Məşhur aktyor: “Əvvəllər meyxana deyirdim” MÜSAHİBƏ

Məşhur aktyor: “Əvvəllər meyxana deyirdim” MÜSAHİBƏ
23 avqust 2013
# 07:45

“Ən son hansı Azərbaycan filmində qəhrəmana əlinizi uzatmaq istəyəcək qədər yaxın olmusuz?”

Bu sualı mənə versələr “Tabutçunun yelləncəyi” filmini xatırladaram...

Rasim Cəfər arıq, qeyri-standart üz cizgiləri olan, sakit səslə danışan, azca da susqun bir adamdır. Təvazökar adam təsiri bağışlayır. Bunlar onun üsyankar təbiətini örtən bir qiyafə kimidir. Nədən onun qəhrəmanı Musa bu qədər həqiqidir? İstedad, peşəkarlıq, ifadə tərzi, sərbəstlik... Daha nələr... Bəlkə də ona görə ki, o, Kamyunu oxuyub və duya bilib. Bu, Musanı sıradan bir qurban olmaqdan xilas edir.

Onun obrazları adi, sıradan adamlardı-amma sırada dayanmaq istəməyənlərdi. Teatrsevərlər onu hələ Pantomim Teatrındakı, daha sonra Gənc Tamaşaçılar Teatrındakı rollarından, serial həvəskarları “Sirr” serialından tanıyır. Yerdə qalır onun “əsl sənət” ehtirası ilə çəkildiyi “Ev”, “Teatral həyat”, “Tabutçunun yelləncəyi”, “Əzizim Fellini” filmləri...

- Əvvəlcə ənənəvi, amma vacib sualı verim. Necə oldu ki, aktyorluğu seçdiniz?

- Sırf təsadüfən. Uşaqlıqda heç vaxt teatra getməmişəm. İlk dəfə on birinci sinifdə teatrda olmuşam və onu sevməmişəm. Sonralar da teatra getdim, amma teatr məni heç vaxt çəkməyib. Cəmiyyətin təlqini, təklifi, öz analizim və qohumların arzusuna görə hüquqşünas olmaq istədim. (gülür). Düşündüm ki, gərək yaxşı pul qazanım. 1995-ci ildə ödənişli əsaslarla bir fakültəyə qəbul oldum. Amma ailənin imkanlarını nəzərə alıb getmədim. Bir il sonra dəqiq elmlərə hazırlaşdım. Meyxanaçı Aydın Xırdalanlı ilə dostluğumuz vardı. O dedi ki, gəl mənim oxuduğum İncəsənət Universitetinə, daxil olmaq da çətin deyil. Mən də İncəsənətin Dram və kino aktyorluğuna qəbul oldum. Çox utancaq və kompleksli idim. Amma qəbul olundum. Elə qəbul olanda da bəxtim gətirdi. Ümumiyyətlə mənim həyatda bəxtim çox gətirir.

- Pantomim Teatrında işlədiniz. Çox da uğur qazanmışdız. Kinodakı qədər məşhur idiniz. Bəs nə üçün getdiniz?

- Pantomimaya universitetdə oxuyanda gəldim. Birinci kursda “Gəldim ki olam qəmin hərifi” və “Karol xofu” tamaşalarına baxıb, çox təsirlənmişdim. Öz-özümə dedim ki, mütləq bu teatrda işləməliyəm. Bəxtiyar müəllimə (Pantomim Teatrının yaradıcısı Bəxtiyar Xanızadəni nəzərdə tutur-A.) dedim, qəbul etdi. Getdim, gəldim, heyətə qoşuldum. İşlədim də. Amma nə bilim, belə oldu ki, Pantomimadan çıxdım. Üç nəfəri özümə müəllim hesab edirəm: kurs rəhbərim olmuş Əliabbas Qədirovu, Bəxtiyar müəllimi və Vaqif İbrahimoğlunu. Onlardan çox şey öyrənmişəm.

- Pantomim Teatrında işlədiyiniz zamanlarda da romantik, psixoloji tragik obrazlarınız vardı...

- Düzdü, psixoloji romantik qəhrəmanlar mənə daha doğma gəlir. Amma mənə komediyanın daha yaxşı alındığını da deyir dostlar. Hərçənd kinoda belə rollarım olmayıb. İstərdim olsun. Düzdü, deyirlər ki, aktyor buqələmun olmalıdır. Amma sırf texnika ilə çox uzağa getmək olmaz.

- Sualı ora gətirirdim. Bildiyim qədər qəzəl də yazırsınız. Bu həvəs hardandı sizdə? Həm də niyə sərbəst şer yox, qəzəl?

- Uşaqlıqdan Nəsimini, Füzulini çox sevirdim. Onların çox qəzəllərini əzbər bilirdim. Hətta İncəsənət Universitetinə gələnə qədər meyxana da demişəm. Xırdalanda yaşamışam. Orada meyxana deyənlər var idi və mənim də əruza meylim olduğundan meyxana demək məndə yaxşı alınırdı. Amma 3-4 ildir ki, qəzəl yazmıram.

- “Ev” filmindən sonra məşhurlaşdınız. Sonrakı rollarınızda “ştamplaşma” qorxusu hiss etdinizmi?

- “Ev”dən sonra məndə ştamp yaranmışdı. Eyni tip rollar oynayırdım. “Ev”, “Teatral həyat”, “Əzizim Fellini” dəki rollarım demək olar eyni səpkili idilər-passiv buntarlar. Mən bunu görürdüm və şüurlu şəkildə bundan qaçmağa başladım.

- Rusiyada kinoya çəkilmisiniz. Müzakirə olunan azsaylı filmlərdən oldu. Necə düşünürsünüz, Azərbaycanda peşə təhsili almış aktyorları dünya kino meydançasında kompleks keçirirlərmi?

- Bizdə peşəkar, dünya səviyyəli aktyor çoxdur, amma kino aktyorluğa gəldikdə vəziyyət bir qədər dəyişir.

- Siz özünüz necə xaricdə çəkiləndə kompleks keçirmisinizmi?

- Əvvəlcə qorxurdum. Biz rus kino məktəbini çox yaxşı bilirik. “Xəbərsiz itkin” filminə çəkildim və qorxu əridi, getdi. Həm də rejissor sərbəst şərait yaratmışdı. Eşidirdim deyir: “Plyonkamız çoxdu, lazım olsa 30 dubla çəkəcəyik”. Aktyor heyəti də məni mehribanlıqla qəbul etdi. Artıq o cür komplekslərim yoxdur. Amma sualınıza cavab olaraq bir aktyor yox, tamaşaçı olaraq deyirəm ki, bizdə kino aktyorluğu axsayır. Bunu son çəkilmiş filmlərə baxandan sonra deyirəm.

- Sizcə, səbəb nədi? Aktyor məktəbi yoxdu, yoxsa təhsil keyfiyyətsizdir?

- Bilirsiniz, 4 il universitetdə oxudum, kinoaktyorluğunda, bir dəfə də kinokamera görmədim. Axı kinoaktyor kameranı hiss etməlidi. Bunu harda öyrənsin? Həm də ən azından filmi rejissor çəkir, aktyora və ümumiyyətlə prosesə çəkiliş meydançasında o nəzarət edir.

- “Tabutçunun yelləncəyi” filmində ata oğul münasibətləri var. Despot ata və sevgidən məhrum oğul. Bu əhvalatın həyati əsasları...

- Var əlbəttə. Ətrafda belələri çoxdu. Və əksəriyyət oğullar, “Tabutçunun yelləncəyi”ndəki kimi atanı sevgiyə, atalığa çəkə bilmir, əksinə böyüyüb elə ata olurlar. Köklü bir problemdir. Uşaqları döyür, sevgi ilə yox, qorxu ilə, aşağılamaqla böyüdürlər.

- Cəmiyyətdə sənətinizə görə aşağılayıcı münasibət görmüsünüz, yoxsa daha artıq hörmət duymusuz?

- İkisi də olub. Hətta kompleksə düşdüyüm də olub. Əvvəllər hətta “aktyoram” deməkdən çəkinmişəm, utandığımdan “rejissoram” demişəm. 176 manat maaş aldığımı bilənlər “get özünə sənət tap” deyirlər. Amma hörmətlə yanaşanlar da olub. Hər kəsə öz sənəti əzizdir. Bizim üçünsə müqəddəsdi.

- Aktyor kimi kompleksləriniz varmı?

- Bədənimlə bağlı kompleksim vardı. Görünüşümlə filan. Amma keçdi getdi. Dilimdə qüsurlar olduğunu bilirəm. Bu, kinoda yox, məhz teatrda meydana çıxır. Bunu aradan qaldırmağa çalışıram. Kinoda heç bir kompleksim yoxdur.

- Bilirsiniz, Adrian Broudiyə oxşayırsız....

- Bunu az qala hamı deyir. Bəlkə də təsir edir. Amma ümumiyyətlə, ona oxşamağım məndə hansısa dəyişiklik yaratmayıb. Adrian yaxşı aktyordur.

- Qadın pərəstişkarlarınız olub?

- Pantomim Teatrında işləyəndə çox idi. Güllər, kağız parçalarına yazılmış xoş sözlər hədiyyə edirdilər. Hətta bir qız hər tamaşaya gəlir və nəsə gətirirdi. (gülür) İndi də filmlərdən, seriallardan tanınıram. Bəzən küçədə yaxınlaşıb rolun adı ilə müraciət edənlər olur.

- Son çəkildiyiniz “Çaqqal nəfəsi” serialı barədə danışın. Serialdakı rolunuz hansı səpkidədir?

- Rejissoru iranlı rejissor Babək Şirinsifət, ssenari müəllifi İlqar Fəhmidir. Baş qəhrəmanları Gülzar Qurbanova (Gülarə) və Kəbirə Həşimova (Nərgiz) oynayır. Süjet belədir: iki qadın həbsə düşür və həbsdən çıxandan sonra Gülzar xanımın qəhrəmanı onu həbsə saldıranı tapıb, qisasını almaq istəyir. Kəbirə xanımın qəhrəmanısa ailəsini axtarır. Bu serialdakı rolum əvvəlkilərdən fərqli bir iş oldu. Əsas qəhrəmanlardan birini-Gülarə xanımın qardaşı oğlu Rəhimi oynayıram. İranlı rejissor Babək Şirinsifət məni avara, loru desək, cüvəllağı, əlləm-qələm adam obrazında gördü. Mənim üçün maraqlı iş oldu.

- Seriala çəkilməyin aktyor üçün müsbət cəhətlərini bilirik. Maddi cəhətdən əlinizdən tutur. Amma mənfi tərəfləri?

- Serial yaxşıdı. Əlbəttə maliyyə cəhətdən də. Həm də aktyor heç olmasa kinokameraya öyrəşir, özünü cilalayır. Amma serial qalıcı deyil, bu gün var, sabah yoxdur.

- İşinizlə, sənətinizlə bağlı sizi hansı klişelər qıcıqlandırır?

- Rejissorlar bəzən aktyorları obrazın həmmüəllifi kimi görmürlər. Hərdən hətta küt bir məxluqla davranırmış kimi hərəkət edirlər. Rejissor “mən belə istəyirəm” deyəndə xoşum gəlmir. Ya mənə nə üçün belə olduğunu izah et, ya da mən öz bildiyimi edim və sən sadəcə nəzarət et.

- Bu, bir az gülməli sualdır. Kinokamera ilə aranızda nə baş verir?

- Əvvəla onu deyim ki, kinonu teatrdan çox sevirəm. Kamera həssasdı, adamın temperaturunu da hiss edir. Belə söz var, kamera qarşısında nə oynamaq lazımdı, nə yaşamaq, sadəcə mövcud olmaq bəsdir. Özün kimi olmaq yetər. Məncə insan sevəndə yaşayır. Mən kameranı çox sevirəm, təmənnasız. Və o da zənnimcə mənim bu sevgimi dəyərləndirir, sevgimə cavab verir. Yəni, qısası mən kamera qarşısında olanda yaşayıram, özümü həyatda hiss edirəm. Bütün sevgilər belədir. Sevib sevildinsə deməli yaşayırsan.

- Hansı qəhrəman var ki, onu özünüzə yaxın bilirsiniz? Onu oynamaq arzunuz güclüdür?

- Kamyunun “Yad” əsərini ilk dəfə oxuyanda mənə çox güclü təsir edib. Bir dəfə onu hazırladılar. Amma rejissorla-bunu Vaqif Azəryar Pantomima teatrında hazırlamışdı-fikirlərimiz üst-üstə düşmürdü. Mən Mersoda üsyankarlıq görürəm. Bilirsiniz, hətta Sizifdə bir qəribə mübarizə üsulu var. O, allahların ona verdiyi cəzanı çəkir, ağır daşı dağın zirvəsinə aparır və hər dəfə onun dalınca yenidən qayıdır. Bu mənasız iş üçün bir dəfə də başını qaldırıb ah nalə, şikayət etmir. Bu, tanrılardan qisas almağın, aşağılamağın üsuludur. O eyni işi, eyni təmkinlə edir. Bu isə özündən razı, hər şeyə qadir Allahları daha çox qıcıqlandır. O üsyankardır...

# 6209 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #