“Bakirə” sözünə görə filmi qadağan olunan rejissor

“Bakirə” sözünə görə filmi qadağan olunan rejissor
19 sentyabr 2015
# 08:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində Avstriya-Amerika rejissoru Otto Premingerin “Qətlin anatomiyası” filmini təqdim edir.

Preminger 1905-ci ildə Avstriya-Macarıstan imperiyasında, yəhudi ailəsində doğulub.

1931-ci ildə ilk filmini “Böyük sevgini” çəkib.

İkinci Dünya Müharibəsi ərəfəsində Amerikaya mühacirət edən rejissor Hollivudda debütünü “Sənə heyranam“ (1936) musiqili komediyasını lentə alır. Film opera müğənnisi, işindən yorulan və pərəstişkarlarının əlindən Meksikaya qaçan Lourens Tibbetin hekayətidir.

O, daha bir neçə film çəkir. Amma əməkdaşlıq etdiyi studiya rəhbərliyi arasında yaranmış konflikt nəticəsində rejissor işindən uzaqlaşdırılır. Və bir müddət Brodveydə tamaşalar qoyur.

1943-cü ildə o, yenə kinoya qayıdır və “Bu arada əzizim” hərbi dramını çəkir. Filmin çəkilişində aktyor Yucin Pallett zənci aktyorla eyni səhnədə oynamaqdan imtina edərək rejissora pıçıltı ilə “Siz dəli olmusuz, mən zənci ilə yanaşı oturmaram” deyir. Rejissor bu barədə studiyanın rəhbərinə məlumat verir. Pallett qovulur və bu, onun karyerasının sona yetməsində böyük rol oynayır.

Reklam agentinin qətlindən danışan “Lora” detektiv filmi uğur qazanır və Preminger Oskara rejissor kimi nominant olur.

Bu filmdən sonra rejissorun çəkdiyi nuar trillerlər “Əxlaqsız mələk“, “Burulğan“, “On üçüncü məktub” və s. filmlər də kommersiya uğuru qazanır.

1950-ci illərdə artıq nüfuzunu və yerini möhkəmlədən Preminger müstəqil fəaliyyətə başlayır. O, bəzi mübahisəli süjetlərə, leksikona müraciət edir, kino istehsalatını məhdudlaşdıran kodeksi pozan filmlər çəkməyə başlayır.

Gənc aktrisanın iki kişi ilə münasibətindən danışan “Mavi ay” filmi böyük marağa səbəb oldu və mübahisələr doğurdu. Senzura istehsal kodeksinin qadağan etdiyi filmdə “bakirə”, “məşuqə”, “yoldan çıxarmaq” sözlərinə qarşı çıxdı. Nəticədə rejissor filmi senzura komissiyasının razılığı olmadan prokata buraxdı. Onun bu cəsarətli addımı nəinki maliyyə uğuru gətirdi, hətta köhnəlmiş istehsal kodeksindən imtinanın əsasını qoydu. Bununla belə film sonradan prokat zamanı qadağalarla üzləşdi.

“Qızıl əl adam” filmində o, daha bir qadağan olunmuş mövzunu-narkotik asılılığını araşdırır.

Jorj Bizenin “Karmen” operası əsasında ekranlaşdırdığı “Karmen Cons” (1954) filmində ispanları afro-amerikalılar əvəz edir, hadisələr isə İkinci Dünya Müharibəsi zamanına gətirilir. Lokarno, Berlin kinofestivalında mükafat qazanan film o dövr üçün qeyri-ənənəvi sayılırdı, çünki ancaq qaradərili aktyorların oynadığı filmlər demək olar ki, yox idi.

Sonrakı illərdə rejissor ədəbi əsərlərə müraciət edərək sosial-siyasi mövzularda epik blokbasterlər işləyir.

“Nəticə” Leon Yurisin, “Məsləhət və razılaşma” Allen Druirinin, “Kardinal” Henri Robinsonun əsərləri əsasında ekranlaşdırılır. Bu filmlərdə rejissor zəngin tarixi kontekst fonunda mənəvi əxlaqi problemləri qoyur.

Preminger karyerasını “İnsan faktoru” trilleri ilə bitirdi və bu film iflasa uğradı.

Layihədə onun ən məşhur filmlərindən biri, 1959-cu ildə ekranlaşdırdığı “Qətlin anatomoiyası” ağ-qara məhkəmə dramını təqdim edirik.

Hadisələr kiçik şəhərdə baş verir. Ordu leytenantı qısqanclıq zəminində qətl törədir. O, arvadını zorlayan yerli barın sahibini öldürür. Yerli vəkil Pol Bigler onun müdafiəsinə qalxır.

Leytenant iddia edir ki, o bu qətli affekt vəziyyətində törədib. Vəziyyət getdikcə daha da mürəkkəbləşir, qadının doğrudan zorlanıb-zorlanmaması, ərin psixi durumu gündəmə gəlir.

Film Miçiqan ştatının Robert Trevor imzası ilə yazan hakimlərdən birinin romanı əsasında çəkilib. Trevor iddia edir ki, romandakı hadisələr uydurulub, amma nəqlin detalları 1952-ci ildə bu ştatda törədilən bir qətli xatırladır.

Ekranlara çıxandan sonra film ziddiyyətli fikrilər doğurdu və bir müddət Çikaqoda qadağan edildi.

Senzura komissiyasının narazılığına səbəb məhkəmə zalında səslənən “zorlama”, “sperma”, “soxulma” sözləri, personajlardan biri Lora Menionun zorlama haqda monoloqu, qadın alt paltarının nümayişi idi. Onlara görə bunlar filmi ədəbsiz kimi dəyərləndirməyə əsas verir.

Preminger qadağanın götürülməsi üçün məhkəməyə müraciət edir. Məhkəmənin qərarına görə, filmi dəyərləndirmək üçün hər şeydən əvvəl onun orta statistik tamaşaçıya ümumilikdə necə təsir elədiyini nəzərə almaq lazmdır. Və bu sözlər çətin ki, normal tamaşaçıda ehtirası elə dərəcəyə çatdırsın ki, onun bədii təsəvvürlərini, təcrübəsini üstələsin. Beləliklə, məhkəmə filmin xeyrinə qərar çıxarır.

Rejissor filmdə eyni zamanda hüquq-etik məsələləri qoyur. Məhkəmədə prosedur məsələlər və proses iştirakçılarının şəxsi maraqları üzündən ədalət axtarışı ikinci plana keçir.

“Qətlin anatomiyası” kino tarixinin ən yaxşı hüquq filmlərindən sayılır.

Otto Preminger 1986-cı ildə vəfat edib.

# 1764 dəfə oxunub

Oxşar xəbərlər

2024-cü ilin ən uğursuz filmləri

2024-cü ilin ən uğursuz filmləri

17:19 15 iyul 2024
"Miniyonlar 3" cizgi filmi nə vaxt nümayiş olunacaq

"Miniyonlar 3" cizgi filmi nə vaxt nümayiş olunacaq

17:01 15 iyul 2024
ARKA yeni filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı

ARKA yeni filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı

14:30 12 iyul 2024
"The Shining" filminin aktrisası vəfat etdi

"The Shining" filminin aktrisası vəfat etdi

10:28 12 iyul 2024
"Əjdaha evi" izlənmə rekordu qırdı

"Əjdaha evi" izlənmə rekordu qırdı

13:42 11 iyul 2024
Hacı Zeynalabdin Tağıyev haqqında film Kanadada fəxri mükafata layiq görülüb

Hacı Zeynalabdin Tağıyev haqqında film Kanadada fəxri mükafata layiq görülüb

10:36 11 iyul 2024
# # #