Bankirlə hüquqşünasın 2 milyonluq həyat oyunu

Bankirlə hüquqşünasın 2 milyonluq həyat oyunu
14 iyun 2013
# 15:01

Kulis.Az Ərtoğrul Kamalovun Çexovun "Mərc" hekayəsi əsasında qoyduğu eyniadlı tamaşa ilə bağlı Rəbiqə Nazimqızının məqaləsini təqdim edir.

- Mərc gəlirəm, Çexovu elə tamaşaya qoyaram ki, özü də məəttəl qalar.

- Eləməzsən.

- Baxarıq...

İstədim, rejissor da, aktyorlar da, tamaşaya baxanlar da bir az gülümsəsinlər. Bu dialoqu da özüm quraşdırdım. Tamaşaya gəlincə, üstündən 10 gündən çox vaxt keçir: bu 10 gündə notbuku xəstəxanada yatan dostuma vermişdim, internetə-filan baxa bilsin, darıxmasın. Həm də gecələr rahat yatam, hərçənd, sonuncu notbuksuz da alınmır, nə isə... mövzudan çox uzaqlaşmayım... Hərçənd, buradan da mövzuya "xod" (çıxış) tapmaq olar, məsələn, insan amili. Darıxan insan...

Deməyin ki, Ərtoğrulun tamaşasının və Çexovun hekayəsinin darıxmağa dəxli yoxdu. Bütün sənət elə bu mahiyyətini izah edə bilmədiyimiz, özündən qurtula bilmədiyimiz məşum və xoşməramlı hissdən yaranır. Məşum və xoşməramlı. Kim hansı seçsə...

Çexov da, Ərtoğrul da ikincini seçiblər, mərc gəlmirəm, uduzmaq sizin üçün də xoş olmaz...

Səhnədə, sadə dekorasiyalarda, geyimlərdə iki rəng görünür: ağ və qara. Həyatın rəngi ölüb, daha doğrusu, qəhrəmanlar rəngləri itiriblər. Niyəsini düşünməyə vaxtımız olacaq. Səhnədə qadın və kişi. Qadın - Yaqut Paşazadə, kişi - Amid Qasımov.

Ömürlük cəza yoxsa, edam? Əzab çəkmək yaxşıdı ya ölmək? Allahın verdiyini hakim - o da insandı - ala bilərmi? Hər şey bu sualdan başlayır, amma burada bitmir. Növbəti suallar silsiləsi yaranır: 2 milyon manata həyatının 15 ilini qurban verməyə dəyərmi? Və silsilə davam edir.

Bir tərəfdə naz-nemət içində yaşayan bankir qayğısızlığı (bir az sərt də deyə bilərik, harınlıq), ikinci tərəfdə cavan hüquqşünasın asan yolla mənfəət əldə etmək arzusu (acgözlüyü). Süjeti bir neçə kəlmə ilə anladım: bankir və hüquqşünas mərc gəlirlər - əgər cavan hüquqşünas 15 il məhbusluğa döz bilsə, müddət bitən iki milyon əldə edəcək. Cavan hüquqşünas asanlıqla razılaşır, bu 15 ildə xeyli bədii və elmi kitablar oxuyur, dil öyrənir və müddətin bitməyinə cəmi 5 saat qalmış həbsdən qaçır. Qaçır - çünki hər şeyə, həyata, azadlığa, mərcə, pula insanlara nifrət edir. Çünki onun illəri 2 milyon manata dəyməzdi...

İnsan həyata və azadlığa nə üçün, hansı halda nifrət edə bilər? O halda ki, onun azadlığın imkanlarından istifadə etmək haqqı və ya şansı yoxdu... Azad yoxsul adam daha bədbəxtdir, yoxsa zəngin məhbus? Cavab verməyə tələsməyin, çox həssas məsələdir, düşünməyə dəyər... Məsələn, sağlığını uşaqlarına qurban edən adamlar var, orqanlarından imtina edən azad adamlar... Həyat heç bir suala asan cavab tanımır... Amma hamı yaşamaq istəyir, hamı yaxşı yaşamaq istəyir...

Süjetdən belə nəticə çıxarmaq olar ki, 15 il dözən adam 5 saatı da asanlıqla dözə bilərdi. Amma zaman azaldıqca səbir tükənir. Kim deyir ki, hüquqşünas yalnız dözüm və qürur nümayiş etdirib, bəlkə, əksinə, son anda dözüm onu tərk edib? Ola bilər, hər şey ola bilər...

Bəs, niyə tamaşada Çexov öz əsərini tanımaya bilərdi?

Ümumiyyətlə, bu məsələ uzun mübahisə mövzusudur: rejissor müəllifin əsərini olduğu kimi səhnələşdirməlidir, ya onun əlavələrə haqqı var? Bu, təhrifdi, yoxsa mənanın qüvvətləndirilməsi? Tamaşa tamaşaçıya hesablanır, ya peşəkarlara. Yəni: sənət sənət üçündür, yoxsa?..

Bu sualları açıq buraxıram, çünki istənilən küncdə dayanıb baxmaq mənzərənin tam görmək imkanlarını azaldır. İstənilən kəskin ucda yanılmaq ehtimalı güclənir.

Konkret bu tamaşaya gəlincə, əsərlər tamaşa arasında cüzi süjet fərqi var: səhnədə bankir görünmür, hadisələri mələk - Yaqut Paşazadə danışır. bankirin öz əməlindən peşman olması və mərc müddətinin bitməsinə az qaldığı bir vaxtda məhbusu öldürmək istəməsi səhnədə əksini tapmır. Amma bu nə dərəcədə vacibdi? Bu, mahiyyəti dəyişirmi? Düşünmürəm...

Ərtoğrul pyesi deyil, hekayəni səhnələşdirib, cəhdin özü maraqlıdır. İkincisi, hekayənin yozumunu verib. Qəhrəmana musiqi alətindən istifadə etməyə icazə verilir ki, rejissor bu məqamdan uğurla istifadə edib, aktyor da bu məqamı uğurla icra edə bilib. Yəni, nə tamaşa da qazanıb, Amid də - zaldakıların əksəriyyəti onun əsrarəngiz səsindən xəbərsiz idilər. Bundan başqa, səhnə əsərində təcrübəli aktrisa ilə cavan aktyorun tandemi uğurla alınıb. Yaqut xanım həmkarını üstələməyə çalışmır, gənc Amid özünü, yetişdiyini xüsusi vurğu ilə nümayiş etdirmir, ikisi də situasiyanı, hadisəni, qəhrəmanın yaşantılarını ötürür...

Sanki, rejissor-aktyor üçlüyü səssiz-sözsüz "mərc"ə girib: biz bacaracağıq... İki milyonluq mükafat ortada yoxdu, tamaşaçıların olanı yalnız alqışdı... Bu sarıdan isə "YUĞ" heç vaxt korluq çəkməyib...

# 2951 dəfə oxunub

Oxşar xəbərlər

"Venom: Son rəqs"  birinci oldu

"Venom: Son rəqs" birinci oldu

11:12 29 oktyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:44 29 oktyabr 2024
"Qızıl qönçələr"də yeni sima

"Qızıl qönçələr"də yeni sima

09:52 29 oktyabr 2024
Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

Məşhur aktyor bu seriala çəkilməkdən imtina etdi

10:15 28 oktyabr 2024
Dünya şöhrətli aktyor karyerasını bitirir

Dünya şöhrətli aktyor karyerasını bitirir

14:29 25 oktyabr 2024
"Mariya"  filmindən yeni kadrlar

"Mariya" filmindən yeni kadrlar

12:33 25 oktyabr 2024
#
#
# # #