Bakının bu qəsəbəsinə “40-cı qapı” deyirlər

Bakının bu qəsəbəsinə “40-cı qapı” deyirlər
25 noyabr 2017
# 09:00

Əhvalat 1990-cı illərin əvvəlində baş verir.

Filmin qəhrəmanı 14 yaşlı Rüstəm (Həsən Səfərov) anası Leyla (Gülər Nəbiyeva) ilə Bakının 40 kilometrliyində yerləşən qəsəbədə yaşayır. Bu kiçik qəsəbənin sakinləri öz aralarında buranı “40-cı qapı” adlandırır.

“40-cı qapı” Azərbaycan nağıllarında mistik, sirli, çətin keçilən maneə mənasını verir və nağılların dramaturgiyasında mühüm xətdir. Bu xətt-zalım divə qalib gələrək, onun qırx otaqlı qəsrindən əsirləri asanlıqla xilas edən, ancaq 40-cı qapıya çatanda maneələrlə qarşılaşan qəhrəmanın düşdüyü konfliktli situasiyanı daha da dərinləşdirir.

Elçinin yozumunda “40-cı qapı” daha çox hər personajın iç “mən”ini, dünyasını, toxunulmaz nəsnəni ifadə edir.

Filmin ikinci planında olan personajlarından biri Ediki (Rövşən Ağayev) məhəllədə heç kim sevmir. Həmişə səliqəli, ağ kostyum geyinən ədabaz Edik zənginlərin mülkünü soymaqla dolanır. Ancaq əhvalatın bir məqamında rejissor tamaşaçını onun 40-cı otağına salır. O, çox yoxsul daxmada azyaşlı kor qardaşı ilə yaşayır, mərhəmət və sevgiylə onun qayğısına qalır. Və bizim qarşımızda tamamilə fərqli bir Edik dayanır.

Qardaşı Edik üçün müqəddəsdir, o, yoxsul daxmasına kiminsə girməsinə, qardaşıyla tanışlığa izn vermir.

Ümumiyyətlə, bu obrazın konsepsiyasında, Paolo Pazolininin “Akkatone” filminin qəhrəmanının intonasiyası sezilir. Hətta fakturaca, davranışına, jestlərinə, kostyumunadək Edik Akkatonenin variasiyasıdır.

Maddi sıxıntı üzündən sutenyorluqla məşğul olan gəncin həyatını, xəyallarını, vicdanla yaşamaq istəyini, ölümünü Pazolinin poetik, sakral bir nəql texnikası ilə təsvir eləyir. Və Akkatonenin sutenyorluğu sosial ədalətsizliyə, quruluşa etiraz kimi qoyulur.

Edikin də zənginləri soyması sosial ədalətsizliyə qarşıdır. Və o, eynilə Akkatone kimi qınaq yox, mərhəmət hissi oyadır.

Rüstəmin 40-cı qapısı isə atasından qalan, toxunulmaz saydığı xalçadır.

Rüstəm anası ilə bu qəsəbədə yoxsul evdə, maddi problemlərlə yaşayır. Atası Bakıda iş tapmadığından Rusiyaya qazanc dalınca gedir. Günlərin birində atasınn ölüm xəbəri gəlir. O, Rusiyada düşdüyü bir dava-dalaşda bıçaqlanır.

Beləliklə ailəyə qazanc gətirən yeganə adamın - atanın ölümündən sonra durum daha da pisləşir.

Qəsəbədə iş tapa bilməyən ana ərindən qalan yeganə qiymətli mirası qədim xalçanı satmaq qərarına gəlir. Atasının mirasına toxunulmaz, mənəvi dəyər kimi baxan Rüstəm anasının xalçanı satmaması üçün dilə tutur. Bu səbəbdən o, məktəbdən yayınır, pul qazanmaq üçün şəhərə iş tapmağa gedir.

Rüstəm şəhərdə zəngin adamların maşınını yuyur. Amma məlum olur ki, o, qazandığı puldan - şəhərdə maşın yuyan bütün uşaqlara nəzarət edən cinayətkar qrupa haqq ödəməlidir. Razılaşmadığı üçün o, dəstənin üzvləri tərəfindən təqib olunur, döyülür.

Əhvalatın fonunda rejissor eyni zamanda dövrün kəskin sosial ziddiyyətlərini də göstərməyə çalışır. Onun təsvirində Bakı iki təzadlı hissədən ibarətdir (əslində indi də elədir): yoxsul 40-cı qapı qəsəbəsi və zəngin məhəllələr.

Hərçənd, sosial ədalətsizlik, məişət problemləri bir sıra hallarda filmin bədii yükünü azaldır, çünki o, bir növ sosial çağırışa, plakata çevrilir. Daha doğrusu, bu məqamlar təsvirlərdə, personajların düşdüyü psixoloji situasiyalardan çox ritorik dialoqlarda həllini tapır.

Əhvalatın sosial fonu güclüdür. Hətta Rüstəmin anası ilə konflikti klassik anlamda valideyn-övlad, fərqli dünyagörüşlərinin qarşıdurması deyil. Bu əslində sosial durumdan törəyən davadır. Çünki reallıq onlara alternativ həyat seçmək imkanını vermir.

Elçin bir qayda olaraq nəqlini xırda, vacib detallardan hörür, bunun üçün o, metaforalara, simvollara müraciət edir.

Atasının dəfnindən sonra Rüstəm tək məzarı başında oturur, onun ovcunda tənha, hara gedəcəyini bilməyən qarışqa dolaşır. Eynilə atasından sonra nə edəcəyini bilməyən qəhrəman kimi.

Bununla belə Elçin o rejissorlardandır ki, nə baş verirsə-versin qəhrəmanlarına amansız deyil, onları mənəvi tənəzzülə uğramaqdan qoruyur. Onun qəhrəmanları çətinliklərə baxmayaraq dəyələrini sərt reallıqda itirmirlər.

Anasının Rüstəmə ünvanladığı “nə olursa-olsun dəyişmə” sözlərini də daha çox rejissorun istəyi kimi qəbil etmək olar.

Rüstəmin mənən dəyişməməsini o başqa bir epizodda belə həll edir. Onu alçaldan yaşıdlarından Rüstəm qisas almaq qərarına gəlir. İkisini döyür, üçüncüsünə çatanda boğazına bıçağı dirəyir, amma son anda əlləri yanına düşür. O, özü özünü günah etməkdən qoruyur.

Final səhnəsi İncil motivinə istinaddır. Elektrik dirəklərinin içində yalnız birinin işıqları yanır. Rüstəm həmin elektrik dirəyinə söykənərək “Ata, niyə məni tək qoydun?” deyə hönkürür. Ancaq Elçin sarsıdıcı epizodu nikbin, ilahi tonda bitirir. Son kadrda işıqları yanmayan digər dirəklər də işıqlanır. Bu, yəqin ki, Tanrının qəhrəmana mərhəmətini, sevgisini ifadə edir.

Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"da istehsal edilib.

Müxtəlif festivallarda mükafat alan filmin ssenari müəllifi Elçin Musaoğlu, operatoru Abdülrahim Beşaratdır.

# 1528 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #