Məşhur azərbaycanlı rejissorun EŞQ MACƏRALARI

Məşhur azərbaycanlı rejissorun <span style="color:red;">EŞQ MACƏRALARI
22 yanvar 2015
# 16:00

Milli teatrın mifləri: Mehdi Məmmədov

Deyirlər, Azərbaycanda teatrın alqışlardan silkələnən, zalları dolu vaxtları olub. Bu zamanların öz qəhrəmanları, öz mifləri olub. Öz qurbanları da olub təbii.

Sovet hökumətinin işə saldığı mühərrik teatrın işıqlarını gur yandırırdı, amma zamanla bu mühərrik teatrın ən böyük şəxsiyyətlərini – Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Hüseyn Cavid və başqalarını uddu, onların qanı hesabına kolxoz-sovxoz tamaşaları səhnəyə qoyulub oynanıldı, sosrealizm kimi saxta nümunələr ortaya çıxdı. Bununla belə, XX əsr rejissor teatrını təmsil edən elə sənətkarlar yarandı ki, onların yaradıcılığı bir məktəb ola bildi.

Mehdi Məmmədov milli teatrın tarixində, intellektual mədəni elitanın ən parlaqlarından idi. Məhz bu rejissorun dəvəti ilə teatr, tamaşaçı daha dərin, fəlsəfi məsələlər haqda düşünməyə başladı. Onun teatrdakı dəst xəttinə teatr araşdırmaçıları “Fəlsəfi monumental” üslub kimi təyin verdilər. Zamanla rejissor mifikləşib, adi həyatdan uzaq tutulacaqdı. Onu monoqrafiyalarda, kitablarda “diriltmək” çətinləşəcəkdi – pərdənin o biri tərəfini görmək istəyi də zamanla artacaqdı. Niyə zamanla artacaqdı? Çünki onun sağlığında elə pərdənin bu üzü də - tamaşaçılara görünən tərəfi də maraqlı idi. Sonra vəziyyət dəyişdi. Pərdənin o tərəfi, aktyorların şəxsi həyatı, məişəti, insan kimi özəllikləri pərdənin bu tərəfindən – tamaşalardan, filmlərdən daha maraqlı oldu....

Bax, elə aşağıdakı başlıqlar kimi...

Ruhi xəstəxanada yatmış Mehdi Məmmədov

Mehdi Məmmədov Şuşada papaqçı Əsədulla kişinin ailəsində doğulub. Doğum tarixi 1918 göstərilir. Amma 1915 ehtimalı da var. 1922-ci ildə ailəsi, deyilənə görə, güzəran səbəbilə Bakıya köçür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirən Mehdi aktyorluq sevdasına düşür. Dindar Əsədulla kişi əlbəttə ki, razılaşmır, acıqlanıb, əngəlləyir. Amma Mehdi fikrini dəyişmir. Onun teatr sevdasına düşməsi o zaman qadın rollarını oynayan Cəlil Bağdadbəyovun təsiri di. Mehdi onlarla qonşuluqda yaşayan Cəlilə tamaşalardakı mətnləri köçürmək işində kömək edirdi. Az sonra Mehdi bir aktyorun köməkliyi ilə Türk Bədaye Teatrının yardımçı heyətinə işə götürülür. Gələcək rejissor kütləvi səhnələrdə oynayır və teatr texnikumunda Hüseyn Cavid kimi dahidən təhsil alır. 1935-ci ildə Teatr texnikumunu bitirən Mehdi Məmmədov Moskvaya Teatr Sənəti İnstitutuna yollanır. 4 ay oxuyandan sonra instituta ərizə yazıb, bir illik möhlət istəyir – əsəbləri qaydasında deyilmiş. Bu gərginliyi bir neçə səbəblə bağlamaq olar: əvvəla Mehdi Məmmədov onda rus dilini pis bilirmiş, sürəkli oxumaq və dillə bağlı kompleks keçirmək onun əsəblərini pozur. Başqa bir versiyaya görə, uğursuz bir sevgi əhvalatı yaşayır, amma daha dəqiqisə atasının xəstəliyi və vəfatı olur. Bu ərəfələrdə rejissor ruhi xəstəxanada müalicə alır. Müalicədən sonra cümlələrində səhv tutmasınlar deyə, fikirləşib sonra danışır və get-gedə bu, onda vərdişə, xarakterə çevrilir. Sonralar Mirzağa Əliyev zarafatla deyirmiş ki, Mehdi Məmmədova bu gün salam versən, əleyksalamı sabah alarsan...

Mehdi Məmmədov və Barat Şəkinskaya

1937-ci ildə Abbas Mirzəni Bakıda həbs edib güllələyirlər. Mehdi Məmmədov bu zaman Moskvada təhsilini davam etdirirmiş. Nemiroviç Dançenko kimi teatr bilicilərinin yanında təcrübə keçir.

Rejissor debütünü Gəncə teatrında edir, “Bahar”ı – diplom tamaşasını təhvil verir. Bütün bu vaxtlar ərzində ən yaxın dostu olan Rza Təhmasiblə məktublaşır.

Müharibə illərində Mehdi Məmmədov qəhrəmanlıq ruhlu tamaşalar hazırlayır. Onların içində bir risklisi də olur - “Vaqif” dramı. Adil İsgəndərovun məşhur-cahan tamaşasından sonra onu yenidən hazırlamaq nə demək idi? Fakt odur ki, onun “Vaqif”i (1942) o qədər də maraqla qarşılanmadı. Amma Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” pyesinin tamaşası uğurlu olur, həm də bu yerdə artıq onların adını afişada bir yerdə oxumaq mümkün olur – Mehdi Məmmədov və Barat Şəkinskaya. Bu həm də sevgi romanının afişasıdır.

Elə bu tamaşadan bir az sonra Barat xanımı Bakıya –Akademik Milli Dram Teatrına çağırırlar. Bir yandan saymazlıq, bir yandan Baratsızlıq. Nə etsin? Mehdi Məmmədov Moskvaya aspiranturaya getmək qərarını verir. Amma vəziyyət dəyişir: Barat xanım Mehdi Məmmədovu da dəvət etməyincə Bakıya gəlməyəcəyini deyir. Beləliklə, Mehdi Məmmədov Akademik Milli Dram Teatrına - Adil İsgəndərovun teatrına gəlir. Həyatında dəyişikliklər çox olur əlbəttə - Teatr İnstitutunda dərs deməyə, Barat Şəkinskaya və onun balaca qızı Solmaz Həmzəyeva ilə birgə yaşamağa başlayır. Bu illərin bir uğuru da on ildən artıq repertuarda olmuş “On ikinci gecə” tamaşası olur ki, oradakı Viola obrazını da Barat xanım özü yaradır. Hətta 8 aylıq hamilə ikən gənc bir qızı – üstəlik bəzi səhnələrdə kişi rolunda necə oynaması indiyədək sirr olaraq qalır. 1946-cı ildə Barat xanımla Mehdi Məmmədovun oğlu Elçin dünyaya gəlir. Elçin Məmmədovu geniş tamaşaçı “Yeddi oğul istərəm”dəki Mirpaşadan tanısa da o, teatr aləmində peşəkar, istedadlı teatr rəssamı kimi məşhur idi.

Yeddi il bir dəli ilə bir evdə

“On ikinci gecə”ni Barat xanım oğlu doğulandan 15 gün sonra yenidən oynayır. Bu tamaşada Hökümə Qurbanova Orsinionu oynayır. Deyilənə görə, rejissor özü də quruluş verdiyi pyesdəki kimi qarmaqarışıq sevgi üçbucaqlarına düşürdü və teatrın gözəl aktrisaları ona aşiqliyini gizləmirdilər də.

Bu söhbətlər böyüyürdü və onun Barat Şəkinskaya ilə münasibətlərinə təsir edirdi. Sevgi romanı bitirdi. Onlar sivil şəkildə, anlayışla ayrılırlar və övladları Elçinin atası ilə qalmasında razılığa gəlirlər. Bu ayrılıq aktrisa və rejissor kimi münasibətlərinə ziyan vurmur. Ayrılıqdan çox yox, cəmi bir il sonra Barat Şəkinskaya Mehdi Məmmədovun “Mehmanxana sahibəsi” tamaşasında Mirondalinanı oynayır. Görünür ki, Barat xanım keçmiş əri ilə münasibətlərinə ironik yanaşırdı. “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını hazırlayanda rejissor aktyorları qəhrəmanın psixoloji vəziyyətini anlatmaq üçün dəlixanaya aparmaq qərarına gəlir. Barat xanım getməkdən imtina edir. Avtobusda gedərkən Vəlixanlı familiyalı aktyor hamıya eşitdirə-eşitdirə Mehdi Məmmədovdan soruşur: “Mehdi müəllim, Barat xanım hanı?”. Mehdi Məmmədov adəti üzrə dərindən nəfəs alıb, handan-hana cavab verir: “Barat xanımın dəlixanaya getməyə ehtiyacı yoxdur”. Əlbəttə, bu söhbəti əlavələrlə Barat xanıma çatdırırlar ki, bəs, Mehdi Məmmədov dedi ki, onun dəlixanaya ehtiyacı yoxdur, o, elə binədən dəlidir. Barat xanım bunun qisasını məşqdə alır. Aktyorların birindən xahiş edir ki, məşqdə Mehdi Məmmədovun yanında ondan dünən dəlixanaya niyə getmədiyini soruşsunlar. Belə də edirlər və Barat xanım cavabında əli ilə keçmiş ərini göstərib gülə-gülə deyir: “Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə bir evdə yaşamışam...”

1956-cı ildə Mehdi Məmmədovu Sov. İKP-a üzvlüyə qəbul edirlər bu partiya bileti cibində o, Opera və Balet Teatrının baş rejissoru vəzifəsinə keçir.

Bir il sonra o, bu teatrda öz rejissor debütünü edir: “Lakme” operası. Bu operanın premyerasından ikicə ay sonra onun quruluşunda “Azad” operası oynanılır. 1958-ci ildə “Mehdi Əsədulla oğlu Məmmədov yoldaşa SSRİ-in Xalq Artisti adı” verilir.

Elə həmin il Opera və Balet teatrında “Leyli və Məcnun” hazırlanır. Rejissorların (Mehdi Məmmədov, Soltan Dadaşov) qurduğu mizanlar maraqlı yanaşmalar təklif edirdi:

“Gecənin qaranlığında şam tutmuş Leyli (xanəndə sara Qədimova) şəbəkə arxasında həyəcanla ora-bura gedirdi və aktrisanın kölgəsi səhnənin arxa pərdəsinin üzərinə düşürdü. Bu mizan operanın mənalar müstəvisindən bir fikri tutub xüsusilə işıqlandırdırdı: Leyli zülmət səltənətindədir, Leyli vərdişlərin, şakərlərin, ənənələrin, stereotiplərin türməsindədir!”

1976-cı ildə Mehdi Məmmədov yenidən “Leyli və Məcnun”u səhnələşdirdi. Tamaşaçısını isə, yeni quruluşdan çox, yeni Leyli maraqlandırırdı: Nəzakət Məmmədova.

Amma artıq o, opera teatrının baş rejissoru deyildi. 1960-cı ildə ona sovet məfkurəsinə sadiq, etibarlı biri kimi Milli Dram Teatrı kimi ideoloji bir müəssisədə baş rejissor vəzifəsini əmanət etmişdilər. Milli teatrda o, “Əliqulu evlənir”, “Şadlıq sorağında”, “Alov”, “Kəndçi qızı” kimi tamaşalar hazırlayır. Sonuncu əsərə görə müəllif Mirzə İbrahimov Lenin mükafatına layiq görülür. Halbuki, bu əsəri Mehdi Məmmədov publika üçün diriltmişdi və 23-25 yaşlı Bənövşə obrazını ondan iki-üç dəfə böyük Hökumə Qurbanovaya vermişdi. Təəccüblü də odur ki, bu tamaşada bu ifanı tənqidçilər tərifləmişdi.

Mehdi Məmmədov üçün Hökümə Qurbanova qüdrətli aktrisa idi, yoxsa onun yaradıcılığına bütöv bir kitab (“Onun sənət ulduzu”) həsr etməzdi.

Amma Akademik Milli Dram Teatrı təkcə indi deyil, o zamanlar da konfliktlərin, intriqaların qaynadığı məkan idi və nə baş verdisə, 1963-cü ildə Mehdi Məmmədov ərizəsini yazıb teatrdan getdi. Bu haqda özü bircə kəlmə dedi: “Mənim əxlaqımla onların əxlaqı düz gəlmədi”. Fakt isə budur ki, o, özünü və istedadını vəzifəyə, intriqalara və dedi-qoduya qurban vermək istəməmişdi. Həm də Mehdi Məmmədov hələ Opera və Balet Teatrında baş rejissor olanda Tofiq Kazımov “Azdrama”da gənc aktyorların sevimli lideri idi...

Vəzifədən getdikdən sonra düz 6-7 il tamaşa hazırlamadı, alimlik fəaliyyəti ilə məşğul oldu – “Hüseyn Ərəblinski”, “Mirzağa Əliyev” monoqrafiyalarını, “Teatr düşüncələri” kitabını yazdı...

Xarizmatik kişi

“... Və qızlar-qadınlar onun qamətinə, görkəminə, Hamletsayağı ədalarına, filosof görünüşünə, səsinin ecazkar tembrinə vurulub Mehdini necə ki, fanatları müasir “ulduzları”n hər addımını izləyir, bax eləcə izləyirdilər. Hətta öz şəxsi hesablarına bilet alıb onun ezamiyyətə getdiyi şəhərlərə yollanırdılar... Təki öz qəhrəmanlarına yaxın olsunlar, onunla təmasda olsunlar... Mehdi maqnit kimi qadınları özünə cəzb eləyirdi: ancaq bunun üçün məxsusi şəkildə heç bir səy göstərmirdi; hərçənd dəblə və səliqəli geyinməyindən də qalmırdı”... (A.Talıbzadə “Mehdi müəmması” 2009).

Əlbəttə, məsələ yalnız görünüşdə, xarizmada deyildi. Bunlar yalnız rejisoorun zahirə yansımış cəhətləri idi. Onun düşüncəsi, arqumentləri erudikliyi də çəkici idi. 67-ci ildə Milli Elmlər Akademiyasında namizədlik dissertasiyası müdafiə edən Mehdinin çıxışı elə uğurlu alınır ki, ona birbaşa “Sənətşünaslıq doktoru” alimlik dərəcəsini verirlər. Mövzu isə bizim dərsliyimiz olan kitab: “Azəri dramaturgiyasının estetik problemləri”.

Mehdi Məmmədov və Şəfiqə Məmmədova - səhnədə sevgi

Mehdi Məmmədov uzun illərdən sonra Milli Dram Teatrında Tolstoydan “Canlı meyit”i hazırlayır. Özü də tamaşada Protasovu oynayır. Bu arada teatrda Tofiq Kazımov da Şekspirdən “Hamlet”i hazırlayır. Şekspir və Tolstoy. Mehdi Məmmədov və Tofiq Kazımov. Yəqin, anlaşıldı – necə ki, Tolstoy Şekspiri qəbul etmirdi, bu iki rejissor da bir-birini bu cür qəbul etmirdi.

Amma “Canlı meyit”in başqa bir cazibədar cəhəti var idi: Şəfiqə Məmmədova! Mehdi Məmmədov hələ universitetdə ona estetikadan dərs deyirdi. Tamaşada Şəfiqə Məmmədova Maşanı oynayırdı: “Şəfiqə ilə Mehdi səhnədə Maşa ilə Protasovun yaşantılarını imitasiya eləmirdilər: onlar bir-birini sevirdilər... Şəfiqənin Maşası səhnədə məşəl kimi yanırdı Mehdinin Protasovu üçü... Şəfiqə qaraçı mahnıları oxuyurdu Mehdi üçün. Şəfiqə qaraçı rəqsləri ifa edirdi Mehdi üçün... Həyatla sənət arasındakı məsafə minimuma enmişdi...” (A.Talıbzadə, “Mehdi müəmması”).

1973-cü ildə, milli teatrın 100 illiyi ərəfəsində Şəfiqə Məmmədova və Mehdi Məmmədovun oğlu Ülvi dünyaya gəlir.

1974-cü ildə Mehdi Məmmədovu yenidən Opera və Balet Teatrına baş rejissor vəzifəsinə təyin etsələr də, onun üçün uğursuz il kimi görünür. Onun haqqında anonim məktublar yazılır, dərsə məsuliyyətsiz yanaşmasını əldə əsas tutub universitetdəki işindən (rejissorluq fakültəsinin müdiri) azad edirlər.

1978-ci ildə milli teatrın tarixində əfsanəyə çevrilmiş tamaşa oynanıldı: “Dəli yığıncağı”. Bu tamaşa haqqında biz müəllimlərimizdən o qədər çox eşidəcəyik ki, indi bilmərrə mətbuatdan uzaq qaçan əfsanəvi Şəfiqə Məmmədovada Pırpız Sonanı axtaracağıq. Tamaşanın ağ-qara lentləri belə başqa bir estetikanı, aktyor oyun tərzini, mizanları, mistik bir havanı ötürə bilir...

1983-cü ildə Mehdi Məmmədov 68 yaşında yenidən evlənir və cavan laborant xanımla bu nikahdan onun Vüqar adlı oğlu dünyaya gəlir.

1984-cü ildə rejissor milli teatrda son tamaşasını – “İblis”i hazırlayır. İblis rolunda Həsən Turabov, Hamlet Xanızadə, Azər rolunda Rasim Balayev oynayır. Tamaşanın tərtibatçısı isə rejissorun oğlu Elçin Məmmədov olur. Bu tamaşa baxılmazmı? Baxılır da, Dövlət mükafatına qazanır da...

1985-ci il yanvarın 28-də Mehdi Məmmədov saçlarını vurdurmaq üçün bərbərdə növbə gözləyir. Son dəqiqələrini yaşadığından xəbərsiz-xəbərsiz nələr düşünür, bunu təəssüf ki, heç vaxt bilməyəcəyik. Amma bu, sadəcə oxunaqlı “həyat hekayəti yazıları”na yazılan bayağı bir sonluq cümləsidir. Milli teatrın əfsanəvi rejissorunun, əsl mifik bir personasının düşüncələrinin, estetik görüşlərinin məhsulu olan onlarla mənbə var əlimizdə: “Dəli yığıncağı”nın kadrları kimi...

Qeyd: Yazıda teatrşünas alim Aydın Talıbzadənin “Mehdi müəmması və ya sənətdə konseptual hamletizm” kitabından istifadə olunub.

Hazırladı: Aliyə

# 7027 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #