmamışam, düşündüm ki, müsahibimi danışmağa meylləndirə bilsəm, onu qoşmaq çətin deyil. Danışdı ki, xarici ölkədə “Qatil” tamaşasından sonra ona hansı rəylər deyilib, rolu necə qarşılanıb. Kifayət qədər dəyərli fikirlərdir, amma bunlar öz aramızda qalsın deyə xüsusi vurğuladı: “Çünki şahidim yoxdur, xoşlamıram gəlib ağız dolusu tərifləndiyindən danışasan və bunu təsdiqləyən birisi olmaya.”

Aktrisa olmağın ailə qurmağa heç bir maneəsi yoxdur

- Oynadığınız obrazlara çox tələbkar yanaşırsınız, belə başa düşdüm, teatrda səhv hesab etdiyinizi düzəltmək olur, bəs, kinodakı rollarınıza baxanda hansı hallar keçirirsiniz?

- Teatr canlı sənətdir. Elçinin “Şekspir” əsərində mənim oynadığım Sara Bernar deyir ki, teatr canlı orqanizmdir, hərarətdir, hərəkətdir. Deyir bu soyuq həyatda teatrsız yaşamaq olarmı? Teatr başqa aləmdir, amma kinolarda tamam başqadır. Oynadığım kinolara baxmıram. Bircə dəfə öz rolumu kinoda görmüşəm. “Tütək səsi” filminin səsləndirməsində mən Şəkidə idim. Qayıdanda Rasim Ocaqov kinostudiyada məni görən kimi dedi ki, “Tütək səsi”ndə çox sevdiyim epizodda sənin öz səsinin olmasını istəyirəm. Onda səsləndirmə prosesində ilk dəfə özümü kinoda gördüm. Bilirsiniz hansı epizod idi, kolxoz sədri Tutuya işi təhvil ver deyəndə, Tutu deyir e, qisas alırsan, o gün Sayalı ilə gələndə sizi evdən qovmuşdum axı... söyür.
Söhbətin bu yerində kafe də açıldı Şükufə xanım başının işarəsi ilə kafeyə girməyimizi buyurdu. İçəri keçdik, bayaqkı gərginlikdən əsər-əlamət qalmamışdı, indi onun üzündə ciddi “demərəm” yox, mülayim “danışarıq” ifadəsi vardı. Fürsətdən istifadə edib əyləşərkən diktafonu da qoşdum.

- Bayaqdan danışdıqlarımız havayı idi?

Yox, dedim onları yaddaşıma yazmışam, indi diktafon yazsın ki, yaddaşım asudələşib başqa funksiyanı yerinə yetirsin.

- Rafael Hüseynovun kitabını oxuyan tum satan qadının diqqətinizi çəkməyi xoşuma gəldi.

Bayaq söhbət əsnasında Rafael Hüseynovun “Vaxtdan uca” əsərini tum satan qadının necə oxuduğunu müşahidə edib yazmağımı danışmışdım. O barədə fikri də Şükufə xanım indi dilinə gətirdi. Təriflənməyi sevmədiyi kimi, tərif deməyi də hələm-hələm olmur demək.

- Dərs deyirsiniz?- soruşdum.

- Vaxtilə demişəm.

- Yetirməsinə yaxşı işinə görə nadir halda tərif deyən müəllimə oxşayırsınız.

- Yox tələbələrimi çox sevmişəm, onlara canımı vermişəm. Ümumiyyətlə, hər gördüyüm işi sevə-sevə görürəm. Tələbələrimin hamısı yaxşı uşaqlar idi.

- Hər insanın içində mütləq nə isə var.

- Sadəcə onu tapıb üzə çıxardan lazımdır...

- Müəllim də onun üçündür.

- Təəssüf ki, indi elə düşünmürlər.

- Yadıma Yaşar Nurinin Ruhəngiz Qasımovanın “Qonşu qonşu olsa” tamaşasında oynadığı xırda-xırda bir-neçə rol düşdü. Mənim aləmimdə şedevrdi. Görün necə xarakterlər yaradır, ustad budur. Siz də bir jurnalist kimi hər mövzuda yaza bilərsiniz, amma daha yaxşı bildiyiniz bir sahə varr.

- Aktyor gərək hər obrazda tamaşaçıya nə isə desin, düzdür, o rolun mənfi-müsbətliyindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq. Elçinin “Teleskop” əsərinin tamaşasında kiçik bir epizodunuz vardı, amma çox yadda qalan oldu, elə ona görə bu sual yarandı məndə. Obrazlarınız həmişə iri həcmli deyil, amma oynamısınız. İnsanı formalaşdıran həm də böyüdüyü mühitdir. Harda böyümüsünüz?

- Bakıda.

- Hansı ailədə?

- Yaxşı ailədə. Anam evdar qadın idi, atam qulluq adamı olub. O qədər ziyalı, qulluqda olan ailələrdə sənət adamlarına qarşı qəribə baxış, münasibət hiss etmişəm ki. Bizim ailədə ata-anamın incəsənət adamlarına həddən artıq yaxşı münasibətləri vardı. Həyat tərzləri, dünya görüşləri çox müasir idi. Çox da təmiz insanlar idi.

- Bunlar hamısı xarakterdən irəli gəlir.

- Ay sağ olun, hərdən sənət adamları deyəndə ki, sənətdə olduğum üçün ailə qura bilmədim, onun səmimiyyətinə inanmıram, düzgün deyil. O, adam kitabxanaçı da olsa ailə qura bilməyəcəkdi, çünki xarakteri buna yol vermir. Görkəmli sənətkarlarımız Hökümə Qurbanovanın, Barat Şəkinskayanın, Nəcibə Məlikovanın, Nəsibə Zeynalovanın ailələri vardı. Mən hansı sənət sahibi ilə ailə qursaydım, yüz faiz o, mənə etibar edib qastrola da buraxardı, istənilən rolu oynamağa da.

- Yoldaşınız hansı sənətin sahibidir?

- İxtisasca rejissordur və yaradıcılıqla məşğul olan insandır.

- Rejissor mənə deyir ki, burda soyunmalısan, deyirəm yox. Deyir sən aktrisasan. Deyirəm bəli, bütün film boyu lüt gəzə bilərəm, amma baxır hansı filmdə, necə rolda. Elə-belə, nəyə görəsə eləmərəm. Sevgini oynamaq üçün soyunmaq lazım deyil, onu baxışımla da verə bilərəm.

- Ümumiyyətlə, rolu böyüyə-kiçiyə, mənfiyə-müsbətə ayırmaq olar?

- Kim özü özünə mənfi adam deyər. Rollar da insanların obrazlarıdır.

“Sevgi içində böyümüşəm”

- Fərqli xarakteriniz var, insanın xarakterinə yaşadığı mühit nə dərəcədə təsir göstərə bilir?

- Çox təsir edir. Mən çox böyük sevgi içində, inam içində böyümüşəm. Biz 4 uşaq olmuşuq, valideynlərimiz bizə çox inanıb, etibar edib çox da seviblər. Mən ilk tamaşada oynayanda, ilk filmə çəkiləndə onların uçmağa qanadları yoxdu. Amma elə də ola bilər ki, çox qayğı və məhəbbət içində böyüyən uşaqlarda fərəhli nəticə əldə olunmur, əksinə valideyndən mehr-məhəbbət görməyən uşaqlar daha çox valideynə bağlı və tərbiyəli olurlar. Bunun hamısında genin də müəyyən rolu var, fərdi məqamlardı. Atılan uşaq neçə illər sonra onu atan valideynlərini axtarıb tapır.

- Bəs valideynlərdən sonra o məhəbbət izləyib sizi?

- Məktəbdə də çox sevilmişəm, institutda da. Müəllimim Mehdi Məmmədov, Tofiq Kazımov da məni çox seviblər. Bəlkə ona görə sevgi görmədiyim insanlardan uzaq oluram. Görəndə ki, nə isə söz xatirinə deyilir, əməl başqadır, uzaqlaşıram. “Messenat”da oynadığım obraz yalvarır deyir ki, gedək burdan. Həyatda heç vaxt qarşılıqsız sevmərəm (duruxur, gülümsünür və əlavə edir) bilmirəm, bəlkə bu yaşdan sonra tale başıma gətirər, amma hər halda o adamları başa düşə bilmirəm-deyir. Necə səni sevməyəni sevib üstəlik ona görə özünü öldürmək olar. Səhnədə mənə bənzəməyən belə qadın obrazlarım çox olub.

- Qismətinizə müxtəlif səpgili obrazlar çıxıb, yoxsa sadəcə bənzər obrazlardan imtina etmisiniz? Yeri gəlmişkən, Musiqili Komediya Teatrında Qoqolun “Evlənmə”, Milli Teatrda “Messenat”da oynamısınız, bunlara baxdığımı indi xatırladım. Hər biri də fərqli xarakterlərdir...

Sualı verirəm və yadıma düşür ki, bir dəfə “Evlənmə” tamaşasının məşqlərindən reportaj hazırlayırdım. Məşq prosesində Şükufə xanımın səhnədəki hərəkətlərinə işarə ilə Bəhram Osmanov dedi ki, Şükufə xanım məşqə gələndə özünü yaxşı hiss etmirdi, amma səhnəyə ki, çıxdı sağalır.

Səhnənin tozuna qarışıb məşqini edir, narazılıq eləmir. Daha bir gənc aktyorun onu özünə nümunə götürdüyünün şahidi olmuşam: “Şükufə xanım məşq paltarından tutmuş tamaşanın final səhnəsini başa vuruncaya qədər təpədən-dırnağa aktrisadır, məktəbdir.” Elə bil bu düşüncələrimi oxuyub suala deyil, fikrimdəkilərə cavab verir?

- 40 dərəcə temperaturda ayaq üstə güclə dayanıb səhnəyə çıxmışam, orda mənim nə halda olduğum zərrə qədər hiss olunmayıb.

9 il teatrdan uzaq

- Niyə sizin ilk addımlar atdığınız teatrda “İblis”, “Dəli yığıncağı” kimi tamaşaların anşlaqla keçdiyi dövrlərdə olduğu kim nə şedevr tamaşalar yaranır, nə də teatra o cür maraq yoxdur?

- O vaxt yalnız teatr idi. İndi informasiyalar, bilgilər əlinin altındakı bir düymə ilə qarşında açılır. Bu reallıqdır. Müharibə başlayandan sonra, qaçqınlar, çətinliklər teatr keçdi son mərhələyə. Sonra da teatrların uzun fasilə ilə təmirə dayanması, çətinliyə düşməsi böyük bir nəsli teatrlardan uzaq saldı. Biz kukla teatrına gedirdik, sonra gənc tamaşaçılar teatrı, ardınca Azdrama, belə teatral yetişirdik. İndi o zəncirvarilik qırılıb, bərpa etməyə də inkişaf mane olur. Bizdən asılı olmayan reallıqlar var, nəyisə qazanmaq üçün nəyisə itiririk.
Müharibə vaxtı mən düşünürdüm ki, nə isə eliyim mənim də bir xeyrim dəysin. Gülbəniz Əzimzadə “Ümid” filminə dəvət etdi. Düşündüm ki, ona çəkilməklə heç bir xeyrim olmayacaq. Gülbənizə çox minnətdaram, başqa rejissorlar kimi sən olma, başqası olsun demədi. Əl çəkmədi məndən ssenarini oxuyandan sonra razılıq verdim, bu gün ona çox minnətdaram ki, elə bir rolu mənə verib. Bayaq dedim öz rollarıma baxmamışam, amma “Ümid” filminə dəfələrlə baxmışam

- Hansı ölkədəsə insanlar məzar daşlarına yalnız həqiqətən yaşadıqlarını hesab etdikləri günləri yazdırırlar. Bu baxımdan 30-a yaxın çəkildiyiniz filmdəki obrazların neçəsini həyat bioqrafiyanıza yazardınız?

- Heç birini silməzdim, hamısında özüm olmuşam. Amma qiymətləndirmə baxımından 90-cı illərdən sonranı yazardım. Valideynlərimi itirəndən sonra düşüncəm dəyişib, həyata baxışım dəyişib. Nəyisə itirəndən sonra, yeri görünəndə onun varlığının dəyərini bilirsən.

- İtki çox olur, valideynin boşluğu qədər həyatda daha hansı boşluğu hiss etmisiniz?

- Zəlzələ vaxtı başa düşdüm ki, həyatda adi məişətə görə qan qaraltmağa, inciklik salmağa dəyməz. Sadəcə həyatın varlığından, günəşdən, təbiətdən zövq alıb yaşamaq lazımdır. “Ümid” filmində qəhrəmanım bilir ki, oğlu şəhid olub, amma yenə axtarır, gözləyir. Meyitin üzünü açıb göstərirlər deyir bu mənim oğlum deyil. Yaxın qoya bilmir o reallığı, inanmaq istəmir, ümid etmək istəyir ki, onu yararlıların içində tapacaq. Bu film insanlara ümid aşılayır, işıq verir. O hisslər olmayanda insanın içini pis hisslər alır, xeyirxah ola bilmir. Hərdən təsirli filmə baxanda o qədər o filmlə yaşayıram ki, qızım, məni ayırmaq istəyir ki, ana, bu ki, filmdir. Film insana sonda mütləq ümid aşılamalıdır. “Tütək səsi” filminin sonluğu kimi. Bu gün nəvələrimin böyüməsi, onların hərəkətləri mənə sabaha ümid verir.

- Səhnədə çox rollar oynamısınız, həyatda hansı rolu oynamağınız barədə düşünmüsünüz?

- Həyatda oynamamışam onu deyə bilərəm. Övlad olmuşam, ana, həyat yoldaşı, bacı, xala, bibiyəm. Hamısı da sevən və sevilən obrazlardır, amma bunlara rol yox, funksiya deyərdim. Nənəyəm, qonşuyam.

- Bir qızınız, iki nəvəniz var, hiss olunur ki, övlada çox bağlısınız, niyə bəs, bir övlad?

- Allahın işidir.

- Qızınıza vaxtında gərəkli diqqət ayıra bilirdiniz?

- 9 il teatrdan, kinodan uzaq yalnız qızımla məşğul olmuşam, məktəbə gedirdi. Həmin dövrdə də teatr təmirə dayanmışdı. Çəki-tərəziyə qoyanda gördüm qızımın əlindən tutub dərsə aparmaq daha üstün gəlir, oynamaq xatirinə oynamaq, çəkilmək xatirinə kinoya çəkilmək mənlik deyil. Qızım da xarici dillər üzrə mütəxəssisdir, çox ağıllı baladır. Yoldaşı yazıçıdır. Bilirsiniz, bilirəm niyə bu sualı verdiniz. Mənim işim ailəmi, ailəm işimi tamamlayır. Birini o birindən ayrı təsəvvür edə bilmirəm. Hər ikisi məndə cəmlənir. Mən işdən evə, evdən işə tələsən xöşbəxtlərdənəm.

- Həm də çox optimistiniz?

- Həyatın hər anı üçün şükür etmək, bir də onu gözəl görməyi bacarmaq lazımdır. Gözünə görünən hər şey, hər olay sənin onu necə görməyindən asılıdır. Çalış, yaxşı gör, o da yaxşı təsir bağışlasın.

Ondan ayrılandan sonra qəribə hisslər keçirirdim, yorulmuşdum... amma aldığım zövq yorğunluğa üstün gəlirdi. Sevdiyim sənətkarı bir şəxsiyyət kimi kəşf etmişdim. Zahirən insanlarsa arasında sədd çəkirmiş kimi görünən, özünü hamıdan kənar çəkməyə çalışırmış təsiri bağışlayan bu xanımın məğrur görkəminin arxasında kövrək, yanar bir qəlb var. Özü də o qəlb o qədər istidir ki, bir-neçə saat bundan əvvəl inamsızlıq nümayiş etdirdiyi birisinə taybatay açıla bilər. Görüşən kimi qaçıb qurtarmaq istədiyim bir adamdan ayrılmaq ərəfəsində yenidən görüşmək haqda düşünürdüm.


Ramilə QURBANLI

# 7913 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #