Mərhum Xalq artistinin son müsahibəsi: "Atam yuxuma gəlir"

Mərhum Xalq artistinin son müsahibəsi: "Atam yuxuma gəlir"
20 fevral 2014
# 11:29

Bu gün səhər Azərbaycanın xalq artisti Firəngiz Şərifova dünyasını dəyişib. Kulis.Az Xalq artistinin saytımıza verdiyi müsahibəni yenidən təqdim edir.

O, teatrımızın yəqin ki, ən yaşlı aktrisasıdır... Azərbaycan teatrının ən nəhəng aktyorlarının - Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gəlib. Mülayim siması ilə onlarla tamaşa, film xatırlayacağınızdan əminəm. Xalq Artisti Firəngiz Şərifova. Canı ilə qanı ilə milli teatra bağlı aktrisa. Teatrda keçən bütöv bir ömür. Firəngiz xanım sonuncu dəfə çalışdığı Gənc Tamaşaçılar teatrında səhnəyə çıxıb. Təqaüddədir. Onunla görüşmək, teatr miflərini, əfsanələrini xatırlamaq, teatrın möhtəşəm keçmişi haqqında şaşırmaqdır. Oldu. Səhhətinin məhdud imkanlarına baxmayaraq Firəngiz xanım xahişimizi yerə salmadı.

Dübbədüz 90 yaşının astanasında Firəngiz xanımla söhbətləşdik, ən uzaq günləri hayladıq. Heç demə ən uzaq dediyimiz lap yaxındaymış. Həm də ən doğmaymış. Hər şey oradaymış. Əlbəttə, Firəngiz xanım üçün. ...

- Firəngiz xanım, uşaqlığınızdan danışın. Atanız yadınıza gəlir?

- Əlbəttə, yadıma gəlir. Atamın birinci arvadı Həmişəxanımdan iki oğlu olub. Sonra ondan ayrılıb. Anam Həştərxandan gələndə atam AbbasMirzə ona bənd oldu və onlar evləndilər. Mən 1924-cü ildə dünyaya gəldim. Adımı atam qoyub: “Od gəlini” pyesindən götürmüşdü. Mən dünyaya gəldim, o iki oğul bir yana oldu, mən bir yana. Hara qastrola gedirdi məni də özü ilə aparırdı. O zamanlar aktyorlar tez-tez qastrola, rayonlara gedirdi. Bütün rayonları gəzmişdilər. Mənim iki yaşımda Naxçıvana getmişdik. Hətta şəklim də var: Döşəkcənin üstündə oturmuşam, yanımda da balaca ağ it. O it neçə il yaşadıeee... On ilə qədər yaşadı yazıq. Nə isə. Nə günlər idi!.. 37-də hər şey qurtardı. Çox dərdlər çəkdik.

- Atanız Abbas Mirzə tutulandan sonra Mərziyə xanıma qarşı ittihamlar, təqiblər olmadı ki?

- Yox. Yaxşı ki, ayrılmışdılar. O zamanlar birgə deyildilər. Anam atamdan 1935-ci ildə ayrılmışdı. Əgər ayrılmasaydılar anamı da tutacaqdılar. O ayrılıq məni yetim qoymadı.

- Bu ayrılıq repressiya təkidi ilə deyildi ki?

- Yox. Yox.

- Bəs ayrılmaqlarına səbəb nə idi?

- Bilmirəm, anam bu barədə danışmağı xoşlamırdı. Onlar ər-arvad kimi ayrılmışdılar, amma səhnədə partnyor idilər. Küsülü ola bilməzdilər. Yoldaş kimi bir-birinə bağlı idilər.

- Atanızın tutulmağında ananız Mərziyə xanım kimlərisə günahkar bilirdimi?

- Yox. Heç nə demirdi. Atamla birgə yaşamırdılar axı. Anam atamdan ayrılandan sonra Ülvi Rəcəbə ərə getdi. Sonralar onu da güllələdilər. Çox yaxşı aktyor idi.

- Atanızın güllələnmə xəbərini çox gec, 50-ci illərdə bildiniz. Ananızın reaksiyası necə oldu?

- Eee... Böyük dərd idi bizim üçün. O vaxta qədər bilmirdik güllələnib. Biri deyirdi Sibirdədi, biri deyirdi nə bilim hardadı... Heç ölümünün dəqiq tarixi də yoxdur. Amma çoxdan güllələmişdilər onu.

- Ata-ananızla bağlı, uşaqlığınızla bağlı ən çox yada düşən, ən işıqlı xatirəniz?

- Çoxdur. Atam məni çox sevirdi. Mən olandan sonra o iki oğlunu yaddan çıxarmışdı. Mən tərəzinin bir gözündə idim, onlar bir gözündə. Məni çox istəyirdi. Mən də çox bağlıyam ona. Yuxuma da gəlir. Başımdan da çıxmır. (Kövrəlir). Nə isə...

- Mərziyə xanım ilk aktrisalarımızdan olub. O zaman necə olsa qadınının səhnədə olmağı asan deyildi. Nə danışırdı, tənələr olurdumu ona qarşı?

- Bilirsiz də, o vaxtlar qadın aktrisa problem idi. Yeva xanım var idi, rus idi, amma azərbaycanca yaxşı danışırdı, Bakıda doğulmuşdu, bir o idi aktrisa, bir də Liza xanım var idi, o. Erməni idi, azərbaycanca ləhcə ilə danışırdı. Bir də Həmişə adında bir kişi idi, qadın rollarını oynayırdı. Yox idi qadın aktrisa. 1916-cı illərdə atam Ərəblinski ilə Həştərxana çox gedirdilər. Bilmirəm niyə? Oradan qadın aktrisalar seçirdilər teatra.

Bilirsiniz, Anam axı tatar idi. Əvvəllər danışığı yaxşı deyildi - tatar ləhcəsi var idi... Anam danışırdı ki, Sevil tamaşasında teatrda 100 kişi var idisə, beş qadın olurdu, ərləri gətirirdi, teatrda çadrada otururdular. Amma o tamaşa inqilab kimi bir şey oldu. Anam deyirdi ki, zaldakı qadınlar tamaşa bitəndə çadranı atıb teatrdan çadrasız çıxırdılar. O “Sevil” tamaşası qadınların üzünü açdı. O “Azad qadın” heykəli var ha... Onu heykəltəraş mənim anama baxıb düzəldib. Diqqətlə baxın, geyimi, cizgiləri anamdır - Sevil rolunda. Elə bil orada anam dayanıb. Mərziyə xanımın Sevili də eynən elə idi.

- Firəngiz xanım, bütün ömrünüzü teatra həsr etmisiniz. Teatrla bağlı bir nisgiliniz varmı?

- Yox. Yox. Mən Musiqili Komediya teatrından işə başlamışam. Həm orada, həm Azdramada, həm TYUZ-da (Gənc Tamaşaçılar Teatrını nəzərdə tutur-red.) işləmişəm. Həyatım çox yaxşı keçib. Həmişə baş rollar oynamışam... Anama çəkmişəm, ucaboy olmuşam, yaraşıqlı olmuşam. Amma sifətdən atama oxşamışam.

- Mərziyə xanım sizi aktrisa kimi bəyənirdimi?

- Əlbəttə, fəxr edirdi. Mən axı Konservatoriyanı bitirmişəm. Yaxşı səsim var idi. Ona görə Musiqili Komediyada operettadan başlamışam. Bütün tamaşalarıma baxırdı, fəxr edirdi ki, belə oxuyuram. O zaman dövr başqa idi. İndi aktyor var? Televizora baxanda iyrənirəm.

- Bu qədər rollarınız olub. İndi baxanda hansı obrazınızı şah obraz hesab edirsiniz?

- Həddən çox rol oynamışam. “Anacan” yadıma düşür. Nə bilim vallah... Amma ən yaxşı tamaşa “Nəğməkar bibim” idi. O, əla bir tamaşa idi. Mənim nəzərimdə ən yaxşı tamaşa o idi. O zaman böyük bir məqalə çıxmışdı “Kommunist” qəzetində. O zaman İlham Rəhimli cavan oğlan idi. Tamaşadan bir səhifəlik məqalə yazmışdı. O, məqalədən sonra İlham Rəhimlidən danışdı hamı.

- Böyük bir dövrün teatr tarixi gözünüzün qabağında olub. Teatrın vəziyyəti nəyə doğru dəyişib? Tənəzzül edib, ya inkişaf edib?

- İndi teatr yoxdur. Zaman dəyişdi, bütün bu 21-ci əsr... Heç nə... teatr yoxdur. Özün görmürsən? Teatrlara getmirsən? Azdrama... O zaman nə aktyorlar var idi? Nəhənglər! Hanı? Yoxdur indi. Televizora da baxa bilmirəm. Yoxdur. 21-ci əsr teatr əsri deyil, incəsənət əsri deyil.

- Avrovisiya müsabiqəsində qalib olub böyük şöhrət qazanmış Eldar Qasımov nəvənizdir. Kimə oxşayır Eldar?

- Zahirən nənəmə çox oxşayır. Talant baxımdan da mənim qanıma çəkib. Kimə oxşayacaq başqa? Əlbəttə, mənə...

# 5960 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #