“Bir xalanın sirri” - boş və məzmunsuz ekran işi

“Bir xalanın sirri” - <span style="color:red;">boş və məzmunsuz ekran işi
7 mart 2019
# 09:01

Kulis.az kinoşünas Sevda Sultanovanın təqdimatında yeni layihəyə start verir. “Yeni filmlərimiz” adlanan layihədə son illər çəkilən bədii filmlər haqda məqalələr yer alacaq. Kommersiya maraqlarına hesablanmış komediyalar çox çəkildiyindən, layihədə onlar nisbətən üstünlük təşkil edəcək.

Təqdim etdiyimiz ilk film, ötən il premyerası keçirilmiş “Bir xalanın sirri” komediyasıdır.

Süjet: Kənddə yaşayan Güləndamın (Gülzar Əşrəfova) mobil telefonuna, hansısa mebel şirkəti tərəfindən reklam mətni göndərilir. Qardaşı Şöşü (Ramil Babayev) və xalasıoğlu Şəmi (İlkin Həsəni) bunu, guya Güləndama sataşmaq kimi anlayır. Və mətni göndərməkdə şübhəli bilinən Qəmbəri (Beyrək Rüstəmov) tutaraq, onu zorakılıq yolu ilə Güləndamla evlənməyə razı salırlar. Sonra Almaniyadan gələn Şirin (Nicat Rəhimov) və digər dostlar toyu qeyd etmək üçün paytaxta yola düşürlər, onların başına gözlənilməz hadisələr gəlir.

"Cinemazadeh" studiyası və "İlk Media"nın birgə istehsalı olan filmin rejissoru Emil Quliyevdir. Komediyada “Bozbash pictures” layihəsinin aktyorları oynayıb.

Bir neçə ildir ki, komediya filmlərimizi izləmirdim. İzləmirdim ona görə ki, əksər ekran işləri bir-birinin təkrarıdır, yaradıcılıq mənasında yenə nəsə təklif eləmirlər. Üstəlik, təhlilə, tənqidə heç cürə yaralı olmayan, başqa sözlə desək, keyfiyyətsiz yumora hesablanmış bu popkorn filmlərinə baxmaq mənəvi cəhətdən əzablı prosesdir.

Qısası, srağagün “Bir xalanın sirri”nə baxdım və belə anladım ki, 2010-cu illərin əvvəllərindən başlayaraq, kino sənayemizdə komediya bumu yaşanmasına baxmayaraq, rejissorların, prodüserlərin komediya janrına, mövzulara fərqli baxış nöqtəsi hələ də yaranmayıb. Hələ də komediyalar ssenaridən, rejissor işindən çox, teleşou proqramlarında populyar olan aktyorların, onların oturuşmuş, yenilənməyən oyun maneraları üzərində qurulur.

Hərçənd, istehsalçılarından biri İlkin Həsəni filmlə bağlı açıqlamasında iddialı danışmışdı: “Bir xalanın sirri” həm janr, həm çəkiliş üslubu, həm də ssenari baxımından çox fərqlidir”.

Image result for bir xalanın sirri

İddianın özü sual doğurur ki, hansı janr, hansı üslub və ssenari fərqliliyindən söhbət gedir?!

“Bir xalanın sirri” orta statistik azərbaycanlının yumor düşüncəsinə yeni nəsə qatmayan boş və məzmunsuz ekran işidir. Digər əksər komediyalar kimi bu film də tualet yumoruna əsaslanıb. Misalçün, İlkin Misgərlinin Qılman obrazının dənizdə qaz buraxmaqla balıq tutması, yemək məclisində balığı yeyən Ağsaqqalın (Azər Baxşəliyev) təamdan iy gəlməsini xüsusi vurğulaması, Qılmanın qarın sancılarından əziyyət çəkməsini deməsi ilə öncəki epizoda gərəksiz mətn-şərhi, Qəmbərin başının inəyin arxasına soxması, içkinin təsirindən özünüidarəetməsini itirən personajların Fəlakəti (Elşən Orucov) sünnət etməsi, intim əlaqələrə sinikcə eyham tualet yumorunun əlamətləridir. Nə olur olsun tamaşaçını güldürməyə hesablanan əhvalatda personajın qaz buraxmasının belə mənası olmalıdır axı. Ona qalsa, Marko Ferrerinin “Böyük tıxama” pritçasında personaj daha çox qaz buraxır. Amma bu situasiya burjua mühitindəki hərisliyə, acgözlüyə münasibətdə verilir. Bəs bu əhvalatda Qılmanın qaz buraxmasını bir neçə dəfə vurğulamaq nəyi ifadə edir?!

Image result for bir xalanın sirri

Öncələr də yazdığım kimi tualet yumoru bayağılıq anlamına gəlmir, o, özlüyündə mütləq hansısa məna daşımalıdır. Niyəsə, bizim yeni nəsil komediya janrının aktyorlarında, bu janrda işləyən rejissorlarda, prodüserlərdə doqmatik fikir formalaşıb ki, komediya ciddi, dərin mətləbləri anlada bilməz, orda daha çox hırıldamaq və bayağı olmaq lazımdır. Halbuki, komediya janrının sərhədləri genişdir. Milli kinomuzda bu janrı yeniləyən, onu maraqlı element və fəndlərlə zənginləşdirən, yeni mövzular, baxış bucağı gətirən Vaqif Mustafayevin, Cahangir Mehdiyevin, Nizami Musayevin, Nicat Feyzullayevin kino ənənələri təəssüf ki, yox olmaqdadır.

Əhvalatın dramaturgiyasında da boşluqlar var. Bir epizodda kəndə Ağsaqqalla gələn qız it-bata düşür, onları meşədə qonaq edən Hacı dayının (Şahmar Qəribli ) müəmmalı davranışı, qəhrəmanların ondan çəkinməsinin səbəbi açılmır, filmin adı əhvalata adekvat deyil, yəni hansı xaladan, hansı sirdən söhbət gedir? Və ya final səhnəsində Güləndamın nədən qaradərili uşaq doğmasının alt mənası açılmır.

Albaniya səfirinin meyitini oğurlayan personajlara, səfirliyin iki qadın əməkdaşının Rembo kimi hücumu, haqq-hesab çəkməsi səhnələri primitiv, hind filmlərindəki döyüş stilində işlənib.

Fəlakətin absurd fikirləri (misalçün maşın qəza nəticəsində yarıtmaz vəziyyətə düşür, amma Fəlakət israr edir ki, maşını sürsünlər) guya absurd teatrı estetikasında verilir. Amma onun bu və digər oxşar situasiyalardakı davranışı sadəcə əqldən kəm adam təəssüratı bağışlayır. Absurd əsərlərdə məntiq, səbəb-nəticə əlaqələri dağıdılsa belə, dialoqlar əks reaksiya doğurmasa da, baş verənlərin əslində öz məntiqi mövcuddur, daxili əsaslanması var. Yəni bu cür vəziyyətlər tamaşaçıya diskomfort vəziyyət yaşatmaqla, ona şablon düşüncə tərzi yox, yeni baxış təklif edir. Nizami Musayevin “Lətifə” filmində hamının gözü qabağında məmurlardan birinin katibəyə girişməsi, prokurorun qəbul otağında vəzifəli şəxsi asması, o zaman (1980-ci illərin sonu) ölkədəki qarışıqlığın, aşkarlığa, yenidənqurmaya məmurların reaksiyasının, iç dünyasının yozumudur.

Image result for bir xalanın sirri

Digər komediyalarda olduğu kimi burda da klişe səhnədən çox yararlanırlar. Əyalət adamlarının gecə barına buraxılmaması, buraxıldığı təqdirdə komik hadisələr baş verməsi “Məhəllə” filmindən gəlmədir. Yaxud tamamilə aydın idi ki, çəlimsiz Qəmbərə sırınan Güləndam mütləq yöndəmsiz, çirkin birisi olacaq.

Aktyor oyununa gəlincə, demək olar ki, ifaçıların hamısı özünütəkrarla məşğuldur.

Filmin ümumi ana xətti nədir, hansı motivi qabardıb sualı verilsə, buna cavab verməkdə çətinlik çəkərəm.

Filmin rejissoru Emil Quliyev, mental təfəkkür, onun ailə məişət zorakılığında rolunu əks etdirən “Pərdə” və “Pərdə 2” filmlərinin müəllifidir. Amma sosial dram janrından komediya janrına keçən rejissorun filmdə dəsti-xətti görünmür.

Saytların birinə verdiyi müsahibədə rejissorun dediyindən aydın olur ki, yaradıcı prosesə prodüser müdaxiləsi ciddi olub:

- ... mənim fikirlərimlə “Bozbaş”ın fikirləri qətiyyən üst-üstə düşmürdü. Hətta çəkiliş meydançasından tutmuş, son montaj işinə qədər bir-birimizlə mübahisə edirdik. Sadəcə, bir-iki xırda detalda razılaşırdıq. Bu səbəbdən filmi mən bitirmədim. Natamam montaja qədər mən işlədim, ondan sonra özləri tamamladı.

Sevda Sultanova

# 8631 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #